Məhkəmə qərarları › İş №2(103)-2892/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2892/2020

29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2892/2020 29.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3 nümayəndəsi və vəkili Aslan Heydərovun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2nə və Cavabdeh3 qarşı “keçirilmiş hərracın və onun yekununa dair protokolun etibarsız hesab edilməsi” tələbinə dair 2(004)- 5902/2019 saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2nə və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, M-909 saylı sahənin bir hissəsi 0,06 ha torpaq sahəsinin açıq hərracda satılmasına dair keçirilən hərracın və hərracın nəticəsi olaraq Cavabdeh1 MMCnin tərtib etdiyi xx xxxxxxxx 2019-cu il tarixli, 115 saylı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Məmmədov X7 Aynurə Qabil qızı ilə 2002-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2006-cı il tarixdə Hüseyn və Həsən adlı övladları doğulmuşdur. Daha sonra nikah məhkəmə qaydasında pozulmuş, uşaqlar anaları Məmmədova (Novruzova) Aynurə Qabil qızının himayəsində saxlanılmış və ondan uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat alimentin alınaraq Məmmədova (Novruzova) Aynurə Qabil qızına ödənilməsi qət edilmişdir. Lakin bir müddət keçdikdən sonra Məmmədova (Novruzova) Aynurə Qabil qızı ilə aralarında olan münasibət yenidən bərpa olmuş və birlikdə yaşamağa başlamışlar. xx.xx.2013-cü il tarixdə X9 müvafiq ərizə ilə müraciət edərək, barışdıqları üçün icra vərəqəsinin icra edilmədən məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Yasamal rayon İcra Şöbəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə icra sənədi icra edilmədən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə geri qaytarılmışdır. Müəyyən müddət sonra ailədə yenidən münaqişələr baş qaldırdığından, A.Q.Novruzova yenidən məhkəməyə müraciət edərək, aliment tutulması barədə icraatın təzələnməsini xahiş etmişdir. Yasamal rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli qərarı ilə sözügedən iş üzrə icraata yenidən başlanılmışdır. Buna baxmayaraq, Yasamal rayon İcra Şöbəsi əsassız olaraq ondan xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixədək aliment borcunun ödənilməsini xahiş etmişdir. Ona görə də müvafiq iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(81)-773/2018 saylı qərarı ilə İddiaçı Cavabdeh2nə qarşı iddiası təmin edilərək, İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixədək X10 və X12 görə tələb olunan aliment borcuna dair Cavabdeh2 hərəkətləri qanunsuz hesab edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İİK-nın xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(103)- 1191/2018 saylı qərarı ilə üçüncü şəxs X4 apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(102)-2884/2018 saylı qərarı ilə üçüncü şəxs X1 şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(103)-1191/2018 nömrəli qərarı ləğv edilmiş, İddiaçı iddiası mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin sözügedən qərarında göstərilmişdir: "Beləliklə, cavabdeh Yasamal rayon icra Şöbəsinin iddiaçının qənaətinə görə qanuna zidd hərəkətləri "İnzibati icraat haqında" Qanunun 2.0.2-ci maddəsində müəyyən edilmiş inzibati akt anlayışına uyğun deyil, başqa sözlə, cavabdehin icra icraatı zamanı hərəkətləri və ya hərəkətsizliyi inzibati akt kimi qiymətləndirilə bilməz. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qərarında da göstərilmişdir ki, "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. Yəni buradan belə qənaətə gəlmək olar ki, icra məmurunun icra icraatı üzrə hərəkətsizliyi məsələsi iddia ərizəsi qaydasında deyil, icra sənədini vermiş məhkəmədə şikayət qaydasında irəli sürülərək həll edilməlidir. ” Odur ki, iddiaçı müvafiq şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixədək X10 və X12 görə İddiaçı tələb olunan aliment borcuna dair Cavabdeh2 icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Bundan sonra müvafiq ərizə ilə Cavabdeh2 icra məmuru Anar Əyyubova müraciət edilərək, sözügedən işə mahiyyəti üzrə baxılıb qurtarılanadək, icraatında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-5140/2012 saylı xx.xx.2012-ci il tarixli icra sənədi üzrə icraatın dayandırlmasına dair qərar qəbul edilməsi xahiş etmişdir. Lakin müraciətinə Cavabdeh2 icra məmuru tərəfindən hər hansı bir cavab verilməmişdir. Bundan əlavə, konkret olaraq xx xxxxxxxx 2019-cu il tarixdə günorta saatlarında Cavabdeh2nə çağırılmış və orada olarkən bildirilmişdir ki, həmin gün saat 11-də hərrac keçirilərək, mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, M-909 saylı sahəsinin bir hissəsi 0,06 ha torpaq sahəsi açıq hərracda Cavabdeh3 satılmışdır. Hesab edir ki, keçirilmiş hərrac qanunverciliyin tələblərinə uyğun keçirilməmişdir. Belə ki, əvvəla hərracın keçirilməsi barədə ona hər hansı bir məlumat verilməmişdir. İkincisi isə, müvafiq şikayətlə Yasamal Rayon Məhkəməsinə icra məmurunun hərəkətlərindən şikayət edərək, xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixədək ondan tələb olunan aliment borcunun qanunsuz olmasını mübahisələndirmişdir. Həmin şikayətə baxılıb qurtaranadək icra sənədi üzrə icraatın və icra hərəkətlərinin dayandırılmalı olmasına baxmayaraq, nəinki icra hərəkətləri davam etdirilmiş, habelə ondan xəbərsiz ona məxsus əmlak qiymətləndirilərək, hərrac vasitəsilə satılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh3 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, xx xxxxxx 2019-cu il tarixə kimi İddiaçı aliment borcu cəmi 5432 manatdır. Halbuki vəkilinin verdiyi sorğuya Cavabdeh2ndən verilən cavab məktubunda hərrac keçirilən günə aliment borcu 6740 manat olmuşdur. xx xxxxxx 2019-cu il tarixə isə aliment borcu (hər uşağa görə 154 manat olmaqla cəmi 308 manat) 6740 - 308= 6432 manat olmuşdur. Həmin məbləğdən 1000 manat məbləği isə məhkəmə əsassız olaraq azaltmışdır. İlk öncə bildirir ki, borc hissəsinə dair cavabdeh olaraq onun tərəfindən təqdim olunan sübutu iddiaçı tərəf mübahisələndirməmiş və faktiki olaraq qəbul etmişdir. Lakin məhkəmə müşavirədə olduğu zaman icra məmurundan aliment borcunun 5432 manat olmasına dair yeni məktub almışdır. Faktiki olaraq müşavirədə olan hakim sübut toplamışdır. Buna görə də icra məmurunun aliment borcunun 5432 manat olmasına dair məktubu mötəbər sübut deyil və qətnamənin əsasını təşkil edən əsaslardan biri ola bilməz. Həmçinin, məhkəmə 1000 manat aliment borcunu Aynurə Novruzovanın ərizəsi əsasında azaltmışdır. Halbuki, Aynurə Novruzovanın ərizəsindən də aydın olur ki, həmin məbləğ xx xxxxxxx 2013 - xx xxxxx 2017-ci il arası dövr üzrə ödənildiyindən aliment olaraq qəbul oluna bilməz. Hal-hazırda hərracın nəticələrinin etibarsız hesab olunması üçün heç bir əsas yoxdur. Əgər İddiaçı məxsus olan torpaq sahəsinin satılması nəticəsində Aynurə Novruzovaya ödənilən məbləğ aliment borcundan daha çoxdursa, bu zaman iddiaçı artıq ödənilmiş aliment məbləğini geri tələb edə bilər. Bu hal isə hərracın etibarsızlığı üçün qətiyyən əsas ola bilməz. Məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, “2013-cü ildən 2017-ci ilədək borcun hesablanmalı olmaması məhkəmə qərarı ilə təsdiq olunmuşdur. Əgər bu məbləğ çıxılsa idi, onda borc məbləği əhəmiyyətli dərəcədə azalardı və icra məmuru tərəfindən həmin məbləğin ödənilməsi borcluya təklif olunsaydı, o məbləğin ödənilib-ödənilməməsi artıq iddiaçı tərəfin mülahizəsindən asılı olardı ki, yalnız bundan sonra icra məmuru məcburi icra hərəkətləri həyata keçirməli idi.” Yəni məhkəmə faktiki olaraq gələcəkdə baş vermə ehtimalı olan və ya olmayan hadisələrə əsaslanmaqla qətnamə qəbul etmişdir. Halbuki, borclu İddiaçı uzun illər aliment borcunu ödəməməsi halı göz qabağında reallıq olaraq mövcud olsa belə məhkəmə ehtimallar üzərindən qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, “həmçinin cavabdehin vəkilinin digər dəlili-iddiaçının hərrac barədə məlumatlı olması da iş materialları ilə öz təsdiqini tapmır”. İş materiallarına əlavə olunan bildirişdən də görünür ki, Cavabdeh1 MMC tərəfindən xx xxxxxx 2019-cu il tarixində borclunun (İddiaçı) qeydiyyat yeri üzrə ünvanına hərracın keçirilməsi barəsində bildiriş göndərilmişdir. Lakin ünvan bağlı olduğundan məktub geri qayıtmışdır. Hazırki mülki işdə də iddiaçının ünvanı ünvan 1 qeyd olunsa belə görünür iddiaçı qeydiyyat yeri üzrə ünvanda yaşamır. İşin maraqlı tərəfi ondan ibarətdir ki, İddiaçı hazırki iddia tələbində eləcə də digər bütün məhkəmə işlərində də ünvanını ünvan 2 qeyd etmişdir. İddiaçı həmin ünvana göndərilən bütün bildirişləri aldığı halda, hərrac barəsində bildiriş “ünvan bağlıdır” qeydi ilə geri qayıtması sual doğurur. Digər tərəfdən, iddia tələbini sübut etmək iddia tərəfinin vəzifəsidir. Cavabdeh, İddiaçı ünvanına göndərilən sifarişli poçt bildirişini təqdim etdiyi halda məhkəmə bunu qəbul etməmişdir. Ondan belə çıxır ki, hərrac təşkilatı Anan Məmmədov şəxsən tapıb bildiriş verməli idi. Məhkəmənin bu cür hüquqi qiymət verməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 5-ci maddəsinin tələblərinə də ziddir. Məhkəmə qətnaməsinin ləğv olunması üçün digər əsas ondan ibarətdir ki, məhkəmə xx xxxxxxxx 2019-cu il tarixli, 115 saylı protokolu etibarsız hesab etsə belə, hüquq münasibətlərinin ilkin vəziyyətə qaytarılmasını öz qətnaməsində qeyd etməmişdir. Belə ki, hazırki iddia tələbi X4 da maraqlarına toxunduğundan o, ən azından 3-cü şəxs qismində cəlb olunmalı idi. Hərrac protokolu müqavilə qüvvəsinə malikdir. Buna görə də müqavilələrin etibarsızlığı ilə maddi hüquq normaları hərrac protokoluna da şamil olunur. Yəni hərrac protokolu faktiki olaraq müqavilədir və müqavilə həmin ana qədər baş verən hadisələrə görə etibarsız sayıla bilər. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icra məmurunun hərəkətlərinin qanunsuz hesab olunması barəsində qərardadı hərracdan sonra qəbul olunmuşdur. Halbuki həmin qərardadın hazırki iddianın əsası kimi qəbul olunması üçün ən azından qərardadın hərrac keçirilməmişdən əvvəl qəbul olunması zərurəti var idi. Yəni hərrac özündən əvvəl baş verən hər hansısa fakta və ya hadisəyə görə etibarsız sayıla bilərdi, hərracdan sonra yox. Bildirir ki, Cavabdeh3 hazırki daşınmaz əmlakın hərrac vasitəsilə alqı-satqısında vicdanlı alıcı qismində çıxış etmişdir. Belə ki, Aynurə Novruzova ilə İddiaçı arasında olan icranın hərəkətləri ilə bağlı məhkəmə çəkişmələrindən məlumatı olmamışdır. Yəni Cavabdeh3 icranın hərəkətləri ilə bağlı məhkəmə icraatından məlumatı olsaydı təbii ki, həmin daşınmaz əmlakı da almazdı. Məhkəmə bu hissəyə də, yəni Cavabdeh3 vicdanlı alıcı olmasına hüquqi qiymət verməmişdir. Məhkəmənin hərrac protokolunu heç bir qanuni əsas olmadan etibarsız sayması mülki dövriyyənin sabitliyini və mülki dövriyyə iştirakçıları arasındakı inamı da zədələyəcəkdir. Belə ki, əsassız yerə hərracın etibarsız sayılması gələcəkdə hərrac vasitəsilə əmlakın özəlləşdirilməsinin və məcburi icra hərəkətlərinin də qarşısını süni şəkildə alacaqdır. Apelyasiya baxışı zamanı Cavabdeh3 təmsilçisi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçının təmsilçisi apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdehlər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Belə ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, M-909 saylı sahəsinin bir hissəsi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi Bakı şəhəri, 2 saylı “Asan Xidmət” mərkəzində təsdiq edilən 4Ə/01-241 reyestr nömrəli xx xxxxxx 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına qeydiyyatdan keçmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadına əsasən, 2(004)-5140/2012 saylı, xx xxxxxx 2012-ci il tarixli icra sənədi üzrə tələbkar X5 İcra Şöbəsinə xx xxxxxxx 2013-cü il tarixli ərizəsinə əsasən icra sənədi icra edilmədən məhkəməyə geri qaytarılmışdır. İcra məmuru Anar Əyyubov xx xxxxxx 2017-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata yenidən başlamışdır. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, M-909 saylı sahəsinin bir hissəsi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2018-ci il tarixli qiymətləndirmə rəyinə əsasən, 13200 manat dəyərində ilkin qiymətləndirmişdir. Cavabdeh2 icra məmuru Anar Əyyubovun Cavabdeh1 MMC-yə ünvanladığı xx.xx.2019-cu il tarixli sifarişinə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, M-909 saylı sahəsinin bir hissəsi 02 ay ərzində hərracın keçirilməsi xahiş edilmişdir. Açıq hərrac barədə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli bildirişlər Cavabdeh2nə, X6 və İddiaçı ünvanlanmışdır. Hərrac barədə məlumat “Kaspi” qəzetinin xx.xx.2019-cu il tarixli nəşrində çap edilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, M-909 saylı sahəsinin bir hissəsinə dair hərracı həyata keçirən Cavabdeh1 MMC tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə saat 11:00-da ünvan 5 ünvanında Cavabdeh2 icra məmuru Anar Əyyubovun, Cavabdeh1 MMC- nin direktoru X13 və Cavabdeh1 MMC-nin protokol bölməsinin rəhbəri X11 iştirakları ilə Cavabdeh1 MMC tərəfindən hərrac təşkil edilmiş və İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, M-909 saylı sahəsinin bir hissəsi (0,06 ha torpaq sahəsi) 13200 manat qiymətləndirilməklə Cavabdeh3 satılmışdır. İcra məmuru tərəfindən İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixədək aliment borcunun tələb edilməsinə dair hərəkətlər İddiaçı tərəfindən mübahisələndirilmişdir. İddiaçı Cavabdeh2nə xx.xx.2019-cu il tarixli ərizə ünvanlayaraq, məhkəmə mübahisəsi olduğu üçün icra sənədi üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-297/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Anar Əyyubovun hərəkətlərindən verdiyi şikayət ərizəsi təmin edilmiş və Yasamal Rayon icra Şöbəsinin icra məmuru Anar Əyyubovun hərəkətləri qanunsuz hesab edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə həmin qərardaddan verilmiş şikayət təmin edilməmiş və dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 icra məmuru Anar Əyyubovun Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim etdiyi xx.xx.2019-cu il tarixli arayışa əsasən, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5140/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinə əsasən aliment tutulması xx.xx.2012-ci il tarixdən hesablanır. Buna görə də, xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək aliment borcu 2800 manatdır. xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üçün Yasamal Rayon Məhkəməsinin 8(004)- 297/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadına əsasən aliment hesablanmamışdır. xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək aliment borcu 2800 manat təşkil edir. Beləliklə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5140/2012 saylı, xx.xx.2012ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2018-ci il tarixədək aliment borcu cəmi 5600 manatdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3353/2018 saylı, xx.xx.2018ci il tarixli icra vərəqəsinə əsasən, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək aliment borcu 4312 manat təşkil edir. Beləliklə, hər iki icra sənədi üzrə cəmi borcu 9912 manat təşkil edir. Borclu tərəfindən 4480 manat ödəniş edilib. Qeyd olunan icra sənədləri üzrə İddiaçı hərrac sifarişinə qədər yəni xx.xx.2019-cu il tarixə kimi aliment borcu cəmi 5432 manat təşkil edir. “İcra haqqında” Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. Həmin Qanunun 61.1-ci və 61.2-ci maddələrinə görə isə borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 8-ci maddəsinə görə, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. “İcra haqqında” Qanunun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 61.1-ci və 61.2-ci maddələrinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Qanunun 62.1-ci və 62.2-ci maddələrinə görə isə, icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Mülki Məcəllənin 415.1-ci və 415.2-ci maddələrinə görə, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X16 Məhkəməsi “X3” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, icra məmuru alimentin ödənilməsi icraatı çərçivəsində qeyd edilən əmlakın açıq hərracda satılması istiqamətində tədbirlərə başlamış, əmlakın qiymətləndirilməsi üçün sifariş məktubu göndərmiş, ilkin satış qiyməti ilə əmlakın satılması üçün açıq hərrac təyin edilmiş, hərracın keçirilməsinə dair qəzetdə məlumat dərc edilmiş, eləcə də qeydiyyat ünvanı üzrə İddiaçı bildirişlər göndərilmişdir. xx.xx.2019-ci il tarixdə keçirilmiş hərracda sözügedən əmlak ilkin satış qiyməti ilə Cavabdeh3 satılaraq hərracın nəticələri haqqında eyni tarixli 115 saylı protokol tərtib olunmuşdur. Nəticədə isə işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, əmlakın hərracdan satılması bu barədə qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Göstərilənlərlə yanaşı, Kollegiya həmçinin hesab edir ki, İddiaçı mübahisəli əmlak barədə hərracın qanun pozuntuları ilə keçirilmiş olduğuna və yekun protokolun etibarsız hesab edilməsinə dair arqumentləri də öz təsdiqini tapmır. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, MM-in 415.2ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Göründüyü kimi, keçirilən hərracla bağlı həm bildiriş, həm də kütləvi kütləvi informasiya vasitələrində məlumat dərc edilməklə, tərəflər məlumatlı olmuşlar. Qeyd olunanlara əsasən Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5902/2019 saylı mülki iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2nə və Cavabdeh3 qarşı İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, M-909 saylı sahənin bir hissəsi 0,06 ha torpaq sahəsinin açıq hərracda satılmasına dair keçirilən hərracın və hərracın nəticəsi olaraq Cavabdeh1 MMC-nin tərib etdiyi xx xxxxxxxx 2019-cu il tarixli 115 saylı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsinə dair iddia ərizəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar