Məhkəmə qərarları › İş №2(103)-2864/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2864/2023

16.05.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2864/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Xanıke qızı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(004)- 400/2023 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: İddiaçılar iddia edir ki, mübahisəli Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsindəki 22 saylı mənzildə qeydiyyatda olmaqla yaşamışlar. X7 24 mart 2010-cu ildə, anaları X8 25 mart 2013-cü ildə vəfat etmişdir, onların vəfatından sonra iddiaçılara mübahisəli mənzil və Xızı rayonu, Tıxlı kəndində yerləşən 0.12 ha torpaq sahəsi miras qalmışdır. Digər vərəsələrin razılığına əsasən həmin torpaq sahəsi İddiaçı3 Xanıke qızının adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsindəki 27 saylı fərdi yaşayış evinin sənədi olmadığı üçün tərəflər arasında bölüşdürülməmiş qalmışdır. Lakin 26 fevral 2013-cü il tarixli vəsiyyətnamə ilə anaları X2 ona məxsus olan bütün əmlakını İddiaçı3 Xanıke qızına vəsiyyət etmişdir. Orada ata mülklərindən əlavə, həyətdə qardaşları Cavabdeh məxsus ev var, onların yaşamaq istədiyi mənzilin cavabdehə aiddiyatı yoxdur. Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Xanıke qızı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Xanıke qızının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 30.kv.m təşkil edən mənzilin sökülməsinə görə verilən 105000 manat konpensasiya məbləğinin İddiaçı1, İddiaçı2, İddiaçı3 Xanıke qızı və Cavabdeh arasında bərabər qaydada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Xanıke qızının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin sökülməsinə görə verilən 250000 manat konpensasiya məbləğinin İddiaçı1, İddiaçı2, İddiaçı3 Xanıke qızı və Cavabdeh arasında bərabər qaydada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, onlar dörd bacı bir qardaş olmuşlar. X1 14 iyul 2009-cu il tarixdə vəfat etmişdir. Anadan olduqları gündən isə Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsindəki 22 saylı evdə qeydiyyatda olmaqla yaşamışlar. X7 24 mart 2010-cu il tarixdə, anaları X8 25 mart 2013-cü il tarixdə vəfat etmişdir. Ata və anasının vəfatından sonra Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsindəki 22 saylı fərdi yaşayış evi və Xızı rayonu, Tıxlı kəndində yerləşən 0,12 ha torpaq sahəsi miras qalmışdır. Digər vərəsələrin razılığına əsasən həmin torpaq sahəsi İddiaçı3 Xanıke qızının adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, Yasamal rayonu, Ələkbərov küçəsindəki 27 saylı fərdi yaşayış evinin sənədi olmadığı üçün miras əmlak tərəflər arasında bölüşdürülməmiş qalmışdır. Lakin onlar həmin mirasdan vərəsə olaraq gözlənti hüquqları var. Bütün bunlara baxmayaraq 26 fevral 2013-cü il tarixli vəsiyyətnamə ilə anaları X8 hələ sağlığından ona məxsus olan bütün əmlakını İddiaçı3 Xanıke qızına vəsiyyət etmişdir. Ata və analarının vəfatından sonra valideynlərindən miras olaraq qalmış mənzilə gedib-gəlmiş və qalmışlar. Daimi əsaslarla orada yaşamaq üçün köçmək istədikdə qardaşı və onun ailə üzvləri buna mane olmuşlar. Həmin ünvanda qalmağa isə imkan verməmişlər. Bundan sonra “mənzilə köçürülmə” tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Eyni zamanda məhkəmənin 11 noyabr 2022-ci il tarixli, 16(004)-111/2022 saylı qərardadı ilə verilmiş ərizə qismən təmin edilərək müvəqqəti təminat tədbiri kimi Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsində yerləşən 22 saylı evdə söküntü işlərinin aparılması Cavabdeh və digər şəxslərə qadağan edilmişdir. Lakin göstərilənlərə baxmayaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qardaşının razılığı əsasında göstərilən mübahisəli ev qanunsuz olaraq sökülmüşdür. Halbuki, qardaşı yalnız özünə dair hissədə sərəncam verə bilərdi. Həmin ünvanda yerləşən və onlara məxsus olan sahə 30 kv.m olmuşdur. Söküntünün əvəzi olaraq isə həmin sahəyə görə hər kv.m üçün 3.500 manatdan pul ödənilmişdir. Buna görə də hesab edirlər ki, həmin sahəyə görə verilməli olan pul 4 vərəsə arasında bölünməlidir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçılar iddia ərizəsində və ona əlavə edilmiş sənədlərdə onların evin sökülməsinə görə ödənilmiş kompensasiya məbləğinin dörd yerə bölüşdürülməsi tələbi heç bir halda təmin edilə bilməz. Belə ki, nə iddia ərizəsindən göstərilən hallardan nə də ki ona əlavə edilmiş sənədlərdən müəyyən olunmur ki, iddiaçılar mübahisəli mənzildə sökülənə kimi yaşayıblar. Cavabdeh və onun ailə üzvləri mübahisəli mənzildə son qırx ildə qeydiyyatda olmaqla daimi yaşamışdılar. Lakin iddiaçıların iddia ərizəsinə əlavə etdikləri sənədlərdən onların qeyd olunan evin yerləşdiyi ünvanda bir tək qeydiyyatda olmaqları göstərilib. İddia ərizəsi təmin olunduğu təqdirdə evin yerləşdiyi ünvanda qeydiyyatda olan digər şəxlər də iddia ərizəsi ilə məhkəməyə müraciət edib alınmış kompensasiyadan onlarada payın verilməsi üçün qətnamə çıxarılmasını xahiş edə bilərlər. Belə ki, iddiaçılar həmin ünvanda qeydiyyatda olsalar da, həmin ünvanda faktiki yaşadıqları müəyyən edilmir. Eyni zamanda, həmin mübahisəli evin ümumi sahəsinin nə qədər təşkil etməsi, həmin ünvanda yaşayan digər şəxslərin istifadəsində olan və tikinti şirkətinə satılmış hissələrdən əlavə həmin ünvanda başqa sahənin olub-olmaması, iddiaçıların istifadəsində olan sahənin məhz 30 kv.m olması barədə işdə heç bir sübut mövcud deyildir. İddiaçıların istifadəsində evin 30 kv.m hissəsinin istifadələrində olması iddia ərizəsinə əlavə edilmiş heç bir sənədlə müəyyən edilmir. Məhkəmə tərəfindən qanuni və əsaslı qətnamə qəbul edilməsi üçün məhkəmə hər bir halı diqqətlə araşdırmalı və məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Belə ki, iddia ərizəsində iddiaçılar sübutları sadalamaqla kifayətlənmiş və onları heç bir sənədlə və ya faktla təsdiq etməmişdilər. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Qanunvericilik aktlarının mənasından belə aydın olur ki, İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilmə fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə iddiaçı tərəfin iddia ərizəsində göstərilən halların xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir. Bu səbəbdən hesab edir ki, məhkəmə heç bir sübutla təsdiq olunmayan və iddia ərizəsində göstərilən hallara ehtiyatla yanaşmalıdır. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə iddiaçının iddia ərizəsində göstərilən hallar yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan iddia ərizəsində göstərilən hər bir hal məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib edilməməsi aydınlaşdırılmalıdır. Hesab edirlər ki, iddiaçıların iddia ərizəsində göstərilən hallarla onların sökülməsinə görə kompensasiya ödənilmiş evdə son 15-20 ildə yaşamaları iddia ərizəsinə əlavə eilmiş sənədlərlə təsdiq olunmur və bu səbəbdən hesab edir ki, iddia ərizəsi üzrə tələb edilməməli və iddianın rədd edilməsi barədə müvafiq məhkəmə aktı qəbul edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(004)- 400/2023 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 139.1, 146.1, 180.1, 180.2 maddələri ilə əsaslandıraraq, belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində yerləşən 22 saylı dövlət reyestrində qeydiyyatdan keçməmişdir və statusu etibarilə özbaşına tikili olmaqla sökülərkən də belə olmuşdur. Nəticə etibarilə nə tərəflərin valideynlərinin, nə də özlərinin həmin evə mülkiyyət hüququ olmamışdır. Bununla da, iddiaçıların həmin evə dair sahiblik, istifadə və sərəncam hüquqları mövcud olmamışdır. Həmçinin, İddiaçı1 və İddiaçı2 həmin ünvanda qeydiyyatda olsalar da, mənzil sökülənə qədər uzun müddət orada yaşamamışlar. İddiaçı3 Xanıke qızı isə həmin ünvanda uzun müddət yaşamamaqla yanaşı, qeydiyyatda da deyildir. İddiaçıların atalarının sağlığında mənzilə gəlib-gəlmələri, orada qalmaları və valideynlərinə qulluq etmələri mənzildə daimi yaşamaları kimi qəbul edilə bilməz. Bundan başqa, iddiaçıların valideynləri uzun müddət əvvəl vəfat etmişdir. Həmin ünvanda Cavabdeh daimi olaraq yaşayaraq faktiki sahiblik etmişdir. Ona görə də, Cavabdeh yaşadığı mənzilin sökülməsi ilə bağlı yaşayış sahəsindən məhrum olduğundan, bunun üçün ona kompensasiya ödənilmişdir. İddiaçılar isə həmin mənzildə yaşamadığından onların mənzilin sökülməsi ilə əlaqədar kompensasiya almaq hüquqları olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçılar valideynlərinin yaşadığı evin 30 kv.m ibarət olduğunu, cavabdehin yaşadığı evin ayrı olduğunu bildirsələr də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişlər. "xxxx" MMC ilə Cavabdeh arasında razılaşma isə Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində yerləşən 22 saylı evdə "xxxx" MMC tərəfindən tərtib edilmiş sxem üzrə 107.4 m2 sahədən ibarət olan mənzil üçün bağlanmış və həmin mənzil üçün kompensasiya ödənilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçıların nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinə bütün sübutlar təqdim edilmiş, iddiaçıların orada daimi qeydiyyatda olması artıq sübutdur. Sənəd olmuş olsa idi faktiki olaraq əmlakı qəbul etmiş sayılacaqdırlar, sənəd olmadığına baxmayaraq bir nəfərə yəni cavabdehin qeydiyyatını əsas götürüb ona kompensasiyanı vermişdirlər. Məhkəmə qətnaməsində 180.1 ci maddəni tətbiq etmişdir, maddədə açıq aydın görünür ki, tikinti məqsədləri ilə ayrılmayan torpaq və orada olan tikililər özbaşına tikili sayılır, hazırki mübahisəli evdə də heç bir sənəd olmamışdır, iddiaçıların və cavabdehin qeydiyyatı olmuşdur. Buna baxmayaraq 3-cü şəxs iş üzrə cavabdehlə müqavilə bağlayıb pulu ona ödəmişdir. Əgər ona ödəniş olunurdusa heç bir sənəd olmadan iddiaçılarla cavabdeh arasında həmin məbləğ bölünməli idi. 1–ci instansiya məhkəməsi 180.2–ci maddəni də qətnamədə tətbiq etmişdir. Burada maddə qeyd edir ki, özbaşına tikili ilə bağlı sərəncam vermək digər əqdlər bağlamaq və sair kimi ixtiyarı yoxdur. İş üzrə cavabdeh özbaşına tikili ilə bağlı 3-cü şəxslə qanunsuz əqd bağlamış və pul vəsaitləri əldə etmişdir. Burada maraqlı hal ondan ibarətdir ki, cavabdehin də ancaq və ancaq özbaşına tikilidə qeydiyyatı vardır. Buna baxmayaraq digər qeydiyyatı olan şəxslər nəzərə alınmamış pul ödənişləri cavabdehə verilmişdir. Birinci instansiya məhkəməsi tamamilə qanunsuz qətnamə qəbul etmişdir. Əgər qanunsuz özbaşına tikilidirsə onda niyə Cavabdeh pul ödənilir, niyə digər qeydiyyatda olan şəxslər nəzərə alınmır, onların razılıq ərizələri alınmır. Bütün tikinti aparan şirkətlər və dövlət tərəfindən özbaşına olan evləri sökərkən orada olan bütün qeydiyyatdakı şəxslərdən notarial qaydada razılıq ərizələri alır, burada niyə alınmamışdır. Həmçinin, məhkəməyə adiyyatı üzrə sənədlər təqdim edilmişdir ki, mübahisəli evdə qeydiyyatları olmuş orada yaşayıb təsərrüfat aparmışlar, bundan başqa şahid ifadələri olmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamənin tam yoxlanılması təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində yerləşən 22 saylı dövlət reyestrində qeydiyyatdan keçməmişdir və statusu etibarilə özbaşına tikili olmaqla sökülmüşdür. Başqa sözlə, həmin evə mülkiyyət hüququ əsasında heç kimin adında qeydiyyatda olmamışdır. İddiaçılardan İddiaçı1 və İddiaçı2 qeyd edilən ünvanda qeydiyyatdadır. İş materiallarından məlum olur ki, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində yerləşən 22 saylı evdə "xxxx" MMC tərəfindən tərtib edilmiş sxem üzrə 107.4 m2 sahədən ibarət olan mənzili sökmək məqsədi ilə Cavabdeh təhvil alır, əvəzində müəyyən edilmiş qaydada "xxxx" MMC Cavabdeh 250000 manat pul verilməsinə dair "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24 oktyabr 2022-ci il tarixli 1 nömrəli ilkin razılaşma bağlanmış və "xxxx" MMC tərəfindən Cavabdeh hesabına göstərilən məbləğ kompensaya şəklində ödənilmişdir İş materiallarından görünür ki, tərəflərin X7 24 mart 2010-cu il tarixdə, anaları X8 25 mart 2013-cü il tarixdə vəfat etmişdir. İddiaçılar ata və anasının vəfatından sonra Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsindəki 22 saylı fərdi yaşayış evi və Xızı rayonu, Tıxlı kəndində yerləşən 0,12 ha torpaq sahəsi miras qalmasını göstərərək mübahisəli ünvanda olan evin sökülməsindən əldə edilən pula münasibətdə paylarının olmasını iddia etmişlər. İş materiallarında olan xx.xx.2010-cu il tarixdə reyestrdə 2V-01-365 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik şəhadətnamənin surətindən görünür ki, 24 mart 2010-cu i tarixdə vəfat etmiş Xanıke Bəndəli oğlunun vərəsələri İddiaçı1, İddiaçı2, İddiaçı3 Xanıke qızı və Cavabdehdur və onlardan hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2006-cı il tarixdə verilmiş JN-061F, KOD 30609018N2-H şəhadətnaməyə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Daşınmaz Əmlakın Xidmətinin Abşeron Ərazi idarəsi tərəfindən xx.xx.2010-cu ildə verilmiş 3933 nömrəli arayışda göstərilən mərhuma məxsus Xızı rayonu, Tıxlı kəndində yerləşən 0.121 ha torpaq sahəsindən ibarətdir. Göründüyü kimi, Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsindəki 22 saylı fərdi yaşayış evi tərəflərin valieynlərində qalmış miras əmlak olmadığı üçün onlara verilən qanun üzrə vərəsəlik şəhadətnamədə həmin ev qeyd edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, iddiaçıların həmin evə dair sahiblik, istifadə və sərəncam hüquqları mövcud olmamışdır. Belə ki, işin halları ilə müəyyən edilmişdir ki, İddiaçı1 və İddiaçı2 həmin ünvanda qeydiyyatda olsalar da, mənzil sökülənə qədər uzun müddət orada yaşamamışlar. İddiaçı3 Xanıke qızı isə həmin ünvanda uzun müddət yaşamamaqla yanaşı, qeydiyyatda da deyildir. Məhkəmə kollegiyası iddiaçıların valideynləri uzun müddət əvvəl vəfat etdiyindən iddiaçıların 2013-cü ildə vəfat etmiş atalarının sağlığında ikən mənzilə gəlib-gəlmələri, orada qalmaları və valideynlərinə qulluq etmələri mənzildə daimi yaşamaları kimi qəbul edilə bilməməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçılar həmin mənzildə yaşamayaraq yalnız qeydiyyatlarının olması onların həmin mənzilə istifadə hüquqlarının olması kimi qiymətləndirilmir və onlarn mənzilin sökülməsi ilə əlaqədar kompensasiya almaq hüquqları olmamasına dair birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, işin araşdırılmış hallarına əsasən həmin ünvanda Cavabdeh daimi olaraq yaşayaraq faktiki sahiblik etmişdir. Bu fakt həmçinin birinci instansiya məhkəməsi tərəfindən dindirilmiş "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 öz izahatı ilə təsdiq etmişdir. O, öz izahatında bildirmişdir ki, mübahisəli mənzildə söküntü işləri aparılmamışdan qabaq həmin evin video-çəkilişi aparılmış və mənzildə Cavabdeh başqa digər şəxslərin əşyaları olmamışdır. Ona görə də, Cavabdeh yaşadığı mənzilin sökülməsi ilə bağlı yaşayış sahəsindən məhrum olduğundan, bunun üçün yalnız ona kompensasiya ödənilmişdir. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə səbəb ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə almaqla, mübahisəni tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorların özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(004)- 400/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar