Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2884/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə üzrə öhdəliyin icra edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, e- 2(006)-1407/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Tikinti şirkəti Cavabdeh MMC ilə əmlak mülkiyyətçisi İddiaçı arasında xx.xx.2017ci il tarixdə bağlanmış müqavilə №006-nın surətindən görünür ki, həmin müqavilənin 1.1.1-ci bəndinə görə əmlak mülkiyyətçisinin bu müqaviləyə əsasən xx.xx.2001-ci il tarixində 30/8441 qeydiyyat nömrəsi ilə Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi reyestrindən seriya ÖM № 073798 saylı qeydiyyat vəsiqəsi ilə öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 10 kv.m dən (faktiki 29.50 kv.m) ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzilin qəbul etməsinin öhdəsinə götürməsi haqqında bağlanmışdır. Hazırda iddiaçı tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə üzrə bütün öhdəliklər yerinə yetirdiyini, Cavabdeh MMC tərəfindən isə öhdəlik icra edilmədiyini iddia edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında bağlanılmış xx.xx.2017-ci il tarixli 006 nömrəli müqaviləyə əsasən iddiaçıya verilməsi nəzərdə tutulmuş mənzilin təhvil verilməsi vəzifəsinin Cavabdeh mənzil-tikinti kooperativinin üzərinə qoyulması, iddiaçının ödədiyi dövlət rüsumunun, habelə vəkil xərclərinin Cavabdeh mənzil-tikinti kooperativindən İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsindəki 72 saylı evin 4 nömrəli mənzili tam mülkiyyət hüququ ilə ərizəçiyə məxsusdur. Onun mülkiyyət hüququ Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin verdiyi ÖM seriyalı 073798 nömrəli, xx.xx.2001-ci il tarixli qeydiyyat vəsiqəsi ilə təsdiq olunub. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısı 281 nömrəli xx.xx.2017-ci il tarixli sərəncamına istinadən cavabdeh ərizəçinin mənzili olan ərazidə yerləşən mənzil və ev mülkiyyətçiləri ilə müqavilələr imzalanmasını təklif edib. xx.xx.2017-ci il tarixində cavabdeh ilə ərizəçi arasında 006 nömrəli müqavilə bağlanıb. Müqavilənin 1.1.1 və 1.1.2-ci bəndlərinə əsasən ərizəçi öz mənzilini sökülmək üçün təhvil verməyi, cavabdeh isə müqavilə ilə şərtləndirilmiş müddət və qaydada həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada ərizəçiyə sahəsi 35,4 kv.m olan təmirli mənzil verilməsini öhdələrinə götürüblər. Müqavilənin 2.2.5-ci maddəsinə əsasən cavabdeh yeni yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətində başa çatdıraraq mənzili ərizəçiyə təhvil verməlidirlər. Həmin müqavilənin 2.1.7-ci bəndinə əsasən ərizəçi mənzili cavabdehdən tələb etmək hüququna malikdir. Müqavilə imzalanan vaxtdan 5 il yarım keçməsinə və göstərilən ərazidə uzun müddət bina tikilib başa çatdırılsa da, indiyə kimi ərizəçinin mənzili verilmir. Müqavilə bağlanandan sonra, cavabdehin o zamankı rəhbəri Sadıqov Nicat deyib ki, hətta binada 35,4 kv.m-ə uyğun sahə olmasa, MMC hər hansı ödənişsiz ərizəçiyə 60 kv.m-lik mənzil verəcək. Hazırda həmin şəxs orada işləmir, ərizəçinin nümayəndəsi olaraq onun anası cavabdehin ofisinə gələndə, MTK-nın adından Namiq Rzayev adlı adam deyib ki, binada belə mənzil yoxdur, mənzillərin sahələri böyükdür, mənzil verilməsi üçün ərizəçi sahə fərqinə görə pul ödəməli, təmiri də özü aparmalıdır. Həmin şəxs onu da deyib ki, ərizəçiyə birotaqlı, birpəncərəli, mətbəxi, yataq otağı, qonaq otağı bir yerdə cəmləşən mənzil verəcəklər. Bütün bu müddətdə ərizəçiyə nəinki mənzil verilməyib, ona rəsmən heç bir mənzil təklif də olunmayıb. Üçüncü şəxs Nəsimi rayon İcra Hakimiyyəti öz sərəncamının icrasına tam nəzarət etmədiyindən, ərizəçinin hüquqları təmin olunmur. Daha sonra, iddiaçının nümayəndəsi ərizə təqdim edərək, Cavabdeh ilə İddiaçı arasında bağlanılmış xx.xx.2017-ci il tarixli 006 nömrəli müqaviləyə əsasən təmirli mənzilin təhvil verilməsi vəzifəsinin Cavabdeh mənzil-tikinti kooperativinin üzərinə qoyulması, həmin müqavilə üzrə ərizəçiyə ödənilməli olan lakin, mənzil təhvil verilənə qədər ödənilməmiş kirayə haqqının tutulması, iddiaçının ödədiyi dövlət rüsumunun, habelə vəkil xərclərinin Cavabdeh mənzil-tikinti kooperativindən İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, e-2(006)- 1407/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh MTK-nın üzərinə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli 006 saylı müqavilə üzrə təmirli mənzilin İddiaçı təhvil verilməsi və mənzil təhvil verilənə qədər ödənilməmiş kirayə haqqlarının ödənilməsi vəzifəsinin qoyulması, Cavabdeh MTK-dan ödənilmiş 100 manat dövlət rüsumunun və 1000 manat hüquqi xidmətlərə görə çəkilmiş xərcin əvəzinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, iddiaçı müqavilə üzrə öhdəliklərini tam olaraq yerinə yetirdiyindən, onun cavabdehə qarşı öhdəliyin icra edilməsi barədə tələbi tam əsaslı olmaqla təmin edilməlidir. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 385.1, 385.2, 442; Mülki Prosessual Məcəllənin 77.1, 88, 106.1, 119.1, 121.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh MTK-nın arasında bağlanmış 006 saylı 04 noyabr 2017-ci il tarixli müqavilə üzrə, hal-hazırda yeni inşa edilmiş binada göstərilən ümumi sahəsi 35.4 kv.m ümumi yaşayış sahəsi olan mənzil yoxdur, bu səbəbdən müqavilə öhdəliklərinin icra edilməsi qeyri-mümkündür. Bununla bağlı İddiaçı həmin müqavilə üzrə nəzərdə tutulan mənzil əvəzində, hər 1 kv.m görə 2500 manat pul məbləği olmaqla (35.4 x 2500=88500), cəmi 88500 (səksən səkkiz min beş yüz) manat pul məbləğində kompensasiya ödənilməsi təklif edilmişdir. Lakin, İddiaçı təklifə hər-hansı bir münasibət bildirməmiş, məsələnin həlli istiqamətində MTK ilə əlaqəyə keçməmişdir. Həmçinin, bu təklif ilə bağlı iddiaçının nümayəndəsinə “whatsapp” vasitəsi ilə müraciət edilmişdir, lakin o da təklifə hər-hansı bir münasibət bildirməmişdir. Göründüyü kimi, yeni inşa edilmiş binada müqavilə üzrə nəzərdə tutulan ümumi sahəsi 35.4 kv.m olan mənzil mövcud deyil, cavabdehə ədalətli təklif edilməsinə baxmayaraq məhkəmə icrası mümkün olmayan qətnamə qəbul etmişdir. Bundan başqa Cavabdeh MTK binanı inşa etdiyi zaman binada tikinti zamanı ümumi sahəsi 35.4 kv.m olan mənzilin inşa edilməsinin qeyri-mümkün olduğunu aşkar etmişdir, həmin mənzilin tikilməsi bütün binanın planın dəyişməsi ilə nəticələnərdi, bu səbəbdən 35.4 kv.m sahəsi olan mənzilin tikilməsi mümkün olmamışdır. Cavabdeh MTK-nin həmin binada 35.3 kv.m ümumi sahəsi olan mənzilin tikilməsinin mümkün olmayacağı əvvəlcədən ehtimal edilə bilməzdi və tikinti zamanı həmin mənzilin tikilməsi mümkün olmayacağı məlum olduğundan, artıq mənzilin tikilməsi üçün binanın planında dəyişklik edilməli idi, bu isə cavabdehin qat-qat artıq zərərinin yaranmasına səbəb olardı. Bu səbəbdən İddiaçı “mənzilin təhvil verilməsi ilə bağlı” iddia tələbinin icra edilməsi qeyri mümkündür. Tərəflərindən birinci instansiya məhkəməsinə iddia tələbinə yazılı etiraz verilərək, bildirilmişdir ki, yeni inşa edilən binada müqavilə üzrə nəzərdə tutulan 35.4 kv.m sahəsi olan mənzil yoxdur. Bu səbəbdən, iddiaçıya həmin müqavilə üzrə nəzərdə tutulan mənzil əvəzində, hər 1 kv.m görə 2500 manat pul məbləği olmaqla (35.4 x 2500=88500), cəmi 88500 (səksən səkkiz min beş yüz) manat pul məbləğində kompensasiya ödənilməsi təklif edilmişdir. Lakin, məhkəmə belə bir mənzilin mövcud olub-olmamasına dair araşdırma aparmadan, qətnaməsində həmin mənzilin iddiaçı tərəfindən cavabdehə təhvil verilməsini qət etmişdir. Belə olan halda, məhkəmənin gəldiyi nəticə belədir ki, Cavabdeh MTK mövcud olmayan mənzili İddiaçı təhvil verməlidir. Faktiki olaraq qətnamənin icrası özü özlüyündə mümkün deyil. Bu səbəbdən, məhkəmə tərəflərindən cavabdehə edilmiş ədalətli təklifi qiymətləndirməli və onun əsasında qətnamə qəbul etməli idi. Həmçinin, məhkəmə Cavabdeh MTK-dən ödənilmiş 100 manat dövlət rüsumunun və 1000 manat hüquqi xidmətlərə görə çəkilmiş xərcin əvəzi tutularaq İddiaçı ödənilməsi qət etmişdir. İddiaçının “mənzilin təhvil verilməsi” tələbi hissəsi rədd edilməli olduğundan, pul tələbi hissəsində də iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və iddiaçının nümayəndəsi-vəkili ayrı-ayrılıqda apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının son iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə tam rədd olunması xahiş olunsa da, şikayətin məzmunundan görünür ki, apellyator kirayə haqqı hissəsini mübahisələndirmir. Buna görə də qətnamə mənzilin İddiaçı təhvil verilməsi və məhkəmə məsrəfləri hissələrində yoxlanılmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646.1. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, tərəflər arasında bağlanmış İddiaçı və Cavabdeh MTK-nin arasında bağlanmış 006 saylı 04 noyabr (dekabr) 2017-ci il tarixli müqavilənin 1.1.2 ci bəndində göstərilmişdir ki, tikinti şirkəti Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən əmlak mülkiyyətçisinin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək inşa etdiyi binada 35.4 kv.m təmirli mənzili əmlak mülkiyyətçisinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmçinin müqavilənin 1.2-ci bəndinə əsasən tikinti şirkəti inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və əmlak mülkiyyətçisini təmirli mənzil ilə təmin edən günədək onun müvəqəti yaşayışını təmin etmək məqsədi ilə əmlak mülkiyyətçisinə kompensasiya şəklində aylıq 300 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda 1 dəfə ödəyir. Əmlak mülkiyyətçisinin kommunal borcları olduğu halda tikinti şirkəti həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəkdir. İş materiallarında olan Nəsimi rayon İcra Hakimiyyəti ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilədə göstərilmişdir ki, şirkət tərəfindən Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyov və Əlimərdan Topçubaşov küçələrinin kəsişmələrində yeni çoxmənzilli binaların tikintisi üçün Nazirlər Kabinetinin qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina layihələrinə razılığını, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icrəyə verilməsi üçün müqavilələrin imzalanması hazırki müqavilənin predmetini təşkil edir. Lakin işin faktiki hallarından görünür ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq cavabdeh qeyd edilən müqavilə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etmədiyindən, yəni, iddiaçının köhnə mənzilinin yerləşdiyi ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək inşa etdiyi binada 35.4 kv.m təmirli mənzili iddiaçının mülkiyyətinə vermədiyindən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh qeyd edilən öhdəlyinin icra edilməməsini səbəbin kimi bildirir ki, Cavabdeh MTK binanı inşa etdiyi zaman binada tikinti zamanı ümumi sahəsi 35.4 kv.m olan mənzilin inşa edilməsinin qeyri-mümkün olduğunu aşkar etmişdir, həmin mənzilin tikilməsi bütün binanın planın dəyişməsi ilə nəticələnərdi, bu səbəbdən 35.4 kv.m sahəsi olan mənzilin tikilməsi mümkün olmamışdır. Həmin binada 35.4 kv.m ümumi sahəsi olan mənzilin tikilməsinin mümkün olmayacağı əvvəlcədən ehtimal edilə bilməzdi və tikinti zamanı həmin mənzilin tikilməsi mümkün olmayacağı məlum olduğundan, artıq mənzilin tikilməsi üçün binanın planında dəyişklik edilməli idi, bu isə cavabdehin qat-qat artıq zərərinin yaranmasına səbəb olardı. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, müqavilə öhdəliklərinin icra edilməsi qeyri-mümkün olduğundan bununla bağlı tərəflərindən İddiaçı həmin müqavilə üzrə nəzərdə tutulan mənzil əvəzində, hər 1 kv.m görə 2500 manat pul məbləği olmaqla (35.4 x 2500=88500), cəmi 88500 (səksən səkkiz min beş yüz) manat pul məbləğində kompensasiya ödənilməsi təklif edilmişdir. Lakin, İddiaçı təklifə hər-hansı bir münasibət bildirməmiş, məsələnin həlli istiqamətində MTK ilə əlaqəyə keçməmişdir Apellyasiya instansiyası məhkəməsinin iclasında apellyasiya şikayətinin müqavilə ilə iddiaçıya verilməsi nəzərdə tutulan mənzilin müqavilədə göstərilən sahədə verilməsinin, başqa sözlə qətnamənin icrasının mümkün olmaması ilə bağlı müəyyən məsələlər müzakirə edilərkən iddiaçı cavabdeh tərəfin təklif etdiyi kommensasiyanın ədalətli olmaması baxımından deyil, ümumiyyətlə qəbul etmək istəməyərək, müqavilə öhdəliyinin yerinə yetirilməsində israrlı olduğünü bildirmiş, eyni zamanda qeyd etmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş binada mənzil olmasa da, həmin ərazidə 1 otaqlı mənzil verilməsi ilə mübahisəni həll etmək olar. Bu təklifi cavabdeh tərəf dəyərləndirilməsini bildirməyi ilə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iclası təxirə salınmış, lakin cavabdeh bu istiqamətdə konkret, real addımlar atmamışdır. Əksinə, sonuncu məhkəmə iclasında cavabdeh eklektron məhkəmə sistemi vasitəsilə iddiaçı ilə bağlanmış müqavilənin ləğv ilə bağlı birinci instansiya məhkəməsində müvafiq iddia qaldırmasına görə hazırki işin icraatının dayandırılması barədə vəsatət vermişdir. Məhkəmə kollegiyası vəsatətin təmin edilməməsi qənaətinə gələrək bunu hazırda tərəflər arasında bağlanmış müqavilənin Konstitusiya Məhkəməsinin Plenumunun qərarları üzrə formalaşmış təcrübəsi baxımından etibarlılığına apellyasiya icraatı qaydasında baxılması ilə əsaslandırmışdır. Kollegiya həmçinin bu vəsatətin əsassız olması ilə yanaşı bunu tərəfin hüquqdan sui-istfadəsi kimi qiymətləndirir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh tərəf mübahisə yaranandan iddiaçı tərəf qarşısında müqavilə öhdəliyini yerinə yetirə bilmədiyi üçün ona kompensasiya təklifini vermiş, daha sonra tərəflə mübahisəni məhkəmədənkənar həll edilməsi üçün vaxt istəmiş, kollegiya da məhz mübahisənin qarşılıqlı və ədalətli əsaslarla həll edilməsi məqsədi ilə yuxarıda qeyd edildiyi kimi məhkəmə iclaslarını təxirə salmışdır. Lakin cavabdeh ona yaradılan bu imkandan mübahisəni sülh yolu ilə deyil, məhz öz mənafeyi üçün sui-istifadə edərək verilən vaxt ərzində qeyd edilən iddia ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə işə baxmağa davam edərək hesab edir ki, apellyator tərəfindən irəli sülürən dəlillər əsassızdır. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərini yerinə yetirməmişdir. Bu zaman qeyd edilməlidir ki, cavabdeh müqavilə ilə iddiaçıya verilməsi nəzərdə tutulan mənzilin tikilməsi mümkün olmamasını Mülki Məcəllənin 448.4-cü maddəsinin tələbləri baxımından onun cavabdeh olmadığı haldan irəli gəlməsini sübut etməlidir. Lakin cavabdeh bu barədə hər hansı mötəbər sübuta istinad edə bilməmişdir. Digər tərəfdən cavabdeh həmin normada qeyd edilən maneədən xəbərdar olduğu halda iddiaçıya məlumat verməli idi, lakin cavabdeh tərəfindən iddiaçıya bu barədə məlumat verməsini də sübut edə bilməmişdir. Cavabdeh tərəf kollegiyanın iclasında iddiaçı ilə müqavilə bağlanarkən inşa edilmiş binanın layihəsi hazır olmadan mənzilin sahəsinin formal olaraq göstərmələri ilə bağlı apellyasiya instansiyası məhkəməsi bildirir ki, əvvəla müqavilə bağlanarkən cavabdeh təsdiq edilmiş layihə üzrə mənzil verilməsinə dair müqavilə bağlamalı idi. Görünən odur ki, belə bir layihə olmadan müqavilənin bağlanması iddiaçını bir növ mülkiyyətində olmuş, sökülməli olan mənzili təhvil vermək üçün əsas yaratmışdır. Lakin sözügedən təsdiq edilmiş layihə olmadan müqavilə bağlayaraq iddiaçıya 35.4 kv.m sahəsi olan mənzilin verilməsinə dair öhdəlik götürməsini məhkəmə kollegiyası cavabdehin öz riskinə daxil olan hal olmaqla iddiaçı qarşısında mülki məsuliyyət daşıyıcı olmasını birbaşa təsdiqi kimi qiymətləndirir. Göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə üzrə Cavabdeh MMC tərəfindən üzərinə götürdüyü öhdəlik müqavilədə göstərildiyi qaydada icra edilməlidir. Bununla da məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin Cavabdeh MTK-nın üzərinə bağlanmış xx.xx.2017-ci il tarixli 006 saylı müqavilə üzrə təmirli mənzilin İddiaçı təhvil verilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə də bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, e-2(006)- 1407/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər Elnur Həsənov Azad İmanov