Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2871/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5235/2021 saylı, iş üzrə 24 sentyabr 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Əsgərzadə Müşviq Xasay oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi, ev 1b, 4 saylı, 1 otaqlı mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 ilə 04.01.2005-ci il tarixdə nikaha girmiş, uşaqları olmamış, nikah məhkəmə qətnaməsi əsasında 04.02.2017-ci il tarixdə pozulmuşdur. Cavabdehin birinci nikahdan olan oğlu Əsgərzadə Müşviq Xasay oğlu ilə onlarla birlikdə yaşamışdılar. Cavabdehlər iddiaçıya nikaha qədər məxsus olan evə köçmüş, sonra həmin mənzil satılmış və hazırki mübahisəli mənzil alınmışdır. Onlar 2016-cı ildən birgə yaşamırlar, cavabdehlər özlərinə məxsus Nizami rayonundakı evdə tikinti və təmir işləri ilə əlaqədar mübahisəli mənzildən köçəcəklərini bildirsələr də, bu günə qədər artıq müxtəlif bəhanələrlə vədlərinə əməl etmirlər. Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia verərək birgə nikah dövründə alınmış Bakı şəhəri, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi, ev 1b, 4 saylı mənzilə 1/2 payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, yaşadıqları mənzilin satışından əldə edilmiş vəsait İddiaçı oğlanlarının bağ evlərinin təmirinə və onların ailə qurmasına sərf edilmişdir. Cavabdeh1 ikinci dəfə mübahisəli evi təmir etdirib. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5235/2021 saylı, iş üzrə 24 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilmiş, Cavabdeh1 və Əsgərzadə Müşviq Xasay oğlunun Bakı şəhəri, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi, ev 1b, 4 saylı, 1 otaqlı mənzildən çıxarılmaları və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv ediıməsi, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə öz qətnaməsini onunla əsaslandırmışdır ki , guya mübahisəli mənzil Rəfixanovun vəsaiti ilə alınmış və onun həmin mənzilin alınmasına heç bir vəsait sərf etməmişdir, onun adına verilmiş mənzil vardır”. Onunla iddiaçı 04.01.2005-ci ildə rəsmi nikaha daxil olmuşlar və nikahları Bakı şəhəri Nizami rayonu Qeydiyyat Şöbəsində qeydiyyata alınmışdır. Ailə qurduqdan sonra o cavabdehin Bakı şəhəri Qaraçuxur qəsəbəsində yerləşən 4048/49 saylı məhəllədə yerləşən ev 2, 11 saylı mənzilə köçmüşdür. Həmin mənzil köhnə və təmirsiz olmuşdur. O, ailə qurarkan birinci nikahından olmuş övladının 8 yaşı olmuşdur və onlar birgə yaşamaqlarına heç bir aidiyyatı olmamışdır. Övladının 18 yaşı tamam olandan sonra bacısının mənzilində səbəst yaşadığından onun yaşadığı mənzilə gəlmir. O, uzun müddətdir ki, müəllimə işləyir və aylıq əmək haqqı kifayət qədər yaxşı olmuşdur. Eyni zaman da, o, riyaziyat təmaüllü olduğundan riyaziyyat dərsləri üzrə məktəbli uşaqlara əlavə məşğələ keçməklə kifayət qədər vəsait toplamışdır. Övladına yeni mənzil alamaq istəmişdir. Lakin yeni mənzil almaqlarına qərar veriləndə, o əvvəllər topladığı vəsaitdən həmin mənzilin alınmasına sərf edilməsinə razılığa gəlmişdir. Eyni zaman da cavabdehin birinci nikahdan iki övladı olmuş və həmin övladları onun bağ evində yaşamışlar. Bağ evi şəraitsiz və təmirsiz olmuşdur. Bir müddət Qaraçuxurdakı mənzildə yaşadıqdan sonra Rəfixanov mənzili satıb pulun bir hissəsini övladlarının yaşadıqlarının toyları ilə qalmış borclarının ödənişinə və həyət evinin təmirinə sərf edəcəyini bildirmişdir. O, Rəfixanovun təklifini qəbul etmiş və bildirmişdir ki, övladına gələcəkdə mənzil almaq üçün topladığı vəsaitdən yeni mənzilin alınmasına köməklik edəck. Ona görə onlar birlikdə iki aya yaxın mənzillərə baxmışlar. Həmçinin yeni alınacaq mənzil onun iş yerinə gedib gəlməyi üçün rahat olmalı idi. Ona görə də yaşadıqları mənzili o zaman Qaraçuxur qəsəbəsində müəyyən olunmuş qiymətə satılmışdır. Rəfixanov mənzilin satılmasından əldə olunan vəsaitin bir hissəini əvvəlcə bildirdiyi kimi övladlarının toyu zamanı yaranan borcun ödənilməsinə və övladlarının yaşadığı bağ evinin təmirinə sərf etmişdir. Mənziln alqısatqısı zamanı o övladının gələcəkdə mənzil alınması üçün topladığı vəsaiti Rəfixanova vermiş və birlikdə notariusa gələrək alqı-satqı etmişlər. Rəfixanovun övladlarının ailə qurması onların birgə nikahları dövründə olmuşdur. O və keçmiş həyat yoldaşı İddiaçıla birlikdə alacaqları yeni mənzil Bakıxanov qəsəbəsində və onlar üçün rahat yerdə almaq qərarına gələndə maklerlərin məsləhəti ilə hazırkı mənzili almışlar. Onun qardaşının Neftçilər metro satansiyasının yaxınlığında mənzili olmuş və o zaman qardaşının həmin mənzili kirayə verilmiş və mənzilindən alınan kiraya haqqı ona, ailəsinin saxlanılması üçün verilmişdir. Qardaşının kirayə mənzilini kirayə haqqlarının Rəfixanov tərəfindən alınmasını tapşırmış və hər ay Rəfixanov hər ay mənzilin krayə haqqlarını almışdır. Belə ki , 2007-ci ildə Bakı şəhəri Bakıxanov qəsəbəsi ərazisində münasib mənzilə baxmışlar və 28.02.2007-ci il tarixində Bakı şəhəri Sabunçu rayonu ərazisindəki Notariat Kontorunda mübahisəli mənzili - Bakı şəhəri Sabunçu rayonu , Bakıxanov qəsəbəsi Eldar Xəlilov küçəsi 1b saylı evin 4 saylı mənzilini alqı-satqı əsasında almışlar. O zaman mənzilin alınmasının yarı xərcini o, uzun müddət topladığı vəsait hesabına ödəmişdir və Daşınmaz Əmlakın Dölət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Reyestr nömrəsi **********21-05101-093006, Qeydiyyat nömrəsi ********* olmaqla 19.04.2007-ci il tarixində Seriya MH ******* nömrəli Çıxarış verilmişdir. Qeyd edir ki, onlar ailə qurarkan hər ikisinin 40-dan çox yaşı olmuş və hesab edir ki, onların qurduğu həyat daimi xarakter daşıyacaqdır. Ona görə o mənzilin Rəfixanovun adına rəsmiləşdirməsinə etiraz etməmişdir. Sonradan aldığı mənzilə yalnız Rəfixanov qeydiyyata düşmüşdür. Çünki o zaman onalr razılığa gəlmişlər ki, onun köhnə yaşadığı yataqxana plana düşdüyü üçün tezliklə söküləcək və həmin yataqxananın əvəzinə onun oğlu üçün mənzil almaq məqsədi ilə onun yataqxanada qeydiyyatda qalmağına razılaşmışlar. Ona görə o mübahisəli mənzilə qeydiyyata düşməmişdir. Qeyd edir ki, əslində onun və oğlunun qeydiyyatda olduğu yataqxana, ilkin olaraq bacısının həyat yoldaşının adına olmuş, lakin sonradan bacısıgil başqa ev alaraq həmin mənzilə köçmüş və yataqxanadakı otaq böş qalmasın deyə onu həmin yataqxanaya yerləşdirmişlər. Sonradan o, ailə quraraq yataqxanadan çıxmış və Rəfixanovla birlikdə yaşamışdır. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, 2017-ci ildə onunla nikahının pozulduğun bildirir. O, məhkəmədən iddia ərizəsini sürətini aldıqda ona məlum olmuşdur ki, cavabdeh bir tərəfli qaydada ona məlumat vermədən nikahlarını pozdurmuşdur. Həmçinin, 2017-ci ildən 2021-ci ilin iyun ayına kimi onlar birlikdə olmşular və onların ailə münasibətləri davam etmişdir. Lakin baxmayaraq ki, Rəfixanov onunla rəsmi nikahı pozdurmuşdur, lakin bu barədə ona heç bir söz deməmişdir. Belə ki, 2018-ci ildə Rəfixanov ağır cərrahiyyə əməliyyatı keçirmiş və o bir neçə gün köməksiz vəziyyətdə xəstəxanada yatan Rəfixanovun qulluğunda durmuşdur. Sonradan onu xəstəxanadan çıxarmış və evə gətirib bir neçə müddət ev şəraitində qulluğunda durmuşdur. Bundan sonra Rəfixanov gah övladlarının yanıda qalmış, gah da onun yaşadığı evədə olmuşdur. Eyni zaman da o da hərdən Rəfixanovun bağ evində birlikdə yaşamışlar. Rəfixanovun bağ evində qalmasına səbəb oğlunu birinci nikahının pozulmasından sonra olmuşdur. Belə ki, Rəfixanovun oğlu ikinci dəfə evləndikdən sonra həyat yoldaşını atası evində qaldığından, bağ evini boş qalmaması üçün Rəfixanov bağ evində qalmışdır. Həmin vaxtlarda isə o, yaşadığı evi ikinci dəfə təmir edirmişdir. Bu müddətdə dəfələrlə o, onun bağ evində olmuş və birgə təsərrüfat aparmışlar. Mübahisəli mənzili o iki dəfə əsaslı təmir etdirmişdir. Birinci dəfə mənzilə təzə köçəndə, ikinci dəfə isə 2018-ci ildə əsaslı təmir olunmuşdur. Birinci dəfə mənzilə köçəndə mənzil bir otaqlı olmuş və o zaman mənzildə yenidən qurma işləri aparmış və bir otaqlı mənzil iki otağa çevirmişlər və mənzilin balkonu isə mətbəx etmişlər. Bu müddətdə mənzildə aparılan xırda təmir işlərini də o öz vəsaiti ilə təmir etmişdir. İkinci dəfə mənzilin əsaslı təmir elətdirərkən mənzilin, polunu, divarın şpaklovkasını, elektrik xətlərini, divar kağızlarını, mətbəxin kafel və metlağını vurdurmuşdur. Bu faktları həmin mənzili təmir edən Ağayev Xəqani Lazim oğlu məhkəmədə ifadəsində təsdiq etmiş və mənzildə 8-10 min manat civarında təmir işləri gördüyünü təsdiq etmişdir. Həmçinin, iş üzrə cavabdeh kimi izahat verən Əsgərzadə Müşviq Xasay oğlu “2018-ci ildə mənzildə 8-10 min manatlıq təmir işləri görüldüyünü, təmir işlərinə özü və anası nəzarət etdiklərini bildirmişdi.” Lakin məhkəmə mənzilin əsaslı təmirinə sərf edilmiş vəsaiti şübhə altına almış və guya bunun üçün sübut təqdim etməmişdir Halbuki, məhkəmə prosesində izahat verən Rəfixanov özü mənzilin iki dəfə əsaslı təmir olunduğunu etiraf etmişdir. Ancaq nədənsə məhkəmə Rəfixanovun etirafını da sübut kimi qəbul etməkdən imtina etmişdir. Bu obyektivsizlikdir və məhkəmənin bilə-bilə saxtakarlıq etməsi kimi qiymətləndirilmə- lidir. Məhkəmə öz qətnaməsində ehtimallara əsasən göstərir ki, guya Rəfixanov bir mənzili satıb və həmin vəsaitlə qısa müddətdə başqa mənzil almışdır. Bu tamamilə yalan və əsasızdır və iş üzrə məhkəmə əsassız mülahizələrlə qətnamə qəbul etməsi məntiqsizdir. O, dəfələrlə məhkəmədə bildirmişdir ki, Rəfixanov Qaraçuxurdakı mənzili satmaqda məqsədi bilavasitə övladlarını toy xərcləri ilə əlaqədar borclarının ödənilməsinə və həyət evini təmirinə pul əldə etmək olmuşdur. Lakin nədənsə məhkəmə onun yox, Rəfixanovun sözünü əsas götürmüşdür. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onun adına mənzil olsa da, həmin mənzil ona deyil bacısına məxsusdur. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apelyasiya baxışının hədlərini qətnamənin yalnız ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 münasibətdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 mübahisələndirməklə bütövlükdə ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, ilkin iddia üzrə digər cavabdeh Əsgərzadə Müşviq Xasay oğluna münasibətdə qətnaməni mübahisələndirmir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5235/2021 saylı, iş üzrə 24 sentyabr 2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı 10.11.2004-cü il tarixdə Bakı şəhəri, Qara-Çuxur qəsəbəsi, 4048/49 məh., ev 2-də yerləşən 11 №-li mənzili alqı-satqı yolu ilə əldə etmişdir. İddiaçı və Cavabdeh1 04.01.2005-ci il tarixdə nikahlarını bağlamışlar. Həmin nikah 04.02.2017-ci il tarixdə Nizami rayon qeydiyyat şöbəsi tərəfindən pozulmuşdur. İddiaçı birgə nikah dövründə 28.02.2007-ci il tarixdə yuxarıda adıçəkilən Qara-Çuxur qəsəbəsindəki evi 34800 manata satmış və iki gün sonra, 02.03.2007-ci il tarixdə alqısatqı yolu ilə mübahisəli mənzili 33756 manata almış, həmin evə Çıxarışı isə 19.04.2007ci il tarixdə almışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 10.08.2021-ci il tarixli 115 №li arayışdan görünür ki, Cavabdeh1 ilə "xxxx" MMC arasında 24.08.2016-cı il tarixli sakinlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri barədə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən ona yaşadığı ünvan 1 ünvanındakı qeydiyyatda olduğu və yaşadığı mənzilin əvəzinə 2021-ci ilin mart ayında eyni ünvanda yeni bir otaqlı mənzil verilmişdir. İş materiallarından həmçinin görünür ki, İddiaçı oğlu Elxan iki dəfə evlənmiş – 2005ci və 2013-cü ildə. Onun digər oğlu Zaur 2006-cı ildə evlənmişdir. Məhkəm kollegiyası iki iddia tələbinin olmasını nəzərə alaraq hesab edir ki, gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü apelyasiya şikayətinin dəlillərinin nəzərə alınmaqla hər iki iddia tələbi üzrə ayrı-ayrılıqda hüquqi dəyərləndirmə aparılmalıdır. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli qərarının 8.1-ci bəndinə görə, işdən qarşılıqlı iddia verildikdə qətnamənin əsaslandırıcı hissəsində həm ilkin, həm də qarşılıqlı iddia ayrı-ayrılıqda əsaslandırılmalı və qətnamənin nəticə hissəsində hər bir iddianın hansı qaydada həll olunması aydın göstərilməlidir. Bir icraata bir neçə tələb birləşdirildikdə və yaxın işdə müstəqil tələb irəli sürən 3-cü şəxslər iştirak etdikdə qətnamənin nəticə hissəsində bütün tələblər üzrə qərar qəbul edilməlidir. Həmçinin həmin qərarın 17-ci bəndində qeyd edilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1 və Əsgərzadə Müşviq Xasay oğlunun mübahisəli mənzildən çıxarılmalarını, Cavabdeh1 isə həmin mənzilə 1/2 payının müəyyən edilməsini istəyir. Məhkəmə kollegiyası qarşılıqlı iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsini qənaətini düzgün hesab edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda ər-arvadın ümumi əmlakının müəyyən edilməsi məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə görə ər-arvadın arasındakı müqavilədə başqa hal nəzərdə tutumayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir İş materiallarında göründüyü kimi, İddiaçı mübahisəli mənzili nikaha qədər onun mülkiyyətində olan mənzili satıb iki gün sonra daha ucuz qiymətə əldə etmişdir. Cavabdeh1 mövqeyinə görə evin satışından əldə edilmiş vəsait onun ərinin birinci nikahdan olan uşaqlarının evliliyinə və bağ evinin təmirinə xərclənmişdir. Lakin, qeyd edildiyi kimi İddiaçı uşaqları 2005, 2006 və 2013-cü illərdə evlənmişlər, mənzil isə 2007-ci ildə satılmışdır. 2007-ci ildə əldə edilən vəsaitin həmin tarixdən əvvələ və ya 6 il sonraya xərclənməsi mümkün deyil, bağ evinin təmirinə dair isə Cavabdeh1 tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Kollegiya qeyd edir ki, Cavabdeh1 tərəfindən 8-10 min manat arasında təmirin edilməsi cavabdehin izahatı və şahidin ifadəsindən başqa digər sübutlarla təsdiq edilməmişdir. Lakin, şahidin ifadəsinə əsasən də Cavabdeh1 tərəfindən mübahisəli mənzildə aparılmış təmir işləri əsaslı təmir işlərinin görülməsi və mübahisəli mənzilə tərəflərin bərabər şəkildə payının müəyyən edilməsi kim qiymətləndirilə bilməz. Ona görə də, məhkəmə haqlı olaraq hesab etmişdir ki, mübahisəli mənzil nikaha daxil olanadək ərə məxsus evin satışı nəticəsində əldə edildiyindən ər-arvadın birgə mülkiyyəti hesab edilə bilməz və onun bölünməsi yolverilməzdir. Məhkəmə kollegiyası ilk iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsinin qənaətini də əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi uçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Qeyd edildiyi kimi, Cavabdeh1 qeydiyyatda olduğu və yaşadığı mənzilin əvəzinə 2021-ci ilin mart ayında eyni ünvanda yeni bir otaqlı mənzil verilmişdir. Həmin mənzilin əslində ona deyil, onun bacısına məxsus olmasına dair Cavabdeh1 tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə haqlı olaraq şahidin ifadəsinə münasibətdə qeyd etmişdir ki, 20 ildən sonra evin sökülməsi, həmin evin yerində yeni evin inşa edilməsi barədə kimsə bilə bilməzdi. Rəsmi olaraq, sökülən və yeni inşa edilən mənzilin Cavabdeh1ı adında olması işin mübahisə edilməyən halı olduğundan məhkəmə kollegiyası bununla əlaqədar əlavə araşdırma aparılmasına lüzum duymur. Odur ki, məhkəmə haqlı olaraq hesab etmişdir ki, ilk iddia təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hər iki iddia tələbi üzrə dəyərləndirmə apararaq apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbləri üzrə yoxlanılan hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Kollegiya onu da qeyd edir ki, Cavabdeh1 tərəfindən 8-10 min manat arasında təmirin aparılması mübahisəli mənzilə tərəflərin bərabər şəkildə payının müəyyən edilməsi kim qiymətləndirilməsə də, bu hal gələcəkdə sübut olunmuş olarsa, Cavabdeh1 tərəfindən təmir xərcinin tələb edilməsi hüququnu istisna etmir. Kollegiya hesab edir ki, hazırki halda apellyasiya şikayətində göstərilənlər formal mülahizələrdir və yuxarıda qeyd edilənlərlə təkzib edilməklə həmin qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5235/2021 saylı, iş üzrə 24 sentyabr 2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5235/2021 saylı, iş üzrə 24 sentyabr 2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2871/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2871/2022
20.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver