Məhkəmə qərarları › İş №2(103)-2897/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2897/2023

19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2897/2023 19.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 oğlu İmanovun sədrliyi ilə, İkram Sabir oğlu Şirinov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-427/2023 saylı 28 fevral 2023-cü il tarixli qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC və İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlərə əsasən işə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsi və "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 03 iyun 2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən ona məxsus mənzilin 46537,5 manat qiymətinə tələbkar "xxxx" ASC-yə satılması ilə əlaqədar 03 iyun 2022-ci il tarixdə keçirilmiş hərracın nəticələrinin və həmin hərracın təşkilatçısı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" ASC arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi və dövlət rüsumu kimi ödənilmiş 100 manatın cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-427/2023 saylı 28 fevral 2023cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-5037/2022 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsi və "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair 2(005)-427/2023 saylı mülki iş üzrə icraat dayandırılması qərara alınmışdır. Qərardaddan müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC xx.xx.2023-cü il tarixdə şikayət verərək, qərardadın ləğv edilməsi və icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-427/2023 saylı 10 mart 2023cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və 2(005)-427/2023 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Daha sonra qərardaddan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsi və icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-427/2023 saylı 13 mart 2023cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və 2(005)- 427/2023 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-427/2023 saylı 28 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, X2 27597.97 ABŞ dolları məbləğində əsas borcun, 10000.04 ABŞ dolları faiz borcu, 418.72 ABŞ dolları cərimə, cəmi 38016.73 ABŞ dolları məbləğində kredit borcu (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə), məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirşin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu tutularaq "xxxx" İKB ASC-nin xeyrinə ödənilməli, tutma ipoteka ilə yüklü edilmiş İddiaçı xüsusi mülkiyyətində olan Bakı ş. Sabunçu r. Bakıxanov qəs. S.Cabbarov küçəsində yerləşən 3 otaqlı, 66.01 kv.m ümumi, 38.71 kv.m yaşayış, 27.3 kv.m yardımçı sahədən ibarət olan 4 nömrəli evin 99 nömrəli mənzilinə yönəldilməli, həmin mənzilin ilkin satış qiyməti 73000 manat məbləği olmaqla açıq hərracdan satılmalı və satışdan əldə ediləcək pul vəsaiti hesabına borc ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-5037/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 iyul 2018-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş kassasiya şikayətindən görünür ki, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-5037/2022 nömrəli qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırki iş üzrə iddiaçının əsas dəlilləri borcun əmlakına yönəldilməsi, ona məxsus əmlakın qiymətinin müəyyən edilməsi barədə məhkəmə qətnaməsindən məlumatının olmaması, məhkəmə qətnaməsinin ona münasibətdə qanuni qüvvəyə minmədən icra edilməsi və hərracın keçirilməsi, hərrac keçirilərkən ona bildirişlərin göndərilməməsi və əmlakının düzgün qiymətləndirilməməsindən ibarətdir. Göründüyü kimi, məhkəmənin icraatında olan mülki iş üzrə iddianın predmeti ilə əlaqədar olan və hazırki iddianın asılı olduğu digər mülki iş üzrə qərar, yəni hərraca çıxarılmış əmlakın likvid dəyərini müəyyən edən qətnamə iddiaçı tərəfindən mübahisələndirilərək, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilmiş və həmin şikayətin nəticəsinə dair yekun məhkəmə aktı qəbul edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 25 mart 2004-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin «Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa» müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. Beləliklə, məhkəmə haqlı olaraq hesab etmişdir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsi və "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraat digər məhkəmənin icraatında olan mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmalıdır. Şikayətlərin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətlərdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan "xxxx" ASC-nin şikayətinin əsas dəlillərindən biri tərəflərin işin dayandırılmasına etiraz etmələrinə baxmayaraq, iş üzrə icraatın məhkəmə tərəfindən öz təşəbbüsü ilə dayandırılmasının qanunvericiliyin tələblərinə zidd olması ilə bağlıdır. Bununla əlaqədar qeyd olunmalıdır ki, mülki prosessual qanunvericiliyin iş üzrə icraatın dayandırılması əsaslarını müəyyən edən 254-258-ci maddələri iş üzrə icraatın dayandırılmasını tərəflərin iradəsindən asılı etməmiş, əksinə həmin Məcəllənin 254-cü maddəsində nəzərdə tutulmuş hallarda icraatın dayandırılmasını məhkəmənin vəzifəsi kimi təsbit etmişdir. Şikayət verən şəxs digər dəlili qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ipoteka predmetinin qiymətinin artıq müəyyən edilmiş olması ilə bağlıdır. Lakin qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuni qüvvəyə minməsini təsdiq edən sənədin məhkəməyə təqdim edilməsi tərəflərə təklif olunsa da, belə bir halı təsdiq edən sənəd təqdim edilməmiş, əksinə iddiaçı tərəfindən həmin iş üzrə verilmiş kassasiya şikayəti məhkəməyə təqdim edilmişdir. Üç baxış iclasının keçirilməsi ilə bağlı isə qeyd olunmalıdır ki, baxış iclaslarının sayı prosessual qanunvericiliklə məhdudlaşdırılmış olsa da, bu hal işin ədalətli, obyektiv və hərtərəfli araşdırılmasına mane olmamalı və tərəflərin hüquqlarını pozan məhkəmə aktının qəbul edilməsi ilə nəticələnməməlidir. İddiaçı şikayətinin əsas dəlillərindən biri hazırki işin Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)- 5037/2022 saylı mülki iş üzrə yekun məhkəmə aktının nəticəsindən asılı olmamasıdır. Qeyd olunmalıdır ki, iddiaçı 03 iyun 2022-ci il tarixdə keçirilmiş hərracın nəticələrinin və həmin hərracın təşkilatçısı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" ASC arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Mübahisələndirilən hərrac isə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında keçirilmişdir, sonradan həmin qətnamə apellyasiya instansiyası məhkəməsində mübahisələndirilmiş, qətnamə dəyişdirilmədən saxlanmış, daha sonra isə apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilmişdir, həmin şikayətin nəticəsinə dair hər hansı bir qərar qəbul edilməmişdir. Hazırkı iş üzrə iddia tələbinin əsas dəlillərindən biri əmlakın düzgün qiymətləndirilməməsi olduğundan, əmlakın qiymətləndirilməsi isə digər məhkəmə mübahisəsinin predmeti olduğundan, yəni əmlakın dəyəri həmin iş üzrə qanuni qüvvəyə minmiş mhkəmə aktı ilə müəyyən edilməli olduğundan məhkəmə hesab etmişdir ki, hazırki işə digər məhkəmənin icraatında olan mülki iş üzrə məhkəmə aktı qanuni qüvvəyə minənədək baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-427/2023 saylı 28 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC və İddiaçı tərəfindən ayrıayrılıqda verilmiş şikayətlər təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-427/2023 saylı 28 fevral 2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar