Məhkəmə qərarları › İş №2(103)-2873/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2873/2023

16.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2873/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və qeyrisinin cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı “istifadə hüququnun olmamasının müəyyən edilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “istifadə hüququnun olmamasının müəyyən edilməsi və mənzildən çıxarılma”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 nümayəndə və vəkili X5 iştirakları ilə, Pirallahı Rayon Məhkəməsinin 2(094)-9/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun olmamasının müəyyən edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Pirallahı rayonu Gürgən qəsəbəsi E.Hüseynov küçəsi 27 saylı evə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi və onlara məxsus həmin evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Pirallahı rayonu Gürgən qəsəbəsi E.Hüseynov küçəsi 27 saylı ev 21 sentyabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlara ataları X11 miras qalmış, həmin evə dair onların xüsusi mülkiyyət hüquqları 05 oktyabr 2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır. Onların qardaşları X9 qeyd edilən fərdi yaşayış evində tək yaşamış və 18 may 2021-ci il tarixdə ölmüş, qardaşları X3 olmuş, onun heç bir vərəsəsi olmamışdır. Qardaşları öləndən sonra həmin ev boş qalmışdır. Onlar həmin evə getmək isdikdə isə həmin evdə cavabehlər Cavabdeh1 və Cavabdeh2 yaşamasını görmüş, həmin şəxslər onları öz evlərinə buraxmamışlar. Əsas kimi isə onların həmin evdə qeydiyyatlarının olmasını göstərmişlər. Hal-hazırda onlar öz evlərinə daxil ola bilmir, öz mülkiyyətlərindən istədikləri kimi istifadə, sahiblik edə və sərəncam verə bilmirlər. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən cavabdehlər onlara məxsus evdən onlarla bərabər istifadə etmək hüququna malik deyil və onların həmin evə istifadə hüquqları yaranmamışdır. Cavabdehlərin evi nə vaxt zəbt etmələri barədə onlarda məlumat yoxdur, lakin onlara məlum olmuşdur ki, cavabdehlər onlara məxsus evə qardaşları öləndən sonra qeydiyyata düşmüşlər. Cavabdeh1 80 yaşı var və o, xəstə adam olmaqla yanaşı Pirallahı qəsəbəsində öz mülkiyyətində olan mənzili vardır. Digər Cavabdeh2 isə onun oğludur. Cavabdeh2 öz anasını həmin evə yerləşdirməklə onlara məlum olmayan yollarla həmin evə qeydiyyata düşmüşdür. Cavabdehlər onlara məxsus evdə daimi yaşamaq niyyəti ilə deyil, sadəcə həmin evi ələ keçirmək niyyəti ilə yaşayırlar. Çünki onların özünə məxsus daimi yaşayış yerləri vardır və onların başqa mənzilə ehtiyacları yoxdur, Cavabdeh2 öz qoca anasından istifadə edərək onlara məxsus mənzili zəbt etmişlər.

3. Birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə elektron informasiya sistemi vasitəsi ilə Cavabdeh1 xx.xx.2022-ci il tarixdə öldüyü müəyyən edildiyindən, Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçıların Cavabdeh1 qarşı “istifadə hüququnun olmamasının müəyyən edilməsi və mənzildən çıxarılma” hissəssində mülki iş üzrə icraata xitam verilmişdir.

4. Pirallahı Rayon Məhkəməsinin 2(094)-9/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Faiq Qasımov) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 qarşı Bakı şəhəri Pirallahı rayonu Gürgən qəsəbəsi E.Hüseynov küçəsi 27 saylı evə istifadə hüququnun olmamasının müəyyən edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia tələbi əsassız olduğundan təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. Həmin qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək göstərmişdir ki, məhkəmə tərəfindən iş üçün əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmamış, sübutlara düzgün qiymət verilməmiş, nəticədə iş üzrə düzgün olunmayan qənaətə gəlinmişdir.

6. Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçıların mülkiyyətində yerləşən evin cavabdeh tərəfindən qanunsuz zəbt etdiyini iddia etsələr də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin evdə cavabdeh yaşamır və həmin mənzilə qeydiyyatı yoxdur, lakin iddiaçılar onlara məxsus mənzilin Cavabdeh2 tərəfindən zəbt edildiyini iddia etsələr də, bu halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişlər.

7. Halbuki Cavabdeh2 məhkəmə hazırlıq iclasında iştirak edərək, Bakı şəhəri Pirallahı rayonu Gürgən qəsəbəsi E.Hüseynov küçəsi 27 saylı evdə yaşamasını bildirmiş və məhkəmə hazırlıq iclasının onun şəxsiyyəti barədə məlumatlar hissəsində onun yaşayış yeri kimi Bakı şəhəri, Pirallahı rayonu, Gürgən qəsəbəsi, E.Hüseynov küçəsi 27 saylı ev göstərilmişdir. Cavabdeh2 sonrakı məhkəmə iclaslarına gəlməmiş və 16 yanvar 2023-cü ildə məhkəməyə ərizə ünvanlayaraq işdə olması ilə əlaqədar məhkəməyə gələ bilməyəcəyini bildirmişdir. Həmin ərizəsində də cavabdeh yaşayış yeri kimi Bakı şəhəri Pirallahı rayonu, Gürgən qəsəbəsi E.Hüseynov küçəsi 27 saylı evi göstərmişdir. Belə olduqda isə iddiaçıların cavabdehin Bakı şəhəri Pirallahı rayonu Gürgən qəsəbəsi E.Hüseynov küçəsi 27 saylı evində yaşamasını sübut etmək vəzifələri qalmamışdır. Yəni cavabdeh öz ərizəsi ilə mübahisəli evdə yaşamasını, hətta həmin evə dair vərəsəlik işinin açılmasını bildirmiş, lakin həmin evə dair iddiaçıların xüsusi mülkiyyət hüquqularını təsdiq edən çıxarışların etibarsız hesab edilə biləcəyinə dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

8. Yəni mübahisəli evin iddiaçılara məxsus olması evə dair çıxarışla, cavabdehin həmin evdə yaşaması cavabdehin öz ərizəsi ilə sübuta yetdiyindən məhkəmə yalnız bu sübutlara qiymət verməklə iddianı təmin etməli idi. Məhkəmə isə cavabdehin həmin evdə yaşamasını iddiaçılar tərəfindən sübut edilə bilməməsinə əsaslanmaqla səhv nəticəyə gəlmişdir.

9. Yuxarıda qeyd edilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Tərəflərin izahatı:

10. Məhkəmə kollegiyasının iclasında iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, bildirdi ki, rayon məhkəməsi iddia tələbini cavabdehin orada yaşamasının sübut edilməməsi əsası ilə təmin etməmişdir, halbuki məhkəmə iclasın protokolunda da cavabdehin həmin ünvanda qeydiyyatda olmaqla yaşaması qeyd edilmiş, həmçinin cavabdeh özü də orada yaşadığını bildirmişdir, lakin cavabehin iddiaçıların mülkiyyətində yaşamasının hər hansı bir qanuni əsası olmadığından, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndə və vəkili Ə.İskəndərov Ərəstun apellyasiya şikayəti ilə razılamayaraq qeyd etdi ki, Cavabdeh2 anası mərhum Cavabdeh1 mərhum Aslan Mirzoyevlə 20 il faktiki nikah münasibətlərində yaşamışlar, Cavabdeh2 özü də həmin ünvanda yaşayır, iddiaçılar mərhum Aslan Mirzoyevin qardaş və bacısıdır, onlar mərhumun birinci dərəcə vərəsəsi, Cavabdeh1 öncə vərəsəlik şəhadətnaməsi alaraq evə dair hər birinin ½ hissədə payları olmaqla mülkiyyət hüququnun qeydiyyatı barədə çıxarış almışlar. Onlar hazırda həmin vərəsəlik şəhadətnaməsinin etibarsızlığı barədə iddia irəli sürmüş, lakin iddia ərizəsi hələ icraata qəbul edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

12. AZ-İİ seriyalı, 208728 nömrəli “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1965-ci il tarixdə vəfat etmişdir. Bu barədə akt qeydləri kitabında 37 nömrə ilə qeyd edilmişdir.

13. AZ-İİ seriyalı, 160348 nömrəli “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bu barədə akt qeydləri kitabında 76 nömrə ilə qeyd edilmişdir.

14. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.1965-ci il tarixdə vəfat etmiş X13 qanun üzrə vərəsələri İddiaçı2 və İddiaçı1 müəyyən olunmuşdur.

15. Azərbaycan Respublikası Əmak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri Pirallahı rayonu Gürgən qəsəbəsi E.Hüseynov küçəsi 27 saylı evin ½ hissədə İddiaçı1, ½ hissədə isə İddiaçı2 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır.

16. ASAN-5 tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2021-ci il tarixli Arayışdan görünür ki, ünvan 1 ünvanında Cavabdeh2 və Cavabdeh1 qeydiyyatdadır.

17. Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 378498 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə Cavabdeh1 xx.xx.2021-ci il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 16 nömrə ilə qeyd edildmişdir. Nikah bağlandıqdan sonra ərə Mirzoyev, arvada Mitrofanova soyadı verilmişdir.

18. Bakı şəhəri Pirallahı rayon Polis şöbəsi tərəfindən verilmiş 058-9479-1222 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 ünvan 2 ünvanına xx.xx.2021-ci il tarixdə və X8 xx.xx.2021-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən qeydiyyata alınmışdır.

19. Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin Xüsusi X2 tərəfindən verilmiş 21 nömrəli, 11 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X6 miras qalmış Bakı şəhəri ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair mərhumun vərəsi arvadı X1 xx.xx.2022-ci il tarixli vərəsəliyin qəbulu haqqında ərizəsi əsasında (№1-348-2022) vərəsəlik işi açılmışdır. Sonradan onlara məlum olmuşdur ki, S.M.Mitrafanova xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Vəfat etdiyinə görə ona qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnamə verilməmişdir.

20. ASAN-4 tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, ünvan 1 ünvanında heç kim yoxdur.

21. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən verilmiş 51/2-1073/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 5 saylı “ASAN xidmət” mərkəzinə ünvanlamış sorğuya cavab olaraq bildirilir ki, Cavabdeh1 və X4 sorğuda qeyd olunan ünvanda qeydiyyatda olmaları öz əksini tapmadı. Məlumat üçün bildirilir ki, qeydiyyata düşməyə əsas verici sənədlər dövlət orqanlarının sorğuları əsasında göndərilir. Tətbiq edilən maddi hüquq Azərbaycan Respublikasinin Konstitusiyası Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.İİİ. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

23. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən qətnaməni iddiaçıların apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası mülki iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.

25. Kollegiya qeyd edir ki, iddiaçılar mübahisəli ev üzərindəki mülkiyyət hüququnun ona tanıdığı imkanından istifadə edərək cavabdehin qeyd edilən yaşayış sahəsindən çıxarılmasını və boşaldılaraq ona təhvil verilməsini tələb etməkdə haqlı olmuşlar.

26. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

27. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

28. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

29. Rayon məhkəməsini iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticəni iddiaçıların evin cavabdeh tərəfindən qanunsuz zəbt edilməsinə dair sübut verməməsi, cavabdehin həmin evdə yaşamaması və həmin mənzilə qeydiyyatı olmaması ilə əsaslandırmışdır.

30. Kollegiya rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və qeyd edir ki, rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunda cavabdehin şəxsiyyəti müyyənləşdirilən zaman onun həmin evdə qeydiyyatda olmaqla yaşamağı qeyd edilmiş, həmçinin cavabdeh qeyd etmişdir ki, mərhum anası Mirzoyev Aslanla xx.xx.2021-ci il tarixdə nikaha daxil olsa da, buna qədər uzun müddət faktiki ailə münasibətlərində yaşamışlar (i/v 61).

31. Həmçinin cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsində yaşadığı ünvan kimi həmin evi qeyd etmişdir (i/v 88).

32. Yuxarıda qeyd edilənlərə əsasən, cavabdehin iddiaçıların mülkiyyətində olan evdə yaşaması mülki iş materialları ilə təsdiq olunur, həmçinin məhkəmə iclasında cavabdeh tərəf də həmin ünvanda yaşadığını qeyd etmişdir.

33. Belə olan halda, cavabdehin həmin ünvanda yaşaması mübahisəsiz təsdiq olunur. Bununla da məlum olur ki, rayon məhkəməsi iddia tələbini cavabdehin həmin ünvanda yaşamasının sübut edilməməsi əsası ilə təmin etməməkdə haqlı olmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır

34. Cavabdehin həmin evdə yaşaması və istifadəsinin hazırkı mərhələdə hər hansı qanuni əsası (kirayə müqaviləsinin, istifadə hüququ) müəyyən edilmədiyindən, iddiaçıların apellyasiya şikayəti əsaslıdır və təmin edilməlidir. MPM-in 77.1-ci mddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə:

35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla, sübutlara düzgün qiymət verilmədən qətnamə qəbul edildiyindən, iddiaçıların apellyasiya şikayəti təmin edilməli, qətnamə, ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir, Cavabdeh2 Bakı şəhəri Pirallahı rayonu Gürgən qəsəbəsi E.Hüseynov küçəsi 27 saylı evdən çıxarılmalıdır.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

37. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş (100+50=150) 150 manat cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir.

38. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilsin. Pirallahı Rayon Məhkəməsinin 2(094)-9/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilsin. Cavabdeh2 Bakı şəhəri Pirallahı rayonu Gürgən qəsəbəsi E.Hüseynov küçəsi 27 saylı evdən çıxarılsın. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş (100+50=150) 150 (bir yüz əlli) manat Cavabdeh2 alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 qızına verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar