Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2901/2022 19.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Cavabdeh Gümen Aziz və onun vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh Gümen Azizə qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş üzrə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-607/2022 saylı, 07 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı «Atasığorta” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 530 (beş yüz otuz) manat sığorta ödənişi məbləğinin 30,00 (otuz) manat dövlət rüsumunun, cəmi 560,00 (beş yüz altmış) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “AtaSığorta" ASC ilə X5 arasında 17.09.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Mercedes Benz E280" markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh Gümen Aziz 14.08.2020-ci il tarixdə “Mercedes Benz E280” markalı, 10-SP177 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, R.Cəfərov küçəsində yolnəqliyyat hadisəsi törətmiş və “Mercedes Benz E220 CDİ” markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtomobilə və "FORD Fusion” markalı, ** XX *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən "Mercedes Benz E220 CDİ” markalı, 99ED189 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə 400.00 (dörd yüz) manat, "FORD Fusion” minik markalı, ** XX *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə 130,00 (yüz otuz) manat cəmi 530.00 (beş yüz otuz) məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bakı şəhəri BİM DYPİ-nin "xxxx" ASC-yə təqdim etdiyi elektron Arayışa əsasən cavabdeh Gümen Aziz yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan Arayışda cavabdeh Gümen Aziz yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Mercedes Benz E280” minik markalı, ** SP *** dövlət qeydiyyat nişanlı avtomobili Türkiyə Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi ilə idarə qeyd olunmuşdur. Cavabdeh tərəfindən milli qanunvericiliyə görə sürücülük vəsiqəsi dəyişdirilməmişdir. Gümen Azizə məxsus AR Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş DYİ00***** saylı daimi yaşamaq üçün icazə vəsiqəsindən görünür ki, Gumen Aziz ünvan 1 ünvanında rəsmi qeydiyyatdadır. Cavabdeh Gumen Azizin ünvanına 04.02.2021-ci il tarixli, AS-SHTD-21/186 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də, müvafiq sığorta ödənişi məbləği bu günədək iddiaçıya ödənilməmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-607/2022 saylı, 07 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Gümen Azizdən 530 (beş yüz otuz) manat sığorta ödənişi məbləğinin 30,00 (otuz) manat dövlət rüsumunun, cəmi 560,00 (beş yüz altmış) məbləğində pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh və onun vəkili Vəkil apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsi hazırki mülki işə baxarkən nöqsanlara yol vermiş, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan tədbirlər görməmiş, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, sübutlara obyektiv, qərərsiz, hərtərəfli və tam baxmamış və həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Bunun nəticəsindən zədələndiyi iddia edilən qeyd olunan avtomobillərin ehtiyat hissələrinin zədələnibzədələnmədiyi, zədələndiyi halda isə dəyən zərərin miqdarı müəyyən edilməmişdir. İddia edilən zərərin miqdarının müəyyən edilməsi məqsədilə “Mersedes Benz E220 CDİ”markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtomobilin və “FORD Fusion”minik markalı, ** XX *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçilərinə zərər vurulub-vurulmadığı, zərər vurulduğu halda həmin zərərin miqdarı ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqatı sahəsi üzrə ekspert tərəfindən aydınlaşdırılmamışdır. Sığorta hadisəsi nəticəsində “Mersedes Benz E220 CDİ”markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtomobilin və “FORD Fusion”minik markalı, ** XX *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnmiş ehtiyat hissələrinə dəydiyi iddia edilən zərərin "Atasığorta”ASC tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə"Atasığorta” ASC ilə Aziz Gümen arasında razılıq əldə edilməməsinə baxmayaraq, zərərin miqdarının qiymətləndirilməsi müstəqil ekspert tərəfindən aparılmamışdır. Bununla da, iddia edilən zərərin miqdarı sübut edilməmişdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində dəyişdirmədiyi halda, onun nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı (aradan qalxdığı) “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmur. Həmçinin, həmin qanundan daha üstün qüvvəyə malik beynəlxalq müqavilə olan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Sazişə əsasən Türkiyə Respublikasının sürücülük vəsiqəsini dəyişmək üçün istənilən vaxt Azərbaycan Respublikasının səlahiyyətli orqanına müraciət edilə bilər. Beləliklə, X7 Respublikasının sürücülük vəsiqəsi ilə Azərbaycan Respublikasının ərazısində avtomobil idarə etməyi tamamilə daxili və beynəlxalq qanunvericilik müddəalarına uyğundur. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Gümen Aziz və onun vəkilinümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasında öz nümayəndəsinin iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə məlumat vermədiyindən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin hədləri qətnamənin əsaslığının tam yoxlanılmasını təşkil edir. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC ilə X5 arasında bağlanmış 17.09.2019-cu il tarixdə PAA********** nömrəli müqavilə əsasında verilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta” şəhadətnaməsi üzrə “Mercedes Benz E280” minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də sığortalanmışdır. Cavabdeh Gümen Aziz “Mercedes Benz E280” minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, R.Cəfərov küçəsində yol-nəqliyyat hadisəsi törətmiş, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş və İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz E220 CDİ” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən "Mercedes Benz E220 CDİ” markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə 400.00 (dörd yüz) manat, "FORD Fusion” minik markalı, ** XX *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə 130,00 (yüz otuz) manat cəmi 530.00 (beş yüz otuz) məbləğində sığorta ödənişi ödənilmişdir. AC 551431 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz E280” minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4r. ƏN-Vİ 010728 nömrəli etibarnamə ilə, X5 özünə məxsus olan “Mercedes Benz E280” minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobili Gümen Azizə etibar etmişdir. Türkiyə Respublikası tərəfindən Gümen Azizə verilmiş sürücülük vəsiqəsi mülki işin materiallarına əlavə edilmişdir. AR Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş DYİ00***** saylı daimi yaşamaq üçün icazə vəsiqəsindən görünür ki, Gumen Aziz ünvan 2 ünvanında rəsmi qeydiyyatdadır və daimi yaşamaq icazəsi 02.06.2023-cü il tarixədək etibarlıdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, “Mercedes Benz E280” minik markalı, **- SP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Gümen Aziz tərəfindən idarə edilərkən mülki hüquq pozuntusu (delikt) törətməsi, "Mercedes Benz E220 CDİ” markalı, 99ED189 nömrəli avtomobilə zərər dəyməsi müəyyən edilmiş, bunun nəticəsində iddiaçı tərəfindən zərərçəkənə sığorta ödənişi ödənilməklə subroqasiya hüququnu (yəni sığorta ödənişi alan şəxsə dəymiş zərərə görə mülki məsuliyyət daşımalı olan şəxsə qarşı tələb irəli sürmək hüququnu) əldə etməsi öz təsdiqini tapdığından iddiaçının cavabdeh Gümen Azizə qarşı tələbi əsaslıdır və zərər məbləği bu cavabdehdən tutulmalıdır. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 898, 936, 1096, 1097, 1108, 1114-cü maddələri və "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsi ilə əsaslandırmışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulsun. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.6-cı maddəsinə əsasən, sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin İV hissəsinə əsasən velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Həmin Qanunun 35-1-ci maddəsinə əsasən İİ hissəsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, sürücülük vəsiqəsinin dəyişdirilməməsi cavabdehin sürücülük hüququnun olmaması və avtomobilin səlahiyyəti olmayan şəxs tərəfindən idarə edilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 35ci maddəsində sürücülük vəsiqəsinin dəyişdirilməsi nəzərdə tutulmuş olsa da, cavabdeh buna görə inzibati məsuliyyətə cəlb olunmamışdır. Cavabdehin barəsində İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tətbiri tətbiq edilmişdir. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, cavabdehin Türkiyə Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi olmuş və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Sazişə əsasən, onun Azərbaycan Respublikasında avtomobil idarə etmək hüququ ümumən tanınmışdır. Məhkəməsinin qənaətinə görə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 35-1-ci maddəsinin məqsədi (həmin maddə 11.11.2016-cı il tarixdə qanuna əlavə edilmişdir) uzun müddət ərzində Azərbaycan Respublikası ərazisində yaşayaraq, nəqliyyat vasitələrini idarə edən şəxslərin uçotunu aparmaqdan ibarət olmuşdur. Belə ki, X1 verilməsi 1968-ci il “Yol hərəkəti haqqında” BMT Vyana Konvensiyası ilə tənzimlənir. Dünyanın bir çox inkişaf etmiş dövlətlərinin təcrübəsində geniş yayılan X2 xarici dövlətlərdə avtomobil idarə edərkən, avtomobillə Konvensiyaya üzv dövlətlərin ərazisindən keçərkən, birbaşa və ya tranzit yük və ya sərnişin daşımaları zamanı istifadə olunur və sahibinə müstəqil olaraq ölkədən kənarda avtomobil idarə etməyə icazə verir. Eyni zamanda Konvensiyaya üzv ölkələr beynəxalq sürücülük vəsiqəsi alınmadan, üzv ölkələrin milli sürücülük vəsiqələrini öz ərazilərində tanıyırlar. Azərbaycan Respublikası və Türkiyə Respublikası həmin Konvensiyaya qoşulmuşlar. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 35-1-ci maddənin əlavə edilməsi, sığortaçının mənafelərinin qorunması ilə əlaqədar olmamış və bu cür məqsəd güdməmişdir. İddiaçının qeyd olunan maddi hüquq normasına istinad etməsi əsassızdır. Göründüyü kimi, iddiaçının istinad etdiyi hallar üzrə onun cavabdehə qarşı subroqasiya hüququ yaranmamışdır. Belə olan halda, iddia tələbinin təmin edilməsi üçün hər-hansı hüquqi zəmin mövcud deyil. Kollegiya apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutları kifayətedici hesab edib, ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi rədd edildiyindən dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Həmin Məcəllənin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, cavabdeh Gümen Azizin apellyasiya şikayəti təmin edilməli, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-607/2022 saylı, 07 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Gümen Azizin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-607/2022 saylı, 07 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-2901/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2901/2022
19.04.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver