Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2889/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və İlham Kərimlidən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə pulla bağlıdır. Pul “Mercedes Benz E 240” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobillə (bundan sonra – avtomobil) bağlı ödənilib. Avtomobilə dair hər hansı hüquq müəyyənedici sənəd məhkəməyə təqdim olunmayıb. Tərəflərin verdiyi məlumatdan müəyyən olunur ki, avtomobil onların heç birinə məxsus olmayıb. Avtomobilin əldə edilməsi üçün “xxxx” İnvestisiya-Kommersiya Bankı ASC-dən 8.050 ABŞ dolları məbləğində kredit götürülüb. Kredit xx.xx.2013-cü ildə X1 adına götürülüb (iş v. 34, ödəniş cədvəli). Tərəflərin verdiyi məlumata görə Sərxan Musayev ilə cavabdehin arasında əldə olunmuş qeyri-rəsmi razılaşmaya əsasən cavabdeh avtomobil üzərində sahiblik əldə edib, daha sonra iddiaçı ilə cavabdehin arasında əldə edilmiş qeyri-rəsmi razılaşmaya əsasən cavabdeh avtomobili iddiaçının sahibliyinə verib, bankın verdiyi kredit qaytarılmadığına görə bankın əməkdaşları tərəfindən avtomobil iddiaçının sahibliyindən alınıb. Nəticədə isə tərəflərin arasında hazırkı mübahisə yaranıb. İddiaçının tələbi: İddia ərizəsində tələb olunub ki, avtomobillə bağlı iddiaçının cavabdehə ödədiyi 3.000 ABŞ dolları və 2.700 manat cavabdehdən alınaraq iddiaçıya qaytarılsın. Tələb onunla əsaslandırılıb ki, tərəflərin arasındakı razılığa əsasən cavabdeh avtomobilə dair iddiaçının adına etibarnamə vermiş, iddiaçı isə cavabdehə ilkin ödəniş kimi 3.000 ABŞ dolları ödəməyi, habelə hər ay 200 manat olmaqla 4.800 manat verməyi öhdəsinə götürmüşdür. İddiaçının bildirdiyinə görə cavabdeh ona demişdir ki, həmin pulu tam ödədikdən sonra avtomobil onun adına sənədləşdiriləcək. Bundan sonra iddiaçı hər ay 200-250 manat olmaqla cavabdehə pul vermişdir. Cavabdeh isə iddiaçıdan aldığı pulu banka köçürməmişdir. Sonradan bankın işçiləri borca görə avtomobili iddiaçıdan almışlar. Buna qədər iddiaçı cavabdehə avtomobilə görə 3.000 ABŞ dolları və 2.700 manat ödəmişdir. Cavabdehin etirazı: Cavabdeh iddia tələbinə etiraz edib. Etirazın qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı avtomobilə görə cavabdehə cəmi 1.558 manat pul verib: 500 manat ilkin və 1058 manat poçt vasitəsilə. Avtomobilin iddiaçıda olduğu müddətdə cavabdeh tərəfindən banka 3.019 ABŞ dolları (2.962 manat) məbləğində pul ödənilib, bu isə iddiaçının cavabdehə verdiyi puldan çoxdur. Etirazın tam məzmunu isə ondan ibarədir ki, cavabdeh avtomobili etibarnamə əsasında Sərxan Musayevdən “alıb” və avtomobilə görə ona 1.000 manat pul ödəyib. Həmin vaxt avtomobillə bağlı banka 8.000 ABŞ dolları kredit borcu olub, kreditin qaytarılmasının təminatı kimi avtomobil bankın xeyrinə ipoteka ilə yüklü edilib. Razılaşmaya görə cavabdeh hər ay banka 315 ABŞ dolları ödəməli, sonra isə Sərxan Musayev avtomobili onun adına sənədləşdirməli idi. Daha sonra - 2014-cü ilin dekabr ayında cavabdeh avtomobili “satmaq” qərarına gəlmiş, iddiaçı isə avtomobili “almaq” istədiyini bildirmişdir. Cavabdeh iddiaçıya demişdir ki, avtomobilə görə qabaqcadan cavabdehə 1.000 manat ödəməli, hebelə hər ay banka 315 ABŞ dolları ödəməlidir, banka olan borc tam ödənilib qurtardıqdan sonra cavabdeh iddiaçının adına avtomobil üzərində sərəncam vermək hüququnu nəzərdə tutan etibarnamə verəcək. Lakin iddiaçı maddi imkanının zəif olduğunu bildirərək cavabdehə qabaqcadan 500 manat pul vermişdir. İddiaçı söz vermişdir ki, qalan 500 manatı avtomobilə görə banka olan borc tam ödənilib qurtardıqdan və onun adına sərəncam vermək hüququnu nəzərdə tutan etibarnamə verildikdən sonra ödəyəcək. 2015-ci ilin yanvar ayında iddiaçı banka olan borcu ödəmədiyindən iddiaçının cavabdehə ilkin olaraq verdiyi 500 manatdan 308 ABŞ dolları cavabdeh tərəfdinən banka ödənilmişdir. 2015-ci ilin fevral ayında iddiaçı maddi vəziyyətinin pis olduğunu cavabdehə bildirmiş, cavabdeh iddiaçının əvəzinə fevral ayı üçün 310 ABŞ dolları, mart ayı üçün isə 308 ABŞ dolları banka ödəmişdir. 2015-ci ilin may, iyun, iyul və avqust aylarında banka ödənilməsi üçün iddiaçı cavabdehə ümumilikdə 800 manat pulu poçtla göndərmişdir. Ödənişlə bağlı bankın Sərxan Musayevi (avtomobilin sahibini) narahat etməməsi üçün cavabdeh həmin pul vəsaitinin üstünü öz vəsaiti hesabına düzəldərək bankın pulunu ödəmişdir. 2015-ci ilin avqust ayında bank avtomobili iddiaçının sahibliyindən almaq istəmiş, iddiaçı cavabdehə müraciət edərək maddi cəhətdən köməklik etməsini xahiş etmiş, buna görə cavabdeh 1.000 ABŞ dolları banka ödəmiş, bank yeni ödəniş qrafiki tərtib edərək vermişdir. 2015-ci ilin sentyabr ayında iddiaçı poçt vasitəsilə cavabdehə cəmi 258 manat göndərmiş, cavabdeh həmin məbləğin üstünü düzəldərək banka 364 ABŞ dolları ödəmişdir. 2015-ci ilin noyabr ayında cavabdeh iddiaçının xahişinə əsasən öz hesabına banka 364 ABŞ dolları, 2015-ci ilin dekabr ayında 365 ABŞ dolları ödəmişdir. 2015-ci ilin dekabr ayında ölkədə baş vermiş “ikinci devalivasiya”dan sonra iddiaçı tərəfindən banka ümumiyyətlə heç bir ödəniş edilməmiş, habelə devalivasiya nəticəsində cavabdehin özünün də iddiaçının əvəzinə ödəniş etməyə maddi imkanı olmadığından bankın əməkdaşları avtomobili iddiaçının sahibliyindən almış, daha sonra avtomobil bank tərəfindən satılmışdır. İddianın həlli: Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Qətnamə onunla əsaslandırılıb ki, məhkəmə araşdırması zamanı cavabdehin iddiaçıya təqsirli, qanuna zidd hərəkətlər nəticəsində hər hansı zərər vurduğu öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı cavabdehə avtomobilə görə 3.000 ABŞ dolları məbləğində ilkin ödəniş verdiyini, daha sonra isə 2.700 manat məbləğində vəsaiti hissə-hissə verdiyini, cavabdehin isə həmin pul vəsaitini mənimsədiyini bildirsə də məhkəmə araşdırması zamanı qeyd edilən hallar sübuta yetməmişdir. İddianın rədd edilməsinin hüquqi əsas kimi Mülki Məcəllənin mülki hüquq pozuntuları (deliktlərlə) bağlı 1096 və 1097-ci maddələrinin göstərişlərinə istinad olunmuşdur. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, iddia tələbi əsaslıdır, birinci instansiya məhkəməsində dindirilmiş şahidlər də iddiaçının cavabdehə pul verdiyini təsdiq ediblər, lakin məhkəmə iddianı ona görə rədd edib ki, guya tələbin əsası kimi istinad olunan hallar məhkəmə araşdırılması zamanı sübuta yetməyib. Bundan başqa, məhkəmə mübahisəyə Mülki Məcəllənin əsassız varlanma ilə bağlı 1091 və 1092-ci maddələrini tətbiq etməli olduğu halda səhvən mülki hüquq pozuntuları (deliktlərlə) bağlı 1096 və 1097-ci maddələrini tətbiq etmişdir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Qətnamənin yoxlanılması: Apellyasiya şikayətində düzgün olaraq qeyd olunub ki, birinci instansiya məhkəməsi mübahisəyə Mülki Məcəllənin əsassız varlanma ilə bağlı 1091 və 1092-ci maddələrini tətbiq etməli olduğu halda səhvən mülki hüquq pozuntuları (deliktlərlə) bağlı 1096 və 1097-ci maddələrini tətbiq etmişdir. Həqiqətən tərəflərin arasında əsassız varlanmadan yaranan öhdəlik münasibəti olub. Belə ki, avtomobilin və bank kreditinin hüquqi baxımdan tərəflərə hər hansı aidiyyəti olmayıb. İddiaçı başqasına məxsus olan avtomobilə görə, habelə başqasının bank qarşısında olan kredit öhdəliyinə görə cavabdehə pul verib. Cavabdeh iddiaçının ona pul verdiyini etiraf edir, ona görə də pulun verilməsi faktı (məbləğlə bağlı mübahisə nəzərə alınmadan) mübahisə doğurmur. Cavabdeh iddiaçının ona verdiyi pula münasibətdə əsassız varlanmış şəxs sayılır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Hüquqi əsas olmadan əldə edilən pul məhrum olanın tələbi ilə geri qaytarılmalıdır. Belə ki, Mülki Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Lakin geri tələb etmək hüququna müddət tətbiq olunur. Mülki Məcəllənin 1095-ci maddəsinə görə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci 2 il sonra müddətin keçməsinə görə qüvvədən düşür. İddiaçı həmin müddəti ötürüb. İddiaçı pulu cavabdehə 2015-ci ildə verib. Bunu cavabdehin izahatı, habelə işdə olan pul köçürmələri barədə qəbzlər təsdiq edir (iş v. 35 və 36). İddia ərizəsi isə 5 il keçdikdən sonra – xx.xx.2020-ci ildə məhkəməyə verilib. 2 illik müddət iddia müddəti olmadığına görə onun tətbiq edilməsi üçün ərizə verilməsi tələb olunmur, hüquq müddətin keçməsinə görə qvvədən düşür. İddia ərizəsi verilənə qədər hüquq öz qüvvəsini itirmişdi. Hüquq qüvvəsini itirdiyinə görə tələb təmin edilə bilməz. Müddət keçdiyinə görə hazırkı mübahisənin pulun (iddiaçı tərəfindən cavabdehə verilən pulun) məbləğinə aid hissəsinin araşdırılmasına zərurət yoxdur. Belə ki, pulun məbləğindən asılı olmayaraq tələb rədd olunmalıdır. Əgər müddət keçməsəyidi, belə halda pulun məbləği araşdırılmalı idi, çünki iddia təmin olunarkən tutulmalı olan pulun məbləği qətnamədə göstərilməlidir. Məhkəmə mübahisənin yalnız o, hallarını araşdırır ki, həmin halların hüquq normasının tətbiq edilməsi üçün əhəmiyyəti var. Beləliklə, birinci instansiya məhkəməsi iddianı rədd etsə də işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv olunsun və İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiası rədd olunsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2889/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2889/2021
12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver