Məhkəmə qərarları › İş №2(103)-2872/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2872/2023

28.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2872/2023 28.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pulun tutulması tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2411/2022 nömrəli, 24 avqust 2022-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh tərəfindən yazılmış və imzalanmış xx.xx.2021-ci il tarixli borc müqaviləsinə əsasən o, tanışı, cavabdeh İddiaçı xx.xx.2021-ci il tarixdə borc olaraq, 17.000 (on yeddi min) manat pulu almış və ondan aldığı həmin borc pulu 2021-ci ilin sentyabr ayının sonunda tam şəkildə özünə qaytarmağı barədə öhdəsinə götürmüşdür. Bu yazını özü yazdığını və imzası ilə təsdiq etdiyini qeyd etmişdir.

2. xx.xx.2021-ci il tarixli, 55382 nömrəli və xx.xx.2021-ci tarixli, 57389 nömrəli qəbzlərə əsasən Cavabdeh tərəfindən X13 adlı şəxsə və İddiaçı hesabına müvafiq olaraq 560 manat və 750 manat məbləğlərində pul köçürülmüşdür.

3. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mədaxil qəbzinə əsasən iddia ərizəsinin yazılması, hüquqi məsləhətin verilməsi və sorğunun göndərilməsi üçün iddiaçı X10 tərəfindən 100 manat məbləğində pul ödənilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 17.000 manat əsas borcun, 100 manat hüquqi məsləhətə görə ödənilmiş haqqın, 142 manat məhkəməyə və 3 manat notariat hərəkətlərinə görə ödənilmiş dövlət rüsumunun, cəmi 17.245 manat pulun tutulub ona verilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh əvvəllər tanımış və münasibəti yaxşı olmuşdur. 2021-ci ilin sentyabr ayında cavabdeh ona müraciət edərək, ailə vəziyyəti ilə əlaqədar təcili pula ehtiyacı olduğunu bildirmiş və ondan qısa müddətə borc pul istəmişdir. Cavabdeh ona bildirmişdir ki, banka müraciət etmiş, bir neçə gündən sonra bankdan ona kredit veriləcək və krediti alan kimi borcunu qaytaracaqdır. Münasibəti yaxşı olduğu üçün xx.xx.2021-ci il tarixdə cavabdehə 17.000 manat borc vermişdir. Aralarında olan razılaşmaya görə cavabdeh borcu 2021-ci ilin sentyabr ayının sonunda tam qaytarmalı idi. Cavabdeh bu barədə şəxsiyyət vəsiqəsinin surəti çıxarılmış kağıza öz xətti ilə qəbz yazıb imza etmiş və qəbzi ona vermişdir. Lakin, vaxt bitməsinə baxmayaraq borcu qaytarmamışdır. Cavabdeh ondan gizlənir, telefon zənglərinə cavab vermir və borcu qaytarmaqdan boyun qaçırır. Buna görə də ondan borcu məhkəmə qaydasında almaq zərurəti yaranmışdır. Məhkəmədə iddia qaldırmaq, hüquqi məsləhət almaq və sənədləri tərtib etmək üçün X15 müraciət etmiş və cəmi 100 manat hüquqi xidmət haqqı ödəmişdir. Bundan başqa məhkəmədə iddia qaldırmaq üçün 144 manat, notariusda şəxsiyyət vəsiqəsinin surətini təsdiq etmək üçün 3 manat dövlət rüsumu ödəmişdir. Həmin məbləğlər də cavabdehdən tutulub ona ödənilməlidir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2411/2022 nömrəli, 24 avqust 2022-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 17.000 manat məbləğində əsas borcun, 100 manat hüquqi xidmətlərə görə haqqın, 142 manat məhkəməyə və 3 manat notariat hərəkətlərinə görə dövlət rüsumunun, cəmi 17.245 (on yeddi min iki yüz qırx beş) manat məbləğində pulun tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. (hakim X7)

7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, qeyd etmişdir ki, iş materiallarında olan Cavabdeh tərəfindən yazılıb imzalanmış xx.xx.2021-ci il tarixli qəbzə əsasən cavabdeh iddiaçıdan xx.xx.2021-ci il tarixdə 17.000 manat pulu borc almış və həmin pulu 2021-ci ilin sentyabr ayının sonunda tam qaytarmağı öhdəsinə götürmüşdür. Bununla belə, cavabdeh tərəfindən iddiaçıdan yuxarıda göstərilən məbləğdə borca pul götürməsi işin mübahisəsiz halıdır. Buna baxmayaraq, cavabdeh tərəfindən hazıradək 17.000 manat məbləğində borc iddiaçıya qaytarılmamışdır. Belə olduğu halda, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 17.000 manat əsas borc, 100 manat hüquqi xidmətlərə görə haqq, 142 manat məhkəməyə və 3 manat notariat hərəkətlərinə görə dövlət rüsumu, cəmi 17.245 manat məbləğində pul tutulmalıdır.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1ci, 427.3-cü, 429,1.3-cü, 442-ci, 448.1-ci, 448.2-ci, 739.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun iddiaçı ilə hər hansı bir yaxın münasibəti və tanışlığı olmamışdır. Onunla xidmət yoldaşları vasitəsi ilə tanış olmuşdur. Onun hərbçilərə yüksək faizlə pul verdiyini eşitmişdir. Ona təcili pul lazım olduğundan aylıq faizlə borca pul götürmək istəyini əvvəllər ondan borca pul götürmüş yoldaşlarına bildirmişdir. Lakin ona iddiaçının şərtlərinin çox ağır olduğu bildirilmişdir. O, çıxılmaz vəziyyətdə olduğundan və pula olan ehtiyacından, şərtindən asılı olmayaraq, razılaşacağını bildirmişdir. Ona deyilmişdir ki, iddiaçı borca 100 manat verdiyi halda, 1.000 manat barədə qeydiyyat aparır. O, xidmət yoldaşı olan Murad adlı şəxslə iddiaçının mənzilinə getmişlər və o, iddiaçıya 1.400 manat məbləğində pul lazım olduğunu bildirmişdir. Bu məbləğdən əlavə 300 manat məbləğində faizin ödənilməsi ilə bağlı razılığa gəlmişdilər. Lakin cavabdeh pulun verilməsi ilə bağlı qəbzə 17.000 manat yazılmasını ondan tələb etmişdir. Bunun səbəbləri ilə maraqlandıqda cavabdeh ona hər dəfə borc verərkən bu qaydada rəsmiləşdirmə apardığını, borc və faizlər vaxtında ödənildikdən sonra qəbzi qaytaracağını bildirmişdir. Nəticədə cavabdehdən əlavə 400 manat ödəmək şərti ilə 1.400 manat pulu almışdır. Cavabdeh ona borc pula ehtiyacı olan digər şəxslərin də onun yanına gətirilməsi müqabilində hər ay onun borcundan 5 manat pulun silinməsinin mümkün olduğunu bildirmişdir. Sonra cavabdeh onun əmək haqqı kartını almış və hər ay kartdan pul çıxartmış, o özüdə cavabdehə pul vermişdir. Nəticədə aldığı 1.300 manat məbləğində pul əvəzinə 2.000 manatdan artıq pul ödəmişdir. Onun təşəbbüsü ilə cavabdeh xidmət yoldaşlarının bir neçəsinə də borca pul vermişdir. Cavabdeh ona həqiqətən də, borca pul vermişdir. Lakin aralarında borc müqaviləsi bağlanmamışdır. Cavabdeh borca pul verməklə məşğuldur. Ondan başqa tanıdığı bir neçə şəxsə də eyni şərtlərlə borca pul vermişdir. Onun borc almağı barədə yazdığı qəbz isə qanunvericiliyin tələblərinə əməl edilməklə bağlanan borc müqaviləsi hesab edilə bilməz. Şifahi razılıq əsasında 17.000 manat məbləğində borca pul verilməsi barədə həmin qəbz əhəmiyyətsiz əqddir. İddiaçı həmin ”müqaviləyə” əsaslanmaqla borcun qaytarılmasını tələb edə bilməz. İşə baxan hakim iddiaçının tələbini əsaslandırdığı sənədin (qəbzin) qanunvericiliyin tələblərinə uyğun tərtib edilməsini yoxlamamış, sübut əhəmiyyəti olmayan bir sənədə istinad etməklə iş üzrə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Bundan əlavə o, məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında məhkəmə bildirişi vasitəsi ilə xəbərdar edilməmiş, hazırda müddətdən artıq hərbi xidmətdədir, qeydiyyatda olduğu ünvanda yaşamır, Qusar rayonu ərazisində yerləşən hərbi hissədə xidmət edir. İşdə iştirak edən şəxs kimi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməmiş, məhkəmə onun iştirakı olmadan işə baxmış, bu səbəbdən də birinci instansiya məhkəməsinin qətnaməsi şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Bundan başqa işə baxan hakim tərəfindən gəlinən nəticəni təsdiq edən sübutlar ziddiyyətlidir, tərəflər arasında mövcud olmuş faktlar nəzərə alınmamışdır. O, hərbçidir, iddiaçı ilə hər hansı yaxın münasibətləri olmamış və yoxdur, iddiaçının yaxından tanımadığı, qohumu, dostu olmayan, eyni zamanda aralarında etibarlı münasibət olmayan hərbi qulluqçuya bir ay müddətinə qaytarmaq şərti ilə girovsuz, zaminsiz 17.000 manat məbləğində borc verməsi inandırıcı deyildir. Həmçinin, onun həmin məbləğdə pulu hansı zərurətdən aldığı, maddi imkanının necə olması barədə iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmadı. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, o, iddiaçıdan 300 manat məbləğində faiz hesablamaq şərti ilə 1.400 manat borc almışdır. Ötən dövr ərzində də borc məbləğindən 1.310 manat ödəniş etmişdir. O, ödənişi iddiaçı ilə onu tanış edən Toğrul adlı şəxsin bank kartına terminal vasitəsilə etmiş, o da həmin məbləği iddiaçıya göndərərək qəbzi ona whatsapp vasitəsilə yollamışdır. İddiaçı ilə cəmi bir dəfə görüşmüşdür. Cavabdeh ona bildirmişdir ki, borc məbləği ödənildikdən sonra həmin qəbzi məhv edəcəkdir.

13. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, məhkəmə iş üzrə qətnamə qəbul edərkən yalnız iş materiallarında mövcud olan qəbzə əsaslanmış, əlavə heç bir araşdırma aparmamışdır. Halbuki, Mülki Məcəllənin 740-cı maddəsinə edilmiş son dəyişikliklərə əsasən 3.000 manatdan yuxarı borc münasibətləri yazılı müqavilə əsasında rəsmiləşdirilməlidir. Birinci instansiya məhkəməsinin iş materiallarında mövcud birtərəfli qaydada imzalanmış qəbzi müqavilə kimi qiymətləndirməsi maddi hüquq münasibətlərinin səhv tətbiq edilməsidir. İddiaçı hərbçilərlə münasibəti olan şəxsdir, o, hərbçilərə faizlə borc verir. Məsələn borc 2.000 manat olduğu halda, qəbzdə 20.000 manat qeyd edilir. İddiaçı ilə bağlı eyni mahiyyətli 4 məhkəmə prosesində nümayəndə kimi o, çıxış etmişdir. Təqdim etdikləri whatsapp yazışmasında xeyli sayda şəxsin adı çəkilir. Apellyasiya şikayətinə digər işlər üzrə qəbul edilmiş qətnamələr və şəxs barəsində çıxarılmış xüsusi qərardad da əlavə edilmişdir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

14. İddiaçı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddia tələbini tam müdafiə etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılıını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası cavabdeh tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia qismən təmin edilməlidir.

21. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Bununla belə, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair).

23. Bu baxımdan iddiaçı cavabdehə 17.000 manat məbləğində pulu borc verdiyini və həmin məbləğin bügünədək qaytarılmadığını sübut etməli idi. Lakin bununla bağlı iddiaçının istinad etdiyi və borc müqaviləsi adlandırdığı sənəd forma və məzmun etibarı ilə qəbzdir. Belə ki, yalnız cavabdeh tərəfindən imzalanmış və özündə cavabdehin 17.000 manat məbləğində pulu xx.xx.2021-ci il tarixdə iddiaçıdan qəbul etməsini və bu məbləğdə pulu həmin ilin sentyabr ayının sonunda qaytarılması barədə cavabdehin vədini əks etdirir.

24. İddiaçı məhz həmin sənədə (qəbzə) istinadən cavabdehin ona müraciət edərək, təcili pula ehtiyacının olduğunu və qısa müddət ərzində bankdan kredit götürərək, borcunu qaytaracğını bildirdiyini, münasibətlərinin yaxşı olması səbəbindən xx.xx.2021-ci il tarixdə həmin ayın sonunadək ona 17.000 manat məbləğində pulu borc verdiyini, lakin həmin məbləğin bügünədək qaytarılmadığını iddia edir.

25. Cavabdeh iddiaçı ilə hər hansı münasibətinin olmadığını, hərbçi olduğunu və iddiaçı ilə digər hərbçi yoldaşı vasitəsi ilə tanış olduğunu və konkret olaraq faizlə borca pul verən şəxs kimi ona müraciət etdiyini bildirir. Eyni zamanda, ondan borc aldığını etiraf edir, lakin borc məbləğinin 1.400 manat olduğunu və bu məbləğin 300 manat faiz ödəmək şərti ilə ona verildiyini, həmin məbləği də artıqlaması ilə qaytardığını bildirir. Lakin öz mövqeyinin təsdiqi olaraq təqdim etdiyi 2 ədəd ödəniş qəbzinin birinə əsasən (57389 nömrəli) "xxxx" ASC vasitəsi ilə İddiaçı xx.xx.2021-ci il tarixdə 750 manat məbləğində pul göndərilmişdir. 55382 nömrəli digər qəbzə əsasən isə xx.xx.2021-ci il tarixdə 560 manat məbləğində pul X13 adlı şəxsə göndərilmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi ərizəsində bu məbləğlərin cavabdehə hər hansı aidiyyətinin olmadığını, bu məbləğlərin onun xahişi əsasında Anar adlı tanışı tərəfindən göndərildiyini və Salyan rayonunda digər bir şəxsin ona verməli olduğu pul olduğunu bildirir. Lakin belə olan halda, bu qəbzin hansı qaydada və şəraitdə cavabeh tərəfindən əldə edilməsi, yəni cavabdehdə olması məsələsinə aydınlıq gətirə bilmir, o cümlədən öz mövqeyini sübut edə bilmir. Bu da öz növbəsində 750 manat məbləğində ödənişin məhz cavabdeh tərəfindən (onun tapşırığı əsasında) iddiaçıya olan borcun bir hissəsinin əvəzi olaraq edildiyini təsdiq edir.

26. Cavabdeh tərəfindən təqdim edilmiş və “Whatsapp” sosial şəbəkə vasitəsi ilə aparılmış yazışmanı əks etdirən çıxarışda isə “Cavabdeh 1.400” məzmunlu yazının qeyd edildiyi müəyyən edilir. İddiaçı bu yazışmada onun nömrəsinin əks olunmadığını, yəni yazışmanın ona aid olmadığını bildirir. Halbuki, bu yazışma iddiaçının digər şəxsə, X6 (həmin şəxsdə hərbçidir) qarşı “borcun tutulması” tələbinə dair iş üzrə çıxarılmış və artıq qanuni qüvvəsini almış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1862/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində mötəbər sübut kimi qiymətləndirilmişdir (Bakı Apellyasiya Məhkəməsi də 2(103)-4790/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə həmin nəticə ilə razılaşmışdır). Həmin icraat çərçivəsində şahid qismində ifadə vermiş 3 şəxs (X3, X12 və X9) də hərbçi olduqlarını və müxtəlif vaxtlarda iddiaçıdan faiz ödəmək şərti ilə borca pul aldıqlarını, lakin bununla bağlı yazılmış qəbzlərdə iddiaçının tələbi ilə daha yüksək məbləğlərdə borc aldıqlarını göstərdiklərini (1.500 manat borc və 300 manat faiz məbləği üçün 18.000 manat, 1.000 manat borc üçün 12.000 manat, 2.000 manat borc üçün 20.000 manat) qeyd etmişdilər.

27. Məhkəmə kollegiyası “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata istinadən o halı da qeyd edir ki, iddiaçının ayrı-ayrı şəxslərə qarşı müxtəlif məhkəmələrdə borcun tutulması tələbi ilə ümumilikdə 70-dən artıq iddiası olmuşdur.

28. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, tərəflər biribirini pulun borca verilməsi zamanı tanımışlar. Onların arasında nəinki etibarlı, ümumiyyətlə hər hansı münasibət olmamışdır. Həm bu, həm də cavabdehin iddiaçı üçün aşkar şəkildə hərbçi olması (iddiaçının borc müqaviləsi adlandırdığı sənədin arxa tərəfi cavabdehə aid şəxsi vəsiqədir. Həmin vəsiqədə onun hərbçi olması qeyd edilmişdir), habelə onun belə yüksək məbləğdə borca pul almasına zərurətin (ehtiyacın) olmasının müəyyən edilməməsi ona belə qısa müddətə və belə yüksək məbləğdə borcun verilməsini istisna edir. Ümumiyyətlə qeyd edilən hallar qarşılığında, iddiaçının faktiki olaraq tanımadığı cavabdehə belə yüksək məbləğdə pulu borc verməsi də inandırıcı görünmür.

29. Məhkəmə kollegiyası cavabdehin mövqeyini, yuxarıda qeyd edilən “Whatsapp” sosial şəbəkə vasitəsi ilə aparılmış yazışmadan çıxarışın məzmununu nəzərə alıb, belə qənaətə gəlir ki, tərəflər arasında məhz 1.400 manat məbləğində borcun verilməsindən irəli gələn münasibətlər yaranmışdır. Bu da öz növbəsində 17.000 manat məbləğində pulun verilməsinə dair xx.xx.2021-ci il tarixli qəbzin bu məbləğin verilməməsi səbəbindən etibarsız hesab edilməsinə, eyni zamanda, tərəflər arasında hüquqi nəticə etibarı ilə 1.400 manat məbləğində pulun borc verilməsinə dair şifahi borc müqaviləsinin bağlandığı qənaətinə gəlməyə əsas yaradır. Həmin qəbzə şifahi borc müqaviləsi kimi qiymət verilməsi isə onun hüquqi nəticə etibarı ilə əhəmiyyətsiz əqd olmasını şərtləndirir.

30. Bununla belə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının istinad etdiyi qəbz əhəmiyyətsiz olmaqla tərəflər arasında yaranmış real münasibətləri əks etdirmir. Belə ki, həqiqətdə tərəflər arasında şifahi borc müqaviləsindən irəli gələn münasibətlər yaranmış, həmin münasibətlər çərçivəsində iddiaçı cavabdehə xx.xx.2021-ci il tarixdə həmin ayın sonunadək 300 manat məbləğində faiz ödəmək şərti ilə 1.400 manat məbləğində pulu borc vermişdir. Cavabdeh bu məbləği qəbul etmiş, lakin üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməyərək, örən dövr ərzində bu məbləğin yalnız 750 manat hissəsini qaytarmışdır (55382 nömrəli digər qəbzə 560 manat məbləğində pulun X13 adlı şəxsə göndərildiyi qeyd edildiyindən, məhkəmə kollegiyası bu ödənişi iddiaçıya olan borcun qaytarılması kimi qiymətləndirmir). Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də onun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, hazırda mövcud olan (1400 – 750 = 650) 650 manat məbləğində borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.

31. Cavabdeh 1.400 manat məbləğində pulu 300 manat faiz ödəmək şərti ilə götürdüyüyünü etiraf etdiyindən, məhkəmə kollegiyası hesab edir ki, bu məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

32. Məhkəmə kollegiyası göstərilən hüquqi xidmətin yalnız iddia ərizəsinin yazılmasından ibarət olmasını ehtimal edib, eyni zamanda iddia ərizəsinin qısa məzmunlu olmasını və iddiaçının məhkəmələrdə xeyli sayda iddiasının olması baxımından bu məzmunlu şablonlara malik olmasını nəzərə alıb, belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Eyni zamanda, məhkəmə kollegiyası iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətinin notarial qaydada təsdiq edilməsinə hər hansı zərurətin olmadığını da vurğulayır.

33. Məhkəmə kollegiyası cavabehdən iddiaçının xeyrinə tutulmalı olan əsas və faiz borcunun ümumi məbləğini nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə həmin məbləğə mütənasib olan 30 manat məbləğində dövlət rüsumu tutulmalı, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2411/2022 nömrəli, 24 avqust 2022-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 650 manat məbləğində əsas, 300 manat məbləğində faiz, cəmi 950 manat məbləğində pul, habelə ödənilmiş dövlət rüsumunun 30 manat hissəsinin əvəzi tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi İddiaçı aid edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 385-ci, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2411/2022 nömrəli, 24 avqust 2022-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 650 (altı yüz əlli) manat məbləğində əsas, 300 (üç yüz) manat məbləğində faiz, cəmi 950 (doqquz yüz əlli) manat məbləğində pul, habelə ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsinin əvəzi tutulsun. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi İddiaçı aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar