Məhkəmə qərarları › İş №2(103)-2900/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2900/2024

16.05.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2900/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeha qarşı iddia tələbi üzrə (Açar sözlər: əmək müqaviləsinin müddətli bağlanması, əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdehın nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeha qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Kayman adalarının “X8” şirkəti təşkilati-hüquqi forması “Filial” olmaqla xx.xx.2000-ci il tarixdə dövlət qeydiyyatına alınmış, İddiaçı ilə Filial arasında bağlanmış xx.xx.2022-ci il tarixli 01/22 saylı əmək müqaviləsinə əsasən İddiaçı Filialda “Texnolojinəqliyyat sexi”nin rəisi vəzifəsinə işə qəbul olunmuşdur.

2. Həmin müqavilədə göstərilmişdir ki, “bu əmək müqaviləsi xx.xx.2022-ci il tarixdən qüvvəyə minir və xx.xx.2022-ci il tarixə qədər qüvvədədir. İşəgötürən və ya işçi tərəfindən bu əmək müqaviləsinə və (və ya) qanunvericilikdə nəzərdə tutulmuş qaydada ləğv edilməyənə qədər qüvvədədir (bənd 2.1). İşin birinci 2 ayı sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsinə birtərəfli qaydada xitam verə bilər (bənd 2.2.). İşçi xx.xx.2022-ci il tarixdən işə başlayır (bənd 2.3). İşəgötürən işçiyə işlədiyi hər təqvim ayı üçün 5000 manat məbləğində bərabər olan ümumi (yəni bütün vergilər, sosial sığorta və ödənişlər daxil olmaqla) əmək haqqı ödəyəcək. Zərərli və ağır əmək şəraitində çalışan işçi üçün zərərli və ağır əmək şəraitində işə görə 0 həcmində əmsal müəyyən olunur. Ödəniş ayda bir dəfə (hər ayın 10-dan gec olmayaraq) işçinin faktiki işləmiş ay əsasında onun bank hesabına elektron şəkildə köçürüləcək. İşəgötürən qeyd edilən əmək haqqından gəlir vergisini və sosial sığorta haqlarını dövlət büdcəsinə çıxacaq. Əmək haqqının ödənişi ilə bağlı bank əməliyyat xərcləri (bank haqları) işəgötürənin hesabına ödəniləcək (bənd 4.1)”.

3. Əmək müqaviləsinin bir nüsxəsi xx.xx.2022-ci il tarixdə İddiaçı verilmiş, o, bu xüsusata, həmçinin vəzifə təlimatı ilə tanış olduğuna dair müvafiq qeyd yazmışdır.

4. Kayman Adalarının Cavabdehın xx.xx.2023-cü il tarixli 23X-OK saylı əmrinə əsasən, İddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir.

5. Həmin əmrdə göstərilmişdir ki, “...Kayman Adalarının Cavabdehın Texnoloji- Nəqliyyat sexinin rəisi vəzifəsində işləyən İddiaçı ilə imzalanmış əmək müqaviləsi xx.xx.2022-ci il tarixdən müddətli olaraq bağlanmaqla, sonradan müvafiq qaydada müddəti uzadılaraq qüvvədə olma müddəti xx.xx.2023-cü il tarixinə kimi müəyyən edilmiş, əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar müqaviləyə xx.xx.2023-cü il tarixdə xitam veriləcəyi barədə ona xx.xx.2023-cü il tarixdə müvafiq bildiriş təqdim edilmiş, bildirişlə tanış olmasına baxmayaraq onu imzalamaqdan imtina etdiyi üçün rəsmi qaydada poçt vasitəsi ilə bildiriş qeydiyyatda olduğu ünvana göndərilmiş, əmək müqaviləsində nəzərdə tutulan iş ilinə uyğun olaraq o, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi əmək məzuniyyətində olmuş, əmək məzuniyyətindən sonra ilk iş günü hesab edilən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək xəstəliklə bağlı iş yerində olmamış və bu barədə xx.xx.2023-cü il tarixdə xəstəlik vərəqəsi təqdim etmiş, bundan sonra onunla bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir.

6. Cavabdehı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, “...Filial ilə Sizin aranızda imzalanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Bu barədə Sizə məlumat verilməsinə baxmayaraq, Şirkətdən əmək müqaviləsinin xitam verilməsi ilə bağlı qanunvericiliyin tələbinə əsasən müvafiq sənədləri gəlib götürməmisiniz və götürməməyinizin səbəbləri barədə Şirkətə məlumat verməmisiniz. Əmək müqaviləsinin xitam edilməsi ilə bağlı son haqq-hesab sizə ödənilmişdir. Belə olduğu təqdirdə hazırki məktubun qoşmasında əmək müqaviləsinin xitam verilməsi ilə bağlı sənədlər Sizə göndərilir və beləliklə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinin Şirkət tərəfindən yerinə yetirildiyi Sizə bildirilir”.

7. Kayman Adalarının Cavabdehın qanuni təmsilçisi Rustem Qaifullin, hüquqi ünvanı - Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 69 İSR Plaza; “X4 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının qanuni təmsilçisi Alexander Anokhin, hüquqi ünvanı - ünvan 2 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının qanuni təmsilçisi X12, hüquqi Bakı şəhəri, Nəsimi rayon, Nizami küçəsi, ev 340-dır.

8. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin tarixçəsində yer alan məlumatlara görə, Kayman Adalarının Cavabdehın qanuni təmsilçiləri - xx.xx.2008-ci il tarixdən X1, xx.xx.2008-ci il tarixdən X13, xx.xx.2010-cu il tarixdən X1, xx.xx.2012-ci il tarixdən Narbutovskix Aleksandr, xx.xx.2012-ci il tarixdən X1, xx.xx.2014-cü il tarixdən Gutuyev İqor, xx.xx.2014-cü il tarixdən Narbutovskix Aleksandr, xx.xx.2014-cü il tarixdən Gutuyev İqor, xx.xx.2017-ci il tarixdən Davlyatov Vladimir, xx.xx.2017-ci il tarixdən Gutuyev İqor, xx.xx.2017-ci il tarixdən Davlyatov Vladimir, xx.xx.2017-ci il tarixdən Gayfullin Rustem, xx.xx.2022-ci il tarixdən Davlyatov Vladimir olmuş, xx.xx.2022-ci il tarixdən hal-hazıra kimi Gaifullin Rustemdir.

9. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin tarixçəsində yer alan məlumatlara görə, “X4 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının xx.xx.2009-cu il tarixdən Garipov Nail, xx.xx.2010-cu il tarixdən X5, xx.xx.2010cu il tarixdən Qaripov Nail, xx.xx.2012-ci il tarixdən Davlyatov Vladimir, xx.xx.2012-ci il tarixdən X5, xx.xx.2014-cü il tarixdə Davlyatov Vladimir, xx.xx.2022-ci il tarixdən Anokhin Alexander, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixdən hal-hazıra kimi Anokhin Alexander qanuni təmsilçisi kimi göstərilmişdir.

10. Qasımov X2 Tibb Mərkəzinin Urologiya şöbəsində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək stasionar müalicə almış, ona “xroniki rieolonifrit, Vahid sağ böyrəyin kistaları, Xroniki böyrək çatmamazlığı, 3-cü mərhələ prostatın adenoması 1-ci dərəcə, renal anemiya, renal hiperteniya keçirilmiş insultun qalıq əlamətləri” diaqnozu qoyulmuşdur.

11. İddiaçı hazırda "xxxx" QSC-də baş usta vəzifəsində işləyir, aylıq əmək haqqı 5719,42 manatdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

12. İddiaçı (iddiaçı) Kayman Adalarının Cavabdeha (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli 23X-OK №-li əmrinin ləğv olunması, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdehın Texnoloji- Nəqliyyat sexinin rəisi vəzifəsində işləmiş, şirkətin xx.xx.2023-cü il tarixli 23X-OK №-li əmrinə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək münasibətlərinə xitam verilmişdir. Sözügedən əmri qanunsuz hesab edir. Əmrdə göstərilənlərə görə, əmək müqaviləsi xx.xx.2022-ci il tarixdən müddətli olaraq bağlanmaqla, sonradan müvafiq qaydada müddəti uzadılaraq qüvvədə olma müddəti xx.xx.2023-cü il tarixinə kimi müəyyən edilmiş, əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar müqaviləyə xx.xx.2023-cü il tarixdə xitam veriləcəyi barədə ona xx.xx.2023-cü il tarixdə müvafiq bildiriş təqdim edilmiş, bildirişlə tanış olmasına baxmayaraq onu imzalamaqdan imtina etdiy üçün rəsmi qaydada poçt vasitəsi ilə bildiriş qeydiyyatda olduğu ünvana göndərilmiş, əmək müqaviləsində nəzərdə tutulan iş ilinə uyğun olaraq o, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi əmək məzuniyyətində olmuş, əmək məzuniyyətindən sonra ilk iş günü hesab edilən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək xəstəliklə bağlı iş yerində olmamış və bu barədə xx.xx.2023-cü il tarixdə xəstəlik vərəqəsi təqdim etmiş, bundan sonra onunla bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Lakin həqiqət cavabdehin əmrində göstərildiyi kimi deyildir. Şirkətin əmrində qeyd edildiyi kimi əmək müqaviləsinə xitam veriləcəyi barədə ona heç bir bildiriş verilməyib, bundan başqa qeydiyyatda olduğu ünvan üzrə də bildiriş almamışdır. O, 2023-cü il iyul ayının 3-cü Sabunçu rayon X6 şöbəsində həkim müayinəsində olmuş, həmin gün müayinə üçün sistemdə qeydiyyata düşmüş, bir gün sonra, yəni iyul ayının 4-də xəstəxanada yatmaqla müalicə almağa başlamışdır. Müalicəsi xx.xx.2023-cü il tarixdə qurtarmış və o, iyul ayının 12-si işə getmişdir. Sözügedən əmrlə o, xx.xx.2023-cü il tarixdə Şirkətə işə getdiyində tanış olmuşdur. Yəni, sağlamlığı ilə əlaqədar xəstəxanada yatarkən iş yeri onu heç bir məlumat vermədən işdən çıxarıb. Məsələnin həlli ilə bağlı xx.xx.2023-cü il tarixdə mediasiya təklifi, on iş günü gözlədikdən sonra isə bu barədə Bakı 15 saylı Mediasiya Təşkilatına müraciət etmiş, xx.xx.2023-cü il tarixdə mediasiya görüşü təyin olunsa da, cavabdeh görüşə gəlməmiş və həmin mediasiya təşkilatından MŞB/MTO15/2023-0082/02 №-li arayış ona təqdim olunmuşdur. Cavabdehlə aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə verməmişdir.

14. Sonradan iddiaçı iddia ərizəsinə əlavə vermiş, göstərmişdir ki, xx.xx.2016-cı il tarixində “X7 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına Sex rəisi vəzifəsinə qəbul edilmiş, həmin vəzifədə 5 ildən çox müddət işlədikdən sonra filialın rəhbərliyindən Kayman Adalarının Cavabdeha “Sex rəisi” vəzifəsinə keçəcəyi bildirilmiş və bunun üçün əmək müqaviləsinə xitam verilməsi barədə ərizə yazması istənilmişdir. Güvənərək ərizəsini yazmış və xx.xx.2022-ci il tarixdə Kayman Adalarının Cavabdehı ilə 3 aylıq əmək müqaviləsi bağlamışdır. Müqavilənin müddəti bir neçə dəfə uzadılmasına baxmayaraq xx.xx.2023-cü il tarixində əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. Açıq-aşkar görünür ki, əvvəlki iş yeri – “X7 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialındakı əmək müqaviləsinə xitam verilməsinin səbəbi onun həmin şirkətdə 5 ildən artıq işləməsi idi. Əmək Məcəlləsinin 45.5-ci maddəsinə görə “Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir”. Görünür rəhbərlik onunla istədiyi vaxt heç bir əsas olmadan sağollaşa bilməyəcəyini düşünərək onu yeni şirkətə transfer etmək qərarına gəlmişdir. “X4 Lld” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə Kayman Adalarının Cavabdehı eyni şəxslər tərəfindən idarə olunur və bu şirkətlər arasında hər zaman belə “transferlər” olub. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında hər iki filialın hüquqi ünvanı eynidir: Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi ev 69. Belə olan halda isə “X4 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə arasındakı əmək müqaviləsinə faktiki olaraq xitam verilməsindən söhbət gedə bilməz. Hesab edir ki, rəhbərliyin bu qondarma “transfer” siyasəti onun əmək münasibətlərinin fasiləsizliyinə mane olmamalı və əmək müqaviləsi müddəsiz hesab edilməlidir. Bundan başqa, Kayman Adalarının Cavabdehı onunla əmək müqaviləsini müddətli olaraq bağlamamalı idi. Şirkət, görünür Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə istinad etməklə müqaviləni müddətli bağlayıb. Ancaq həmin bənddə deyildiyinin əksinə olaraq burada tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməyib və razılığı olmamışdır. Müqaviləyə imza atması hüquq bərabərliyi prinsipinin təmin ediliməsi və onun razılığı mənasına gəlmir. O, müqaviləni imzalayarkən 3 aylıq müddət məsələsinə iradını bildirmişdir, ancaq qarşı tərəf müddət məsələsində israrlı olduğu üçün isini riskə atmayaraq imza atmışdır. “Razılıq” deyiləndə iradə ifadəsi başa düşülür. İradə - insanın təfəkkür prosesi əsasında qərar qəbul etmək, öz fikir və fəaliyyətini qəbul olunmuş qərara müvafiq yönəltmək qabiliyyətidir. İradə motivlə (dərkolunmuş maraqla) müəyyənləşdirilir. Onun bu müddətə (3 aya) münasibətdə motivi yox idi. Müqavilədəki imza isə müddətə (3 aya) münasibətdə öz-özlüyündə iradənin ifadəsi sayıla bilməz, motiv yoxdursa, deməli, müqavilənin müddətli bağlanması barədə işçinin iradəsi yoxdur.

15. Sonradan iddiaçı növbəti dəfə iddia ərizəsinə əlavə təqdim etmiş, ərizəsində aşağıdakıları göstərmişdir: Cavabdehı tərəfindən qanunsuz olaraq işdən çıxarılmışdır. İşlədiyi “X4 Ltd” şirkətinin Azərbaycan Respublikasındakı Filialı və Cavabdehı eyni rəhbərliyə tabe olmaqla vahid bir şirkətin tərkib hissələridir. O, “X4 Ltd” şirkətinin Azərbaycan Respublikasındakı Filialında müddətsiz əmək müqaviləsi əsasında işlədiyi dövrdə rəhbərlik tərəfindən ona “X8” şirkətində işləməyə başlamalı olması bildirilmişdir. Rəhbərliyin sözündən çıxmasının sonradan onun üçün yaxşı nəticələnməyəcəyini anlandığı üçün məcburi olaraq onların bu tapşırığı ilə razılaşmış, xx.xx.2022-ci il tarixdə “X4 Ltd” şirkətinin Azərbaycan Respublikasındakı Filialında işdən azad edilmiş, xx.xx.2022-ci il tarixdə, yəni cəmi 1 gün sonra isə Cavabdehda isə başlamışdır. İnternet Vergi İdarəsi platformasında hər iki vergi ödəyicisinin tarixçəsinə diqqət yetirsələr, Davlyatov Vladimir adlı şəxsin hər iki şirkətdə fərqli tarixlərdə qanuni təmsilçi olması aydın görünür ki, bu da qeyd etdiyi kimi hər iki şirkətin işçilərini maneəsiz “transfer” etməsinin ən bariz göstəricisidir. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında hər iki filialın hüquqi eyvanı eynidir - Bakı şəhəri, Nəsimi rayonu, Nizami, ev 69. “X4 Ltd” şirkətinin Azərbaycan Respublikasındakı Filialı və “X8” şirkəti “X9 Management Limited” şirkətinin (VÖEN - **********) strukturuna tabe olmaqla eyni şirkət kimi fəaliyyət göstərirlər. Bunu hər iki şirkətin rəsmi blankında belə görmək mümkündür. Belə ki, hər ikı şirkətin blankının aşağı sol hissəsində “Subsidiary of X9” sözləri yazılmışdır. “Google” axtarış sistemində yoxladıqda belə nüfuzlu saytlarda həm “X4 Ltd” şirkətinin Azərbaycan Respublikasındakı Filialı, həm də “X8” şirkətinin “X9 Management Limited” şirkətinin strukturuna tabe olduğu haqda məlumatlar çıxır ki, bu da qeyd edilən şirkətlərin eyni rəhbərliyə tabe olmaqla faktiki olaraq bir şirkət formasında fəaliyyət göstərdiyini bir daha sübut edir. “X9 Management Limited” şirkətinin strukturunda olan bir şirkətin ştat cədvəlində qeydiyyatda olub digər şirkətlərin işlərini icra edən işçilərin adları barədə məhkəməyə məlumat verir: Vüqar Həsənov - Binəqədi ƏŞ-nin (Global Energynin digər şirkəti) ştat cədvəlində qeydiyyatda olmasına baxmayaraq Şirvan ƏŞ və Karasu ƏŞ-də alqı-satqı işlərini icra edir; Elçin Maqsudlu - Şirvan ƏŞ-nin Texnoloji nəqliyyat sexinin rəisi olmasına baxmayaraq Neftçala ƏŞ-də (Global Energynin digər şirkəti) texnoloji nəqliyyat sexini idarə edir. Bu şirkətlər özlərini müstəqil huquqi şəxs kimi göstərsələr də, əslində hamısı eyni mərkəzdən idare olunur və işçilərini heç bir rəsmiləşdirmə olmadan qanunsuz şəkildə biri digərinə göndərir. Adıçəkilən müəssisələrdə nəinki onun, eyni zamanda yüzlərlə işçinin bu qaydada əmək hüquqları pozulur, lakin rəhbərliyə zidd getməmək üçün, dolayısıyla işini itirməkdən qorxduğu üçün heç kəs bu məsələni ictimailəşdirə və öz əmək hüquqlarını tələb edə bilmir. “X4 Ltd” şirkətinin Azərbaycan Respublikasındakı Filialı və “X8” şirkətində eyni və ya müxtəlif vəzifələrdə işləyən bir neçə işçi barədə məhkəməyə məlumat verir: Prezident - X3, Təhlükəsizlik texnikası üzrə məsləhətçi - Mehrabov Musa, Baş energetik - Quliyev Vüsal, Kadrlar şöbəsinin rəisi - Əliyev Fərid, Mühafizə şöbəsinin rəisi - Mikayılov Namiq, Karasu ƏŞ-də Əməyin təşkili və planlaşdırma şöbəsinin rəisi - Vəliyev Əlisətdar (daha əvvəl Şirvan ƏŞ-də Sosial işçilərə nəzarətçi işləyib). Aşağıdakı qaldırıcı qurğular “X4 Ltd” şirkətinin Azərbaycan Respublikasındakı Filialının mülkiyyətində olmasına baxmayaraq o, işlədiyi dövrdə “X8” şirkətində aylarla istifadə edilmişdir: (QƏTS - Quyuların əsaslı təmir sexi) - H025755 dövlət qeydiyyat nişanlı UPA-80 Qazmada, H025754 dövlət qeydiyyat nişanlı UPA60/80 QƏTS-də (Qeyd edilən qaldırıcı “X10” şirkətində işlədiyi vaxt H011843 dövlət qeydiyyat nişanlı (sonradan maşının nömrəsi dəyişildi) Kraz-65101 markalı yanacaq doldurma avtomaşını qaldırıcıya yanacaq verməyə gələrkən həmin avtomaşını idarə edən və “X10” şirkətində sürucu işləyən Əlinin ehtiyatsızlığı üzündən qəza baş vermişdi. Nəticədə H025754 dövlət qeydiyyat nişanl qaldırıcının kabinəsinin sol qapısı əzilmişdi. Bu səbəblə sürücü Əliyə töhmət elən edilmişdi), H025770 dövlət qeydiyyat nişanlı A-40 QƏTS-də (Karasu ƏŞ-də işlədiyi vaxtda qaldırıcının mühərriki sıradan çıxmışdı, Şırvan ƏŞ-nin işçiləri 2022-ci ilin dekabr ayında mühərriki öz emalatxanalarında təmir edib Karasu ƏŞ-yə göndərmişdilər. 2023-cü ilin əvvəlində Şirvan ƏŞ-nın işçiləri tərəfindən mühərrik qaldırıcının üzərinə quraşdırılmışdır. Mühərrikin quraşdırılmasında Şirvan ƏŞ-nın Texnoloji nəqliyyat sexinin təmir sahəsinin rəisi Mübariz Həsənov, çılıngəri Saleh Hüseynov və digər işçilər iştirak ediblər. Mühərrik işə salındıqdan sonra texnikanı Şirvan ƏŞ-yə aparıblar), 18T064 dövlət qeydiyyat nişanlı UPT-32 QƏTS-də, Xüsusi texnikalar vaxtaşırı: H025841 dövlət qeydiyyat nişanlı Vakkum avtomaşını, H025620 dövlət qeydiyyat nişanlı Dərə qazan avtomaşın, 18T966 dövlət qeydiyyat nişanlı Ekskavator, Dərə qazan (Yamabur) H025 620 dövlət qeydiyyat nişanlı, maye yığan (Vakkum) H025 841 dövlət qeydiyyat nişanlı, maye yığan (Vakkum) H025 776 dövlət qeydiyyat nişanlı, sıxılmış hava yaradan (Kompressor) H025 757 dövlət qeydiyyat nişanlı. O, “X4 Ltd” şirkətinin Azərbaycan Respublikasındakı Filialından işdən çıxdığı dövrdə müddətsiz əmək müqaviləsi əsasında fəaliyyət göstərirdi. Bu zaman onun aldığı əməkhaqqı da Karasu ƏS-də işləyərkən aldıqları əmək haqqından daha yüksək idi. Həmin dövrdə onun 60 yaşı var idi. 60 yaşlı bir şəxsin müddətsiz əmək müqaviləsi əsasında işlədiyi və daha yüksək əmək haqqı aldığı bir müəssisədən müddətli əmək müqaviləsi əsasında daha aşağı əmək haqqı olan vəzifəyə işləməyə keçməsi nə qədər məntiqlidir? 5 ildən sonra onun pensiya huququ yaranırdı. Həmin müddətin onun üçün vacib olduğunu nəzərə alsalar, əvvəlki iş yerini könüllü şəkildə dəyişmədiyinin bir daha sübut olunduğunu görərlər. İş materiallarından göründüyü kimi cavabdeh onunla 3 aylıq müqavilə bağlamış, bir neçə dəfə müqaviləni yeniləmiş, ən sonda isə onu işdən kənarlaşdırmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-cı maddəsində müddətli əmək müqaviləsi bağlanan hallar müəyyən edilmişdir ki, həmin halların heç biri hazırkı halda mövcud deyildir. “X4 Ltd” şirkətinin Azərbaycan Respublikasındakı Filialında işlədiyi dövrdə rəhbərlik tərəfindən ona “X8” şirkətində işləməyə başlamalı olduğu bildirmişdir. Onun rəhbərliyin dediyi ilə razılaşmamaq kimi bir şansı yox idi. Uzun müddətdir işlədiyi iş yerini yalnız rəhbərliyin göstərişi ilə dəyişmək məcburiyyətində qalmışdır. Yuxarıda qeyd etdiyi faktlardan da göründüyü kimi “X4 Ltd” şirkətinin Azərbaycan Respublikasındakı Filialı və Cavabdehı eyni rəhbərliyə tabe olmaqla vahid bir şirkətin tərkib hissələridir və o, sadəcə onların birindən digərinə transfer edilmişdir. Cavabdeh tərəfindən mənimlə 3 aylıq müqavilənin bağlanaraq ardıcıl olaraq dəfələrlə uzadılması əmək huququnun kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Belə ki, əmək müqaviləsi işəgötürən tərəfindən tərtib edilərək işçiyə imzalanması üçün təqdim edilmişdir və o, işini itirməmək üçün məcbur qalıb o müqaviləm imzalamışdır. Onun yerinə yetirdiyi iş daimi xarakterli iş olmuşdur. Cavabdeh 3 aylıq müqavilə bağlamaq ve onun uzadılması səlahiyyətini özündə saxlamaqla onu özündən asılı hala salmış, beləliklə də, isini itirməmək üçün əmək hüquqlarının kobud şəkildə pozulmasına etiraz etməməsinə məni məcbur qoymuşdur. Belə ki, cavabdehin müqavilə müddətini uzatmamasından ehtiyyat etdiyindən, hətta müqavilənin 3 aylıq bağlanmasına belə etiraz etməkdən çəkinmiş, məcbur qalaraq həmin müqaviləni imzalamışdır və bu da sonradan hazırkı fəsadlarını verərək işə bərpa mübahisəsinin yaranmasına səbəb olmuşdur. Cavabdeh hərəkətləri qanundan suiistifadədir. Belə ki, cavabdeh qanunda müddətli müqavilə bağlanması ilə bağlı müddəadan sui-istifadə etmiş, heç bir əsas olmadan onunla qanunsuz olaraq 3 aylıq müqavilə bağlayaraq onu dəfələrlə uzatmışlar. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək bildirir ki, cavabdeh tərəfindən onunla 3 aylıq müqavilənin bağlanaraq ardıcıl olaraq dəfələrlə uzadılması tamamilə qanunsuz olmuşdur və o, öz işinə bərpa edilməlidir”.

16. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) iddia ərizəsinin (ərizəyə əlavələrin) məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Nümayəndə həmçinin bildirmişdir ki, cavabdehin hərəkətləri qanundan sui-istifadədır. Belə ki, cavabdeh qanunda müddətli müqavilə bağlanması ilə bağlı müddəadan sui-istifadə etmiş, heç bir əsas olmadan iddiaçı ilə qanunsuz olaraq 3 aylıq müqavilə bağlayaraq onu dəfələrlə uzatmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 24-cü maddəsinin tələbinə əsasən hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV nissələrı ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 20 oktyabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyəttabeçılik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə ışıəmək hüququnun, habelə digər əsas insan huquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır.” Göründüyü kımı, ölkənin ali konstitusiya ədalət mühakiməsi orqanı olan Konstitusiya Məhkəməsi belə öz qərarında işçi və işəgötürənin faktiki cəhətdən bərabər olmadığını, yəni işçinin daha zəif, işəgötürəndən iqtisadi cəhətdən asılı olmasını öz qərarında təsbit etmişdir. İddiaçı “X4 Ltd“ şirkətinin Azərbaycan Respublikasındakı Filialında 2016-cı ildən işə başlamış, əvvəl əmək müqaviləsi müddətli olaraq başlayıb, 5 ili tamam olduqdan sonra isə müddətsizə keçirilmişdir. İddiaçı, “X4 Ltd“ şirkətinin Azərbaycan Respublikasındakı Filialındakı işinə bərpa olunmasını xahiş edir, oradan işdən çıxarılarkən onun buna etirazını bildirməsi imkanı olmayıb.

17. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia tələbinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, tərəflərindən qanunvericiliyin bütün tələblərinə və bütün hüquqi prosedurlara tam riayət olunub və iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilmişdir. ƏM-nin müddətli əmək müqaviləsinin bağlanması hallarını özündə əks etdirən 47-ci maddəsində qeyd edilir ki, müvafiq əmək funksiyalarının mürəkkəbliyi müddətli əmək müqaviləsinin bağlanması üçün əsaslardan biridir. İddiaçının əvvəl çalışdığı “X4” LTD Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə aralarında heç bir hüquqi bağlılıq yoxdur. İddiaçı tərəf bildirir ki, eyni şəxs ayrı-ayrı vaxtlarda “X4” LTD Şirkətinin Azerbaycan Respublikasındakı Filialı ilə “X8 » Şirkətinin Filialının qanuni təmsilçisi olmuşdur. Bunun üçün qanunvericilikdə heç bir qadağa yoxdur. Hüquqi ünvana gəlincə isə həmin ünvanda tək adıçəkilən şirkətlər yox, digər şirkətlər də, fəaliyyət göstərir. «X9 Management Limited» şirkətinə gəlincə isə o ümumi anlayışdır. Belə ki, o, müəyyən ərazidə fəaliyyət göstərən şirkətlərə menecement xidməti göstərir, onların fəaliyətini təmin edir. Aralarında heç bir tabelilik münasibəti yoxdur, eyni Cavabdehı Şirvan bölgəsində neft-qaz sahəsində fəaliyyət göstərir. Həmçinin onun tabeliyində kifayət qədər mürəkkəb struktura malik nəqliyyat sexi vardır ki, həmin sexdə 200-dən artıq texnika vardır. İddiaçının daha öncə ayrı bir şirkətdə əmək fəaliyyəti ilə məşğul olması onun yeni işə qəbul olunduğu şirkətdə təcrübəli işçi kimi nəzərə alınması demək deyildir. Ona gorə də, iddiaçının da razılığı ilə və şərtlər ona əvvəlcədən bildirilməklə onunla müddətli əmək müqaviləsi bağlanmışdır. İşlədiyi dövrdə o, 3 aylıq əmək müqaviləsi ilə işə götürülüb. Buna səbəb də, işəgötürənin onun təyin olunduğu vəzifənin öhdəsindən gəlib-gəlməməsinin müəyyən olunması olub. Daha sonra bu müddət bir neçə dəfə uzadılıb. Yəni burada heç bir qərəzlilikdən söhbət gedə bilməz. 1 il 6 ay iddiaçı onların şirkətində çalışıb. Lakın növbəti dəfə işəgötürən üçün əmək müqaviləsinin müddətinin uzadılması üçün işçinin peşəkarlıq səviyyəsi yetərli qədər olmayıb. Bundan sonra qanunvericiliyə müfaviq qaydada ona bununla bağlı bildiriş verilib. Daha sonra iddiaçı əmək məzuniyyətindən istifadə etmək üçün müraciət edib və onun bu hüququ təmin edilib. Sonra isə o, əmək fəaliyyətinin müvəqqəti itirilməsinə səbəb olan xəstəliklə əlaqədar məzuniyyətdə olub. Bütün bu müddətlər gözlənildikdən sonra onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. İşçi dəvət olunaraq müvafiq imzalar alınıb və ona sənədlər təqdim olunub. Yəni tərəflərindən heç bir pozuntuya yol verilməyib.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X4 LTD » Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, işə həmin Filialın nümayəndəsinin iştirakları olmadan baxılmışdır.

19. Birinci instansiya məhkəməsinin 29 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.

20. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

20.1. Müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında iddiaçının Texnolojinəqliyyat sexinin rəisi vəzifəsinə qəbul edilməsi ilə əlaqədar yazılı formada tərtib edilmiş müddətli əmək müqaviləsi bağlanılmışdır. 20.2. Qanunvericilik əmək müqaviləsinin müddətli bağlanmasının hüquqi əsaslarını müəyyən edir. Belə əsaslardan biri Əmək Məcəlləsinin 47-ci maddəsinin "f” bəndində nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin 47-ci maddəsinin "f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlana bilər. 20.3. Hazırki mübahisə ilə əlaqədar vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirilməlidir. 20.4. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel "ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. 20.5. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. 20.6. Tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: - həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda; - müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. 20.7. Tərəflər arasında bağlanılmış əmək müqaviləsinin 2.1-ci bəndi müqavilənin 3 ay müddətinə bağlanılmasını nəzərdə tutduğundan, müqavilə isə tərəflərin iradə ifadəsinə uyğun olaraq bağlanıldığından, beləliklə də müqavilənin müddətli bağlanılmasına tərəflərin qarşılıqlı razılığının mövcud olması məhkəmə tərəfindən müəyyən edildiyindən, məhkəmə hesab edir ki, həmin əmək müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanılmış, iddiaçı əmək müqaviləsinə imza etməklə onun mahiyyəti və şərtləri ilə razılaşdığını nümayiş etdirmişdir. 20.8. İddiaçı ilə cavabdeh arasında bağlanılmış əmək müqaviləsi müddətli olduğundan, cavabdeh təşkilat əmək müqaviləsinə müddətin keçməsi ilə əlaqadar xitam verilməsi barədə qərar qəbul etməkdə tam haqlı olmuşdur. 20.9. «X4 LTD» Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə hazırki cavabdeh Kayman Adalarının Cavabdehı arasında hər hansı hüquqi bağlılığın olması müəyən edilməmişdir. Onların eyni hüquqi ünvanda yerləşməsinə səbəb isə onların ünvan 5za-da biznes mərkəzində yerləşməsi olmuşdur. Məhkəməyə təqdim edilmiş müvafiq vergi məlumatlarına əsasən də hər iki hüquqi şəxsin bir-birindən törəməsi, çevrilməsi, hüquqi varisliyi və s. müəyyən edilməmiş və bu barədə digər sübutları iddiaçı tərəf təqdim edə bilməmişdir. Hər iki hüquqi şəxsin hər hansı bir qarşılıqlı kommersiya məqsədləri ilə fəaliyyət göstərməsi (müqavilə münasibətləri çərçivəsində) onların eyni hüquqi şəxs olması demək deyildir.

21. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci, Əmək Məcəlləsinin 11-ci, 42-ci, 45-ci, 47-ci, 68-ci, 73-cü, Mülki Prosessual Məcəllənin 14.2-ci, 76-cı və 77.1-ci maddələrinə istinad etmişdir.

22. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayəti iddia ərizəsinin və ona əlavələrin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyini, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələrı ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 20 oktyabr 2023-cü il tarixli və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2024-cü il tarixli qərarında əks olunmuş hüquqi mövqeləri nəzərə almadığını, tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyini, sübutları təhrif etdiyini, qanunsuz qərar çıxardığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

24. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi şikayətin əsassız olduğunu bildirmiş, müstəqil tələb irəli sürməyən üçüncü şəxs - “X4 Ltd” şirkətinin Azərbaycan Respublikasındakı Filialı isə nümayəndəsini məhkəməyə göndərməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

25. Maddə 35. İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

26. Maddə 42 (1-ci hissə). Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

27. Maddə 45. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

28. Maddə 47. Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

29. Maddə 68. 1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: ...b) əmək müqaviləsinin müddətinin qurtarması.

30. Maddə 73. 1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.

31. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə ... çıxarır.

Konstitusiya Məhkəməsinin “Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə, 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2024-cü il tarixli Qərarı

32. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilsin.

33. Məhkəmələr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə bağlı işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadələrini bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə uyğun olaraq araşdırıb nəticəyə gəlməlidirlər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

37. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

42. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə müvafiq əsaslandırma ilə razılaşır və dəlilləri iddia ərizəsində irəli sürülən dəlillərlə eyni olan apellyasiya şikayəti üzrə əlavə əsaslandırma aparılmasına zərurət görmür.

43. Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur.

44. Xüsusilə qeyd olunmalıdır ki, eyni şəxs(lər)in müxtəlif vaxtlarda müxtəlif kommersiya hüquqi şəxslərinə rəhbərlik etmələri, yaxud həmin hüquqi şəxslər (yaxud hüquqi şəxslərin filialları) arasında işgüzar münasibətlərin mövcudluğu, onların eyni hüquqi şəxs(lər), yaxud filiallar olmaları mənasına gəlmir.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-341/2024 saylı iş üzrə 29 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar