Məhkəmə qərarları › İş №2(103)-2882/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2882/2021

31.03.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2882/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, tərəflərin iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 43,59 kv.m. olan 3 otaqlı, 16 saylı mənzilə dair sahiblik və istifadə hüquqlarına yaradılan maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehlərə həvalə olunması, həmin mənzildən onun maneəsiz istifadəsi ilə bağlı hər hansı hərəkətlərin cavabdehlərə qadağan edilməsi və həmin mənzildən onun istifadə qaydasının müəyyən olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim P.Zamanlı, iş № 2(011)-4436/19) iddia qismən təmin edilərək İddiaçı ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 43,59 kv.m. olan 3 otaqlı 16 saylı mənzilindən istifadə hüquqlarına yaradılan maneələrin aradan qaldırılmasının cavabdehlər X3 və Cavabdeh2 həvalə edilməsi və iddiaçının mənzildən maneəsiz istifadəsi ilə bağlı hər hansı hərəkətlərin edilməsinin cavabdehlərə qadağan edilməsi qət olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnaməni iddianın təmin olunmayan hissəsində mübahisələndirmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil Azərbaycan Dövlət Xəzər-Dəniz Gəmiçiliyi tərəfindən atası X4 order əsasında verilmişdir. Həmin orderdə atası və özü də daxil olmaqla bütün ailə üzvlərinin adı qeyd olunmuşdur. Atası xx xxxxxx 2005ci il tarixdə vəfat etdikən sonra, həmin mənzilə dair kirayə müqaviləsi onların razılığı əsasında qardaşı cavabdeh X1 adına dəyişdirilmiş və həmin mənzildə özü və cavabdehlər - qardaşı X5, onun həyat yoldaşı Cavabdeh2, onların uşaqları X6, X7 yaşayırlar. Lakin cavabdehlər ona həmin mənzildən istifadə etməyə imkan vermirlər. Cavabdehlər digər bacıları kimi onu da mənzildən uzaqlaşdıraraq məhkəmə yolu ilə mənzildən istifadə hüququna xitam vermək istəyirlər. Lakin onun başqa yaşayış yeri yoxdur, doğulduğu tarixdən həmin mənzildə yaşayır. Cavabdehlərin hərəkəti nəticəsində mənzilə dair sahiblik və istifadə hüququ kobud şəkildə pozulur. Məhkəmə tərəfindən qeyd olunan mənzildən istifadəyə dair maneələrin aradan qaldırılması cavabdehələrə qadağan olunarkən, həmin mənzildən istifadə qaydası da müəyyən olunmalıdır. Cavabdehlər birinci instansiya məhkəməsinə göndərdikləri yazılı etirazlarında qeyd etmişlər ki, mənzil əvvəllər Eynulla Əsgərova order əsasında verilsə də, onun ölümü ilə əlaqədar sonradan kirayə müqaviləsi Babək Əsgərovla bağlanmışdır. Mənzilin iki otağından onlar iki övladları ilə birlikdə, ayrıca girişi olan digər otağından isə ara-sıra gəlibgetməklə iddiaçı isifadə edir. İddiaçının iddia tələbləri əsassızdır. Belə ki, iddiaçı onlardan 20.000 manat pul tələb edir və bununla bağlı polis orqanına şikayət etməklə onları şantaj edir. Onlar iddiaçının mənzildən istifadəsinə heç bir maneə yaratmırlar. Cavabdehlərdən Babək Əsgərov dənizdə işləyir və ayın çox hissəsini orada qalır. Cavabdeh2 isə gözəllik salonunda işləyir və gün ərzində işdə olur. Qeyd edilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etmişlər. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə üzrə yol verdiyi hüquqi qiymətləndirmə və onun tətbiqi işin obyektiv hallarına cavab vermir və qanun tələblərinə əsaslanmır və subyektiv yanaşmanın nəticəsi kimi özünü təsdiqləyir və gözləyir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehlər apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırda birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən yalnız iddianın təmin edilməyən hissəsində mübahisələndirilmişdir. Cavabdehlər iddianın təmin edilən hissəsindən apellyasiya şikayəti verməmişlər. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız mübahisələndirilən hissədə yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin mübahisəsiz hallarından göründüyü kimi, mübahisəli mənzil 43,59 kvm yaşayış sahəsi olan 3 otaqdan ibarətdir. İddiaçının adı xx xxxxxx 1971-ci il tarixli, 107314 saylı orderdə mübahisəli mənzilin əvvəlki sahibi Eynulla Əsgərovun ailə üzvü (övladı) kimi göstərilmiş və bununla da iddiaçının həmin tarixdən mənzildən istifadə hüququ yaranmışdır. Sonradan mübahisəli mənzilin sahibliyi Cavabdeh1 keçsə də iddiaçı halhazıradək davamlı olaraq həmin mənzildə yaşamaqla isitifadə hüquqlarını davam etdirir. İddiaçı istifadə hüququnun cavabdehlər tərəfindən məhdudlaşdırıldığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi aşağıdakılardan ibarətdir: - mənzilə dair sahiblik və istifadə hüququna yaradılan maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehlərə həvalə olunması; - mənzildən maneəsiz istifadə ilə bağlı hər hansı hərəkətlərin cavabdehlərə qadağan edilməsi; - mənzildən istifadə qaydasının müəyyən olunması. Birinci instansiya məhkəməsi ilk iki tələb üzrə iddianı təmin etsə də, mənzildən istifadə qaydasının müəyyən olunması hissəsində iddianı əsaslı saymamışdır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməyən hissəsində mövqeyini onunla əsaslandırmışdır ki, qeyd edilən əmlak tərəflərin ümumi birgə mülkiyyəti sayılmadığından və istifadə qaydasının müəyyən edilməsinin tələb olunması mənzildən istifadə hüququ olan şəxsə deyil, mülkiyyətçiyə aid olan hüquq olduğundan, mənzildən istifadə hüququna malik olan iddiaçının mövcud tələbi əsasında mübahisəli mənzildən istifadə qaydası müəyyən edilə bilməz. İddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. Əgər qanunda iddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi qeyd edilən hissədə iddiaçının öz bildirdiklərinə əsasən əsassız sayılmalı və və iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 215.1, 215.3-cü maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni mübahisələndirilən hissədə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk növbədə həmin tələbin qanuni əsasının tapılmasından və istinad olunan faktiki halların həmin tələbin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə də, əgər irəli sürülmüş tələbin qanuni əsası tapılmırsa və ya faktiki hallar istinad olunan qanuni əsasın şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni mənzildən istifadə qaydasının müəyyən olunması tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar