Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2899/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh Mövsümova Mələk Eldar qızının iştirakı ilə İddiaçı Balağa qızının cavabdeh Mövsümova Mələk Eldar qızına qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Мəhkəməsinin 2(010)-4895/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Balağa qızı cavabdeh Mövsümova Mələk Eldar qızına qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus ünvan 1 ünvanındakı mənzildən istifadə hüququna xitam verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qızı Mövsümova Mələk Eldar qızı 2018-ci ildə ailə quraraq həyat yoldaşının evinə köçmüşdür və hazırda Suraxanı rayon, Şuşa qəsəbəsində ərinin mənzilində yaşayır. Lakin ailə qurulmasından iki il keçməsinə baxmayaraq ona məxsus evdə qeydiyatda qalmaqdadır. Cavabdehin qeydiyyatı formal xarakter daşıyır. Ona görə də mənzilindən maneəsiz istifadə etməsi üçün cavabdehin istifadə hüququna xitam verilməsini məqsədə uyğun hesab edir. Bakı şəhəri Suraxanı Rayon Мəhkəməsinin 2(010)-4895/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv, iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, işin faktiki hallarına əhəmiyyət vermədiyini və tətbiq edilməli maddi hüquq normalarını tətbiq etmədiyini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında onun daimi yaşayış yerinin olmadığını, əri ilə hazırda kirayədə yaşadığını, şəxsi mənzillərinin olmadığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş, bununla belə məhkəməyə ərizə ünvanlayaraq vəkilinin Lənkərən şəhərində məhkəmə iclasında olduğunu, özünün isə xəstə olduğundan məhkəmə iclasında iştirak edə bilmədiklərini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin ərizədə göstərdiklərini təsdiq edəcək heç bir sübut təqdim etməmiş, buna görə də kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Vüqar Bədəlov küçəsi, ev 16 3/4 hissə və 1/4 hissədən 1 otaq İddiaçı Balağa qızına məxsusdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisə predmetini təşkil edən evin bir hissəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdeh iddiaçının qızıdır, iddiaçı hesab edir ki, cavabdeh ailə həyatı qurduğuna və həyat yoldaşı ilə başqa yerdə yaşadığına görə cavabdehin onun mülkiyyətində olan evə istifadə hüququna xitam verilməlidir. Cavabdehin etirazı ondan ibarətdir ki, o, ailə qurub həyat yoldaşı ilə başqa ərazidə yaşasa da, onun və ya ərinin şəxsi yaşayış yeri yoxdur, onlar kirayədə qalırlar. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsaslanaraq bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx xxxx 2016-cı il tarixli qərarında qeyd edilir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.Bu mənada xüsusilə qeyd olunmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz. Bu tələbin əsaslı olması üçün iddiaçının mübahisəli mənzilə etibarlı mülkiyyət hüquqları, cavabdehin isə istifadə hüquqları mövcud olmalıdır. Həmin istifadə hüququnun itirilməsi üçün isə hüququn mövcudluğuna səbəb olan hallar aradan qalxmalıdır. Məsələn, hüquq sahibinin həmin yaşayış sahəsini birdəfəlik tərk edib getməsi və ya digər şəkildə həmin hüququndan faktiki imtina etməsi halı (Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli Plenum qərarında formalaşdırdığı hüquqi mövqe). Lakin, hazırkı işdə bu hallar mövcud deyildir. Belə ki, işin halları ilə cavabdehin digər daimi yaşayış yerinin olması sübuta yetirilmir, eləcə də, cavabdeh tərəfin izahatından müəyyən edilir ki, onun mübahisəli yaşayış sahəsindən istifadə etmək zərurəti mövcuddur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi bu əsaslarla təmin edilə bilməz. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Мəhkəməsinin 2(010)-4895/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2899/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2899/2021
10.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver