Məhkəmə qərarları › İş №2(103)-2895/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2895/2021

05.05.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2895/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı, Cavabdeh 45 saylı Tam Orta Məktəbin direktoru X3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4nın iştirakı ilə, İddiaçı Cavabdeh (X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 dekabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, onun cavabdeh Bakı şəhəri Nərimanov rayonu 45 nömrəli Tam Orta Məktəbə laborant vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddiaçı 2008-ci il tarixdən Nərimanov rayonu 45 nömrəli Tam Orta Məktəbdə informatika laborantı vəzifəsində işləmiş, 2017-ci ildə analıq məzuniyyətinə çıxmışdır. İşə qayıdan zaman yeni təyin edilmiş direktor Nəcibə Axundova tərəfindən ştat yerlərinin ixtisara düşməyi ilə bağlı işdən azad olunduğu bildirilmişdir. O, uzun müddətdir ki, həmin məktəbdə işləməsinə baxmayaraq, ondan az stajı olan və analıq məzuniyyətində olduğu vaxt yerinə işləyən Sevinc ştatda saxlanılmışdır. İddiaçı hərbiçi arvadıdır, əri X6 ömrünün 33 ilini hərbə sərf etmişdir. Cavabdeh, şikayətə etiraz təqdim edərək bildirmişdir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 25.06.2019-cu il tarixli, 3019-05/12 nömrəli məktubunda qeyd olunmuşdur ki, müvafiq dövrdə 45 nömrəli Tam Orta Məktəbdə 3 kompüter laborantı ştatı mövcud olmuşdur. Lakin məktəbin balansında olan istismar müddəti bitmiş, yararsız olan kompüterlərin silinərək balansdan çıxarılması nəticəsində işlək kompüterlərin sayı azalmış və nəticədə hazırda məktəbdə 1 informatika kabineti fəaliyyəti göstərir. Mövcud vəziyyət nəzərə alınaraq 2019-2020-ci tədris ilinin başladığı 15.09.2019-cu il tarixə məktəbin ştat cədvəlində müvafiq laborant ştatlarının sayının 2 vahid azaldılması nəzərdə tutulmuşdur. Üç kompüter laborantı arasında peşəkarlıq səviyyəsi və verilən tapşırıqların vaxtında və keyfiyyətli icrasını təmin etdiyi üçün Sevinc Soltanovanın işdə saxlanılması, kompüter laborantı vəzifəsində çalışan və həmin dövrdə sosial məzuniyyətdə olan Mənsurə Qarayevə və İddiaçı ilə bağlanmış müqavilələrə isə onlar sosial məzuniyyətdən qayıtdıqdan sonra xitam verilməsi qərara alınmışdır. Ştatının ixtisar olunacağı barədə iddiaçıya məktəb rəhbərliyinin adından rəsmi məktub ünvanlaranaraq xəbərdarlıq olunmuş, məktəbin həmkarlar ittifaqı təşkilatının iclası keçirilmiş və həmin iclasda qeyd olunan vəziyyət nəzərə alınaraq iddiaçının ixtisar edilməsinə razılıq verilməsi barədə qərar qəbul edilmişdir. Bakı şəhəri 45 nömrəli Tam Orta Məktəb üzrə verilmiş 27.02.2020-ci il tarixli, ƏM-in 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış müqaviləyə xitam verilmiş və orta əmək haqqının iki misli miqdarında işdənçıxma müavinəti ödənilmişdir. Qeyd edilməlidir ki, Sevinc Soltanova 30.12.2010-cu il tarixdən həmin məktəbdə işləyir və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunmuş müvafiq müsabiqədə iştirak edərək müvəffəqiyyət qazanaraq məktəbə 01.12.2016-cı il tarixdən daimi əsaslarla laborant vəzifəsinə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh 45 saylı Tam Orta Məktəbin direktoru Nəcibə Axundova isə, şikayətə etiraz edərək, onun təmin olunmasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Suala cavab olaraq bildirdi ki, məktəbdə müəllimlərin, eləcə də laborantlarının peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üçün təsdiq olunmuş hər hansı qayda və ya prosedur yoxdur. Bu məsələ məktəb daxilində hər bir lobarantın işlədiyi kabinetin rəhbərinin rəyi ilə müəyyən olunur ki, iddiaçının çalışdığı informatika kabinetinin rəhbərinin rəyi məhkəməyə təqdim olunmuşdur. Eyni zamanda, hazırda təhsil sahəsində elektron sistemə keçilərək, hər bir şagird barədə məlumat bu sistemə işlənir ki, bu da kifayət qədər məsuliyyət tələb edən və ciddi bir işdir. Sevinc Soltanova işlədiyi müddətdə bu işin öhdəsindən layiqincə gəlmiş və bununla bağlı hər hansı problem yaranmamışdır. İddiaçı isə elektron sistemlə heç vaxt işləmədiyindən bu işin ona həvalə edilməsi arzuolunmaz nəticələrə səbəb ola bilərdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs də, apelyasiya şikayətinə etiraz edərək, bildirmişdir ki, 2010-cu ildən həmin məktəbdə informatika üzrə laborant vəzifəsində işləyir və vəzifəsinin öhdəsindən layiqincə gəlir, işlədiyi müddətdə heç bir pozuntuya yol verməmişdir. 2016-cı ildə isə imtahan komissiyasının təşkil etdiyi imtahanda iştirak edərək, yüksək bal toplamış və daimi əsaslarla işə qəbul olunmuşdur. Yəni, ştatlar ixtisar olunarkən ödənişli məzuniyyətdə olan işçinin yerinə çalışmamış, daimi işçi olmuşdur. Himayəsində iki azyaşlı uşağı var və uşaqları da sözügedən məktəbdə təhsil alırlar. Odur ki, qeyd olunanlara əsasən, şikayətin təmin olunmamasını qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Kollegiya, proses iştirakçılarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı 01.05.2009-cu il tarili 69 nömrəli əmrlə Bakı şəhəri N.Nərimanov adına 45 nömrəli Tam Orta Məktəbin informatika kabinetinə laborant vəzifəsinə təyin edilmiş, 27.02.2020-ci il tarixli, 22 nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat ixtisarı ilə əlaqədar), onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bakı şəhəri üzrə Təhsil İdarəsinin Bakı şəhəri N.Nərimanov adına 45 nömrəli Tam Orta Məktəbin direktoruna ünvanladığı 30.12.2010-cu il tarixli, 3428-12 nömrəli məktubda qeyd olunmuşdur ki, məktəbə sosial məzuniyyət yerinə kompüter laborantı qəbulu ilə əlaqədar müvafiq müraciətə baxılmışdır. Bakı şəhəri üzrə Təhsil İdarəsi ali təhsilli X4nın sosial məzuniyyətdə olan X1 yerinə müvəqqəti olaraq kompüter laborantı vəzifəsinə təyin olunmasına etiraz edilmir. 01.12.2016-cı il tarixli 9954-02/10 nömrəli məktubla adıçəkilən İdarə, müvafiq məktəbdə laborant vəzifəsinin vakant olduğunu nəzərə alaraq, məktəbdə müvəqqəti kompüter laborantı işləyən Sevinc Soltanovanın daimi laborant vəzifəsinə təyin edilməsinə etiraz etməmişdir. Həmin İdarənin məktəbin direktoru Nəcibə Axundovaya ünvanladığı 25.06.2019-cu il tarixli, 3019- 05/12 nömrəli məktubda isə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümümi təhsil müəssisələrinin 2018-2019-cu dərs ili üçün tədris planlarının təsdiqi haqqında” 20.07.2018-ci il tarixli, F-526 nömrəli əmrinin 21-ci bəndinə uyğun olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələri müvafiq sayda kompüter cihazları ilə təchiz olunduqda formalaşan informatika kabinetlərinin sayı əsasında məktəbin ştat cədvəlində informatika laborantı vəzifəsi müəyyən olunur. Bununla əlaqədar olaraq, müvafiq dövrdə Bakı şəhəri 45 nömrəli Tam Orta Məktəbdə 3 kompüter laborantı ştatı mövcud olmuşdur. Lakin məktəbin balansında olan istismar müddəti bitmiş, yararsız olan kompüterlərin silinərək balansdan çıxarılması nəticəsində işlək kompüterlərin sayı azalmış və hazırda 1 informatika kabineti fəaliyyət göstərir. Mövcud vəziyyəti nəzərə alaraq, 2019- 2020-ci tədris ilinin başladığı 15.09.2019-cu il tarixə məktəbin ştat cədvəlində müvafiq laborant ştatlarının sayı 2 vahid azaldılacaqdır. Qeyd edilənləri nəzərə alaraq, Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, məktəbdə laborant vəzifəsi tutan işçilərdən ikisinin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi müvafiq məktəbin direktoruna tapşırılır. Bakı şəhəri N.Nərimanov adına 45 nömrəli Tam Orta Məktəbin İddiaçı ünvanladığı 13.12.2019-cu il tarixli, 72 nömrəli məktubdan görünür ki, mövcud vəziyyət nəzərə alınaraq hal-hazırda sosial ödənişli məzuniyyətdə olduğuna görə məzuniyyətdən qayıtdıqdan sonra İddiaçı ixtisar olunmağının planlaşdırılması barədə o, xəbərdar edilmişdir. Müvafiq məktub İddiaçı tərəfindən qəbul edilmiş və bu barədə imza etmişdir. Bundan başqa, Bakı şəhəri N.Nərimanov adına 45 nömrəli Tam Orta Məktəb tərəfindən 28.01.2020-ci il tarixli, 06 nömrəli məktubla da İddiaçı qeyd olunanlar barədə xəbərdarlıq edilmişdir. Eyni zamanda, Məktəbin 18.02.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, 27.02.2020-ci il tarixədək qeyd edilən şəxslər, o cümlədən İddiaçı işə çıxmalı, bundan sonra isə həmin şəxslərlə ştat ixtisarı olduğundan onlarla bağlanmış əmək müqaviləsinə xitam veriləcəkdir. Müvafiq xəbərdarlıq İddiaçı tərəfindən şəxsən imzalanmışdır. Bakı şəhəri N.Nərimanov adına 45 nömrəli Tam Orta Məktəbin əmək müqaviləsinə xitam verilməsi barədə 27.02.2020-ci il tarixli, 22 nömrəli əmrindən çıxarışdan görünür ki, 2019/2020-ci dərs ilində məktəbdə bir informatika kabineti fəaliyyət göstərdiyindən məktəbin ştat cədvəlində iki laborant ştatının ixtisar olunması zərurəti yaranmış, ixtisarı nəzərdə tutulan informatika laborantı İddiaçı bu haqda 13.12.2019-cu il tarixli, 72 nömrəli xəbərdarlıq məktubu ilə xəbərdar edilmiş, xəbərdarlıq məktubunu alması isə 20.12.2019cu il tarixinə qədər olmuşdur. Qeyd olunanlar nəzərə alınaraq, 2019/2020-ci dərs ilində məktəbdə bir informatika kabinetinin fəaliyyət göstərməsi ilə əlaqədar məktəbin ştat cədvəlində 2 vahid informatika laborant ştatının ixtisar olunması zərurəti yarandığına görə məktəbin informatika laborantı İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq 27.02.2020-ci il tarixdən ləğv edilməsi, ona həmin Məcəllənin 77-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq orta əmək haqqının iki misli miqdarında işdənçıxma müavinətinin ödənilməsi əmr edilmişdir. Əsas olaraq, Bakı şəhəri üzrə Təhsil İdarəsinin laborant ştatının ixtisar olunması haqqında 25 iyun 2019-cu il tarixli, 3019-05/12 nömrəli məktubu, məktəb Həmkarlar Təşkilatının 25 noyabr 2019-cu il tarixli 1 nömrəli protokolu, Pedaqoji Şuranın 02 dekabr 2019-cu il tarixli 2 nömrəli protokolundan çıxarış, məktəb direktorunun 05 dekabr 2019-cu il tarixli 117 nömrəli əmri (xəbərdarlıq edilməsi barədə əmr), Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi və 77-ci maddəsinin 3-cü hissəsi göstərilmişdir. Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi 3 nömrəli xidmət və əməliyyat mərkəzinin 07.12.2020-ci il tarixli, 383 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Bakı şəhəri üzrə Təhsil İdarəsinin Nərimanov rayonu 45 nömrəli Tam Orta Məktəbdə informatika lobarantı vəzifəsində işləmiş, 27.02.020-ci il tarixdən ixtisara düşdüyünə görə işdən azad olunmuşdur. Ona minimum əmək haqqının 2 misli miqdarında ixtisar pulu, yəni 500 manat məbləğində pul cari ilin mart ayında ödənilmişdir. Hazırda iddiaçı, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz olduğunu, cavabdeh tərəfindən ştatların ixtisar edilməsi prosedurunun və onun üstünük hüququnun pozulduğunu bildirərək, işə bərpa olunmasını tələb edir. Cavabdeh isə, iddiaya etiraz edərək bildirir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən, əmək qanunvericiliyinin bütün tələblərinə əməl edilmişvə daha yüksək peşəkarlıq səviyyəsinə malik işçi saxlanılmışdır. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Kollegiya, hazırkı mübahisənin həlli baxımından göstərilən əsasla əmək müqaviləsinə xitam verilərkən işçilər üçün müəyyən edilmiş təminatları aydınlaşdırmağı, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən bu təminatlara əməl edilib-edilməməsinə diqqəti yönəltməyi zəruri hesab edir və vurğulayır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan, qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verərkən işçilər üçün müəyyən təminatlar müəyyən edilmişdir. Bu hal, həmçinin dövlətin vətəndaşların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq sahəsində sosial siyasətinin əsas istiqamətlərindən irəli gəlir. Əmək Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Həmin maddənin 2-ci hissəsində isə, ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda işəgötürən tərəfindən işdə saxlanmasına üstünlük verilən şəxslərin siyahısı göstərilmişdir. Normadan da göründüyü kimi, qanunverici işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən işəgötürən tərəfindən həyata keçirilməli olan bir sıra prosedur qaydalar nəzərdə tutmuşdur. Belə ki, işəgötürən, ştatların ixtisarı zamanı ilk növbədə müvafiq vəzifə üzrə işçilərin ixtisas və peşəkarlıq səviyyəsini qiymətləndirməli və son nəticədə peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçiləri işdə saxlamalıdır. Sözügedən qiymətləndirmənin həyata keçirilməsi işəgötürənin müstəsna səlahiyyətində olmaqla, real şəkildə həyata keçirilməli və onun nəticələri əsaslandırılmalıdır. Baxılan işdə İddiaçı 01.05.2009-cu il tarixli, 69 nömrəli əmrlə Bakı şəhəri N.Nərimanov adına 45 nömrəli Tam Orta Məktəbin informatika kabinetinə laborant vəzifəsinə təyin edilmiş və 27.02.2020-ci il tarixli, 22 nömrəli əmrlə Əmək Məcəlləsinin 70ci maddəsinin “b” bəndinə əsasən (ştat ixtisarı ilə əlaqədar) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, İddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən qanunvericinin müəyyən etdiyi prosedur qaydalara əməl edilmişdir. Belə ki, işdən görünür ki, Bakı şəhəri 45 nömrəli Tam Orta Məktəbdə 3 kompüter laborantı ştatı mövcud olmuş, onlardan birində İddiaçı, digərində Mənsurə Qarayevə, üçüncüsündə isə Sevinc Soltanova çalışmışdır. Lakin məktəbin balansında olan istismar müddəti bitmiş, yararsız olan kompüterlərin silinərək balansdan çıxarılması nəticəsində işlək kompüterlərin sayı azalmış və nəticədə hazırda yalnız bir informatika kabineti fəaliyyət göstərir. Mövcud vəziyyət nəzərə alınaraq, Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən sözügedən məktəbdə 2019-2020-ci tədris ilinin başlandığı 15.09.2019-cu il tarixə məktəbin ştat cədvəlində müvafiq laborant ştatlarının sayı 2 vahid azaldılması nəzərdə tutulmuş və bununla bağlı məktəbin müdriyyətinə məktub ünvanlanmışdır. Cavabdeh tərəfindən buna müvafiq olaraq hər üç işçinin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı onların işlədikləri informatika kabinetinin rəhbərinə müraciət olunaraq, peşəkarlıq səviyyələrinə dair rəy verilməsi xahiş olunmuşdur. İnformatika kabinetinin rəhbəri X5 tərəfindən təqdim olunmuş 19.11.2019-cu il tarixli rəydə qeyd olunmuşdur ki, məktəbdə fəaliyyət göstərən 1 informatika kabinetinin fəaliyyət göstərməsi ilə əlaqədar hal-hazırda 2 ştat vahidi informatika laborantının ixtisar olunması zərurətindən irəli gələrək məktəbin informatika laborantları sayılan Sevinc Soltanova, İddiaçı və Mənsurə Qarayevanın uzun müddət məktəbdə işlədikləri müddətə və iş keyfiyyətinə nəzər salıb informatika müəllimi X8 ilə müzakirə edərək, hesab edirlər ki, Sevinc Soltanova işlədiyi 10 il müddətində iş fəaliyyətində məsuliyyətli, zəhmətkeş, bütün etik qaydalara riayət edən, tələb olunan işləri çevik, operativ olaraq yerinə yetirən, informasiya-kommunikasiya texnologiyalarını bilən, təlimin texniki vasitələrindən, cihazlardan istifadə olunmasının standartlarını və texniki şərtlərini bilən, lazim olan proqram təminatını mükəmməl bilən, kabinet rəhbərinin təlimatlarına ciddi riayət edən, komyuterdə iş görülən zaman şagird-müəllim heyətinin təhlükəsizliyini təmin edən, yanğından mühafizə norma və qaydaları bilən, komyuter kabinetində sistematiklik və səliqənin saxlanılmasını təmin edən, bu işlərdə kabinet rəhbərinə, informatika müəllimlərinə əsaslı şəkildə yardım edən bir işçidir. İnformatika kabinetində mövcud olan komyuterlərin işlək olmasını təmin edən, dərs zamanı şagirdlərin müxtəlif proqramlardan istifadəsi üçün şərait yaradan bir laborant kimi özünü doğrultmuşdur. İddiaçı informatika kabineti laborantı kimi iş fəaliyyəti ilə tanış olmadıqları üçün onun haqqında müsbət rəy verməkdə çətinlik çəkirik. Belə ki, 10 il müddətində məktəbdə informatika laborantı ştat vahidi üzrə işlədiyinə baxmayaraq, bu sahədə heç bir fəaliyyəti olmamış, informatika kabinetində dərslərin keçirilməsində iştirak etməmiş, kompyuter cihazlarının işlək olması məsələlərdə heç bir formada iştirak etməmişdir.Bu illər ərzində öz üzərində çalışmamış, lazım olan proqram təminatını öyrənməmişdir. Onu da qeyd etmək istəyirik ki, informatika kabinetindən xaric məktəbdə gördükləri zaman İlahə mübahisəli situasiyalarada iştirak edən, aqressiv davranışı ilə seçilən bir işçi kimi yadda qalıb. Göründüyü kimi, işəgötürən tərəfindən işçilərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi real şəkildə həyata keçirilmiş və qiymətləndirmənin nəticələrinə uyğun olaraq peşəkarlıq səviyyəsi baxımından İddiaçı üstün olan digər işçi Sevinc Soltanova işdə saxlanılmışdır. Belə olan halda isə, yəni peşəkarlıq səviyyələri eyni olmadığı hala, işçilərdən hər hansı birinin üstünlük hüququ yaranmır. Ona görə ki, qanunvericiliyə əsasən bu hüquq yalnız işçilərin ixtisasları və peşəkarlıq səviyyələri eyni olduqda nəzərə alınır. Ona görə də, Kollegiya iddiaçının bu dəlili (zabit arvadı olması ilə əlaqədar üstünlük hüququ) üzrə əlavə araşdırma aparmağa ehtiyac görmür. Eyni zamanda, lazımi prosedur qaydalara uyğun şəkildə həyata keçirilmiş qiymətləndirmə nəticəsində peşəkarlıq səviyyəsi digərləri ilə müqayisədə aşağı olan işçilərlə əmək müqaviləsinə müvafiq hallarda həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla xitam verilə bilər. Çünki, ƏM-nin 80-ci maddəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. İşdə olan Bakı şəhəri N.Nərimanov adına 45 nömrəli Tam Orta Məktəb Həmkarlar Təşkilatının 25.11.2019-cu il tarixli, 1 saylı protokolundan görünür ki, məktəbin balansında olan istismar müddəti bitmiş, yararsız olan kompüterlərin silinərək balansdan çıxarılması nəticəsində işlək kompüterlərin sayının azalmasına görə Mənsurə Qarayeva və İddiaçı analıq məzuniyyətində olduqları nəzərə alınaraq onlarla bağlanmış əmək müqavilələrinə məzuniyyət müddəti bitdikdən və onlar yenidən işə qayıtdıqdan sonra ƏM-in 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. Bundan əlavə, ƏM-in 77-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq işçinin on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi əvvəl işçini rəsmi xəbərdar etməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Baxılan işin hallarından görünür ki, Bakı şəhəri N.Nərimanov adına 45 nömrəli Tam Orta Məktəbi tərəfindən İddiaçı əmək müqaviləsinə xitamla bağlı doqquz təqvim həftəsi qabaqcadan rəsmi xəbərdarlıq edilərək, ona Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş təminatlar izah edilmişdir. Göründüyü kimi, işəgötürən tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyində nəzərdə tutulmuş təminatlara əməl edilmişdir. Beləliklə, məhkəmə kollegiyası, qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi, iddianı rədd edərkən işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyil. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3958/2020 saylı iş üzrə 08 dekabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar