Məhkəmə qərarları › İş №2(103)-29/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-29/2023

12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-29/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Teatr Xadimləri İttifaqına və "xxxx" MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi, özbaşına tikilinin sökülməsi, restoranın fəaliyyətinin 23:00-dan sonra dayandırılması” tələbinə dair mülki iş üzrə Açar sözlər:(dəymiş zərərin ödənilməsi, özbaşına tikilinin sökülməsi və.s) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli, 2(009)-250/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı mülkiyyət hüququ əsasında anasına məxsus Səbail rayonu, Mərdanov Qardaşları küçəsi ev 6, mənzil 9; 11 nömrəli mənzildə yaşayır. 2.İddiaçı cavabdehlərin həmin mənzilə yaxın ərazidə olan fəaliyyətini qanunsuz hesab edərək ona maddi və mənəvi ziyan vurduğunu iddia etmiş və həmin fəaliyyətin dayandırılması və ona dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdeh "xxxx" MMC-yə 12000 manat maddi ziyan, 2000 manat mənəvi zərərin tutulması, cavabdehin hesabına özbaşına tikilinin sökülməsi, resutoranın fəaliyyətinə 23-00-dan sonra qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.21 yanvar 2020-ci il tarixdə iddiaçı xx.xx.2020-ci il tarixdə məhkəmə dəftərxanası vasitəsi ilə iddia tələbini dəqiqləşdirməyə dair ərizə təqdim edərək, cavabdeh Azərbaycan Teatr Xadimləri İttifaqına və "xxxx" MMC-yə qarşı 12000 manat maddi ziyan, 2000 manat mənəvi zərərin tutulması, cavabdehin hesabına özbaşına tikilinin sökülməsi, restoranın fəaliyyətinə 23-00-dan sonra qadağan qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı mənzil Bakı şəhəri, Səbail rayonu, Mərdanov qardaşları (Qoqol) küçəsində 6 №-li evin 1-ci mərtəbəsində yerləşir. Düz pəncərəsinin qabağında SSR dövlətin vaxtında Teatral restoranı ilə birgə istifadəsində olan həyət yerləşirdi. Həmin həyətə giriş üçün darvaza var idi. Göstərilən darvaza və həyət yanğın hadisələrinin qarşısını almaq məqsədilə düzəldilmişdir. 2016-ci ildə Xəqani küçəsi 14 ünvanda binanın konstruksiyasını tam dəyişərək, o cümlədən əsas aparıcı divarları sökmüş, qonşuların etirazlarına baxmayaraq giriş darvazanı sökmüş bütün həyəti zəbt etmiş, həyətdə restoran inşa etmişdilər. Ondan başqa, Azərbaycan qanunvericiliyinə zidd olaraq restoran üçün qaz xətti pəncərənin qabağından çəkmişdilər. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 02.03.09 tarixli 17 №-li əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət-Tikinti Normalarının 1.7-ci bəndinə əsasən Sənaye müəssisələrinin istehsalat qurğularına odarizə olunmamış qaz o şərtlə verilə bilər ki, müəssisəyə gələn qaz kəməri yaşayış məskənlərinin ərazilərindən kənarda olsun. İddiaçının yaşadığı bina 1895-ci ildə inşa edilmiş, o dövrün tikinti qaydalarına uyğun olaraq mərtəbələr arasında dəmir-beton qatı olmayan, yalnız taxta materialından ibarət olan tarixi bir binadır. Bu binada əsasən yanğın təhlükəsizliyi qaydalarına ciddi şəkildə riayət olunmalı və bu fövqəladə vəziyyətə şərait yarada bilən hər hansı bir hala qəti şəkildə yol verilməməlidir. Həmin özbaşına qanunsuz tikililər mənzildə olan pəncərələrin qabağını almış, evə gələn gün işığı və havanın qabağını almışdır. Ondan da başqa, “Cavabdeh” restoranı tikilən zaman bir neçə ağac kəsilmiş, sonradan iddiaçının pəncələrini restoranın pəncərələrindən ayırmaq məqsədilə düz onun pəncərələrinin qabağında hər 50 santimetrdən bir şam ağacı əkmişdilər. Həmin ağacları hər gün sulamaqla ona maddi zərər vururlar. Həmin su onun zirzəmisinə yığılır və yaşadığı evinə nəmişlik verir. Hal-hazırda yaşadığı 4 otaqlı mənzildə təmir işləri aparmaq məcburiyətindədir. Cavabdeh öz fəaliyyətini gecə saat 02-00-dək göstərir. İşıqlar 24 saat ərzində yanır. Restoranın səsindən və işıqdan iddiaçı öz evində istirahət edə bilmir. Hava təmizləyici qurğu, onun motoru düz pəncərə qabağında qoşulmuş və onun səsindən evdə oturmaq mümkün deyildir. Restoranda gecə- gündüz işıqlar yanır, hava və kondisioner sistemləri işləyir. Bundan da başqa, restoranın əməkdaşları bütün gecəni restoranı yığışdırmaqla məşqul olaraq, onların istirahətlərinə narahatçılıq yaradırlar. Cavabdeh restoranı öz hərəkəti və hərəkətsizliyi ilə İddiaçı maddi və mənəvi ziyan vurmuşdur. İddiaçının hesabı ilə cavabdeh öz hərəkətləri ilə ona 12000 manat dəyərində maddi və 2000 manat mənəvi zərər vurub və zərəri vurmaqda da davam edir. İş üzrə Cavabdeh restoranı öz hərəkətləri ilə onun mülkiyyət hüquqlarını pozur və nəticədə ona maddi və mənəvi ziyan vurur. Hal-hazırda təmir işlərini aparmalıdır, onun da qiyməti təxminən 12000 manat təşkil edir. Hesab edirki, həmin pul cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. 6.Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 22 yanvar 2020-ci il tarixli, 2(009)-250/2020 saylı qətnaməsi ilə (sədrlik edən-Şəhla Süleymanova) iddia təmin edilməmişdir. 7.İş materiallarında olan ÖM seriyalı 131929 saylı Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Səbail rayonu, Mərdanov Qardaşları küçəsi ev 6, mənzil 9; 11 nömrəli mənzil xüsusi mülkiyyət hüququ əsasında X2 məxsusdur və onun xüsusi mülkiyyət hüququ xx.xx.2002-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 08 a/c nömrəli reyestr kitabının 1170 nömrəli vərəqində 30/2432 saylı qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. 8.İş materiallarında olan 18 dekabr 2015-ci il tarixli icarə müqaviləsindən görünür ki, Bakı şəhəri, Xəqani küçəsi 16 saylı binanın 1103,7 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin 1-ci və 2-ci mərtəbəsi, həmin sahənin altında olan zirzəmi və sahəyə bitişik həyətyanı sahə Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini X5 tərəfindən "xxxx" MMC şirkətinin (VÖEN:**********) direktoru Özerol A.K icarəyə verilmişdir. 9.Məhkəmə hesab etmişdir ki, iddiaçı mülkiyyətçi olmadığından, onun cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ yoxdur. 10.Məhkəmə restoran fəaliyyətini (o, cümlədən işığı, hava təmizləyici qurğuların söndürülməsini, gecə işçilərin işləməsini) Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada cavabdehə qadağan edilməsi hissəsində isə qeyd etmişdir ki, iddia həmin hissədə də təmin edilməməlidir. 11.Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə-fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 12.Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, hal-hazırkı iddianın qeyd edilən hissəsi mülki işin predmeti deyil. 13.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097.1, 180.4; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217.4, 216.220, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 14.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. 15.Apellyasiya şikayətinin məzmunu iddia tələbi ilə eynilik təşkil etməklə, əlavə olaraq qeyd olunur ki, onun həmin mənzilə istifadə və sahiblik hüququ olduğuna görə, onun öz adından iddia qaldırmaq hüququ vardır. Ondan da artıq, məhkəmə prosesi zamanı anası X3 iddiaçı qismində işə cəlb olunması barədə ərizəsini məhkəməyə təqdim edilməsi barədə hakimə məlumat vermişdi. Qaz xətti qanunsuz olaraq çəkilmişdir. Orada olan qanunsuz tikililər mənzilində olan pəncərələrin qabağını almış, evə gələn gün işığı və havanın qabağını almışdır. “Cavabdeh” restoranı tikilən zaman bir neçə ağacı kəsmiş, sonradan onun pəncərələrini restoranın pəncərələrindən ayırmaq məqsədi ilə düz onun pəncərəsinin qabağında hər 50 santimetrdən bir şam ağacı əkmişdilər. Cavabdeh öz hərəkətləri ilə onun mülkiyyət hüquqlarını pozur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 16.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 17.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı, cavabdehlər Azərbaycan Teatr Xadimləri İttifaqının və "xxxx" MMC-nin nümayəndələri məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 18.Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 19.Maddə 21.2.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 20.Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüquqları sayılır. 21.Maddə 158.2.Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 22.Maddə 158.4.Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 23.Maddə 1096.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 24.Maddə1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 25.Maddə 180.4.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 26.Maddələr 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 27.Maddə 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 28.Maddə 384.0.2.Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 29.Maddələr 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri 30.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 31.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 32.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli, 2(009)-250/2020 saylı qətnaməsi mənəvi zərərin tutulmasının, özbaşına tikilinin sökülməsi, restoranın fəaliyyətinin 23:00-dan sonra dayandırılması ilə bağlı iddianın təmin edilməyən hissəsində ləğv edilməli həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia həmin hissələrdə təmin edilməməlidir. 33.Belə ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan maddi hüquq normalarına əsasən düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı mülkiyyətçi olmadığından, Səbail rayonu, Mərdanov Qardaşları küçəsi ev 6, mənzil 9; 11 nömrəli mənzil xüsusi mülkiyyət hüququ əsasında X2 məxsus olduğundan, ona dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etmək üçün subyektiv hüquqa malik deyil. 34.Buna görə də məhkəmə kollegiyası birinci instasniya məhkəməsinin 12000 manat maddi zərərəin əvəzinin tutulmasının təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. 35.Kollegiya qeyd edir ki, məhkəmə maddi ziyanın tutulması üzrə iddia tələbini rədd edərkən düzgün olaraq iddiaçının mülkiyyətçi olmadığından belə bir subyektiv hüquqa malik olmadığını vurğulasa da, qeyd olunan əsas üzrə digər iddia tələblərini rədd edərkən maddi hüquq normalarının tələblərini pozmuşdur. 36.Belə ki, Mülki Məcəllənin 158.1.2, 158.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ əmlak hüqüqu olmaqla, həmin hüquq əmlakın mülkiyyətçisi olmayan şəxslərə də, mənsub ola bilər. 37.Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 38.İş materiallarından göründüyü kimi, Səbail rayonu, Mərdanov Qardaşları küçəsi ev 6, mənzil 9; 11 nömrəli mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçının anası X2 məxsus olduğundan, iddiaçı həmin mənzildə yaşayaraq əmlakdan istifadə hüququna mənsub olmaqla, qanunvericiliyin qeyd olunan normalarına əsasən cavabdehin qanunsuz hesab etdiyi hərəkətlərindən müdafiə olunmaq hüququna malikdir. 39.Həmçinin sadə hüquqi mühakimə ilə belə qənaətə gəlmək olar ki, iddiaçı mülkiyyətçi olmasa da həmin mənzildə yaşadığından digər şəxslərin qanunsuz hərəkətləri ilə ona mənəvi zərər vurula bilər. 40.Buna görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmə mənəvi zərərin tutulması, özbaşına tikilinin sökülməsi, restoranın fəaliyyətinin 23:00-dan sonra dayandırılması ilə bağlı iddia tələbini rədd edərkən iddiaçının mülkiyyətçi olmamağına əsaslanmaqla maddi hüquq normalarının tələblərini pozmuşdur. 41.Kollegiya hesab edir ki, qətnamə həmin hissələrdə ləğv edilərək qeyd olunan hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. 42.Məhkəmə kollegiyası özbaşına tikilinin sökülməsi, restoranın fəaliyyətinin 23:00-dan sonra dayandırılması və cavabdehin hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələblərini aşağıda qeyd olunanlara əsasən əsassız hesab edir. 43.Belə ki, iş materiallarında əlavə edilmiş, məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya” Mərkəzi Publik hüquqi şəxsi tərəfindən məhkəməyə göndərilmiş 28 dekabr 2020-ci il tarixli məktubda qeyd olunur ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X7 Xudiyevin iştirakı ilə Qərarın ikinci bəndinə uyğun olaraq İddiaçı ünvan 1 ünvanında yaşadığı mənzildə Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli 796 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”-na uyğun olaraq ölçmələr aparılmışdır. 44.Ölçmələr zamanı səsin səviyyəsi 36 DBA (norma 40 DBA), vibrasiyanın səviyyəsi 64 DB olmuşdur (norma 77 DB). 45.İddiaçı yaşadığı ünvan 1 ünvanında səs-küyün və vibrasiyanın səviyyələri norma daxilində olmuşdur. 46.Göründüyü kimi, mütəxəsis tərəfindən aparılmış araşdırmalar zamanı səs-küyün və vibrasiyanın səviyyələri norma daxilində olduğundan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının restoranın fəaliyyətinin 23:00-dan sonra dayandırılması ilə bağlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. 47.Məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin düzgün həlli və işin hərtərəfli araşdırılmasının təmin edilməsi, üçün 04 avqust 2021-ci il tarixli qərardadla mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək eskpert rəyi alınmışdır. 48.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin №10/6573 saylı, 15 mart 2023-cü il tarixli ekspert rəyinə əsasən tədqiq olunan qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş layihə sənədlərinin məlumatları ilə baxış zamanı əldə olunan məlumatlar müqayisə edilərkən, Bakı şəhəri, Xaqani küçəsindəki 16 saylı binanın (Azərbaycan Teatr Xadimləri İttifaqı) 1103,7 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin planlı yerləşməsinin və texniki parametrlərinin həmin qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş layihə sənədlərinə uyğun olduğu və qeyri-yaşayış sahəsində qanunsuz tikilinin mövcud olmadığı müəyyən olunmuşdur. 49.Ekspert qarşısına qoyulmuş ikinci sual üzrə ekspert rəyində qeyd olunur ki, tədqiq olunan qeyriyaşayış sahəsinə giriş yolunun Xəqani küçəsi tərəfdən, İddiaçı yaşadığı mənzilə giriş yolunun isə Mərdanov Qardaşları küçəsi tərəfdən olduğunu, eləcə də mənzilin divarının mübahisəli sahədən 4,0 metr aralı yerləşdiyini nəzərə alaraq, həmin qeyri-yaşayış sahəsindən istifadə zamanı Mərdanov Qardaşları 6 saylı evin 9/11 saylı mənzilə maneə yaranmadığı müəyyən olunur. 50.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 51.Məhkəmə kollegiyası ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbində göstərilən sahədə heç bir qanunsuz tikili mövcud olmadığından, iddia tələbi özbaşına tikilinin cavabdehin hesabına sökülməsi ilə bağlı hissədə də əsassız hesab edilərək təmin edilməməlidir. 52.Həmçinin iddiaçının giriş-çıxışı ayrı olmaqla, ona mənzildən istifadə ilə bağlı hər hansı maneə yaratması halları müəyyən olunmur. 53.Kollegiya mənəvi zərərlə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. 54.Yuxarıda qeyd olunan qərarın 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə ifadə oluna bilər. 55.Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. 56.Ali Məhkəmənin Plenumunun həmin Qərarının 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. 57.Məhkəmə kollegiyası iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və cavabdeh tərəfin təqsiri müəyyən olunmamış, bununla bağlı sübutlar təqdim olunmamışdır. Buna görə də, iddia tələbi mənəvi zərərlə bağlı hissədə təmin edilə bilməz. 58.Məhkəmə kollegiyası qeyd olunan xüsusatlara hüquqi qiymət verərək hesab edir ki, məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamış və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. 59.Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən Mülki Prosessual Məcəlləinin 124.2-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. 60.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli, 2(009)- 250/2020 saylı qətnaməsi mənəvi zərərin tutulması, özbaşına tikilinin sökülməsi, restoranın fəaliyyətinin 23:00-dan sonra dayandırılması ilə bağlı iddianın təmin edilməyən hissələrində ləğv edilsin. Həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qeyd olunan hissələrdə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat İddiaçı tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar