Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2876/2022 18.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı Cavabdeh MTK-ya qarşı «müqavilə öhdəliyinin təmin olunması, mənzillərə dair sahiblik, istifadə hüququnun həyata keçirilməsi ilə bağlı maneələrin aradan qaldırılması, mənzillərin təhvil verilməsi» tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(005)-1317/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində inşa etdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının D blok 8-cı mərtəbə, ümumı sahəsi 77 2 m2 olan 2 otaqdan ibarət" mənzilin İddiaçı təhvil (istifadə və sahibliyinə) verilməsi və cavabdeh tərəfindən həmin mənzildə təmir işlərinin aparılması üçün müvafiq şəraitin ona yaradılması, vəzifəsinin cavabdeh “Çinar-AN MTK-ya həvalə olunmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(005)- 1317/2022 nömrəli qərardadı ilə iddia ərazi geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və işin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsini tərtbiq etməlidir. Həmin maddəyə əsasən Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Cavabdehin hüquqi ünvanı Nərimanov rayonunda yerləşdiyinə görə iddia tələbi də düzgün olaraq Nərimanov rayon Məhkəməsinə verilmişdir. Məhkəmə qərardad qəbul edərkən MPM-nin 39.1-ci maddəni rəhbər tutmuşdur. Lakin məhkəmə həmin maddəni hazırkı mübahisəyə düzgün tətbiq etməmişdir. Məhkəmə onu aydınlaşdırmamışdır ki, tərəflər arasında mənzilin alqı-satqısı üzrə müqavilə bağlanmışdır. Bu müqavilənin adı alqı-satqı göstərilsə də mahiyyəti üzrə podrat müqaviləsidir. Podrat müqaviləsinə əsasən də cavabdeh binanı tikib mənzili iddiaçıya təhvil verməlidir. Bu iş üzrə mübahisə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlıdır. Məhkəmə yuxarıdakı nəticəyə gələrkən bu halları aydınlaşdırmamışdır. Məhkəmə MPM-nin 39-cu maddəsini rəhbər tutaraq tələbin daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsindən ibarət olması qənaitinə gəlsə də bu sübut olunmur. Belə ki, mübahisə qanunsuz sahiblikdən götürülmə yox, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlıdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli 2(005)- 1317/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. İddia ərizəsinin məzmunundan aydın olur ki, tərəflən arasında mübahisə Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində inşa etdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının D blok 8-cı mərtəbə, ümumı sahəsi 77 2 m2 olan 2 otaqdan ibarət" mənzilin təhvil verilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddiaçının hazırkı mübahisə predmeti olan daşınmaz əmlaka dair istifadə və sahibliyə verilməsi ilə bağlı tələbin irəli sürülməsi və həmin əmlakın Abşeron rayonu ərazisində yerləşməsini nəzərə alıb belə qənaətə gəlmişdir ki, hazırki məhkəmə mübahisəsinin düzgün və vaxtında həll olunmasına dair maksimum dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsi üçün mülki işə müstəsna aidiyyət baxımından Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən cavabdehə irəli sürülmüş iddia MPM-nin 39-cu maddəsinin tələbinə uyğun olaraq müstəsna aidiyyatın təsiri altına düşdüyündən birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmaqda haqlı olmuşdur, şikayətin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. Həmin Məcəllənin 40.4-cü maddəsinə əsasən mübahisə üçün müstəsna aidiyyət nəzərdə tutulduğu halda bu Məcəllənin 40.1-40.3-cü maddələrinin qaydaları tətbiq oluna bilməz. Hazırki iş üzrə isə tərəflər arasında bağlanmış müqavilədə - müqavilədən irəli gələn mübahisələrə hansı məhkəmədə baxılmalı olması barədə hər hansı bir göstəriş olmamışdır. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirdiyini, cavabdehin isə daşınmaz əmlakı ona təhvil vermədiyinə istinad etməklə daşınmaz əmlakın ona təhvil verilməsini xahiş etmişdir ki, bu hal məhz MPM-nin 39-cu maddəsinin tələblərinin təsiri altına düşür, çünki iddiaçının qeyd etdiyi kimi mübahisəli daşınmaz əmlakın iddiaçıya təhvil verilməməsi özü-özlüyündə mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını ehtiva edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(005)- 1317/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2876/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2876/2022
18.03.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver