Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2871/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məzuniyyət pulunun, əmək haqqından ödənilməyən hissənin və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə (məktəb) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixində məktəblə müddətsiz əmək müqaviləsi bağladığını, xx.xx.2019-cu ildə əmək müqaviləsinə dəyişiklik edilməsi barədə elektron informasiya sisteminə daxil edilmiş bildirişdə də əmək müqaviləsinin müddətsiz bağlandığının göstərildiyini, buna baxmayaraq məktəbin xx.xx.2020-ci il tarixli 363 nömrəli əmri əsasında əmək müqaviləsinə müddətin bitməsi ilə əlaqədar xitam verildiyini, həmçinin məktəin 2020-ci ilin iyul-avqust ayı ərzində məzuniyyət pulunu (829 manat) və 2020-ci ilin may və iyun ayları üçün əmək haqqını da tam ödəmədiyini, məktəbin qanunsuz əmri nəticəsində 2020-ci ilin avqust-oktyabr ayları ərzində işsiz qaldığını irəli sürmüş, buna görə də məktəbin xx.xx.2020-ci il tarixli 363 nömrəli əmrinin ləğv edilməsi və işə bərpa olunması, 2020-ci ilin məzuniyyət pulundan ödənilməyən 829 manatın, 2020-ci ilin iyun ayı üzrə əmək haqqından ödənilməyən 664 manatın və 2020-ci ilin sentyabr ayının 1-dən hesablanmaqla işə bərpa olunacağı günə qədər olan boşdyanmaya görə hesablanmış əmək haqqının məktəbdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı ödənilməyən son haqq-hesabın hesablanaraq ona ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddiasının təmin olunmasını xahiş edən iddiaçı, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadığını, sübutlara düzgün qiymət vermədiyini irəli sürmüşdür. Məhkəmə iclaslarında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını, cavabdehin nümayəndəsi X1 isə apellyasiya şikayətinin əsassız, şikayətdə göstərilənlərin iddia ərizəsində qeyd edilən və heç bir əsası olmayan xüsusatların təkrarı olduğunu, həmin xüsusatların birinci instansiya məhkəməsi tərəfindən araşdırılıb hüquqi qiymət verildiyini, əmək müqaviləsinin müddətinin bitdiyini, müqavilə barədə elektron bildirişdə onun müddətsiz bağlandığının göstərilməsinin texniki səhv olduğunu bildirməklə şikayətin təmin olunmamasını xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin olunmayan hissələri (yəni “xx.xx.2020-ci il tarixli 363 nömrəli əmrin ləğv edilməsi və işə bərpa olunması, 2020-ci ilin sentyabr ayının 1-dən hesablanmaqla işə bərpa olunacağı günə qədər olan boşdyanmaya görə hesablanmış əmək haqqının xeyrinə tutulması” tələblərinin təmin olunmaması hissəsi) üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh məktəb mübahisələndirməmiş, iddiaçının şikayəti isə qeyd olunan hissədə qətnamənin ləğvinə yönəlmişdir. Başqa sözlə qətnamənin, iddia tələbinin qismən təmin olunması ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək iddia tələbinin həmin hissədə də təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, tərəflər arasında xx xxxxxxxx 2018-ci il tarixində əmək müqaviləsi bağlanmaqla iddiaçı, Cavabdehndə Bədən tərbiyəsi və idman müəllimi vəzifəsinə işə qəbul edilmiş, müqavilənin 2.1-ci bəndində onun 1 il müddətinə, 2.5-ci bəndində isə xx xxxxxxxx 2020-ci il tarixinədək bağlandığı göstərilmiş, xx xxxxxxxx 2020-ci il tarixdə iddiaçının əmək müqaviləsinə müqavilənin müddətinin qurtarması əsası ilə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinə müqavilənin müddətinin qurtarması əsası ilə xitam verilə bilər. Həmin Məcəllənin 73-cü maddəsinə görə isə, “müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər”. İşin hallarından aydın olur ki, iddiaçı ilə cavabdeh məktəb arasında bağlanmış əmək müqaviləsində onun müddətli bağlandığı göstərilsə də, həm həmin müqavilə, həm ona xx.xx.2019-cu il tarixdə edilmiş dəyişiklik elektron informasiya sistemində “müddətsiz” olaraq qeydə alınmış, iddiaçı da iddia tələbini məhz bu hala əsaslanmaqla irəli sürmüşdür. Əmək Məcəlləsinin 5-1-ci maddəsinə görə, əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə görə də, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Göründüyü kimi qanunverici, işçi ilə işəgötürən arasındakı əmək münasibətlərinin yaranmasını məhz elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə şərtləndirmişdir; bu isə o deməkdir ki, həmin sistemə “müddətsiz” olaraq daxil edilmiş müqaviləni “müddətli” müqavilə olaraq qəbul etmək mümkün deyildir. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin yalnız sonuncu səhifəsi onun tərəfindən imzalanmış, müqavilənin xx xxxxxxxx 2020-ci il tarixinədək bağlandığı barədə müddəanın yer aldığı 1-ci səhifədəki müvafiq qeyd isə nə vaxt əlavə olunduğu qeyri-müəyyən olan əlyazısı ilə aparılmışdır. Həmçinin qeyd olunmalıdır ki, iş materiallarından, məktəbin direktor müavinin xx.xx.2020-ci il tarixdə iddiaçıya elektron məktub göndərdiyi və həmin tarixdən onun işinə xitam verildiyini bildirdiyi aydın olur; əmək müqaviləsinin müddətinin xx.xx.2020-ci il tarixinə qədər olduğu irəli sürülən işçinin müqaviləsinə xx.xx.2020-ci il tarixində niyə xitam verilmək istənildiyinin ağlabatan izahı isə məhkəmə iclasında verilməmişdir. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Şərh olunanlara əsasən kollegiya bu nəticəyə gəlir ki, İddiaçıla bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulduğundan Cavabdeh 363M saylı xx xxxxxxxx 2020-ci il tarixli əmri ləğv edilməli, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı Cavabdehnə Bədən tərbiyəsi və idman müəllimi vəzifəsinə bərpa olunmalıdır. Mülki Prosessual Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsində iddia qaldırarkən və apellyasiya şikayəti verərkən iddiaçının ödəməli olduğu dövlət rüsumlarının məbləği olan 30 (otuz) manat cavabdeh məktəbdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3931/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddiaçının “xx.xx.2020ci il tarixli 363 nömrəli əmrin ləğv edilməsi və işə bərpa olunması, 2020-ci ilin sentyabr ayının 1-dən hesablanmaqla işə bərpa olunacağı günə qədər olan boşdayanmaya görə hesablanmış əmək haqqının xeyrinə tutulması” tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv edilsin. Həmin iddia tələbi təmin olunsun. Cavabdeh 363M saylı xx xxxxxxxx 2020-ci il tarixli əmri ləğv edilməklə İddiaçı Cavabdeh Bədən tərbiyəsi və idman müəllimi vəzifəsinə bərpa olunsun. xx xxxxxxxx 2020-ci il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilsin. İddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumlarının məbləği qismində 30 (otuz) manat Cavabdehndən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-2871/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2871/2021
16.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver