Məhkəmə qərarları › İş №2(103)-2904/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2904/2022

20.04.2022 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2904/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Ərizəçi nümayəndəsi eyni zamanda vəkili Vəkil, Maraqlı şəxs Bakı şəhər Xətai Rayon Qeydiyyat X1 iştirakları ilə Ərizəçi Bakı şəhər Maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin ölmüş elan edilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5718/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edərək məhkəməyə ərizə ilə müraciət edərək, oğlu 18 sentyabr 1974-cü il tarixində Bakı şəhərində anadan olmuş oğlu X4 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu 18.09.1974-cü il tarixində Bakı şəhərində anadan olmuşdur. ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. 01 avqust 1991-ci il tarixində Xətai Rayonu Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilmiş və həmin tarixdən Bakı Ali Hərbi Birləşmiş komandanlıq məktəbinə kursant vəzifəsinə qəbul edilən X7 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərkən 23 fevral 1993-cü ildə Ağdərə rayonu ərazisində itkin düşmüşdür. Həmin vaxtdan bu günədək oğlunu görməmiş və onun barəsində heç bir məlumat almamışdır. Əyyubov Vadimin 1-ci Qarabağ Müharibəsi dövründə 13 fevral 1993cü ildən 23 fevral 1993-cü ilədək Ağdərə rayonu Aterna-Umudlu kəndi yaxınlığında aparılan döyüş əməliyyatında iştirak etməsi və 23 fevral 1993-cü ildə bu döyüşdə itkin düşməsi faktı Bakı Ali Hərbi Birləşmiş komandanlıq məktəbinin 10 aprel 1997-ci il 423 nömrəli xəbərnamə (F-№21) əlavə edilmiş şəxsi heyətin qaytarılmaz itkilərinin adlı siyahısı, həmçinin Xətai Rayon hərbi komissarı tərəfindən verilmiş 16 aprel 1997-ci il 499 nömrəli arayışı ilə təsdiq edilmişdir. Beləliklə, oğlu Azərbaycan Respublikası azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyi zaman 23 fevral 1993-cü il tarixində Ağdərə rayonu ərazisində itkin düşməsi və həmin vaxtdan bugünədək ondan xəbərin olmaması, onun həlak olduğunu güman etməyə əsas verir. Uzun illərdir oğlunun qayıtması həsrəti ilə yaşasa da artıq acı həqiqətlə razılaşıb və onun ölmüş elan edilməsi üçün məhkəməyə müraciət etməyə məcbur olub. Eyni zamanda Vadimə şəhid statusunun verilməsi üçün müvafiq dövlət orqanlarına müraciət etmək qərarın gəlmişdir. Belə ki, “Şəhid adının abədiləşdirilməsi və şahid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası 03.09.1993-cü il tarixli, 697 nömrəli Qanunun 1-ci maddəsinə əsasən Şahid Azərbaycan Respublikası azadlığı, zeverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşmiş qaydada ölmüş hesab edilən şəxsdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5718/2021 saylı, 29 sentyabr 2021ci il tarixli qətnaməsi ilə ərizə təmin edilməmişdir. Həmin qətnamədən ərizəçi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi şəxsin ölümünü təsdiq edən sübutun təqdim edilməməsi və itkin düşmüş şəxsin axtarışı üçün aktiv hərəkətlərin edilməməsi nəticəsinə gəldiyi üçün ərizəni təmin etməmişdir. Halbuki Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin 10.04.1997-ci il tarixli 423 nömrəli xəbərnaməsi ilə X4 13.02.1993-cü ildən 23.02.1993-cü ilədək Ağdərə rayonu Aterka Umudlu kəndində döyüş əməliyyatlarında iştirak etməsi və 23.02.1993-cü ildə itkin düşməsi sübut edilir. Həmçinin məhkəmə prosesində iştirak edən şahid Eldar Eyyubov atası Vaqif Eyyubovun X4 axtarışına getməsindən sonra itkin düşməsini bildirsə də, qətnamədə bu hal qeyd edilməmişdir. Məhkəmə qətnamədə “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına” və "X15 Komitəsinin Azərbaycan nümayəndəliyinə” müraciət etmədən itkin düşmüş şəxsin axtarışı üçün aktiv hərəkətlərin edilməməsi nəticəsinə gəlmişdir. Halbuki X4 itkin düşdüyü gündən hər iki təşkilata bu məsələ ilə bağlı müraciət edilmişdir. Həmçinin tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş bütün digər sənədlərdən də açıq-aşkar surətdə görünür ki, ərizədə göstərdiyi və istinad etdiyi hallar tamamilə qanuni və əsaslıdır. Onun itkin düşmüş şəxsin axtarışı üçün aktiv hərəkətlər etməməsi işdə olan hər hansı bir sənədlə sübuta yetmir. Birinci instansiya məhkəməsi qətnamədə “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına” və “X15 Komitəsinin Azərbaycan nümayəndəliyinə” müraciət etmədən itkin düşmüş şəxsin ölmüş elan edilməsinin mümkün olmamasına istinad etmişdir. Lakin məhkəmə həmin orqanlara tərəfindən müraciət edilibedliməməsini aydınlaşdırmamış, bununla bağlı onlardan hər hansı bir sübut tələb etməmiş və işdə olan sübutların ərizənin təmin edilməsi üçün yetərli olmaması ib bağlı onları xəbərdar etməmişdir. Buna görə də onlar da təqdim etdikləri sübutların ərizənin təmin edilməsi üçün yetərli olmasını prosessual qənaətlilik prinsipini əsas tutaraq Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və X15 Komitəsinin Azərbaycan nümayəndəliyindən müvafiq arayışları alaraq məhkəməyə təqdim etməmişlər. Həmçinin qeyd edilən təşkilatlardan başqa onlarda digər sübutlar da vardır. Lakin məhkəmə işdə olan sübutların kifayət etməməsi ilə bağlı onları xəbərdar etmədiyindən həmin sübutları da məhkəmə təqdim etməmişlər. Hazırda qeyd olunan sarayışlar məhkəməyə təqdim edilir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ərizəyə cavab olaraq məlumatı yalnız müvafiq dövlət orqanlarına təqdim eidlə biləcəyi bildirilmişdir. Həmçinin qeyd olunan məsələ ilə bağlı Müdafiə Nazirliyinə də müraciət edilsə də həmin orqandan hər hansı bir cavab alınmamışdır. Cavab alınacağı təqdirdə həmin sübut da məhkəməyə təqdim ediləcəkdir. Məhkəmə iclasında işirak edən Ərizəçi nümayəndəsi eyni zamanda vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, ərizənin təmin edilməsi üçün kifayət qədər sübutların və əsasların olmasına baxmayarq onlara məlum olmayan səbəblərdən birinci instansiya məhkəməsi qanuni əsas olmadan ərizəni təmin etməmişdir. İşdə olan sübutlarla V.Əyyubovun döyüş şəraitində itkin düşməsi tam şəkildə sübuta yetirilir. Həmçinin onun itkin düşməsindən 30 ilə yaxın vaxt keçmiş və haqqında bugünə qədər heç bir məlumat alınmamışdır ki, bu qanunvericiliyin tələbləri baxımından onun ölmüş elan edilməsi üçün tam əsas verir. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi təqdim edilmiş sübutlara əhəmiyyət verməmiş və buna görə də tamamilə səhv nəticəyə gəlmişdir. Məhkəmə iclasında işirak edən maraqlı şəxs Bakı şəhər Xətai Rayon Qeydiyyat X2 X4 ölmüş elan edilməsi barədə ərizəyə etiraz etməyərək, izahatında bildirdi ki, ərizəçinin təqdim etdiyi sübutlar tam olaraq əsas verir ki, X7 ölmüş elan edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda ərizəçinin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İş materiallarında olan XİV-JQ seriyalı 410559 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 18.09.1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, onun anası Ərizəçidır. İş materiallarında olan X4 SSSR vətəndaşı pasportunun surətindən görünür ki, X5 18.09.1974-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Xətai Rayon İdarəsinin 14.09.2021-ci il tarixli, 1801 nömrəli məktubundan görünür ki, 18.09.1974-cü il təvəllüdlü X7 01.08.1991-ci il tarixdə Xətai rayon Hərbi Komissarlığı tərəfindən Bakı Ali Məktəbinə müdavim kimi daxil olmuşdur. 23.02.1993-cü il tarixdə Ağdərə rayonunun Aterkə-Umudlu kəndində gedən döyüşlərdə itkin düşmüşdür. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Hərbi Komissarlığının 16.04.1997-ci il tarixli Arayışından görünür ki, kursant X5 23.02.1993-cü il tarixində erməni işğalçıları ilə döyüşlərdə Ağdərə bölgəsində itkin düşmüşdür. İş materiallarında olan 10 aprel 1997-ci il 423 nömrəli xəbərnamənin (F-№21) surətindən görünür ki, Bakı Ali Hərbi Birləşmiş komandanlıq məktəbinin kursantı X7 23.02.1993-cü il tarixində Ağdərə rayonunda itkin düşmüşdür. İş materiallarında olan Bakı Ali Hərbi Birləşmiş komandanlıq məktəbinin 10 aprel 1997-ci il tarixli 423 nömrəli xəbərnamə (F-№21) əlavə edilmiş şəxsi heyətin qaytarılmaz itkilərinin adlı siyahısından görünür ki, 18.09.1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş X7 23.02.1993-cü il tarixində Ağdərə rayonunda itkin düşmüşdür. Birinci instansiya məhkəməsi baxışı zamanı şahid qismində dindirilmiş X10 öz ifadəsində bildirmişdir ki, ərizəçinin qardaşı oğludur. Qeyd etmişdir ki, bibisi oğlu Əyyubov Vadim və atası X14 Qarabağ Müharibəsində iştirak etmişdirlər. Bibisi oğlu Əyyubov Vadim 1993-cü ilin fevral ayından itkin düşmüşdür. X17 isə 03 mart 1993-cü il tarixində Ağdərə rayonu ərazisində gedən döyüşlərdə iştirak etmiş və itkin düşmüşdür. O vaxtdan indiyədək nə atasından, nə də Əyyubov Vadimdən heç bir xəbər yoxdur. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsi barədə nəticəyə gələrkən ərizəçi tərəfindən X4 axtarışı ilə bağlı hər hansı aktiv hərəkətlər edilməməsinə istinad etməklə qeyd etmişdir ki, ərizəçi oğlu 18 sentyabr 1974-cü il tarixində Bakı şəhərində anadan olmuş oğlu X4 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, bu barədə məhkəməyə mötəbər sübut təqdim etməmiş, göstərilənlər isə işin hər hansı halı ilə müəyyən olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan nəticəsi ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qaydasında şəxsin ölmüş elan edilmə faktının müəyyən edilməsi - həmin şəxsin ölmüş olması ehtimalıdır. Bu hal o zaman yaranır ki, onun ölmüş olmasını təsdiq edən sübutlar kifayət edici səviyyədə olsun. Eyni zamanda Mülki Məcəllənin 41-ci maddəsinə görə, 1-ci - şəxsin yaşayış yerində onun arada olması barədə 5 (beş) il ərzində məlumat olmadıqda, 2-ci - onun ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşdüyü və nəhayət bu hadisədən 6 (altı) ay ərzində xəbər çıxmadıqda, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsində isə təsbit olunmuşdur ki, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Qeyd olunan maddələrdən görünür ki, fiziki şəxs üç halda məhkəmə tərəfindən ölmüş elan edilə bilər. Birinci halda – şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, ikinci halda – şəxsin ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğu güman edilən bir şəraitdə xəbərsiz itkin düşməsi və ondan altı ay ərzində xəbər çıxmaması, üçüncü halda – hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş şəxsi haqqında hərbi əməliyyatlar qurtardığı gündən azı iki il keçdikdən sonra məlumatın alınmaması. İşin sadalanan halları ilə mübahisəsiz olaraq müəyyən edilir ki, X7 18.09.1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, 01.08.1991-ci il tarixdə Xətai rayon Hərbi Komissarlığı tərəfindən Bakı Ali Məktəbinə müdavim kimi daxil olmuşdur. 23.02.1993-cü il tarixdə Ağdərə rayonunun Aterkə-Umudlu kəndində gedən döyüşlərdə itkin düşmüşdür. Göründüyü kimi yuxarıda istinad edilən maddələrin tələbləri baxımından X7 30 ilə yaxında müddət ərzində ölüm təhlükəsi törədən, eləcə də hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş və həmin müddət ərzində harada olması barədə məlumat olmamışdır. Kollegiya xüsusilə onu qeyd edir ki, qanunla müəyyən edilmiş müstəsna hallarda müəyyən edilə bilən və ciddi hüquqi nəticələrə səbəb ola biləcək hal olan şəxsin ölmüş elan edilməsi, yalnız həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələr tükəndikdən sonra mümkündür. İş materiallarında olan X15 Komitəsinin 25 noyabr 2021-ci il tarixli məktubundan görünür ki, 18 sentyabr 1974-cü ildə Bakı şəhərində anadan olmuş və 23 fevral 1993-cü il tarixdən olduğu yer barədə məlumat olmayan V.Əyyubov üçün 7 sentyabr 1995-ci il tarixdə BQXK-da axtarış sorğusu açılmışdır. BQXK hazırki vaxta qədər adı yuxarıda göstərilmiş şəxsə dair açılmış işi hələ də bağlanmamış hesab edir. Həmçinin iş materiallarında olan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının DK/613 saylı 30 noyabr 2021-ci il tarixli məktubundan görünür ki, V.Əyyubov Bakı Ali Ümumqoşun komandanlıq məktəbinin ikinci kursunun müdavimi olarkən 1993-cü il fevral ayının 23-də Tərtər rayonun Təpəkənd kəndinin ərazisində gedən döyüşlərdə itkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınmışdır. Göründüyü kimi V.Əyyubovun axtarışı ilə bağlı bütün mümkün vasitələrdən istifadə edilmiş, axtarış bir nəticə verməmişdir. Bununla da məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin ərizəçi tərəfindən X4 axtarışı ilə bağlı hər hansı aktiv hərəkətlər edilməməsi ilə bağlı gədiyi nəticə düzgün olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, V.Əyyubovun ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxt keçdiyindən, onun barəsində olan aktiv axtarışlar nəticəsiz olduğundan eləcə də hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyündən və həmin müddət ərzində harada olması barədə məlumat olmadığından V.Əyyubovun ölmüş elan edilməsi barədə ərizənin təmin edilməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməmiş və bununla da maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün olmayan nəticəyə gəldiyindən apellyasiya şikayəti təmin edilərək, qətnamə ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilərək ərizə təmin edilməli, 18 sentyabr 1974-cü il tarixində Bakı şəhərində anadan olmuş oğlu X7 ölmüş elan edilməli və hazırki qətnamənin qüvvəyə mindiyi gün X4 ölüm günü hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4-cü maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Ərizəçi apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5718/2021 saylı, 29 sentyabr 2021ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılmaqla ərizə təmin edilsin. 18 sentyabr 1974-cü il tarixində Bakı şəhərində anadan olmuş oğlu X7 ölmüş elan edilsin. Hazırki qətnamənin qüvvəyə mindiyi gün X4 ölüm günü hesab edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar