Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2884/2023 19.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçının hüqauai varisi X1 Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “icraata xitam verilməsi”) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, iddiaçının hüquqi varisi X1 Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-68/23 saylı, xx.xx.2023-ci il tarixli qərardadından iddiaçının hüquqi varisi tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi, İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı cavabdehin ona məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 16.59 kv.metr olan 27 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı Abdul oğlu xx.xx.2022-ci il tarixdə ölmüş, Yeganə Əlizadə (arvadı) onun hüquqi varisi qismində mülki işin baxılmasına cəlb edilmişdir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-68/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının hüquqi varisi X1 Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir.
4. Birinci instansiyası məhkəməsi gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, cavabdeh mərhum İddiaçı razılığı ilə mübahisəli mənzilə qeydiyyata düşdüyündən hazırkı iddia tələbinə ümumi məhkəmədə baxıla bilməz. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehin qeydiyyatdan çıxarılması ilə bağlı müvafiq inzibati orqana müraciət etməlidir.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:
5. İddiaçı X1 vəkili və nümayəndəsi Vəkil Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-68/2023 saylı qərardadından apellyasiya şikayəti verərək qərardadın ləğv olumasına dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, rayon (şəhər) məhkəmələri şəxsin istifadə hüququ olub-olmadığını müəyyən etməlidir. İstifadə hüququnun olmamasını məhkəmə ümumiyyətlə əsaslandıra bilməmiş, niyə bu qənaətə gəlməsini hüquqi cəhətdən izah etməmişdir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Hazırki mübahisə şəxsin istifadə hüququna xitam verilməsi ilə bağlı yox, istifadə hüququnun itirilməsi ilə, yarana biləcək hər hansı bir hüququ ilə bağlı olmuşdur.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(011)-68/2023 saylı qərardadı ilə iddiaçı X1 vəkili və nümayəndəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-68/2023 saylı qərardadından verdiyi şikayət təmin edilməyərək işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq normaları:
Mülki Prosessual Məcəllənin
9. 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.
10. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.
11. 262.3-cü maddəsinin tələblərinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.
12. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun
13. 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.
14. 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsaslarından biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır.
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarına əsasən
15. Yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. ...Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişidir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir.
16. Həmin qərara əsasən, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarında göstərmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə uyğun xitam verməklə düzgün nəticəyə gəlmişdir. Odur ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır.
19. Belə ki, iş materiallarından göründüyü kimi cavabdeh mübahisəli mənzilin mülkiyyətçisi olmuş məhrum iddiaçının arvadının (hazırki mülkiyyətçi) uzaq qohumudur. O, sözügedən mənzildə qeydiyyatda olsa da faktiki olaraq orada yaşamır. Beləliklə cavabdehin yaşayış sahəsindən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, onun həmin mənzildə yaşamasına əsas verən, iddiaçı ilə yaxın qohumluq (müvafiq yazılı razılaşma olmadan iddiaçıya məxsus evdə yaşama hüququ yaradan) münasibətləri olmadığından, pasport qeydiyyatı isə yaşayış sahəsindən istifadə hüququ yaratmadığından, məhkəmə belə qənaətə gəlir ki, onun Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 4 saylı evin 27 saylı mənzilindən istifadə hüququ yoxdur. Cavabdehin mənzilə olan istifadə hüququnun olmaması onun səlahiyyətli dövlət orqanları tərəfindən hazırda X2 məxsus mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır.
20. Yuxarıda sadalanan qanunvericilik normalarının məzmununa istinad edərək məhkəmə kollegiyası qeyd edir ki, belə olan halda iddia tələbinə məhkəmə icraatında baxılmalı deyil, çünki Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir və mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
21. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, cavabdehin mübahisəli yaşayış sahəsinə istifadə hüququnun olmaması müəyyən edildiyindən, mənzilin mülkiyyətçisinə izah edilməlidir ki, o, cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə müvafiq Polis İdarəsinə müraciət etmək, həmin dövlət orqanının vəzifəli şəxsinin qərar və ya hərəkətlərindən (hərəkətsizliyindən) narazı qaldığı təqdirdə isə tələbinə uyğun iddia ilə inzibati icraat qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. Çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin məzmununa əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması, onun həmin yaşayış sahəsinə istifadə hüququnun olmadığı təqdirdə, inzibati orqanın funksiyalarını icra edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
23. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçının hüquqi varisi X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-68/23 saylı, xx.xx.2023-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Məmməd Məmmədov Elşən Kazımov