Məhkəmə qərarları › İş №2(103)-2878/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2878/2024

22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2878/2024 22.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC, AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər LPO "xxxx" ASC və Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə cəlb edilməklə) qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və mənzilə dair aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair mülki iş üzrə QƏRARDADİ (açar sözlər: hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və mənzilə dair aparılmış qeydiyyatın ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" MMC, AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər LPO "xxxx" ASC və Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə cəlb edilməklə) qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və mənzilə dair aparılmış qeydiyyatın ləğv edilməsi barədə iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 2(005)-2762/2023 nömrəli qərardadından maraqlarına toxunulan şəxs Maraqlı şəxs verdiyi apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən tərtib edilmiş 16 iyun 2022-ci il tarixli 35/03 nömrəli “Hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və ondan doğuran hüquqi nəticələrin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.B.Ağayev küçəsində yerləşən 22 saylı evin, 1 saylı mənzilinə dair xx.xx.2022-ci il tarixdə, ********** nömrə ilə aparılmış qeydiyyatın ləğv edilməsi və restitusiya qaydasında qeyd olunan mənzilə dair xüsusi mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(005)- 2762/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

3. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir.

4. Appellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə 24 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

5. İş apellyasiya məhkəməsinin icraatında olarkən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verildiyindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiasının 22 yanvar 2024-cü il tarixli, 2(102)- 762/2024 nömrəli qərardadına əsasən iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilmişdir.

6. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2(005)- 2762/2023 saylı qərardadına əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(005)-2762/2023 saylı qətnaməsindən maraqlarına toxunulan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayəti qanunla müəyyən edilmiş forma və qaydaya əməl edilmədən verildiyindən apelyasiya şikayəti ona geri qaytarılması qərara alınmışdır.

7. Maraqlarına toxunulan şəxs Maraqlı şəxs yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir.

8. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 2(005)- 2762/2023 nömrəli qərardadına əsasən maraqlarına toxunulan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən apellyasiya şikayəti maraqlarına toxunulan şəxs Maraqlı şəxs geri qaytarılmışdır.

9. Daha sonra maraqlarına toxunulan şəxs Maraqlı şəxs həmin qərardaddan məhkəməyə şikayət ünvanlayaraq, ləğv edilməsini xahiş etmişdir.

10. Şikayətin dəlillərinə görə, məhkəmə tərəfindən müddətin bərpası dair ərizənin təmin edilməməsi qanunsuzdur. Belə ki, məhkəmə qətnaməsinin mövcudluğu barədə icra şöbəsi tərəfindən daxil olmuş məktubdab sonra məlumatlı olmuşdur.

11. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 2(005)- 2762/2023 nömrəli nömrəli qərardadına əsasən şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır; Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Maddə 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək;

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. İşin hallarından görünür ki, Maraqlı şəxs iş üzrə tərəf deyildir və qətnamənin onun hüquq və vəzifələrinə toxunmasını əsas gətirərək maraqlarına toxunan şəxs kimi apellyasiya şikayəti vermişdir.

14. MPM-nin 364.2-ci maddəsinə uyğun olaraq birinci instansiya məhkəməsi ilkin olaraq qətnamənin Maraqlı şəxs hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamalı və bunun nəticəsinə dair qərardad qəbul etməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qətnamənin Maraqlı şəxs hüquq və vəzifələrinə toxunması yoxlanılmadan şikayətin MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayaraq qərardad qəbul etmişdir. Halbuki, qeyd olunan normanın özündə həmin qərardaddan şikayət verilmə hüququ da nəzərdə tutulmuşdur.

15. Buna görə də məhkəmə kollegiyası şikayətin dəlilləri baxımından əlavə araşdırmaya zərurət görmür və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamənin Maraqlı şəxs hüquq və vəzifələrinə toxunması məsələsinə baxılaraq qərardad çıxarıldıqdan sonra digər məsələlər müzakirə predmeti ola bilər.

16. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla iş apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən hazırkı iş üzrə qərardad ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməli, şikayət qismən təmin olunmalıdır.

17. Göstərilənlərə əsasən və MPM-in 259, 263, 264 və 387-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 2(005)- 2762/2023 nömrəli qərardadından maraqlarına toxunulan şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 2(005)- 2762/2023 nömrəli qərardadı ləğv edilsin və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar