Məhkəmə qərarları › İş №2(103)-2897/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2897/2022

21.04.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2897/2022 21.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 13.01.2022-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 25 sentyabr 2017-ci ildən 28 dekabr 2020-ci ilədək iş üzrə Cavabdeh ASC-də işləmişdir. Həmin şirkətdə işləyərkən müxtəlif rayonlara ezamiyyətə göndərilmişdir. O, 2020-ci ilin yanvar ayından 2020-ci ilin noyabr ayına qədər ezamiyyətlərdə olmuşdur. Yalnız 2020-ci ilin aprel ayında pandemiya ilə əlaqədar olaraq karantində olduğundan işdə olmamışdır. Onun ezamiyyətdə olarkən bir günü 15 manatdan hesablanırdı. Lakin həmin dövr üçün cavabdeh şirkət tərəfindən ezamiyyət pulu ona ödənilməmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq, ona bildirilmişdir ki, şirkətin hesabında ödəməyə pul yoxdur. Cavabdeh şirkətin hal-hazırda ona 10 ay 15 gün üçün hər günü 15 manatdan ödənilməmiş ezamiyyət pulu borcu vardır. Cavabdeh ASC tərəfindən ezamiyyət haqqı ona ödənilmədiyindən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh ASC tərəfindən 10 ay 15 gün müddətinə hər gün üçün 15 manatdan hesablanmaqla ezamiyyət pulunun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 13.01.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh ASCdən istifadə edilməmiş ezamiyyət xərcinə görə 2130 manat pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh ASC apellyasiya şikayəti verərək Xətai Rayon Məhkəməsinin 2(011)-184/2022 saylı, 13 yanvar 2022-ci il tarixli qətnaməsinin iddia tələbinin qismən təmin edilməsinə dair hissədə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia müddətinin tətbiqinə dair ərizəyə düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarını səhv tətbiq edərək cavabdehin hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Bundan əlavə işçilərin ezamiyyə qaydaların 5-ci bəndinə əsasən ezam olunan işçiyə ezamiyyətə getməzdən əvvəl yol, kommunal və gündəlik yemək xərclərinin ödənilməsi üçün pul avansı verilir. İşçi ezamiyyətdən qayıtdıqdan sonra ezamiyyət ilə əlaqədar xərclədiyi vəsaitlərin məbləği haqqında 3 gün ərzində avans hesabatı təqdim etməyə borcludur. Belə ki, məhkəmə İddiaçı tərəfindən heç bir avans hesabatının təqdim olunmamasını da nəzərə almamışdır. Məhkəmə iddia müddətinin ötürülməməsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müddətli əmək müqaviləsinə 28 dekabr 2020-ci il tarixdə xitam verilmiş, iddiaçı isə cavabdehə qarşı iddia ərizəsi ilə 17 iyul 2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddiaçı 2020-ci ilin yanvar ayından başlayaraq ezamiyyətdə olmasını və ezamiyyə qaydaların tələblərini nəzərə alınsa, iddiaçı hüququnun pozulduğunu qeyd olunan tarixdə bilməli (08.01.2020-ci il) və müvafiq tələb ilə 1 il müddətində müraciət etməli idi. Azərbaycan Respublikaslı Əmək Məcəlləsinin 135-ci və 296-cı maddələrinin və Mülki Məcəllənin 375-377-ci maddələrinin tələbləri baxımından iddiaçı iddia müddətini 2020-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun və iyul ayının 17-dək hissəsində ötürmüşdür. Belə ki, əgər əvvəlki illərdə işçinin ezamiyyət ilə əlaqəli hər hansı hüququ pozulmuşdursa, bu fakt ona məlum olmuşdur, onun müvafiq tələblə məhkəməyə müraciət etmək hüququ olmuşdur və indiki halda işçi məhkəməyə müraciət etdiyi gündən 1 (bir) il əvvəlki tarixədək olan dövrə münasibətdə ezamiyyət haqqına görə pul tələb etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən hesab edirlər ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntuları ilə çıxarılmışdır və bu səbəbdən də ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmalıdır Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. AR Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarında olan əmək kitabçasının surətindən məlum olur ki, İddiaçı 25 sentyabr 2017-ci il tarixdə Cavabdeh ASC-nin Boya və İzolyasiya sexinə 6-cı dərəcəli qumlayıcı vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi müddətli, yəni 3 il müddətinə bağlanmışdır. 28 dekabr 2020-ci il tarixli, 08/21-irş saylı əmrə əsasən onunla bağlanmış əmək müqaviləsinə 28.12.2020-ci il tarixindən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “b” bəndinə əsasən (müddətli əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. İş materiallarında olan Cavabdeh ASC tərəfindən verilmiş “işçilərin ezamiyyətə göndərilməsi haqqında” istehsalat zəruriyyəti ilə əlaqədar olaraq 08 yanvar 2020-ci il tarixli əmrin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 07-21 yanvar 2020-ci il tarixlərinə 15 günlük "xxxx" MMC-yə ezamiyyətə göndərilməsi barədə əmr verilmişdir. İş materiallarında olan Cavabdeh ASC-si tərəfindən verilmiş “işçilərin ezamiyyətə göndərilməsi haqqında” istehsalat zəruriyyəti ilə əlaqədar olaraq 27 yanvar 2020-ci il tarixli əmrin təsdiq edilmiş surətindən görünür ki, 08 yanvar 2020-ci il tarixli Əmrlə 07-21 yanvar 2020-ci il tarixlərinə 15 günlük "xxxx" MMC-yə ezamiyyətə göndərilən sexin işçilərinin, yəni İddiaçı ezamiyyətinin 22-31 yanvar 2020-ci il tarixlərinə 10 günlük uzadılması barədə əmr verilmişdir. İş materiallarında olan Cavabdeh ASC-si tərəfindən verilmiş “işçilərin ezamiyyətə göndərilməsi haqqında” istehsalat zəruriyyəti ilə əlaqədar olaraq 06 fevral 2020-ci il tarixli əmrin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 03-16 fevral 2020-ci il tarixlərinə 14 günlük "xxxx" MMC-yə ezamiyyətə göndərilməsi barədə əmr verilmişdir. İş materiallarında olan Cavabdeh ASC-si tərəfindən verilmiş “işçilərin ezamiyyətə göndərilməsi haqqında” istehsalat zəruriyyəti ilə əlaqədar olaraq 18 fevral 2020-ci il tarixli əmrin təsdiq edilmiş surətindən görünür ki, 06 fevral 2020-ci il tarixli Əmrlə 03-16 fevral 2020-ci il tarixlərinə 14 günlük "xxxx" MMC-yə ezamiyyətə göndərilən sexin işçilərinin, yəni İddiaçı ezamiyyətinin 17-29 fevral 2020-ci il tarixlərinə 13 günlük uzadılması barədə əmr verilmişdir. İş materiallarında olan Cavabdeh ASC-si tərəfindən verilmiş “işçilərin ezamiyyətə göndərilməsi haqqında” istehsalat zəruriyyəti ilə əlaqədar olaraq 02 mart 2020-ci il tarixli əmrin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 03-15 mart 2020-ci il tarixlərinə 13 günlük "xxxx" MMC-yə ezamiyyətə göndərilməsi barədə əmr verilmişdir. İş materiallarında olan Cavabdeh ASC-si tərəfindən verilmiş “işçilərin ezamiyyətə göndərilməsi haqqında” istehsalat zəruriyyəti ilə əlaqədar olaraq 16 mart 2020-ci il tarixli əmrin təsdiq edilmiş surətindən görünür ki, 02 mart 2020-ci il tarixli Əmrlə 03-15 mart 2020-ci il tarixlərinə 13 günlük "xxxx" MMC-yə ezamiyyətə göndərilən sexin ustası İddiaçı ezamiyyətinin 16-19 mart 2020-ci il tarixlərinə 4 günlük uzadılması barədə əmr verilmişdir. İş materiallarında olan Cavabdeh ASC-si tərəfindən verilmiş “işçilərin ezamiyyətə göndərilməsi haqqında” istehsalat zəruriyyəti ilə əlaqədar olaraq 07 may 2020-ci il tarixli əmrin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 12-31 may 2020-ci il tarixlərinə 20 günlük "xxxx" MMC-yə ezamiyyətə göndərilməsi barədə əmr verilmişdir. İş materiallarında olan Cavabdeh ASC-si tərəfindən verilmiş “işçilərin ezamiyyətə göndərilməsi haqqında” istehsalat zəruriyyəti ilə əlaqədar olaraq 08 iyun 2020-ci il tarixli əmrin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 08-15 iyun 2020-ci il tarixlərinə 8 günlük "xxxx" MMC-yə ezamiyyətə göndərilməsi barədə əmr verilmişdir. İş materiallarında olan Cavabdeh ASC-si tərəfindən verilmiş “işçilərin ezamiyyətə göndərilməsi haqqında” istehsalat zəruriyyəti ilə əlaqədar olaraq 06 iyul 2020-ci il tarixli əmrin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 01-15 iyul 2020-ci il tarixlərinə 15 günlük "xxxx" MMC-yə ezamiyyətə göndərilməsi barədə əmr verilmişdir. İş materiallarında olan Cavabdeh ASC-si tərəfindən verilmiş “işçilərin ezamiyyətə göndərilməsi haqqında” istehsalat zəruriyyəti ilə əlaqədar olaraq 16 iyul 2020-ci il tarixli əmrin təsdiq edilmiş surətindən görünür ki, 06 iyul 2020-ci il tarixli Əmrlə 02-15 iyul 2020-ci il tarixlərinə 14 günlük "xxxx" MMC-yə ezamiyyətə göndərilən sexin ustası İddiaçı ezamiyyətinin 16-30 iyul 2020-ci il tarixlərinə 15 günlük uzadılması barədə əmr verilmişdir. İş materiallarında olan Cavabdeh ASC-si tərəfindən verilmiş “işçilərin ezamiyyətə göndərilməsi haqqında” istehsalat zəruriyyəti ilə əlaqədar olaraq 27 avqust 2020-ci il tarixli əmrin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 01-15 sentyabr 2020-ci il tarixlərinə 15 günlük "xxxx" MMC-yə ezamiyyətə göndərilməsi barədə əmr verilmişdir. İş materiallarında olan Cavabdeh ASC-si tərəfindən verilmiş “işçilərin ezamiyyətinin dayandırılması haqqında” istehsalat zəruriyyəti ilə əlaqədar olaraq 11 sentyabr 2020-ci il tarixli əmrin təsdiq edilmiş surətindən görünür ki, 27 avqust 2020-ci il tarixli əmrlə 01-15 sentyabr 2020-ci il tarixlərinə 15 günlük "xxxx" MMC-yə ezamiyyətə göndərilən sexin işçilərinin, yəni İddiaçı ezamiyyəti 14 sentyabr 2020-ci il tarixdən dayandırılması barədə əmr verilmişdir. İş materiallarında Cavabdeh ASC-si tərəfindən verilmiş 28 dekabr 2020-ci il tarixli, 08/21-irş saylı əmrin təsdiq edilmiş surətindən görünür ki, Boya və İzolyasiya sexinin 6-cı dərəcəli qumlayıcısı İddiaçı əmək müqaviləsinə, 28 dekabr 2020-ci il tarixdən Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müddətli əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, 28 dekabr 2020-ci il tarixdə İddiaçı əmək müqaviləsinə xitam verilmiş, əmək müqaviləsinə xitam verilməsinin əsası kimi 68.2(b) əmək müqaviləsinin müddətinin qurtarması göstərilmişdir. İş materiallarında olan 126/2017 saylı əmək müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ASC ilə İddiaçı arasında əmək müqaviləsi bağlanmış, əmək müqaviləsi 3 il müddətinə bağlanmışdır. Əmək Məcəlləsinin (bundan sonra bu məcəllənin maddələrinə istinad ediləcək) 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin məcəllənin 9-cu maddəsində əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları arasında qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq və iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək hüquqları nəzərdə tutulmuşdur Həmin məcəllənin 12-ci maddəsində əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri arasında əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək vəzifəsi nəzərdə tutulmuşdur. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydasını müəyyən edən 83-cü maddədə nəzərdə tutulmuşdur ki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmərlər) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin fərdi əmək mübahisələrinin predmetini müəyyən edən 288-ci maddəsində əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi fərdi əmək mübahisələrinin predmeti kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 292-ci maddəsinə görə İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. İş materialları ilə müəyyən edilmişdir ki, 25.09.2017-ci il tarixli əmək müqaviləsi əsasında İddiaçı Cavabdeh ASC-nin Boya və İzolyasiya sexinə 6-cı dərəcəli qumlayıcı vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi müddətli, yəni 3 il müddətinə bağlanmışdır. 28 dekabr 2020-ci il tarixli, 08/21-irş saylı əmrə əsasən İddiaçıla bağlanmış əmək müqaviləsinə 28.12.2020-ci il tarixindən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müddətli əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. İşlədiyi müddət ərzində İddiaçı Cavabdeh ASC-si tərəfindən müxtəlif tarixli əmrlərlə müxtəlif müddətlərə ezamiyyətə göndərilmiş, lakin hazırki günədək ezamiyyət xərclərinin ödənilməsi cavabdeh təşkilat tərəfindən təmin edilməmişdir. Cavabdeh ASC ezamiyyətlə bağlı xərclərin iddiaçıya ödənilmədiyini təsdiq etsə də, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə, habelə işçilərin ezamiyyə qaydaların 5-ci bəndinə əsasən iddiaçının ezamiyyətdən qayıtdıqdan sonra ezamiyyət ilə əlaqədar xərclədiyi vəsaitlərin məbləği haqqında 3 gün ərzində avans hesabatı təqdim etməyə borclu olduğu halda bunu etmədiyini, məhkəmənin isə bu halı nəzərə almadığına əsaslanaraq iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, Əmək Məcəlləsinin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müddətli əmək müqaviləsinə 28 dekabr 2020-ci il tarixdə xitam verilmiş, iddiaçı isə cavabdehə qarşı iddia ərizəsi ilə 17 iyul 2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Həmçinin, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Bu maddənin məzmunundan da göründüyü kimi, işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən sonuncu iş günü işəgötürənin son haqq-hesabı işçiyə verilir. Son haqq-hesab isə qanunda sadalanan ödəmələrlə yanaşı, işçiyə ödənilməli olan digər ödəmələri, o cümlədən hesablanmış, lakin ödənilməmiş ezamiyyət xərclərini də əhatə edir. Son haqq hesabın işçiyə sonuncu iş günü təqdim edilməsi nəzərdə tutulduğundan, həmin məbləğlərlə bağlı mübahisə yarandıqda məhkəməyə müraciət etmək üçün müddətlər də məhz sonuncu iş günündən hesablanmalıdır. Qeyd edilənlərə əsasən bu nəticəyə gəlmək olur ki, işə baxmış birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və iddia tələbinin qismən təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Bundan başqa, cavabdeh apellyasiya şikayətində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfidən təsdiq edilmiş “İşçilərin ezamiyyə Qaydaları”nın 5-ci bəndinə stinad etmişdir. Həmin Qaydaların 5-ci bəndində göstərilir ki, ezam olunan işçiyə ezamiyyətə getməzdən əvvəl yol, kommunal və gündəlik yemək xərclərinin ödənilməsi üçün pul avansı verilir. İşçi ezamiyyətdən qayıtdıqdan sonra ezamiyyət ilə əlaqədar xərclədiyi vəsaitlərin məbləği haqqında 3 gün ərzində avans hesabatı təqdim etməyə borcludur. Kollegiya qeyd edir ki, bu Qaydaların 1-ci bəndinə əsasən Dövlət Hakimiyyəti orqanının, müəssisə, idarə və təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Həmin Qaydaların 6-cı bəndinə əsasən isə bu qaydalarda nəzərdə tutulan normalar daxilində ezamiyyət xərcləri büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda onlara bu məqsəd üçün ayrılan vəsaitdən ödənilir. Göründüyü kimi, cavabdehin istinad etdiyi bu normativ sənəd yalnız dövlət büdcəsindən maliyyələşən idarə müəssisə və təşkilatlarda çalışan işçilərə ezamiyyə xərclərinin ödənilməsi qaydalarını tənzimləyir. Cavabdeh "xxxx" ASC-nin rəsmi internet səhifəsində isə bu müəssisənin əvvəllər dövlət müəssisəsi olsa da, sonradan özəlləşdirildiyi göstərilmişdir. Bundan başqa, cavabdehin istinad etdiyi həmin «Qayda»ların 5-ci bəndində ezam olunan işçiyə ezamiyyətə getməzdən əvvəl onun müxtəlif xərclərinin ödənilməsi üçün verilmiş pul avansı ilə bağlı hesabatın təqdim edilməsi nəzərdə tutulmuşdur. Hazırkı halda isə cavabdeh tərəfindən iddiaçıya hər hansı avans məbləğinin ödənilməsi müəyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlillərni əsassız hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək bu qənaətə gəlir ki, şikayətdə göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın mübahisələndirilən hissədə qiyməti 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 13.01.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar