Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-290/2022 28.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Üçüncü şəxsin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilin boşaldılması və təhvil verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(009)- 827/2020 saylı qətnaməsindən üçüncü şəxs (qətnamə hüquq və vəzifələrinə toxunan şəxs) Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilin boşaldılması və təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Bakı şəhəri 9 saylı notariat kontorunda cavabdehlə arasında bağlamış 27 noyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən 34 saylı mənzilin cavabdeh tərəfindən boşaldılaraq ona təhvil verilməsi və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 avqust 2017-ci il tarixdə bağlanmış alqısatqı müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi ev 5 ünvanında yerləşən 34 saylı mənzil 60000 manata Maraqlı şəxs tərəfindən verilmiş etibarnamə əsasında Məhərrəmova Minəvvər-Xanım Eynulla qızı anası X1. 34 saylı mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən E.Hüseynovanın adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmış, ona xx.xx.2017-ci il tarixli çıxarış verilmişdir. Bakı şəhəri 16 saylı notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqısı müqaviləsinə əsasən E.Hüseynova ünvan 3a yerləşən 34 saylı mənzili Cavabdeh satmış, sonuncunun həmin əmlak üzərindəki mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 29 avqust 2017-ci il tarixdə qeydiyyata alınmaqla ona müvafiq çıxarış verilmiş, bundan sonra Bakı şəhəri 9 saylı notariat kontorunda Cavabdeh və onun arasında 27 noyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən sözügedən 34 saylı mənzil 120000 manata ona satılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 dekabr 2017-ci il tarixli qərardadı ilə mənzilin üzərinə həbs qoyulduğundan mənzil üzərində mülkiyyət hüquqları qeydiyyata alınmamışdır. Sözügedən mənzil üzrə onunla cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmasına baxmayaraq mənzil ona təhvil verilməmişdir. Eyni zamanda alqı-satqı müqavilələrinin dövlət reyestrində qeydə alınması ondan (alıcıdan) asılı olmayan səbəblərdən mümkün olmamışdır. Aralarında bağlanmış alqı-satqı müqaviləsinin 6-cı bəndində qeyd olunur ki, müqavilənin predmeti olan əmlak üzərində sahiblik və istifadə hüququ onun barəsində alqı-satqı müqaviləsi notariat qaydada təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın müvafiq qeydiyyatı tarixindən əmələ gəlir. Müqavilənin bu bəndindən də göründüyü kimi mənzil onun sahibliyinə və istifadəsinə cavabdeh tərəfindən verilməlidir. Lakin bu öhdəlik cavabdeh tərəfindən yerinə yetirilmir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(009)-827/2020 saylı qətnaməsi ilə (hakim Rəna Qafarova) iddia təmin olunmuş, ünvan 1 ünvanda yerləşən 34 saylı mənzilin Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi qət olunmuşdur. Üçüncü şəxs (qətnamə hüquq və vəzifələrinə toxunan şəxs) Maraqlı şəxs məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, məhkəmə icraatına cəlb olunmaması, işə onun iştirakı olmadan baxılması, mübahisəli mənzilin ona məxsus olması, həmin mənzilə dair bağlanmış əvvəlki əqdlərin etibarsız sayılması, ba barədə qanuni qüvvədə olan məhkəmə qərarlarının nəzərə alınmaması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatlari: Məhkəmə baxışında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin, o naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İlkin olaraq qeyd edilməlidir ki, iddia təmin olunmuş, cavabdeh qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz üçüncü şəxsin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunmalı, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-nin 387.2 və 387.2.4-cü maddəsinin tələbinə görə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı – məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə ləğv edilməlidir. İşdə olan sübutlardan (məhkəmə aktları və s.) açıq-aşkar görünür ki, Maraqlı şəxs üçüncü şəxs qismində icraata cəlb olunmalı halda, birinci instansiya məhkəməsi prosessual hüquq normalarının tələblərini pozaraq onu icraata cəlb etməmişdir. Halbuki, birinci instansiya məhkəməsi özü qətnamədə əvvəlki məhkəmə aktlarına istinad etmiş, mübahisəli mənzillə bağlı Maraqlı şəxs iddialarından məlumatlı olmuşdur. Belə olan halda isə qətnamə şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməli, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM) 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki qanunvericilikdə nəzərdə tutulan müqavilə növlərindən biri də alqı-satqı müqaviləsidir. Alqı-satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. (MM-nin 646-cı mad.) Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir (M.Şahverdiyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarı). Hər hansı əqdin (o cümlədən, alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarı). İşdə olan sübutlara (alqı-satqı müqaviləsi və s.) əsasən tərəflər arasında Bakı şəhəri 9 saylı notariat kontorunda rəsmiləşdirilmiş 27 noyabr 2017-ci il tarixli, AN-İ №-li ******* saylı Daşınmaz Əmlakın Alqı Satqı Müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, Cavabdeh özünə məxsus ünvan 1 ünvanda yerləşən 34 saylı mənzilini İddiaçı satmışdır. Müqavilənin 6-cı bəndində qeyd olunur ki, müqavilənin predmeti olan əmlak üzərində sahiblik və istifadə hüququ onun barəsində alqı-satqı müqaviləsi notariat qaydada təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın müvafiq qeydiyyatı tarixindən əmələ gəlir. Müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Mülki Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Göründüyü kimi, iddiaçı hazırki tələbini irəli sürməkdə müvafiq sübyektiv hüquqlara malikdir. Həmin hüquq istər alqı-satqı müqaviləsinin şərtlərindən, istərsə də qanunvericiliyin tələblərindən irəli gəlir. İddiaçı hazırki tələbində cavabdehin alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini (mənzili ona təhvil vermək) icra etmədiyini bildirərək, mənzilin boşaldılaraq, ona təhvil verilməsini tələb edir və mənzilin daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə adına qeydiyyata alınmamasını ondan asılı olmayan səbəblərlə əsaslandırır. Həmçinin, işdə olan sənədlərdən və məhkəmə qərarlarından görünür ki, mübahisəli ünvan 1 ünvanda yerləşən 34 saylı mənzil əvvəl Maraqlı şəxs məxsus olmuş, o, həmin mənzil və digər əmlaklarına dair notariat kontorunda təsdiqlənmiş 17 may 2017-ci il tarixli etibarnaməyə əsasən üzərində bütün səlahiyyətləri həyata keçirməyi (sərəncam vermək hüququ da daxil olmaqla) Məhərrəmova Minəvvər-Xanım Eynulla qızına 1 il müddətinə etibar etmişdir. Etibarnamə əsasında hərəkət edən Məhərrəmova Minəvvər-Xanım Eynulla qızı Bakı şəhəri 21 saylı notariat kontorunda bağlanmış 15 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsinə görə notariat kontorunda 14 avqust 2017-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən Səbail rayonu, Teymur Elçin küçəsi ev 5 ünvanında yerləşən 34 saylı mənzili 60000 manata anası Elmira Hüseynovaya satmışdır. Bakı şəhəri 16 saylı notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqısı müqaviləsinə əsasən Elmira Hüseynovanın adından Bakı şəhəri 21 saylı notariat kontorunda verilmiş xx.xx.2017-ci il tarixli etibarnamə əsasında hərəkət edən Minəvvər-Xanım Məhərrəmova ünvan 3a yerləşən 34 saylı mənzili Cavabdeh satmış, sonuncunun həmin əmlak üzərindəki mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmaqla ona müvafiq çıxarış verilmişdir. Cavabdeh də öz növbəsində həmin mənzili 27 noyabr 2017-ci il tarixli, AN-İ №li ******* saylı Daşınmaz Əmlakın Alqı Satqı Müqaviləsinə əsasən İddiaçı 120000 manata satmışdır. Sonradan Maraqlı şəxs məhkəməyə müraciət edərək, 14 avqust 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat kontorunda ünvan 2 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsi və onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən X2 adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi xx.xx.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış etibarsız hesab edilməsini xahiş etmiş və həmin tələbi təmin olunmuşdur (məhkəmə qərarları işə əlavə olunmuşdur). Hazırki iş üzrə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 14 avqust 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat kontorunda ünvan 2 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsi və onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X2 adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi xx.xx.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarlarının mövcudluğunu nəzərə alır və həmin qərarlar üzrə müəyyən edilmiş bu hallara yenidən hüquqi qiymət verməyin qeyri mümkünlüyünü qeyd edir. Lakin məhkəmə eyni zamanda xüsusi olaraq qeyd etməyi də zəruri sayır ki, qanuni qüvvəsini almış məhkəmə aktlarından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi ünvanında yerləşən 3 otaqlı 34 saylı mənzilə dair Minəvvər-Xanım Məhərrəmova ilə Cavabdeh arasında bağlanmış alqısatqı müqaviləsi, sonuncunun həmin əmlak üzərindəki mülkiyyət hüquqları ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmaqla verilən müvafiq çıxarış, eləcə də, Cavabdeh 27 noyabr 2017-ci il tarixli, AN-İ №-li ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən İddiaçı 120000 manata satması mübahisələndirilməmişdir. Üçüncü şəxs hazırki iş uzrə verdiyi apellyasiya şikayətində mübahisəli mənzillə bağlı bağlanmış əvvəlki əqdin məhkəmə tərəfindən etibarsız sayılmasını, bu səbəbdən də sonrakı (Bakı şəhəri 16 saylı notariat kontorunda bağlanmış 19 avqust 2017-ci il tarixli alqı-satqısı müqaviləsi, Bakı şəhəri 9 saylı notariat kontorunda bağlanmış 27 noyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsi) əqdlərin də özü-özlüyündə etibarsız olmasını qeyd etsə də, məhkəmə kollegiyası bununla razılaşmır. İlkin olaraq qeyd edilməlidir ki, üçüncü şəxs sonrakı əqdləri (həmçinin, reyestrdə aparılmış qeydləri) ümumiyyətlə mübahisələndirməmiş, üçüncü şəxsin istinad etdiyi məhkəmə qərarları ilə sonrakı əqdlərə hüquqi qiymət verilməmiş, onların etibarsızlığı ilə bağlı hər hansı hal müəyyən olunmamışdır. Həmçinin, əvvəlki əqdlərin məhkəmə tərəfindən etibarsız sayılması halı özüözlüyündə sonrakı əqdlərin (xüsusilə iddiaçının istinad etdiyi 27 noyabr 2017-ci il tarixli, AN-İ №-li ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi) etibarsızlığı ilə nəticələnməməklə, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydləri aradan qaldırmamışdır. İddiaçı mübahisəli mənzili əldə edərkən satıcının (hazırki iş üzrə cavabdeh) mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, ona hər hansı etiraz irəli sürülməmişdir. Bununla yanaşı, alıcının vicdanlılığı da qanunla qorunur. MM-nin 140-cı maddəsinin tələbinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. MM-nin 141-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Xüsusilə qeyd edilməlidir ki, “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 14 iyun 2022-ci il tarixli, 02/2022 saylı Qərardadının 54- 56-cı bəndlərində göstərilmişdir ki, əqdə əsaslanan tələblər hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Məlum olduğu kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı. Əksinə olaraq, hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir. Göründüyü kimi, istər qanunvericiliyin tələbləri baxımından, istərsə də vahid məhkəmə təcrübəsinin formalaşması baxımından Ali Məhkəmənin hüquqi mövqeyinə görə üçüncü şəxsin əvvəllər mübahisəli mənzillin mülkiyyətçisi olması, hətta onun iddiası üzrə əvvəlki əqdin etibarsız sayılması barədə məhkəmə qərarının mövcudluğu hazırki mövcud hüquqi şəraitdə iddianın rədd olunması ilə nəticələnə bilməz. Bununla yanaşı, işdə olan Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli,2- 1(112)-5013/2020 qərarından görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin ünvan 3a yerləşən 35 saylı mənzil və ünvan 3a yerləşən 34 saylı mənzil üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsindən və bu barədə onun adına çıxarışın verilməsindən imtina etməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, həmin mənzillər üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi və bu barədə iddiaçının adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin olunmuşdur. Qeyd edilən qərardan üçüncü şəxs Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir (şikayətdə analoji hallara istinad edilmişdir). Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının 25 may 2021-ci il tarixli, 2- 1(103)-864/2021 saylı qərarı ilə üçüncü şəxs Maraqlı şəxs apellyasiya şikayəti təmin olunmamış, qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasının 23 fevral 2022-ci il tarixli qərarı ilə üçüncü şəxs Maraqlı şəxs kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının 25 may 2021-ci il tarixli, 2-1(103)-864/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qeyd edilən məhkəmə qərarı ilə - Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi ünvanında yerləşən 34 saylı mənzilə dair İddiaçı və Cavabdeh arasında bağlanılmış 27 noyabr 2017-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi mövcud qanunvericiliyin tələblərinə uyğun bağlanılması, həmin müqavilənin ləğv olunmaması və qüvvədə olması, beləliklə də vicdanlı alıcı kimi iddiaçının hüquqlarının qorunması və s. müəyyən olunmuşdur. Beləliklə, araşdırılmış sübutlarla işin müəyyən olunmuş faktiki hallarından və qanunvericiliyin qeyd olunan normalarından aydın olur ki, apellyasiya şikayətinin dəlilləri hazırki vəziyyətdə iddianın rədd olunması üçün əsas yaratmır. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı, iddia rədd olunmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilin boşaldılması və təhvil verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(009)- 827/2020 saylı qətnaməsindən üçüncü şəxs (qətnamə hüquq və vəzifələrinə toxunan şəxs) Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(009)- 827/2020 saylı qətnaməsi ləğv edilsin, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilsin. ünvan 1 ünvanda yerləşən 34 saylı mənzil Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı təhvil verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-290/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-290/2022
28.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver