Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2901/2021 04.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh Kayman Adalarının “X3” Şirkətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməklə məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 dekabr 2020-ci il il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının özünün, cavabdeh Şirkətin nümayəndəsi X1 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla cavabdeh Şirkət arasında bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi barədə Şirkət üzrə verilmiş 21.10.2020-ci il tarixli, 25X-OK №-li əmrin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə - Şirkətin 1 saylı Neft və X6 rəis müavini vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma günləri üçün cavabdeh Şirkət tərəfindən ona əmək haqqının ödənilməsi tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 01.12.2000-ci il tarixdə Şirkətin Quyuların Əsaslı və Yeraltı Təmir Sexinə usta vəzifəsinə təyin edilmiş və müxtəlif vəzifələrdə çalışmaqla, 01.06.2015-ci il tarixdən 1 saylı NQÇİ-yə sahə rəisi vəzifəsinə təyin edilmişdir. Lakin Şirkətin 21.10.2020-ci il tarixli, 25X-OK №-li əmri ilə iddiaçı sahə rəisi vəzifəsindən azad edilməklə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçı hesab edir ki, həmin əmr əsassızdır, çünki işəgötürən ona qarşı qərəzli olmuşdur. Belə ki, iddiaçıya cavabdeh Şirkət tərəfindən 08.10.2020-ci il tarixdə vaxtından əvvəl işdən getmə barədə jurnalın müvafiq qrafasında imzaladığından Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət elan edilmişdir. Lakin sonuncu dəfə cavabdeh tərəfindən 21.10.2020-ci il tarixdə, iddiaçı işdə olarkən 11.10.2020-ci il tarixdə iş zamanı saat 15:52 radələrində Neft və qaz hasilatı üzrə operator X2 iddiaçıya mobil telefon vasitəsi ilə zəng edərək 211 saylı quyuda baş vermiş qəza barədə məlumat vermiş və quyu ətrafını neftdən təmizləmək üçün vakuum maşını və traktor istəmişdir. Lakin iddiaçı tərəfindən vakuum maşının xarab olduğunu və traktorçunun isə istirahət günü olduğundan əl əməyindən istifadə edilməklə yerində təmizlik işlərinin aparılması tapşırığı verildiyindən, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh Şirkət iddiaçının əmək funksiyalarının icrasına səhlənkar yanaşdığına və xidməti vəzifəsini vicdanla yerinə yetirmədiyinə və əmək vəzifəsini kobud şəkildə pozaraq işə səhlənkarlıqla yanaşaraq əmək və icra intizamını pozduğuna görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad etmək qənaətinə gəlməklə qanunsuz işdən azad etmişdir. Əmrdə qeyd edilir ki, iddiaçı əmək funksiyalarının icrasına səhlənkar yanaşdığından və xidməti vəzifəsini vicdanla yerinə yetirmədiyindən, əmək qanunvericiliyinin tələblərinin pozulması kimi 70-ci maddəsinin “ç” bəndini əsas götürmüşdür. Bundan başqa, cavabdeh Şirkət 70-ci maddənin “ç” bəndinin tətbiqinin əsası kimi həmin Məcəllənin 186.2-ci və 187-ci maddələrə əsasən əmək funksiyalarının icrasına səhlənkar yanaşdığına görə ciddi intizam tənbehinin görülməsini əsas götürmüşdür. Belə ki, cavabdeh Şirkət əmrdə iddiaçının əmək funksiyalarının icrasına səhlənkar yanaşdığının əsası kimi 211 saylı quyuda baş vermiş qəza barədə tədbir görmədiyini və bu barədə MMTX-yə, Texniki təhlükəsizlik, əməyin mühafizəsi və ətraf mühitin qorunması şöbəsinə və şirkətin filialının rəhbərinə məlumat vermədiyini qeyd edir. Lakin hadisə baş verən gün vakuum maşınının xarab olduğu və traktorçunun isə istirahət günü olduğundan işləmədiyinə görə əl əməyindən istifadə etməklə əraziyə dağılmış neftin yığılması barədə tədbir görülməsi üçün tapşırıqları vermişdir. Belə ki, həmin gün vakuum maşınının işləməməsi texniki baxımdan təmiri-bərpa işlərinin aparılması iddiaçının səlahiyyətləri daxilində deyil, traktorçunun isə istirahət günü olduğundan onun məcburi əməyə cəlb edilməsi isə iddiaçının səlahiyyətlərinə ziddir. Bu səbəbdən də iddiaçı neftin ərazidən yığılması barədə müvafiq tapşırıqlar vermişdir. Bundan başqa, dəfələrlə belə bir hadisələr olmuş və müəyyən qəzalar nəticəsində əraziyə neft axımı olmuş və texniki təchizat olmadıqda əl əməyi nəticəsində aradan qaldırılmışdır. Lakin bunun cavabdeh Şirkət tərəfindən əmək funksiyalarının kobud surətdə pozulması kimi qiymətləndirməsi qərəzlidir. Çünki, Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən əmək müqaviləsindən irəli gələn vəzifələrin və müəssisədaxili intizam qaydalarının pozulması olaraq işəgötürən tərəfindən inzibati tənbeh növlərindən birinin tətbiqinin həyata keçirilməsi göstərilir. Cavabdeh Şirkət isə işin faktiki halları olaraq Məcəllənin 186.2-ci maddəsinin tələblərindən irəli gələn müqavilə üzrə hansı vəzifələrin və müəssisədaxili intizam qaydalarını pozduğunu göstərmir və onların pozulmasına səbəb olan halların nədən ibarət olduğunu əsaslandırmır. Cavabdeh Şirkət tərəfindən iddiaçıya 08.10.2020-ci il tarixdə tabel jurnalına işdən vaxtından əvvəl getdiyinin əsası kimi “töhmət” elan etmişdir. Halbuki, iddiaçı tabel jurnalına iş vaxtının qurtarmasına bir neçə dəqiqə qalmış imza atmaqla evə getməmiş və sonuncu dəfə vəzifəsindən irəli gələrək əraziyə baxış aparmaq məqsədi ilə işini yerinə yetirmişdir. İddiaçı əraziyə çıxmaqla sonuncu dəfə vəzifəsindən irəli gələn işləri yerinə yetirməklə iş vaxtının bitdiyi vaxtdan sonra əraziyə baxışı bitirib iş yerini tərk etmişdir. Bu baxımdan, cavabdehin əmri əsassızdır. İddiaçı işlədiyi müddət ərzində həmişə qabaqcıl, mütərəqqi işlərə meylli oİmaqla öz vəzifəsində məsuliyyətli, intizamlı olmuşdur. Məhz bunun nəticəsidir ki, heç vaxt bir dəfə də olsun işlədiyi təxminən 20 il müddətdə işdən azad edilməyərək, digər bir təşkilatda işləməmiş, deməli işdə göstərdiyi əməyinin və işə məsuliyyətlə yanaşmağının səbəbidir ki, istər həmin vaxtlarda, istər də son vaxtlarda bir dəfə də olsun inzibati tənbeh almamışdlr. Buna sübut olaraq əmək kitabçasında öz əksini tapır. Belə ki, iddiaçı işinə səhlənkar yanaşsaydı və vəzifəsinin öhdəsindən gəlməsəydi, yəqin ki, cavabdeh tərəfindən bu cür məsul vəzifəyə keçirilməsinə əsas verməzdi. Lakin son zamanlar şirkət daxilində gedən müəyyən hallar iddiaçıya belə bir əsassız və böhtan xarakterli tədbirlərlə işdən uzaqlaşdırılmasına çalışmışlar və buna da nail olmuşlar. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 09.12.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh Şirkətin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdeh Şirkətinin 07.07.2020-ci il tarixli, 21/L saylı “işçiyə intizam məsuliyyətinin tətbiq edilməsi barədə” əmrindən görünür ki, vəzifə səlahiyyətlərinə səhlənkar yanaşması və əmək və icra intizamı qaydasını pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən 1 saylı Neft və X6 (bundan sonra – Sex) rəis müavini olan İddiaçı töhmət elan edilmişdir. Şirkət üzrə verilmiş 08.10.2020-ci il tarixli, 38/L saylı “əmək və icra intizamına riayət olunması vəziyyətinin yoxlanmasının nəticələrinə əsasən intizam tənbehi verilməsi barədə” əmrindən görünür ki, əmək və icra intizamını pozduğuna görə, Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən Sexin rəis müavini İddiaçı töhmət elan edilmişdir. Həmin əmrdən görünür ki, Sexin işə davamiyyət jurnalına baxış keçirilərkən müəyyən edilmişdir ki, Sex rəisinin müavini İddiaçı vaxtından əvvəl işdən getmə barədə jurnalın müvafiq qrafasını imzalamışdır. İddiaçı bu faktla bağlı səhvini, eləcə də tabeçiliyində olan operatorun vaxtından tez getməsinin qarşısını almaması ilə bağlı təqsirini boynuna almış, bu tip nöqsanların aradan qaldırılması istiqamətində iş görəcəyini vəd etmişdir. Şirkətə ünvanlanmış 12.10.2020-ci il tarixli “Xidməti məktubda” qeyd edilmişdir ki, 12.10.2020-ci il tarixində səhər işə gələrkən 211 saylı quyunun ətrafı neftlə bulandığı aşkar olundu. Quyu ətrafına baxış keçirilən zaman müəyyən olunmuşdur ki, quyu boru arxasından işləyib və hazırda qaz sızması var. 11.10.2020-ci il tarixində saat 15:00-15:30 radələrində Sex tərəfindən ərazinin bulanması və boru arxasında olan siyirtmənin işlək olmaması aşkar edilib, lakin bu barədə Sexin rəis müavini İddiaçı heç kəsə məlumat verməmiş, baş verənləri gizlətməyə çalışıb. Yuxarıda qeyd olunanları nəzərə alaraq, baş vermiş hadisəni Şirkət rəhbərliyindən və ya Şirkət üzrə cavabdeh şəxslərdən gizlətdirdikləri və gələcəkdə bu kimi hadisələrin baş verilməməsi üçün İddiaçı barədə müvafiq tədbir görülməsi barədə aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir. Şirkətin əməkdaşları tərəfindən tərtib edilmiş 12.10.2020-ci il tarixli aktdan görünür ki, 12.10.2020-ci il tarixində səhər saat 08:00 radələrində işə gələrkən 1 №-li Sexin M-211 №-li quyunun ətrafının neftlə çirklənməsi müşahidə olundu. Baxış keçirərkən həmin quyunun boru arxası siyirtmədə sızma nəticəsində 50 kv.m ərazi neft tullantılarında bulanmışdır. Şirkət üzrə verilmiş 21.10.2020-ci il tarixli, 25X-OK saylı “əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrindən görünür ki, əmək vəzifəsini kobud şəkildə pozduğuna görə Sexin rəis müavini vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 23.10.2020-ci il tarixdən xitam verilməsi, mühasibatlığa 22.11.2019-cu il tarixdən 23.10.2020-ci il tarixədək iş dövrü üçün istifadə etmədiyi 15 məzuniyyət günlərinə görə İddiaçı pul əvəzi, əmək haqqı, ödənilmədiyi iş günləri üçün əmək haqqı və istifadə etmədiyi 1 gün əvəz gününə görə günlük vəzifə maaşının 2 misli həcmində pul əvəzinin hesablanaraq ödənilməsinin tapşırılması, kadrlar şöbəsinin rəisi F.Ə.Əliyevə bu əmrin surətinin əmək kitabçası ilə birlikdə İddiaçı verilməsinin təmin etməsinin tapşırılması əmr edilmişdir. Həmin əmrdən görünür ki, 12.10.2020-ci il tarixdə, səhər, 211 saylı quyunun ətrafı neftlə bulandığı aşkar olunmuşdur. Quyu ətrafına baxış və ilkin araşdırma zamanı müəyyən olunmuşdur ki, 11.10.2020-ci il tarixdə, saat 15:00-15:30 radələrində, 1 saylı Neft və Qazçıxarma Sexinin neft və qaz hasilatı üzrə operatoru R.N.Şirəliyev tərəfindən ərazinin bulanması və boru arxasında olan siyirtmənin işlək olmaması barədə Sexin rəis müavini İddiaçı xəbər verilib, lakin sonuncu baş verənləri gizlətməyə çalışaraq bu barədə heç kəsə məlumat verməyib. İddiaçı izahatında bildirmişdir ki, 11.10.2020-ci il tarixdə iş zamanı saat 15:52 radələrində R.N.Şirəliyev ona mobil telefon vasitəsilə zəng edərək 211 saylı quyuda baş vermiş qəza barədə məlumat vermiş və quyu ətrafını neftdən təmizləmək vakuum maşın və traktor istəmişdir. İddiaçı R.Şirəliyevə vakuum maşının xarab olduğunu və traktorun sürücüsünün isə istirahət günü olduğunu bildirmiş, başqa heç bir tədbir görülməmişdir. İddiaçı qəza və qəzanın nəticəsi barədə Mərkəzi Mühəndis-Texnoloji Xidmətinə və Şirkətin Filialının rəhbərliyinə məlumat vermədiyini etiraf etmiş və bunlara görə özünü günahkar hesab etdiyini bildirmişdir. Araşdırma nəticəsində müəyyən olmuşdur ki, İddiaçı 11.10.2020-ci il tarixdə 1-ci növbə iş zamanı saat 15:30 radələrində 11 saylı quyuda baş vermiş texniki qəzanı və qəza nəticəsində quyu ətrafının neftlə çirklənməsini gizlətmiş, qəzanın və onun nəticələrinin aradan qaldırılması istiqamətində heç bir tədbir görməmiş, hadisə barədə Mərkəzi Mühəndis-Texnoloji Xidmətinə, Texniki Təhlükəsizlik, Əməyin mühafizəsi və ətraf mühitin qorunması Şöbəsinə və Şirkətin Filialının rəhbərliyinə məlumat verməmişdir. Göstərilənlərə əsasən apellyasiya baxışının nəticəsi ilə müəyyən edilir ki, Şirkətin işçisi, yəni Şirkətin 1 saylı Neft və X6 rəis müavini olmuş İddiaçı Şirkətdə işlədiyi dövrdə 07.07.2020-ci il tarixli və 08.10.2020-ci il tarixli əmrlərə töhmət verilmiş, bundan sonra, 11.10.2020-ci il tarixdə 211 №-li quyunun ətrafının neftlə çirklənməsi aşkar olunmuş və müəyyən olunmuşdur ki, Sexin neft və qaz hasilatı üzrə ərazinin bulanması və boru arxasında olan siyirtmənin işlək olmaması barədə iddiaçıya xəbər verilmiş, lakin sonuncu baş verənləri gizlətməyə çalışaraq bu barədə heç kəsə məlumat verməmişdir. Baş vermiş hallar ilə əlaqədar əmək vəzifəsini kobud şəkildə pozduğuna görə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşin müəyyən edilmiş halını nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndinə görə, işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Göründüyü kimi iddiaçı tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozuntusuna yol verilmişdir və bu səbəbdən cavabdeh Şirkət onunla bağlanmış əmək müqaviləsinə xitam verməkdə haqlı olmuşdur. Məhkəmə qeyd edir ki, göstərilən əmrin ləğv edilməsi və ya etibarsız hesab edilməsi üçün əsaslar, habelə cavabdeh Şirkətin işçisi olan iddiaçıya qarşı qərəzli mövqeyi apellyasiya baxışı ilə müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdeh Şirkətə qarşı irəli sürülmüş tələb əsassızdır. Rayon Məhkəməsi iddianı əsassız hesab edərək təmin etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 dekabr 2020-ci il il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2901/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2901/2021
04.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver