Məhkəmə qərarları › İş №2(103)-2869/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2869/2022

18.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2869/2022 18.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, 2- 728/2007 saylı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 noyabr 2021-ci il tarixli qərardaddan ərizəçi X1 verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: X2 24.09.2021-ci il tarixdə Sabunçu Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək onun ərizəsi əsasında icraatı başlanmış 2-728/2007 saylı mülki iş üzrə qəbul edilmiş, onun özünün, habelə qohumları (iddiaçının övladları) Ərizəçi2 və Ərizəçi4, (iddiaçının bacısı) Ərizəçi3 Bakı şəhəri, Sabunçu qəsəbəsi, Y.Saratov küçəsi, 42 saylı evdə yaşamaları faktının müəyyən edilməsi və onların həmin ünvana pasport qeydiyyatına alınması barədə 30.04.2007-ci il tarixli qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması və həmin evin nömrəsinin “42 B” kimi göstərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, U.Şıxəliyeva 2007-ci ildə “yaşayış sahəsinə hüququn tanınması və qeydiyyata alınma barədə” ərizə ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərkən ərizədə evin nömrəsini əslində olduğu “42 B” kimi deyil, səhvən 42 kimi göstərmişdir. Buna baxmayaraq ərizəyə əlavə etdiyi, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş “Fiziki şəxslərin mülkiyyətində olan binaların və qurğuların qiymətləndirilməsinə dair hesabatda” həmin evin nömrəsi “42 B” kimi qeyd edilmişdir. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamış, iş üzrə qəbul etdiyi qətanmədə evin nömrəsinin “Fiziki şəxslərin mülkiyyətində olan binaların və qurğuların qiymətləndirilməsinə dair hesabatda” qeyd edildiyi kimi “42 B” kimi deyil, iddia ərizəsində qeyd edildiyi kimi “42” göstərmişdir. Bu qaydada qətnamənin qəbul edilməsi hazırda onun və ailə üzvləri üçün problemlər yaradır. “Qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 17.11.2021-ci il tarixli qərardad ilə ərizəni təmin etməmişdir. U.Şıxəliyeva həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsi və “qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması barədə” ərizənin təmin edilməsini xahiş etmişdir. Rayon Məhkəməsi şikayətə baxaraq iş üzrə qəbul etdiyi 11.01.2022-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki işdə olan materiallardan görünür ki, U.Şıxəliyeva 03.03.2007-ci il tarixdə Rayon Məhkəməsinə müraciət edərək özünün, habelə qohumları (qızı) Ərizəçi2, (oğlu) Ərizəçi4 və (bacısı) Ərizəçi3 Bakı şəhəri, ünvan 1 ünvana pasport qeydiyyatına alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) MPM-nin 218.3.-ci maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 30.04.2007-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Göstərilənlərə əsasən müəyyən edilir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30.04.2007-ci il tarixli qətnamədə heç bir yanlışlıq buraxılmamış, qətnamə tələb üzrə və tələbə uyğun qəbul edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. MPM-nin 228.2-ci maddəsinə görə, hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qəbul edilmiş məhkəmə aktında buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. MPM-nin 357.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Göründüyü kimi, qanunvericilikdə nəzərdə tutulmuş hallarda və əsaslarla qiyabi qətnamənin, şəxsin xəbərsiz itkin düşməsi və ya ölmüş elan edilməsi haqqında qətnamənin onun çıxarmış məhkəmənin (hakimin) özü tərəfindən ləğv edilməsi halları istisna olmaqla, məhkəmənin qətnaməsi yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv oluna bilər. Şərh olunan maddələr qətnamənin mahiyyətinə toxunmadan və ya onun mahiyyətini (məzmununu) dəyişmədən oradakı yanlışlıqların və ya açıq hesab səhvlərinin qətnaməni çıxarmış məhkəmə (hakim) tərəfindən düzəldilməsi imkanını nəzərdə tutur. Qətnamədə yol verilmiş yanlışlığın düzəldilməsi nəticəsində mübahisənin mahiyyəti və mübahisə üzrə məhkəmənin gəldiyi nəticələr dəyişdirilə bilməz (“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 13.1-ci bəndi). Əks halda MPM-nin 228.1-ci maddəsinin tələbləri pozulmuş olur. U.Şıxəliyeva tərəfindən verilmiş “qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması barədə” ərizədə təmin edilərsə, onda Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunda nəzərdə tutulmamış qaydada dəyişdirilə bilər. Bu baxımdan hesab edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi U.Şıxəliyeva tərəfindən verilmiş “qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması barədə” ərizənin təmin edilməməsi barədə qərardadı qəbul etməkdə və həmin qərardaddan U.Şıxəliyevanın şikayətini təmin etməməkdə haqlı olmuşdur. U.Şıxəliyevanın verdiyi şikayət əsassızıdır – formal mülahizə xarakteri daşıyır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 397, 398 və 402-ci maddələrinin tələblərindən çıxış edən Məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar