Məhkəmə qərarları › İş №2(103)-287/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-287/2024

29.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-287/2024 29.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 6 saylı Notariat Ofisinə qarşı X3 üçüncü şəxs qismində cəlb olunduğu “miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: miras əmlakda payın müəyyən edilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X25 (sədrlik edən və məruzəçi), X19 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 6 saylı Notariat Ofisinə qarşı X3 üçüncü şəxs qismində cəlb olunduğu “miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-642/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. X15 26 oktyabr 2020-ci il tarixdə vəfat etmişdir.

2. X5 rəsmi nikahından olan övladları Cavabdeh1 və Cavabdeh2dır.

3. İddiaçı isə X5 faktiki nikah münasibətindən olan övladıdır.

4. AZ-İİ seriyalı, 261250 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxx 2006-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, atası X15, anası Qanuni nümayəndədır.

5. xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik şəhadətnaməsindən müəyyən olunur ki, ki, mərhum X9 məxsus olan ünvan 1 ünvanda yerləşən mənzilə dair mərhum X5 vərəsələri Cavabdeh2 və Cavabdeh1 adına Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 6.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışın surətindən məlum olur ki, Bakı şəhəri, Yasamal Rayonu, Ələsgər Ələkbərov küçəsi, məhəllə 528, ev 13v, 44 saylı mənzil xüsusi mülkiyyət hüququ Cavabdeh2 və Cavabdeh1 ½ hissədə payları əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. 7.29 dekabr 2022-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 26 oktyabr 2020-ci il tarixdə vəfat etmiş X5 vərəsələri Cavabdeh2 və Cavabdeh1 hər biri miras əmlakdan ½ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak hərbi qulluqçuların vərəsələrinə ödənilməli 11000 manat sığorta ödənişindən ibarətdir. 8.22 dekabr 2021-ci il tarixli X12 tərəfindən yazılmış Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu X22 tərəfindən təsdiq edilmiş **********027 ərizənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə oğlu X15 vəfat etmişdir. X1 miras qalmış bütün əmlaklardan ona çatası miras payından və vərəsəlik hüququndan imtina edir. Ona məlumdur ki, mirasdan imtina barədə ərizə ləğv edilə bilməz və ya geri götürülə bilməz. Əgər miras paydan imtina edirsə, o, bütün miras əmlakdan imtina edir.

9. 22 dekabr 2021-ci il tarixli X16 tərəfindən yazılmış Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu X22 tərəfindən təsdiq edilmiş **********028 ərizənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə oğlu X15 vəfat etmişdir. X1 miras qalmış bütün əmlaklardan ona çatası miras payından və vərəsəlik hüququndan imtina edir. Ona məlumdur ki, mirasdan imtina barədə ərizə ləğv edilə bilməz və ya geri götürülə bilməz. Əgər miras paydan imtina edirsə, o, bütün miras əmlakdan imtina edir.

10. 06 oktyabr 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh1, X10 və X13 arasında ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 29.9 kv.m olan mənzilə dair daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 29.9 kv.m olan mənzil X6 bağışlanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 6 saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 qalan miras əmlakla bağlı Bakı şəhəri 6 saylı notariat ofisinin Cavabdeh1 və Cavabdeh2 verdiyi xx.xx.2020-ci il tarixli 2-V- 85 və 2V-86 saylı qanun üzrə vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi, Bakı şəhəri 6 saylı notariat ofisinin təsdiq etdiyi Cavabdeh1 və Cavabdeh2 ilə X13 arasında bağlanmış xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, X5 qanun üzrə vərəsəsi olaraq İddiaçı üçün X4 qalan mirasın qəbulu üçün müəyyən edilmiş müddətin üzürlü hesab edilərək bərpa edilməsi, X4 qalan miras əmlakda İddiaçı 1/3 hissədə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə X15 ilə xx.xx.2005-ci il tarixdə faktiki ər-arvad münasibətlərinə girərək ailə həyatı qurmuşdur. Faktiki evlilikdən xx.xx.2006-cı il tarixdə İddiaçı dünyaya gəlmişdir. xx.xx.2020-ci il tarixdə X17 polkovnik-leytenant rütbəsində Vətən Müharibəsində iştirak etmiş və xx.xx.2020-ci il tarixdə şəhidlik zirvəsinə ucalmışdır. Xeyrulla şəhid olduqdan sonra onun birinci ailəsindən olan övladları Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri 6 saylı Notariat Ofisində vərəsəlik işi açaraq qanun üzrə 2V-85 və 2V-86 nömrəli vərəsəlik şəhadətnamələri almışlar. Qeyd olunan vərəsəlik şəhadətnamələrini alarkən birinci növbə vərəsələrdən serebral iflic xəstəliyindən əziyyət çəkən, əlil arabasına möhtac olan və yetkinlik yaşına çatmayan İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə məlumat verməmişlər. Bakı şəhəri 6 saylı Notariat Ofisinin verdiyi vərəsəlik şəhadətnamələri qanunsuz və etibarsız hesab edilməlidir. Belə ki, vərəsəlik şəhadətnaməsi qanunla mirasın qəbul edilməsi üçün müəyyən edilmiş 6 aylıq müddət bitməmiş verilmişdir. Qanunun tələbinə görə qanun üzrə vərəsəlik şəhadətnaməsi mirasın qəbulu üçün müəyyən edilmiş müddət bitdikdən sonra verilməli idi. İddiaçı vərəsəlik şəhadatnaməsinin etibarsız hesab edilməsi ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsində iddia qaldırmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(011)-7191/2022 saylı qərardadı ilə iddia ərizəsinin qəbul edilməsindən imtina edilmiş və Bakı şəhəri 6 saylı Notariat ofisinə müraciət etmək hüququnun olması izah edilmişdir. Bundan sonra Bakı şəhəri 6 saylı notariat ofisinə müraciət edilmişdir. Bakı şəhəri 6 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, X-2044 saylı məktubla vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir.

13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-642/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, X4 qalan miras əmlakla bağlı Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən Cavabdeh1 və Cavabdeh2 verilmiş xx.xx.2020-ci il tarixli 2V- 85 və 2V-86 saylı qanun üzrə vərəsəlik şəhadətnamələri etibarsız hesab edilməsi, Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş Cavabdeh1 və Cavabdeh2 ilə X13 arasında bağlanmış xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilməsi, X5 qanun üzrə vərəsəsi olaraq İddiaçı üçün X4 qalan mirasın qəbulu üçün müəyyən edilmiş müddət üzürlü hesab edilərək, bərpa edilməsi, X4 qalan miras əmlakda İddiaçı 1/3 hissədə payı müəyyən edilməsi qət edilmişdir.

14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki işdə olan sübutlarla və tərəflərin izahatları ilə təsdiq edilir ki, Bakı şəhəri, Yasamal Rayonu, Ələsgər Ələkbərov küçəsi, məhəllə 528, ev 13v, 44 saylı mənzil X9 məxsus olmuşdur. xx.xx.2011-ci il tarixdə həmin mənzilə dair mərhum X9 çıxarış verilmişdir. X7 rəsmi nikahından xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh2 və xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh1 dünyaya gəlmişdir. X5 Qanuni nümayəndə ilə faktiki nikahından xx.xx.2006-cı il təvəllüdlü İddiaçı dünyaya gəlmişdir. İddiaçı serebral paralıç keçirmişdir, 2 qrup əlildir, hərəkət etmək imkanları məhduddur, epilepsiya xəstəliyindən əziyyət çəkir, tez-tez sudoroqalar keçirir, proseslərə əlil arabasında iştirak etmişdir. İddiaçı anası ilə Gəncə şəhərində yaşayır. Həmçinin təsdiq edilir ki, X15 xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olmuş, polkovnik-leytenant X15 “Şəhid”, onun ailəsi isə “Şəhid ailəsi” hesab edilmişdir. X15 vəfat etdikdən sonra Cavabdeh2 və Cavabdeh1 notariat orqanına müraciət etmiş, X1 miras qalmış əmlaklara dair notariat ofisi tərəfindən xx.xx.2020-ci il tarixli 2V-285 və 2V-286 saylı reyestrlərlə təsdiq olunmuş Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş, 26 oktyabr 2020-ci il tarixdə vəfat etmiş X5 vərəsələri Cavabdeh2 və Cavabdeh1 miras əmlakda hər birinin ½ payı müəyyən edilmişdir. Şəhadətnamə verilən miras əmlak X9 verilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 29.9 kv.m, yaşayış sahəsi 17 kv.m yardımçı sahəsi 12.9 kv.m, 1 otaqlı olan mənzil və hərbi qulluqçuların vərəsələrinə ödənilməli olan 11000 (on bir min) manat sığorta ödənişindən ibarət olmuşdur. Cavabdeh 6 saylı Notariat Ofisinin xüsusi notariusu X14 nümayəndəsi X18 məhkəmə iclasında verdiyi izahatla da təsdiq edilir ki, vərəsələrin dairəsi müəyyən edilərkən avtomatlaşdırılmış notariat sistemində İddiaçı müəyyən edilməmiş və vərəsəlik işi açılarkən iddiaçıya və ya onun qanuni nümayəndəsinə məlumat verilməmişdir. Məhkəmə yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq və işdə olan sübutları, həmçinin işin faktiki hallarını qiymətləndirərək, belə qənaətə gəlmişdir ki, X5 birinci növbədə qanun üzrə vərəsəsi olaraq İddiaçı məlumatlandırılmadığından və onun payı nəzərə alınmadığından X4 qalan miras əmlakla bağlı Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən Cavabdeh1 və Cavabdeh2 verilmiş xx.xx.2020-ci il tarixli 2V-85 və 2V-86 saylı qanun üzrə vərəsəlik şəhadətnamələri etibarsız hesab edilməlidir. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 29.9 kv.m olan mənzil xx.xx.2022-ci il tarixdə bağışlanma müqaviləsi əsasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən atasının xalası X6 bağışlanmışdır. Məhkəmə yenə də yuxarıda qeyd edilmiş maddi hüquq norrmalarına əsaslanaraq və işdə olan sübutları, həmçinin işin faktiki hallarını qiymətləndirərək, belə qənaətə gəlir ki, həmin əqd uydurma əqd olduğundan və iddiaçının miras əmlakda payından məhrum etmək məqsədilə bağlandığından əhəmiyyətsiz əqd olduğu üçün etibarsız hesab edilməlidir. Həmçinin məhkəmə X5 qanun üzrə vərəsəsi olaraq İddiaçı 2-ci dərəcə əlil olduğunu, hərəkəti məhdud olduğunu, faktiki yaşayış yerinin Gəncə şəhəri olduğunu, miras əmlak açıldığı vaxt ölkədə pandemiya ilə bağlı məhdudiyyətlərin mövcud olduğunu nəzərə alaraq hesab edir ki, X4 qalan mirasın qəbulu üçün müəyyən edilmiş müddət üzürlü hesab edilərək, bərpa edilməli və X4 qalan miras əmlakda İddiaçı 1/3 hissədə payı müəyyən edilməlidir.

15. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 666.1, 667.1, 668, 1133.1, 1151.1, 1159.1, 1243, 1246, 1248-ci maddələri, "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59, 60, maddəsinə, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.4, 337.5, 340.1, 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012ci il tarixli Qərarı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmişdir “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin” 4.1-ci maddəsi və Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən cavabdehin Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-642/2023 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayətində göstərilmişdir ki, hazırkı tələb 44 günlük müharibədə şəhid olmuş X4 qalmış miras əmlak hesab edilən əşyalarla bağlı qaldırılmışdır. İşin mübahisəsiz halından görünür ki, X15 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Nəzərə alınsa ki, 44 günlük müharibə hamı üçün bəlli olan hal idi və iddiaçı tərəfin Xeyrulla İbrahimovun ölməsini, yəni mirasın açılması vaxtını bilməli idi. Lakin, mirasın açılması müddətindən 2 ildən artıq müddət keçməsinə baxmayaraq iddiaçı tərəf mirasın açıldığı yer üzrə notariat orqanına mirasın qəbul edilməsi ilə bağlı heç bir müraciət etməmiş, bununla da miras hesab edilən əmlak vərəsə tərəfindən qəbul edilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və y aəmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. İddiaçı miras qoyanın qeyri faktiki nikahdan olan övladıdır. O, mübahisəli mənzildə heç bir vaxt olmamış, yaşamamış və oradan istifadə etməmişdir. Ölən şəxsin faktiki ailəsi olaraq, cavabdehlərlə əlaqəsi olmamış və cavabdehlərlə birgə təsərrüfat aparmamışdır. Hazırkı halda iddiaçı tərəfin miras əmlakı faktiki qəbul etməsini təsdiq edən heç bir sübutda iddia ərizəsinə əlavə edilməmişdir. Bununla da, iddiaçının mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsinə dair hər hansı bir hərəkəti olmadığından və bu halları təsdiq edən sübutlar olmadığından, qeyd edilən miras əmlakları qəbul etməməsi kimi qiymətləndirilməli və həmin əmaklar onun mülkiyyəti hesab edilməməlidir. İşdən göründüyü kimi, üzərində payın müəyyən edilməsi tələb edilən, ünvan 3 ünvanında yerləşən 44 saylı mənzilxx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən digər şəxsə hədiyyə edilmişdir. Beləki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 29.9 kv. m olan mənzil xx.xx.2022-ci il tarixdə bağışlanma müqaviləsi əsasında X6 bağışlanmış və axırıncı mənzil üzərində hüququnun dövlət qeydiyyatına dair çıxarış almışdır. Məhkəmə tərəfindən onun üçüncü şəxs kimi cəlb edilməsinə dair qərardad qəbul edilməsinə baxmayaraq, həmin şəxs məhkəməyə qanunla müəyyən edilən qaydada çağırılmamış və fikri dinlənilməmişdir. İşdən görünür ki, həmin şəxs bildirişi almamış və ona çatdırılmasını təsdiq edən sənədlər yoxdur. İddiaçı tərəf 11.000 (on bir min) manat hərbi qulluqçuların vərəsələrinə ödənilməli olan sığorta ödənişini miras əmlak hesab edərək, vərəsəlik payına müvafiq olaraq vəsait üzərində payının müəyyən edilməsini tələb edir. Qanunun tələbinə əsasən həmin sığorta ödənişi mirasəmlak kimi qəbul edilmədiyindən, iddiaçının miras aktivinə daxil edilərək üzərində payının müəyyən edilməsi kimi tələbi əsassızdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

19. Məhkəmə iclasında iştirak edən cavabdehin Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 çıxış edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, izahatında əlavə olaraq bildirmişdir ki, əsas məsələ iddia müddətilə bağlıdır. İddiaçı 2 il sonra müraciət etmişdir. Xanımın həyat yoldaşı 2020-ci ildə şəhid olmuşdur. Xanım həmin zaman niyyətin bəyan etməmişdir və müddəti ötürmüşdür. Xanıma birinci instansiya məhkəməsində sual verdilər ki, evi tanıyırsan, heç evin yerini də bilmədi. Faktiki sahiblik etməmişdir. Bununla bağlı Konstitsusiya Məhkəməsininin qərarı da var. Yəni, üzrlü səbəb yoxdur ki, xanım 2 ildən sonra niyə müraciət etmişdir. Xanım hətta bilirdi ki, yoldaşı şəhid olandan 1-2 ay sonra onun uşaqlarına pensiya kəsilmişdir. Yəni, xanımın yoldaşının şəhid olmağından xəbəri var idi. Hazırda şəhidin valideynləri də sağdırlar, onlar da payçıdılar. Məhkəmə 1/3 hissədə bölgü aparmışdır.Nənə və baba və nəvələrinə münasibətdə paylarından imtina ediblər, amma xanıma münasibətdə imtina etməyiblər.Məhkəmənin 1/3 hissədə bölgü aparması düzgün deyildir. Eyni zamanda həmin əmlakla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında çıxarış var. Çıxarışı Ləman və Anar almışdılar. Sonra da mənzili başqa adama bağışlayıblar. Həmçinin üçüncü şəxs X8 da mənafeyi pozulub. Burada vicdanlı alıcı məsələsi var, valideynlərə və üçüncü şəxsə məhkəmə barəsində məlumat verməyiblər, məhkəmə bildirişi göndərilib amma, məhkəmə bildirişinin çatıb-çatmaması bilinmir. Konstitusiya Məhkəməsinin qərarı var, şəxs öldüyü məqamadək şəxsin əmlakı miras əmlakı hesab edilə bilər yəni, sığorta əmlakı miras əmlakı hesab edilmir və bunlara da məhkəmə heç bir münasibət bildirməyib. Məhkəmə 1/3 hissəsinin xanıma verilməsini qət edilib və 10.000 manatla bağlı elə bir sənəd yoxdur ki, doğrudan da "Yaşat" fondu 10.000 manatı onlara verib. Xanım da bilir ki, onlar 10.000 manatı almayıblar. Xanım özü də dedi ki, o evlə bağlı müraciət etmək istəmirdi, aralarında olanlardan sonra müraciət edib. Xanım xəstə uşaqdan istifadə edir, onun pensiyasını alır. Məhkəmələrdə çıxardır ki, uşağı xəstədir. Vərəsə payı düzgün müəyyən edilməmiş,hansı əmlakın 1/3 hissədə bölünməsi qətnamədə qeyd edilməmişdir. Sığorta ödənişi miras əmlakı hesab olunmur. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.

20. Məhkəmə iclasında iştirak edən İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə çıxış edərək apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, onun da oğlu şəhid övladıdır. Prezident tərəfindən verilmiş təqaüd niyə ona verilməməlidir, notarius tərəfindən niyə onun haqqı yeyilməlidir. Nənə-baba deyirlər ki, bilməyiblər, amma fakt biliblər. Onun uşağı xəstədir. Nənə-babanın əgər vicdanı olsa idi belə etməzdi. Bir dəfə deyib ki, dərmanla kömək etsinlər, dedilər ki, edə bilməzlər. O müraciət etməyəcəkdi. O vaxtı nənə ilə araları da pis deyildi. Ona zəng eləyib ki,uşağa əlil arabası alın, özü şəxsən neçə dəfə görüb ki, hərə bir tərəfdən arabanı qaldırır. Amma, o, razılaşmadı. Vasif də şəhidin övladıdır. Ona da haqq verilməlidir. Barışıqla həlli niyə mümkün olmasın. O ev istəməyib. Bir otaqlı evi də xalanın adına yazıblar çünki, dövlətdən iki otaqlı ev istəyirlər. Onun övladına düşən puldan verilməsini istəyir, onu müalicə etdirəcək.

21. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh 6 Saylı Dövlət Notariat Kontorunun nümayəndəsi və vəkili Vəkil1 Səadət oğlu çıxış edərək bildirir ki, xx.xx.2020-ci ildə İbrahimov Xeyrulla şəhid olandan sonra qanuni vərəsələr 6 Saylı Notariat Kontoruna müraciət edib, vərəsəlik hüquqlarının tanınmasını və vərəsəlik şəhadətanməsinin tanınmasını xahiş ediblər. Həmin dövrdə bütün Notariat Kontorlarına eyni zamanda, 6 Saylı Notariat Kontoruna tapşırılmışdı ki, şəhid ailələrinin vərəsəlik işlərini yubandırılmamasın, onlara verilən kompensasiya məbləğinin tez bir zamanda verilsin. Şəhidin ailəsinə vərəsəlik şəhadətnaməsi verilərkən İddiaçı adı bazada qeyd edilməmişdir. xx.xx.2020-ci ildə vərəsəlik şəhadətnaməsi digər övladlarına və ailə üzvlərinə verilmişdir. Sonradan xanım tərəfindən onlara müraciət edilib və onlar notariat kontorunun vərəsəlik şəhadətnaməsini dəyişmək hüququ olmadığından, onlar izah ediblər ki, bu məhkəmə qaydasında mübahisələndirilməlidir. Onlar birinci instansiya məhkəməsində iştirak ediblər, hesab ediblər ki, iddia tələbi əsaslıdır. Qanun üzrə vərəsələr hamısı bərabərdirlər, üstünlük hüququ tanınmır. Hər bir övlad Xeyrulla İbrahimovun övladıdır və İddiaçı da pay verilməlidir. Məhkəmə zamanı xanıma təklif edildi ki, iddia ərizəsinə dəqiqləşmə versin. Bununla bağlı ərizə yazmağa ona köməklik edilmişdir. Hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. O Konstitusiya Məhkəməsinin qərarına baxmayıb, amma hesab edir ki, mülkiyyət hüququ ilə bağlı iddia müddəti təyin edilməməlidir. Onlara vaxtında məlum olsa idi, onlar iddiaçının hüquqlarını pozmazdılar, amma onlar burada səhv ediblər. İddiaçının bazada adı çıxmamışdır, onların xəbəri olmayıb. Qanunsuz göstəriş etməyiblər, onlara bildirilib ki, şəhid ailələrini yubatmaq olmaz.

22. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası digər tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılması mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

23. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1136. Nikahdankənar uşaq o halda atasının vərəsəsi sayılır ki, atalıq qanunda nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmiş olsun. Əgər həmin uşaq atasından əvvəl ölərsə, onun uşaqları atalarına çatası mirasdan pay tələb edə bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1256.Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Maddə 1268.2. Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir.

24. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməməsi Plenumunun 8 dekabr 2022-ci il tarixli Qərarı “...Sığorta ödənişi dedikdə, sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası başa düşülür (Mülki Məcəllənin 926.1-ci və “Sığorta fəaliyyəti haqqında" Qanunun 1.1.21-ci maddələri). Sığorta hadisəsi kimi isə icbari sığorta üzrə icbari sığorta qanunlarına, könüllü sığorta üzrə sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığortaolunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal nəzərdə tutulur (“Sığorta fəaliyyəti haqqında" Qanunun 1.1.19-cu maddəsi). Göründüyü kimi, sığorta ödənişinin həyata keçirilməsi sığorta hadisəsinin baş verməsi ilə şərtləndirilmişdir. Hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində münasibətlər “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanun ilə tənzimlənir. Həmin Qanunun 2.1.5-ci maddəsində sığorta ödənişini almaq hüququ olan şəxs qismində sığortaolunan və ya onun vərəsələri göstərilmişdir. Sığortaolunan kimi barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər çıxış edir (“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanunun 2.1.3-cü maddəsi). Qeyd edilməlidir ki, həmin Qanunun 2.1.9 və 4.1-ci maddələrində sığorta ödənişi sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaiti kimi göstərilmiş və dəyəri on bir min manat məbləğində müəyyən edilmişdir. Qanunun 2.1.6 və 5-ci maddələrinə uyğun olaraq sığorta hadisələrindən biri kimi sığortaolunanın həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edilməsi çıxış edir və bu hadisəyə görə sığorta məbləğinin 100 faizi nisbətində sığorta ödənişinin verilməsi nəzərdə tutulur. Beləliklə, həm “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun müvafiq maddələrinin, həm də sığorta hüququna dair digər qanunvericilik normalarının təhlili belə nəticəyə gəlməyə imkan verir ki, on bir min manat məbləğində olan birdəfəlik pul vəsaiti icbari sığorta hüquq münasibətləri çərçivəsində ödənilən sığorta ödənişidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, sığorta və əmək pensiyaları münasibətlərini tənzimləyən hüquqi aktlara əsasən sığortaolunanın öldüyü halda sığorta ödənişi almaq hüququ olan və ya ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan şəxslərin nəzərdən keçirilməsi müraciətdə qoyulan məsələyə aydınlıq gətirmiş olardı.”

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Hazırki halda cavabdehin apellyasiya şikayətləri qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını mübahisələndirilən hissədə tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

30. İş materialları ilə müəyyən edilir ki, X15 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, onun vəfatından sonra övladları Cavabdeh2 və Cavabdeh1 hər birinin ½ hissədə pay hüququnu təsdiq edən - ünvan 1 ünvanında yerləşən mənzillə bağlı 2V-286 reyestr nömrəli və hərbi qulluqçuların vərəsələrinə ödənilməli olan 11000 manat sığorta ödənişi ilə bağlı 2V-285 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. ünvan 1 ünvanında yerləşən mənzil X6 bağışlanmışdır.

31. İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2V-285 və 2V-286 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və bağışlama müqaviləsinin etibarsız hesab edilməsini X5 miras əmlakında İddiaçı pay hüququnun tanınmasını xahiş etmiş, iddiasını onunla əsaslandırılmışdır ki, mərhum X15 ilə Qanuni nümayəndə faktiki ailə münasibətləri olmuş, bu münasibətdən İddiaçı dünyaya gəlmiş, onun atasından qalan əmlakdan pay almaq hüquq vardır.

32. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir.

33. Məhkəmə kollegiyası cavabdeh tərəfində verilmiş apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş AZ İ № 409552 nömrəli, 09 fevral 2021-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, X2 Vasif Xeyrulla oğlunun atasıdır.

34. Mülki Məcəllənin 1159.1.1-ci maddəsində qeyd edilir ki, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.

35. Göründüyü kimi, İddiaçı atasından qalan əmlakdan pay almaq hüquq vardır.

36. Miras əmlakın qəbulu üçün müəyyən edilmiş müddətin ötürülməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli vərəsənin mirasdan imtina etməsinə məhkəmənin icazəsi ilə yol verilir (§23).

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, “qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. ...Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyrimüəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur.”

38. Fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin mirasdan imtina etməsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında qeyd etmişdir ki, “qanunverici göstərilən şəxslər tərəfindən miras əmlakdan imtina edilməsinin xüsusi formasını müəyyənləşdirərək, bu halda imtinanın yalnız məhkəmə qərarı əsasında mümkünlüyünü təsbit etmişdir (Mülki Məcəllənin 1268.2-ci maddəsi). Birtərəfli əqd olaraq miras əmlakdan imtinanın da yalnız məhkəmənin icazəsi ilə mümkünlüyünü müəyyənləşdirərkən qanunverici məhz fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin mənafelərinin qorunması, qəyyum və himayəçilər tərəfindən yol verilə biləcək sui-istifadə hallarının qarşısının alınması düşüncəsindən çıxış etmişdir. Nəzərə alınmalıdır ki, fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin mirasdan imtinası hallarına da Mülki Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddətləri ilə bağlı məhdudiyyət şamil olunur.”.

39. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıdakı hüquqi mövqelərin davamı olaraq, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, “Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. ...vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. ...mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur. Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. ...miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. ...mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. ... vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir.”

40. Məhkəmə kollegiyası qeyd edir ki, notariat qaydasında vərəsəlik şəhadətnaməsi mülki qanunvericiliyin tələbləri pozulmaqla verilmiş, miras qoyanın varislərinin əhatəsi tam dəqiqləşdirilməmiş, digər vərəsə nəzərə alınmamış, bununla da digər vərəsənin hüquqları pozulmuşdur.

41. Apellyasiya şikayətinin digər dəlili odur ki, miras qoyanın valideynlərinin payı müəyyən edilmədən miras əmlakda iddiaçının payı 1/3 hissədə müəyyən edilmişdir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, 22 dekabr 2021-ci il tarixli X12 tərəfindən yazılmış Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu X22 tərəfindən təsdiq edilmiş **********027 ərizənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə oğlu X15 vəfat etmişdir. X1 miras qalmış bütün əmlaklardan ona çatası miras payından və vərəsəlik hüququndan imtina edir.

43. O cümlədən, 22 dekabr 2021-ci il tarixli X16 tərəfindən yazılmış Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu X22 tərəfindən təsdiq edilmiş **********028 ərizənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə oğlu X15 vəfat etmişdir. X1 miras qalmış bütün əmlaklardan ona çatası miras payından və vərəsəlik hüququndan imtina edir.

44. Göründüyü kimi, mirasqoyanın validenynləri onlara çatası paydan kiminsə xeyrinə deyil, ümumilikdə imtina etmişdirlər.

45. Apellyasiya şikayətinin digər dəlili odur ki, üçüncü şəxs X13 məhkəmə iclasında iştirak etməyib. Məhkəmə kollegiyası qeyd edir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmışdır.

46. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin mövqeyi ünvan 1 ünvanında yerləşən mənzillə bağlı 2V-286 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi,miras əmlak olan Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, məhəllə 528, ev 13V, 44 saylı mənzildə iddiaçının 1/3 hissədə payının müəyyən edilməsi hissəsində əsaslıdır.

47. İddiaçının X5 vərəsələrinə ödənilməli olan 11000 manat sığorta ödənişi ilə bağlı 2V- 285 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

48. 11000 manat sığorta ödənişi miras əmlak hesab edilmir. ““Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsində qeyd edilir ki, sığorta ödənişi almaq hüququ olan şəxs – bu Qanunla müəyyən edilmiş qaydada sığorta ödənişini almaq hüququ olan sığortaolunan və ya onun vərəsəsidir.

49. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməməsi Plenumunun 8 dekabr 2022-ci il tarixli Qərarında qeyd edilir ki, “...“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5 və 4-1.3-cü maddələrində “vərəsə” müddəası sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərini nəzərdə tutur. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan sığorta ödənişi sığortaolunanın miras əmlakına daxil olmadığından, həmin Qanunun 2022-ci il yanvarın 1-dək qüvvədə olmuş 7-ci maddəsinin 1-ci hissəsinin a) bəndinin “vərəsəlik hüququnu təsdiq edən sənəd” müddəasının sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərinə münasibətdə tətbiq edilməsi istisna edilir.... Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması çərçivəsində görülən əlavə tədbirlərin, xüsusilə birdəfəlik ödəmənin vərəsəlik hüquq münasibətləri ilə əlaqələndirilməsi vərəsəlik institutunun mahiyyətinə ziddir.”

50. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin qərarında şərh olunanları nəzərə aslaraq qeyd edir ki, 11000 manat siğorta ödənişi miras əmlak hesab edilmədiyi üçün 2v- 85 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilməlidir.

51. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən də 2v-85 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilmişdir. Lakin işə baxan məhkəmə həmin şəhadətnaməni o əsasla etibarsız hesab etmişdir ki, notarius vərəsəlik şəhadətnaməsini verərkən digər vərəsə olan iddiaçını nəzərə almamışdır. İşə baxan məhkəmə 11000 manat sığorta ödənişini miras əmlak kimi qiymətləndirərək miras əmlakda payın müəyyən edilməsini qərara almışdır.

52. Lakin məhkəmə kollegiyası hesab edir ki, 11000 manat sığorta ödənişi miras əmlak hesab edilmədiyi əsası ilə 2v-85 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilməlidir.

53. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-642/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən – “X4 qalan miras əmlakla bağlı Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən Cavabdeh1 və Cavabdeh2 verilmiş xx.xx.2020-ci il tarixli 2V-85 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi” hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir, 12.2020-ci il tarixli 2V-85 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməlidir.

54. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-642/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən – “X4 qalan miras əmlakla bağlı Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən Cavabdeh1 və Cavabdeh2 verilmiş xx.xx.2020-ci il tarixli 2V-285 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilməsi.” hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli 2V-285 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar