Məhkəmə qərarları › İş №2(103)-2877/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2877/2023

04.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2877/2023 04.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə1 olğunun, Üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ("xxxx" MMC üçüncü şəxs qismində cəlb edilməklə) “mənzildən çıxarılma” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(004)-562/2023 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İşin müəyyən olunmuş hallarından görünür ki, "xxxx" MMC ilə ayrı-ayrılıqda həm İddiaçı və həm də Cavabdeh arasında eyni mənzilə dair təxminən eyni məzmunlu müqavilələr imzalanmış və mənzil üçün onların "xxxx" MMC-yə borcu yoxdur. "xxxx" MMC ilə İddiaçı arasında imzalanan müqavilə tarix etibari ilə daha əvvəl tərtib edilmiş olsa da, "xxxx" MMC mənzili onun (iddiaçının) sahiblik və istifadəsinə deyil, Cavabdeh sahiblik və istifadəsinə vermiş, mənzil sonuncu tərəfindən təmir etdirilmiş və ailə üzvləri ilə birlikdə orada yaşamağa başlamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı ("xxxx" MMC üçüncü şəxs qismində cəlb edilməklə) “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 7-ci Alatava, 80 A ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının, İ bloku, 12-ci mərtəbəsində yerləşən, 2 otaqdan ibarət olan 65 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə onun arasında "Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında" xx.xx.2018-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi 7-ci Alatava, 80A ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının, İ bloku, 12-ci mərtəbəsində yerləşən, 2 otaqdan ibarət olan 65 saylı mənzilin dəyərinin tam ödəməklə almışdır. xx.xx.2018-ci il tarixli maliyyə arayışına əsasən, "xxxx" MMC-yə heç bir borcu qalmamışdır. Mənzilin dəyərini tam ödədikdən sonra həmin binaya xidmət göstərən Ağa adlı şəxsə tapşırıq vermişdir ki, mənzilin təmirini həyata keçirsin və bu barədə ona məlumat versin. Hər dəfə də maraqlandıqda hər şeyin normal olduğunu bildirmiş və o bir neçə dəfə mənzildə təmir işləri getdiyinin şahidi olmuşdur. Lakin, təqribən 2022-ci ilin əvvəllərində ona məlum olmuşdur ki, mənzili Cavabdeh adlı bir şəxs zəbt edib. Bu barədə maraqlandıqda ona məlum olmuşdur ki, binaya xidmət göstərən Ağa adlı şəxs Cavabdeh aldadaraq ona saxta sənəd vermiş və guya mənzili Cavabdeh satmışdır. Sonradan məlum olmuşdur ki, həmin şəxs eyni üsulla bir neçə nəfəri də aldatmış və məsuliyyətdən yayınmaq üçün Azərbaycan Respublikasını tərk etmişdir. Hal-hazırda onun barəsində Yasamal rayon Prokuoroluğunda cinayət işi vardır. Bundan sonra dəfələrlə cavabdehi mənzili tərk etməsi barədə xəbərdarlıq etsə də, heç bir faydası olmamış və o mənzili tərk etməmişdir. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu. Yeni Yasamal yaşayış massivi 7- ci Alatava, 80A, 1-ci blok, 12-ci mərtəbədə yerləşən 65 saylı mənzili 16 yanvar 2020-ci il tarixdə "xxxx" MMC-nin direktoru X4 ilə arasında bağlanmış müqavilə əsasında almışdır. Bu barədə ona maliyyə arayışı da verilmişdir. Həmin məzili aldıqdan sonra təxminən 6 ay müddətində mənzildə təmir işləri aparmışdır. Bunu bütün qonşular da görmüşdür. Təxminən 2 ildən artıqdır ki, ailəsi ilə birlikdə həmin mənzildə yaşayır və bu günə kimi mənzillə bağlı heç bir mübahisəsi olmamışdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, guya o, mənzili zəbt etmişdir. Lakin ərizəsinə əlavə etdiyi müqavilə və maliyyə arayışından görünür ki, həmin evi 65000 manat ödəməklə almış, yəni mənzili qanunsuz olaraq zəbt etməmişdir. İddiaçı həmçinin iddia ərizəsində Ağa adlı şəxsə guya mənzilin təmiri barədə tapşırıq verdiyini qeyd edir. Lakin zərurət yaranarsa həmin mənzildə təmir işləri aparmış ustalarını dindirilmələri üçün məhkəməyə dəvət edə bilər və təmir işlərinə görə haradan və kimlərdən tikinti materialları aldığını da göstərə bilər. O, Saatlı rayonunda doğulmuş və orada yaşamışdır. Uzun müddətdir ki, taksi fəaliyyəti ilə məşğul olur. 65000 manatı da mənzil almaq üçün qəpik-qəpik yığmışdır. İddiaçı qeyd edir ki, guya onun sənədi saxtadır. Lakin saxtalığı barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olduğu halda o da bildirir ki, iddiaçının məhkəməyə təqdim etdiyi müqavilə və maliyyə arayışı saxtadır. Budan başqa bildirir ki, İddiaçı mübahisəli mənzilin onun mülkiyyətində olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş müqavilə mülkiyyətə dair sənəd hesab oluna bilməz. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, Cavabdeh tanıyır. Onun evində təmir işləri ilə məşğul olmuş, kafel işlərini görmüş və pulu da özü ödəmişdir. Həmin mənzildə 2020-ci ildə təmir işlərini həyata keçirmişdir. Onlar təmir işlərini həyata keçirdikləri zaman digər şəxslər tərəfindən həmin mənzildə işləməməklə və ya mənzildən çıxmaqla bağlı müraciət olunmamışdır. Onu Rövşənlə həmin binanın komendantı olan Ağa Səməd adlı şəxs tanış etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Cavabdeh tanıyır. Onunla eyni rayondandırlar. Cavabdehin mənzilində malyar işlərini görmüşdür. Məvacibini də Cavabdeh özü vermişdir. Ona həmin mənzildə işlədiyi zaman digər şəxslər tərəfindən həmin mənzildə işləməməklə və ya mənzildən çıxmaqla bağlı müraciət olunmamışdır. O, həmin mənzildə 2020-ci ildə təmir işini həyata keçirmişdir. O, əvvəllər həmin binada 7-ci mərtəbədə işləmişdir, Ağa adlı şəxsi tanıyır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, Cavabdeh tanıyır. Cavabdehin mənzilində elektrik santexnik işləri görmüşdür. Binanın komendantı təmir işləri həyata keçirmək üçün onu çağırmışdı. Rövşən təmir işlərinə nəzarət edirdi. Təmir işlərinin qarşılığında onlara veriləcək məvaciblə bağlı əvvəl komendantla, sonradan isə Rövşənlə danışıqlar aparılmışdır. Ona həmin mənzildə işlədiyi zaman digər şəxslər tərəfindən həmin mənzildə işləməməklə və ya mənzildən çıxmaqla bağlı müraciət olunmamışdır. Binanın komendantının adı Ağa Səməd idi. Onu Ağa kimi tanıyırdı. Rövşəndən qabaq təmir işləri ilə bağlı Ağa ilə danışıqlar aparılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(004)- 562/2023 nömrəli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia tələbinin rədd edilməsi, iş üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli mənzil iş üzrə Cavabdeh təhvil verildiyindən və cavabdeh əmlaka qanuni əsaslarla sabiblik və istifadə hüququnu həyata keçirdiyindən, bununla da onun tərəfindən mülkiyyətə qəsd halına yol verilmədiyindən İddiaçı ona qarşı mənzildən çıxarılma tələbi əsaslı sayıla və təmin edilə bilməz. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Marks Belçikaya qarşı" işinı, "Mançini İtaliyaya qarşı" işinə, “Loizidu Türkiyəyə qarşı”işinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.1, 157.2, 157.4 və 157.8, 452.1-ci maddələrinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin olunması haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədə onun AR MPMnin 8, 14, 47.2, 76, 77, 79, 85, 88, AR Konstitusiyasının 13, 29-cu, AR Mülki Məcəlləsinin 152, 157-ci maddələrində nəzərdə tutulan maddi və prosessual hüquqlarım pozulmuşdur. Məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi üçün qətnaməni qanunsuz və əsassızdır. Belə ki, "xxxx" MMC ilə arada "Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında" xx.xx.2018-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi 7-ci Alatava, 80 A ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının, İ bloku, 12-ci mərtəbəsində yerləşən, 2 otaqdan ibarət olan 65 saylı mənzilin dəyərinin tam ödəməklə almışdır. xx.xx.2018-ci il tarixli maliyyə arayışına əsasən, "xxxx" MMC-yə heç bir borcu qalmayıb. Mənzilin dəyərini tam ödədikdən sonra həmin binaya xidmət göstərən Ağa adlı şəxsə tapşırıq vermişdir ki, mənzilin təmirini həyata keçirsin və bu barədə ona məlumat versin. Hər dəfə də maraqlandıqda hər şeyin normal olduğunu bildirmiş və özü də bir neçə dəfə mənzildə təmir işləri getdiyinin şahidi olmuşdur. Lakin, təqribən 2022-ci ilin əvvəllərində ona məlum olmuşdur ki, mənzili Cavabdeh adlı bir şəxs zəbt edib. Bu barədə maraqlandıqda ona məlum olmuşdur ki, binaya xidmət göstərən Ağa adlı şəxs Cavabdeh aldadaraq ona saxta sənəd vermiş və guya mənzili Cavabdeh satmışdır. Sonradan məlum olmuşdur ki, həmin şəxs eyni üsulla bir neçə nəfəri də aldatmış və məsuliyyətdən yayınmaq üçün Azərbaycan Respublikasını tərk etmişdir. Hal-hazırda onun barəsində Yasamal rayon Prokurorluğunda cinayət işi vardır. Bundan sonra dəfələrlə cavabdehi mənzili tərk etməsi barədə xəbərdarlıq etsə də, heç bir faydası olmamış və o mənzili tərk etməmişdir. Bakı şəhər Yasamal rayon Məhkəməsi işə baxarkən dediyi faktlar öz təsdiqini tapsa da Yasamal rayon Məhkəməsinin hakimi ümumiyyətlə bu işin mahiyyətinə varmamış, işi düzgün dərk etmədən dəfələrlə hətta iddia ərizəsində cavabdehin sənədinin saxta olmasını bildirsə də lakin buna fikir verməmiş, həmin sənədin saxta olduğunun fərqinə belə varmadan onun iddiasını rədd etmişdir. Hətta cavabdeh tərəfindən dəvət edilmiş şahidlər də onun iddia ərizəsində mənzilin təmiri ilə bağlı Ağa adlı şəxsə tapşırıq verdiyini dolayısı ilə təsdiq etmişlər. Hər üçü bildirmişdir ki, cavabdehin mənzilindəki təmir işlərinə onları Ağa adlı şəxs cəlb edib. Ən maraqlı məqam isə ondan ibarətdir ki, cavabdehə verilmiş saxta müqavilə xx.xx.2020-ci il tarixdə imzalanmışdır. Müqavilənin saxtalığı gözlə də müşahidə edilir. Məhkəmə isə bu müşahidəni nəzərə almadan, hətta özü başa düşmürdüsə ekspertiza təyin etmədən, "xxxx" MMC-nin nümayəndəsini dinləmədən belə qənaətə gəlmişdir ki, onların hər ikisinə müqavilə verilmişdir. Hətta bu barədə "xxxx" MMC-nin sədri X3 əməlində cinayət əlamətlərinin olub-olmamasının araşdırılması üçün xüsusi qərardad çıxardaraq prokurora göndərmişdir. X4 xx.xx.2018-ci ildə vəfat etmişdir. Yuxarıda qeyd etdiyi kimi, cavabdehin adına verilmiş müqavilənin tarixi isə xx.xx.2020-ci ildir. Şəxsin vəfatından 1 il 2 ay sonra onun adına saxta müqavilə verilmişdir. Məhkəmədə dəfələrlə bildirmişdir ki, saxta müqavilə verilmiş şəxslər barəsində cinayət işləri başlanılmış və araşdırma gedilir. Hakim bunu da nəzərə almadı. Yəqin bildiyi bir şey var. Hakimin Beynəlxalq Məhkəmələrin təcürbəsinə əsaslanması da uğursuz alınmışdır və bu işə heç bir aidiyyatı yoxdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X11 izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllə: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. “Loizidu Türkiyəyə qarşı”iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, "xxxx" MMC ilə İddiaçı (alıcı) arasında xx.xx.2018-ci il tarixdə “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə görə “sifarişçi” İddiaçı Bakı şəhəri ərazisində coxmənzilli yaşayış binasında fərdi mənzil tikilməsi sifarişinə əsasən “podratçı” "xxxx" MMC Bakı şəhəri Yeni Yasamal yaşayış massivində inşa edilmiş çoxmənzilli yaşayış binasının, 1-ci bloku, 12-ci mərtəbəsində, 2 otaqlı, 65 saylı mənzilini tikib “Sifarişçi”yə təhvil verməsini və “Sifarişçi” öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən verilmiş 21 iyul 2018-ci il tarixli maliyyə arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Simpatiya-S” MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 7-ci Alatava, 80A ünvanında inşa etdiyi hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının 12-ci mərtəbəsindədə yerləşən 65 saylı mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmiş və onun həmin mənzilə görə "xxxx" MMC qarşısında heç bir borcu yoxdur. Həmçinin iş materiallarından müəyyən edilir ki, "xxxx" MMC tərəfindən verilmiş 29 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yeni Yasamal y/m, 7-ci Alatava, 80 A ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbəsində yerləşən 2 otaqlı, 65 saylı, 103.4 kv.m. ümumi sahəsi olan mənzil "xxxx" MMC-nin təsisçisi olduğuna görə, pay olaraq ona verilmişdir. "xxxx" MMC ilə Cavabdeh (sifarişçi) arasında xx.xx.2020-ci il tarixdə “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqavilənin surətindən görünür ki, həmin müqaviləyə görə “sifarişçi” Cavabdeh Bakı şəhəri ərazisində coxmənzilli yaşayış binasında fərdi mənzil tikilməsi sifarişinə əsasən “Podratçı” "xxxx" MMC Bakı şəhəri Yeni Yasamal yaşayış massivində inşa edilmiş çoxmənzilli yaşayış binasının, 1-ci bloku, 12-ci mərtəbəsində, 2 otaqlı, 65 saylı mənzilini tikib “Sifarişçi”yə təhvil verməsini və “Sifarişçi” öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Tikilən mənzilin ümumi yaşayış sahəsinin 1 kv.m-nin qiyməti 628 manat həcmində, müqavilənin qiyməti isə 65000 manat olmaqla dəyişməz qalır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, "xxxx" MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 7-ci Alatava, 80A ünvanında inşa etdiyi hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının 12-ci mərtəbəsindədə yerləşən 65 saylı mənzilin dəyəri olan 65000 manat Cavabdeh tərəfindən tam ödənilmiş və onun həmin mənzilə görə "xxxx" MMC qarşısında heç bir borcu yoxdur. Göründüyü kimi, mübahisəli mənzilin yerləşdiyi bina "xxxx" MMC tərəfindən inşa edilmiş, "xxxx" MMC inşa etdiyi həmin binanın eyni mənzilinə dair həm iddiaçı və həm də cavabdeh ilə eyni məzmunlu müqavilələr bağlamış və mənzil üçün onların "xxxx" MMC-yə borcu yoxdur. "xxxx" MMC isə sözügedən ünvanda inşa etdiyi həmin binanın 1-ci blok, 12ci mərtəbəsində yerləşən 103,4 m2 sahəsi olan 65 saylı mənzilini həmin şəxslərlə ayrıayrılıqda bağlanmış eyni məzmunlu müqavilələrə əsasən onlara təhvil verməyi öhdəsinə götürmüşdür. Bununla belə, "xxxx" MMC sözügedən müqavilələrlə fərdən müəyyən edilmiş həmin mənzili iddiaçıya deyil, Cavabdeh təhvil vermiş və sonuncu mənzili təmir etdirilməklə ailə üzvləri ilə birlikdə orada yaşamağa başlamışdır. Bununla da, "xxxx" MMC Cavabdeh ilə bağladığı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş sayılsa da, iddiaçıya münasibətdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və fərdən müəyyən edilmiş həmin mənzili başqa birinə verdiyindən iddiaçı ilə bağlamış olduğu xx.xx.2018-ci il tarixli müqavilənin icrası onun təqsirindən mümkünsüz hala gəlmişdir. İş materiallarından aydın olur ki, "xxxx" MMC öz materialları əsasında inşa etdiyi (hazırladığı) yaşayış binasındakı mübahisəli mənzili məhz Cavabdeh mülkiyyətinə keçirmək niyyəti ilə ona təhvil vermişdir. Nəzərə alınlmalıdr ki, ödədiyi muzd əsasında mənzilin podratçı tərəfindən sifarişçiyə verilməsi, hazırlanmış əmlaka mülkiyyət hüququnun verilməsi hesab olunur; bu isə Mülki Məcəllənin 452.1-ci maddəsində nəzərdə tutulmuş şərtin (söhbət, əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməsindən gedir) reallaşdığını göstərir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının analoji işlər üzrə qəbul edilmiş qərarlarında formalaşdırdığı hüquqi yanaşmaya görə, mübahisəli mənzil üzrə pay haqqı tam şəkildə ödənilməklə mənzilin verildiyi şəxs həmin mənzilə sahiblik və istifadə hüququ əldə edir və gələcəkdə zəruri sənədləri təqdim etməklə hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək imkanını əldə edir. Cavabdeh lazımi qaydada ödənilmiş muzd əsasında mənzili əldə etməklə orada ailəsi ilə birlikdə yaşadığından, onun mülkiyyət hüququnun qeydiyyatdan keçməməsi sözügedən şərtin baş verməsini şübhə altına almır. Nəzərə alınmalıdır ki, mübahisəli mənzil üzrə pay haqqı tam şəkildə ödənilməklə mənzil Cavabdeh verildiyi üçün sonuncu həmin mənzilə sahiblik və istifadə hüququ əldə etmiş və gələcəkdə zəruri sənədləri təqdim etməklə hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək imkanını əldə etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən dindirilmiş şahidlər X18 orlu, X7 və X17 orlu da ifadələrində mənzildə apardıqları təmir işlərinin Cavabdeh tərəfindən aparılmasını və bu işlərdə onların Ağa adlı şəxsin cavabdehlə tanış etmələrini göstərmələri də mənzilə faktik olaraq onun sahiblik etməsini bir daha təsdiq edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin adına verilmiş müqavilənin tarixinin xx.xx.2020-ci il olması və orada MMC-nin adından imza etmiş X4 xx.xx.2018-ci ildə vəfat etməsi faktının mövcudluğu belə yuxarıda göstərilən əsaslara görə iddianın əsaslı sayılması üçün yetərli sübutlar kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, iddiaçı tələbində "xxxx" MMC ilə onun arasında xx.xx.2018-ci il tarixdə “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 7-ci Alatava, 80A ünvanında inşa edilmiş hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının 12-ci mərtəbəsindədə yerləşən, 2 otaqdan ibarət olan 65 saylı mənzilin dəyərinin tam ödəməklə almasının təsdiqi kimi iş materiallarında iki fərqli məzmunlu arayış mövcuddur. Müqavilə tarixi ilə eyni və direktor X3 imzası olan maliyyə arayışında onun tərəfindən mənzilin dəyərinin tam ödənilməsi, xx.xx.2022-ci il tarixli arayışda isə sözügedən mənzilin onun MMC-nin təsisçisi olduğuna görə pay olaraq ona verilməsi göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2014-cü il tarixdə qeydə alınmış Nizamnaməsindən görünür ki, MMC-nin 5 nəfər təsisçisindən biri də İddiaçıdur. Lakin sözügedən mənzilin onun MMC-nin təsisçisi olduğuna görə pay olaraq ona verilməsi barədə məhkəmələrə təsisçilərin ümumi yığıncağının buna dair qərarı və iclas protokolu (çıxarışı) təqdim edilməmiş, hətta bu barədə MMC-nin apellyasiya instansiyası məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli 35V saylı məktubunda da heç nə göstərilməmişdir Məhkəmə kollegiyası MMC-nin apellyasiya instansiyası məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli 35V saylı məktubunda göstərilənlərə qiymət verərək qeyd edir ki, iddiaçının MMC-nin təsisçisi olması baxımından MMC-nin hazırki iş üzrə 3-cü şəxs qismində cəlb edilmələrindən məlumatlı olmalarını nəzərə alaraq onların sözügedən məktubda göstərilən hallar barədə birinci instansiya məhkəməsinin iclasınla iştirak edərək mövqeləri və buna dair sübutlarını təqdim etmək imkanları olmuşdur. Bundan əlavə, Bakı şəhəri, Yasamal rayonu. Yeni Yasamal yaşayış massivi 7- ci Alatava, 80A, 1-ci blok, 12-ci mərtəbədə yerləşən 65 saylı mənzili 16 yanvar 2020-ci il tarixdə "xxxx" MMC-nin direktoru X4 ilə arasında bağlanmış müqavilə əsasında almasını bildirməsinə baxmayaraq MMC-nin təsisçilərindən biri olan iddiaçının X3 vəfatından xəbəri olmasına baxmayaraq (xəbəri olmaması inandırıcı deyil) bu barədə izahatlarında məhkəməyə məlumat verməməsi iclas protokollarından da aydın görünür və bu da məhkəmənin artıq ölmuş şəxsin əməlində cinayət əlamətlərinin olub-olmamasına dair xüsusi qərardad çaxıralması ilə nəticələnmişdir. Başqa sözlə, iddiaçı X3 vəfatı barədə birinci instansiya məhkəməsinə onun ölməsi barədə məlumatı, buna dair müvafiq şəhadətnaməni təqdim etməmiş, bunlar barədə apellyasiya instansiyası məhkəməsinin iclasında məlumat verilmişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzil iş üzrə Cavabdeh təhvil verildiyindən və cavabdeh əmlaka qanuni əsaslarla sabiblik və istifadə hüququnu həyata keçirdiyindən, bununla da onun tərəfindən mülkiyyətə qəsd halına yol verilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, İddiaçı ona qarşı mənzildən çıxarılma tələbi əsaslı sayıla və təmin edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mənzilin ona təsis payı verilməsinə dair müvafiq arayışı həqiqəti əks etdirmədiyi halda, onun MMC-nin təsisçisi olmasına baxmayaraq sözügedən mənzilə dair MMC-nin hesabına pul ödədiyi təqdirdə MMC-yə qarşı ziyanla bağlı iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(004)- 562/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar