Məhkəmə qərarları › İş №2(103)-2903/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2903/2022

17.05.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2903/2022 17.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli, 2(005)-430/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin 08.09.2021-ci il tarixli, 171 nömrəli əmrinin ləğv edilməsi, "xxxx" ASC İnformasiya Texnologiyaları Departamentinin baş mütəxəssisi vəzifəsinə bərpa olunmağı, cavabdeh tərəfindən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, 8092,63 manat ödənilməmiş əmək haqqının, 2021-ci ilin mart, aprel, may ayları üçün gecikdirilmiş hər gün üçün 1 faiz hesablanmaqla əmək haqqının gecikdirilməsinə görə 11003,73 manat ödəncin, 5281,25 manat istifadə olunmamış məzuniyyətə görə pul əvəzinin və mənəvi zərərə görə 5000 manatın cavbdehdən tutularaq ona ödənilməsi, 09.07.2021-cil tarixdən başlayaraq ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 2021-ci lin iyun ayının əmək haqqısının 1 faizi; 09.08.2021-cil tarixdən başlayaraq ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 2021-ci lin iyul ayının əmək haqqısının 1 faizi; 08.09.2021-cil tarixdən başlayaraq ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 2021-ci lin avqust ayının əmək haqqısının 1 faizi; 08.09.2021-cil tarixdən başlayaraq ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 2021ci lin sentyabr ayının işlədiyi günlərinə görə əmək haqqısının 1 faizi məbləğində ödənc hesablanaraq cavabdeh tərəfindən ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 25.05.2015-ci il tarixli əmək müqaviləsi ilə "xxxx" ASC-nin İnformasiya Texnologiyaları Departamentinin baş mütəxəssisi vəzifəsində çalışmışdır. İşəgötürənin 08.09.2021-ci il tarixli, 171 nömrəli əmri əsasında Əmək Məcələsinin 70-ci maddəsinin “b” bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. Aşağıdakılara əsasən "xxxx" ASC-nin 08.09.2021-ci il tarixli, 171 nömrəli əmri qanunsuz və əsassız hesab edilərək ləğv edilməlidir: Belə ki, "xxxx" ASC-də 2015-ci ildən çalışmağa başlamışdır. Bu müddət ərzində əmək intizamına ciddi şəkildə riayət etmiş, öz əmək funksiyalarından irəli gələn öhdəliklərini lazımı qayda yerinə yetirmiş, barəsində heç bir intizam tənbehi tətbiq edilməmişdir. Lakin son vaxtlar ASC-nin rəhbərliyinin dəyişməsi ilə birlikdə kütləvi şəkildə işdən çıxarmalar başlamışdır. Ona işdən çıxmağı ilə bağlı olaraq dəfələrlə ərizə yazmağı təkid etmişdirlər. Lakin o, ərizə yazmaqdan imtina etmişdir. Buna görə də rəhbərlik tərəfindən ona işdən çıxarmaq üçün işçilərin sayının ixtisarı adı ilə ona 08.09.2021-ci il tarixdə bildiriş verilmiş və həmin tarixdə də əmək müqaviləsinə xitam verilməsi barədə 171 saylı əmr verilmişdir. Qeyd edir ki, çalışdığı Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC İnformasiya Texnologiyaları Departamentinin işçilərinin sayının ixtisarı barədə hər hansı əmr və ya qərar ona təqdim və ya elan edilməmişdir. Belə ki, ASC-nin belə bir əmri olmuş olsaydı onda həmin əmrin tarixi və nömrəsi 08.09.2021-ci il tarixli, 171 nömrəli əmrdə əmrin verilməsi əsası kimi göstərilməli idi. Lakin 08.09.2021-ci il tarixli, 171 nömrəli əmrdə əmrin verilməsi əsası kimi ”İddiaçı 08.09.2021-ci il tarixdə təqdim edilmiş bildiriş” göstərilmişdir ki, bununla da Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbləri pozulmuşdur. Bundan başqa Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC İnformasiya Texnologiyaları Departamentindən ondan başqa heç bir əməkdaşla əmək münasibətlərinə xitam verilməmişdir. Bildirmək istəyir ki, həmin Departamentin direktoru və baş mütəxəsisi vəzifəsində çalışan işçilər bir il müddətində həmin vəzifədə çalışmışdır. Göründüyü kimi, işçi ilə əmək müqailəsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv olunması zamanı işçinin işdə saxlanmaq üçün üstünlük hüququ nəzərə alınmamışdır. Bununla da Əmək Məcəlləsinin 78-ci maddəsinin tələbləri pozulmuşdur. Həmçinin bildirmişdir ki, işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilməli idi. Lakin işəgötürın tərəfindən 08.09.2021-ci il tarixli, 171 nömrəli əmri verilərkən göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmamışdır. Bununla da Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri pozulmuşdur. Əmək Məcələsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Lakin ona işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü verilməmişdir. Bildirmişdir ki, cavabdehlə olan əmək müqaviləsinə əsasən əmək haqqı 2810 manat təşkil etmişdir. Həmin məbləğdən məcburi dövlət sosial sığorta haqları və digər ödənişlər çıxıldıqdan sonra əmək haqqı kartına hər ay 2472,75 (iki min dörd yüz yetmiş iki manat yetmiş beş qəpik) manat məbləğində əmək haqqı köçürülmüşdür. Lakin işdən çıxarıldığı 08.09.2021- ci il tarixinə 2021-ci ilin mart, aprel, may, iyun, iyul, avqust və sentyabr dekabr ayının işlədiyi günləri üçün əmək haqqı, həmçinin istifadə edilməmiş 65 gün əmək məzuniyyətinə görə pul əvəzi cavabdeh tərəfindən ona ödənilməmişdir. İşdən çıxarıldıqdan sonra müxtəlif vaxtlarda 2021-ci ilin mart, aprel, may aylarının əmək haqqı əmək haqqı kartına köçürülmüşdür. Digər aylar üçün əmək haqqı və məzuniyyət günlərinə görə pul əvəzi isə hazıradək ödənilməmişdir. Onun hesablamalarına əsasən sosial sığorta haqları və digər məcburi ödənişlər çıxıldıqdan sonra işlədiyi 2021-ci iln iyun (2472,75 manat), iyul (2472,75 manat), avqust (2472,75 manat) ayları və sentyabr ayının işlədiyi günləri üçün (2472,75\22*6=674,38 manat) ümümilikdə 8092,63 (səkkiz min doxsan iki manat, altmış üç qəpik) manat əmək haqqı və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi olaraq 5281,25 manat ona ödənilməlidir. Əmək müqaviləsinə xitam verilməsindən 2 aydan çox vaxt keçməsinə baxmayaraq Əmək Məcəlləsinin 83-cü maddəsinin tələblərinə tam riayət edilməmişdir. İşə götürən tərəfindən əmək hüquqlarının pozulması ilə bağlı olaraq Əmək və Əhali Sosial Müdafiəsi Nazirliyi yanında X2 16.09.2021-ci il və 05.10.2021-ci il tarixli müraciətlər etmişdir. Hazıradək cavab verilməmişdir. 05.10.2021-ci ilin aprel ayından bu günə kimi əmək haqqı cavabdeh tərəfindən gecikdirilmiş və ödənilməmişdir. Bununla da ona mənəvi zərər vurulmuşdur. Çünki cavabdeh hərəkətlərinə görə 7 ay müddətdə əmək haqqından məhrum olmuşdur. Bu müddət ərzində bir çox maddi sıxıntılar keçirmişdir. Buna görə də mənəvi sarsıntılar və iztirablar yaşamışdır. Ona dəyən mənəvi zərərə görə cavabdeh tərəfindən ona 5000 manat ödənilməlidir. Pozulmuş əmək hüquqlarının bərpası üçün hazırki idda ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məlumat üçün bildirmişdir ki, 08.10.2021-ci il tarixdə cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif məktubu göndərmişdir. Mediasiya prosesində barışıq əldə edilmədiyindən mediator tərəfindən 16.11.2021-ci il tarixdə arayış tərtib edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli, 2(005)- 430/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, "xxxx" ASC-dən məcburi iş buraxmaya görə ödənilməmiş 3148,41 manat məbləğində əmək haqqı və istifadə olunmamış məzuniyyətə görə 5281,25 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti vermiş, qətnaməni qismən, iddia tələbinin təmin olunmayan hissələrində mübahisələndirərək, həmin hissələrdə qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması xahiş edilmiş və şikayətin dəlilləri iddia tələbinin dəlilləri ilə uyğun əsaslandırılmışdır. Apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etdi. Apelyasiya məhkəməsinin iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kоllegiyası qeyd edilən prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, hazırki halda birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə, yəni, əmrin ləğvi, işə bərpa, iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, əmək haqqının gecikdirilməsinə görə faizlərin ödənilməsi və mənəvi zərərin ödənilməsi barədə iddia tələbinin təmin olunmayan hissələrində yoxlanılır. İddia tələbinin təmin olunan hissəsi mübahisələndirilmədiyindən, həmin hissədə qətnamə yoxlanılmır. Məhkəmə kоllegiyası iddiaçı və onun vəkilinin izahatlarını, apelyasiya şikayətinin dəlillərini işin materialları ilə əlaqəli yoxlayıb, qiymətləndirərək, apelyasiya şikayətini qismən əsaslı hesab edir. Belə ki, işin materialları ilə müəyyən olunur ki, İddiaçı 22.05.2015-ci ildən "xxxx" ASC-nin İnformasiya Texnologiyaları Departamentində mühəndis vəzifəsinə işə qəbul edilmiş, 02.10.2020-ci ildə isə “Baş mühəndis” vəzifəsinə təyin edilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə "xxxx" ASC-nin 08.09.2021-ci il tarixli 171 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatların ixtisar edilməsi) xitam verilmişdir. İşin materialları ilə həmçinin müəyyən olunur ki, iddiaçı işdən azad olunması barədə işə götürənin əmrini qanunsuz və əsassız hesab edərək mübahisələndirmiş və hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddia tələbi aşağıdakılardan ibarət olmuşdur:

1. Cavabdeh "xxxx" ASC-nin 08.09.2021-ci il tarixli, 171 nömrəli əmrinin ləğv edilməsi;

2. "xxxx" ASC-nin İnformasiya Texnologiyaları Departamentinin baş mütəxəssisi vəzifəsinə bərpa olunması

3. Cavabdeh tərəfindən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi;

4. 8092,63 manat ödənilməmiş əmək haqqının, 2021-cilin mart, aprel, may aylan üçün gecikdirilmiş hər gün üçün 1 faiz hesablanmaqla əmək haqqının gecikdirilməsinə görə 11003,73 manat ödəncin, 5281,25 manat istifadə olunmamış məzuniyyətə görə pul əvəzinin və mənəvi zərərə görə 5000 manatın cavbdehdən tutularaq ona ödənilməsi; 5.1 09.07.2021-cil tarixdən başlayaraq ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 2021-ci lin iyun ayının əmək haqqının 1 faizi; 5.2 09.08.2021-cil tarixdən başlayaraq ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 2021-ci lin iyul ayının əmək haqqının 1 faizi; 5.3 08.09.2021-cil tarixdən başlayaraq ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 2021-ci ilin avqust ayının əmək haqqının 1 faizi; 5.4 08.09.2021-cil tarixdən başlayaraq ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 2021-ci ilin sentyabr ayının işlədiyi günlərinə görə əmək haqqının 1 faizi Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iştirak edərək, iddia tələbinin qismən, son haqq hesabın ödənilməsi hissəsində qəbul etmiş, iddia tələbinin digər hissələrini qəbul etməmişdir. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbinin 8092,63 manat məbləğində məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı hissəsində qismən, istifadə olunmamış məzuniyyətə görə 5281,25 manat məbləğində pulun tutulması hissəsində əsaslı hesab etmişdir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı AZ62MUGA**********16512AZM00 hesab nömrəsi üzrə 01.01.2021-ci il tarixdən 31.12.2021-ci il tarixədək olan çıxarış məlumatlarından görünür ki, İddiaçı işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən 4944,22 manat məbləğində pul əmək haqqı kimi ödənilmişdir. Qeyd edilən ödəniş iddiaçı tərəfindən məhkəmədə verilmiş izahatlarla da etiraf edilmişdir. Bu halda məhkəmə hesab etmişdir ki, İddiaçı ödənilməmiş qalan 3148,41 manat (8092,63- 4944,22=3148,41) pul "xxxx" ASC-dən tutulmalıdır. Eyni zamanda cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatlarda son-haqq hesabların öncədən ödənilmiş hissə çıxılmaqla geri qalan hissədə ödənilməsinə razı olduqlarını bildirmişdir. İddiaçı iddia tələbinin təmin olunan bu hissəsi ilə razılaşmış və həmin hissəsini mübahisələndirməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin əmrin qanunsuz olması barədə hissəsinə qiymət verərək, hesab etmişdir ki, əmr qəbul edilərkən işəgötürən tərəfindən hüquqdan sui-istifadəyə yol verilməmiş, əmr qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən, əmrin ləğv olunması və iddiaçının işə bərpa olunması üçün əsaslar müəyyən olunmamış, iddia tələbinin gecikdirilmiş əmək haqqına görə faizlərin ödənilməsi hissəsi ilə razılaşmayaraq qeyd etmişdir ki, əmək haqqının gecikdirilməsində işəgötürənin təqsirliliyi sübuta yetirilməmiş, iddia tələbinin mənəvi zərər hissəsi ilə bağlı iddiaçının zəruri sübutlar təqdim etməməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Kollegiya apelyasiya şikayətinin hər bir dəlili üzrə ayrı-ayrılıqda dəyərləndirmə aparıb, aşağıdakıları qeyd edir: Apelyasiya şikayətinin birinci dəlili iddia tələbinin əmrin qanunsuz olması və bu səbəbdən ləğv edilib, iddiaçının işə bərpa olunmasıdır. Apelyator bu dəlilini onunla əsaslandırır ki, müəssisədə hər hansı bir ixtisar olmamış, ixtisar aparılması, hansı ştatların ixtisar edilməsi barədə hər hansı bir əmr olmadığı halda ona müvafiq bildiriş təqdim edildiyi gün də işdən azad olunmuş və bu zaman müəssisədə olan Həmkarlar Komitəsinin hər hansı bir razılığı alınmamış, əmr qanunvericiliyə uyğun əsaslandırılmamışdır. Apelyatorun göstərilən dəlillərini işin materialları və əmək qanunvericiliyinin tələbləri ilə əlaqəli qiymətləndirərək, kollegiya aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinin xitam verilməsinin əsasları müəyyən edilmişdir. Həmin maddənin “a” bəndinə əsasən əmək müqaviləsinə tərəflərin birinin təşəbbüsü ilə xitam verilməsi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 70-ci maddəsi ilə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları müəyyən edilmiş və həmin əsaslardan biri maddənin “b” bəndində nəzərdə tutulan işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsidir. Həmin Məcəllənin 71.1-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görməlidir. Həmin maddənin 3-cü bəndinə görə işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi Həmin Məcəllənin 77.4-cü maddəsinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununda ...... əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Göründüyü kimi, əmək qanunvericiliyinin tələblərinə görə işəgötürən tərəfindən işçilərin sayı azaldıldıqda və ya ştatlar ixtisar olunduqda, əmək müqaviləsini ləğv etməzdən əvvəl işçini rəsmi qaydada xəbərdar etməyə borcludur. Lakin iş materiallarından görünür ki, işəgötürən tərəfindən əmək qanunvericiliyinin həmin tələblərinə əməl edilməmişdir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə münasibətdə də əmr əsaslı hesab edilə bilməz. Həmin normada işçiyə xəbərdarlıq müddəti əvəzinə iki aylıq əmək haqqının bir dəfəyə ödənilməklə əmək müqaviləsinə xitam verilməsi işçinin razılığı ilə ola bilər. Lakin, iş materialları ilə iddiaçının əmək müqaviləsinə həmin əsasla xitam verilməsinə razılıq verilməsi müəyyən edilmir. Ona təqdim edilmiş bildiriş isə razılıq kimi qiymətləndirilə bilməz. Çünki, bildiriş və əmək müqaviləsinə xitam verilməsi barədə əmr eyni gündə verilmişdir. Bundan başqa mübahisələndirilən əmr əmək qanunvericiliyinin tələblərinə uyğun əsaslandırılmamış (Əmək Məcələsinin 83, 84-cü maddələri), əmək müqaviləsinin ləğv edilməsi üçün əsas olan rəsmi sənədlər əmrdə göstərilməmişdir. Həmçinin işin materiallarında cavabdeh təşkilatda işçi sayının ixtisarının aparılması, bu ixtisarın əsasları, hansı ştatların ixtisarı barədə müvafiq əmr, sərəncam, qərar olmasını təsdiq edən sübutlar mövcud deyil və əmrdə bu barədə hər hansı bir məlumat öz əksini tapmamışdır. Əmək Məcələsinin 84.2-ci maddəsinin tələblərinə görə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Kollegiya hesab edir ki, mübahisələndirilən əmr qeyd edilən qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni hesab edilə bilməz. Lakin, işə baxan birinci instansiya məhkəməsi əmək qanunvericiliyinin qeyd edilən tələblərini nəzərə almamış, yalnız ümumi formada cavabdeh tərəfindən əmr qəbul edilərkən sui-istifadəyə yol verilməməsi qənaətinə gəlmiş, həmçinin əmək müqaviləsinə xitam verildikdən sonra həmin ştata işçi qəbul edilməməsi barədə nəticəyə gəlsə də, həmin nəticəni hər hansı bir sübutla əsaslandırmamışdır. İddia tələbinin əmrin qanunsuz olması barədə dəlillərindən biri əmr verilərkən həmkarlar təşkilatının qabaqcadan razılığının alınmaması ilə bağlı olduğu halda, işə baxan birinci instansiya məhkəməsi iddia tələbinin həmin dəlilinə hər hansı bir münasibət bildirməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Qeyd edilən əmək qanunvericiliyinin tələblərindən görünür ki, həmin Məcəllənin 70-ci maddəsinin “b” və “c” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması imperativ norma kimi təsbit edilmişdir. Lakin, işəgötürən tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən, əmək qanunvericiliyinin tələblərinə əməl edilməmişdir. Bu hal da mübahisələndirilən əmrin əmək qanunvericiliyinin tələblərinə uyğun olmadığını təsdiq edir. Kollegiya həmçinin qeyd edir ki, əmrin qanunsuz olması barədə iddiaçının dəlillərinə cavabdeh tərəfindən hər hansı bir yazılı etiraz təqdim edilməmiş, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak edərkən iddianın əmrin qanunvericiliyin tələblərinə uyğun olmaması barədə dəlillərinə hər hansı bir münasibət bildirməmiş, həmçinin apelyasiya məhkəməsi kollegiyasının həmin dəlillərlə bağlı cavabdeh təşkilata verdiyi rəsmi sorğuya hər hansı bir münasibət (baxmayaraq ki, sorğu rəsmi olaraq cavabdeh tərəfindən qəbul olunmuşdur) bildirilməmiş, apelyasiya şikayətinə etiraz, mülahizə bildirilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddia tələbinin əmrin ləğvi barədə hissəsini qiymətləndirərək hesab edir ki, əmrin ləğv barədə iddia tələbi əsaslıdır və bu səbəbdən cavabdeh "xxxx" ASC-nin İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə 08.09.2021-ci il tarixli, 171 saylı əmri ləğv edilməlidir. İddiaçının iddia tələbinin ikinci hissəsi işlədiyi vəzifəsinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi ilə bağlıdır və həmin tələblər eyni zamanda apelyasiya şikayətinin dəlilləridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Kollegiya qeyd edilən əmək qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi işə bərpa olunma və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində əsaslı olduğundan, təmin olunmalı və iddiaçı cavabdeh təşkilatda əvvəlki vəzifəsinə bərpa olunmalı və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Kollegiya iddia tələbinin ödənilməmiş əmək haqqı, istifadə olunmamış məzuniyyət haqqı və əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə faizlərin hesablanmaqla ona ödənilməsi barədə tələblərinə münasibətdə qeyd edir ki, iddiaçının həmin tələblərindən ödənilməmiş əmək haqqı və istifadə olunmamış məzuniyyət haqqının ödənilməsi barədə iddia tələbi təmin edilmiş və həmin hissəs ilə iddiaçı razılaşaraq, həmin hissədən apelyasiya şikayəti verməmişdir. İddiaçı iddia tələbinin qeyd edilən hissələrindən əmək haqqının gecikdirilməsinə görə faizlərin hesablanması hissəsinin təmin olunmaması hissəsində qətnaməni mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin həmin hissəsini rədd etməsi barədə gəldiyi nəticəni əmək haqqının verilməsinin gecikdirilməsinin işəgötürənin təqsiri üzündən baş verməsinin sübut olunmaması ilə əsaslandırmışdır. Kollegiya iddia tələbinin həmin hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, işə baxan məhkəmə həmin nəticəni hər hansı bir sübutla əsaslandırmamışdır. Halbuki, iş materiallarında olan iddiaçının adına olan əmək haqqı kartından iddiaçı və cavabdeh tərəfindən təqdim edilmiş çıxarışlarla müəyyən olunur ki, iddiaçıya işlədiyi 2021ci ilin mart ayı üçün əmək haqqı 22.09.2021-ci il tarixdə, aprel ayı üçün əmək haqqı 08.10.2021-ci il tarixdə, may ayı üçün əmək haqqı 14.10.2021-ci il tarixdə, iyun ayı üçün əmək haqqı 17.12.2021-ci il tarixdə, iyul ayı üçün əmək haqqı 20.12.2021-ci il tarixdə, avqust ayı üçün əmək haqqı 20.12.2021-ci il tarixdə, sentyabr ayı üçün əmək haqqı 14.01.2022-ci il tarixdə ödənilmişdir. Bu da ona dəlalət edir ki, iddiaçıya qeyd edilən aylar üçün verilməli olan əmək haqqı vaxtında verilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddiaçıya əmək haqqının verilməsinin gecikdirildiyini etiraf etmişdir. Qeyd edilən halların ətraflı araşdırılaraq məlumat verilməsi üçün məhkəmə kollegiyası tərəfindən cavabdehə rəsmi sorğu ünvanlansa da (həmin sorğu cavabdeh tərəfindən rəsmi qaydada alınmışdır), cavabdeh sorğuya hər hansı bir cavab verməmiş, cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclaslarında iştirak etməyərək, həmin xüsusatlara aydınlıq gətirməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin Məcəllənin 172.2-ci maddəsinə əsasən kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. Həmin Məcəllənin 172.3-cü maddəsinə əsasən əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir. Həmin Məcəllənin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin qeyd hissəsində izah edilmişdir ki, bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Göstərilən əmək qanunvericiliyinin normalarının tələblərini hazırki iddia tələbinin qiymətləndirilməsi hissəsinə tətbiq edən kollegiya hesab edir ki, iddiaçıya verilməli olan əmək haqqı gecikdirildiyi üçün, gecikdirilmiş günlərin sayına uyğun faizlər hesablanmalıdır. Kollegiya bu qənaətə gələrkən həm də nəzərə alır ki, cavabdeh iddiaçıya verilməli olan əmək haqqının gecikdirilməsinin onun təqsiri üzündən olmaması (Əmək Məcəlləsinin 172ci maddəsinin Qeydinə əsasən) barədə hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istina etdiyi halları sübut etməlidir (MPMnin 77.1-ci maddəsi). Cavabdehin nümayəndəsi iddia tələbinin qeyd edilən hissəsinə etiraz edərək, rədd edilməsini xahiş etsə də, öz etirazını hər hansı bir sübutla, dəlillə əsaslandırmamış, həmçinin məhkəmə kollegiyasının həmin xüsusatların aydınlaşdırılmasına dair sorğusuna cavab verməmişdir. Bu da, kollegiyaya iddia tələbinin həmin hissəsinin əsaslı olması barədə qənaətə gəlməyə əsas verir. İş materialları ilə müəyyən edilir ki, iddiaçıya hər ay ödəniləcək əmək haqqının məbləği 2472,75 manat olmuş və əmək haqqı hər ayın 09-na kimi ödənilməli idi. Kollegiya iddiaçıya verilməli olan əmək haqqının gecikdirilməsi və bu səbəbdən də gecikdirilmiş hər gün üçün bir faiz hesablanmalı olması qənaətinə gəldiyindən, gecikdirilmiş günlərin sayına müvafiq ödəniləcək ödəncin məbləğini aşağıdakı kimi müəyyən edir: İddiaçıya işlədiyi 2021-ci ilin mart ayı üçün əmək haqqı 22.09.2021-ci il tarixdə verildiyi üçün gecikdirilmiş günlərin sayı 165-ə bərabər olduğundan, gecikdirilmiş günlərin sayına müvafiq ödəniləcək ödəncin məbləği mart ayı üçün 4080,04 manat, aprel ayı üçün əmək haqqı 08.10.2021-ci il tarixdə verildiyi üçün gecikdirilmiş günlərin sayı 152-yə bərabər olduğundan, gecikdirilmiş günlərin sayına müvafiq ödəniləcək ödəncin məbləği aprel ayı üçün 3758,58 manat, may ayı üçün əmək haqqı 14.10.2021-ci il tarixdə verildiyi üçün gecikdirilmiş günlərin sayı 127-yə bərabər olduğundan, gecikdirilmiş günlərin sayına müvafiq ödəniləcək ödəncin məbləği may ayı üçün 3140,39 manat, iyun ayı üçün əmək haqqı 17.12.2021-ci il tarixdə verildiyi üçün gecikdirilmiş günlərin sayı 161-ə bərabər olduğundan, gecikdirilmiş günlərin sayına müvafiq ödəniləcək ödəncin məbləği iyun ayı üçün 3981,13 manat, iyul ayı üçün əmək haqqı 20.12.2021-ci il tarixdə verildiyi üçün gecikdirilmiş günlərin sayı 132-yə bərabər olduğundan, gecikdirilmiş günlərin sayına müvafiq ödəniləcək ödəncin məbləği iyul ayı üçün 3264,03 manat, avqust ayı üçün əmək haqqı 20.12.2021-ci il tarixdə verildiyi üçün gecikdirilmiş günlərin sayı 102-yə bərabər olduğundan, gecikdirilmiş günlərin sayına müvafiq ödəniləcək ödəncin məbləği avqust ayı üçün 2522,21 manat, sentyabr ayı üçün əmək haqqı 14.01.2022-ci il tarixdə verildiyi üçün gecikdirilmiş günlərin sayı 96-ya bərabər olduğundan, gecikdirilmiş günlərin sayına müvafiq ödəniləcək ödəncin məbləği sentyabr ayı üçün 647,40 manat olmaqla, cəmi 21393,78 manat təşkil edir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, əmək haqqının verilməsinin gecikdirilməsinə görə iddiaçıya ödənilməli olan ödəncin məbləği 21393,78 manat müəyyən edilir və buna dair iddia tələbi həmin hissədə təmin olunmalıdır. Kollegiya iddia tələbinin mənəvi zərərin əvəzi olaraq 5000 manat pulun tutulması barədə iddianın rədd edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və həmin hissədə apelyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Eyni zamanda kollegiya qeyd edir ki, hazırki işdə iddiaçının iddia tələbinin təmin edilib əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqı ödənilməsi, iddia tələbində tələb edilən əmək haqqı, məzuniyyət pulu, ödəncin verilməsinin təmin olunması, mənəvi zərərin kompensasiya edilməsi kimi də qiymətləndirilir və əlavə pul vəsaitinin tutulmasına zərurət yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin olunmayan hissəsində qismən - əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə faizlərin ödənilməsinin təmin olunmayan hissələrində ləğv edilib, həmin hissələrdə iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli, 2(005)-430/2022 saylı qətnaməsi qismən – iddia tələbinin əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və əmək haqqının gecikdirilməsinə görə ödəncin tutulmasının təmin olunmaması hissələrində ləğv edilsin və iddia tələbinin həmin hissələrinin təmin olunması barədə yeni qətnamə qəbul edilsin. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh "xxxx" ASC-nin 08.09.2021-ci il tarixli əmri ləğv edilsin. İddiaçı "xxxx" ASC-nin İnformasiya Texnologiyaları Departamentinin baş mütəxəssisi vəzifəsinə bərpa edilsin və məcburi işburaxma müddəti üçün əmək haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddiaçı işlədiyi dövr üçün 2021-ci il mart, aprel, may, iyun, iyul, avqust və sentyabr ayları üçün ödənilməli olan əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə 1 (bir) faiz hesablanmaqla, cəmi 21393,78 (iyirmi bir min üç yüz doxsan üç manat yetmiş səkkiz qəpik) manat ödənc cavabdeh "xxxx" ASC-dən tutularaq, İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar