Məhkəmə qərarları › İş №2(103)-2904/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2904/2025

03.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2904/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Novruz oğlunun, Cavabdeh1 nümayəndəsi X2, nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Yasamal Rayon Məhkəməsinin e-2(004)-478/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vərəsəlik üzrə məcburi payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı ildə Bakı şəhərində vəfat etmiş mərhum anası X1 miras qalmış və tərəfindən faktiki qəbul edlmiş ünvan 1 ünvanında yerləşən mənzildən ona qanun üzrə vərəsəlik zamanı çatası məcburi payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Yasamal Rayon Məhkəməsinin e-2(004)-478/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 2 ünvanında yerləşən mənzilə münasibətdə İddiaçı ¼ hissədə məcburi payı müəyyən edilərək, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir.

3. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri.

4. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, rayon məhkəməsi tərəfindən işə baxılarkən maddi və prossesual hüquq normaları pozulmuş, işin faktiki halları düzgün qiymətləndirlməmiş, iddiaçı miras əmlakı nə faktiki, nə də yazılı qaydada qanunla müəyyən edilmiş müddət ərzində qəbul etməmiş, qətnamə əsaslandırılmammışdır. Bu əsaslarla da Yasamal Rayon Məhkəməsinin e-2(004)-478/2025 saylı, xx.xx.2025-ci il il tarixli qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

5. Məhkəmə Kollegiyasının iclasında cavabdeh Y. Axundovun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək izahatında bildirmişdir ki, cavabdeh miras əmlak faktiki qəbul edib, hazırda orada yaşayır, iddiaçı isə mirası qəbul etməyib, müddəti ötürüb, iddianın təmini Yaşarın hüquqlarını pozur, həm Yaşar iddiaya əsasən cavabdehdir, ona görə də apellyasiya şikayəti vermişdir. Cavabdehin digər nümayəndəsi (arvadı) X2 da eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

6. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, apellyasiya şikayəti əsassızdır. Miras qoyandan təkcə ev deyil, qızıllar, xalça, palaz və s. əşyalar qalıb, iddiaçı həmin əşyaları götürüb, buna dair sübutlar rayon məhkəməsinə təqdim edilib, bunu təsdiq edən fotoşəkilləri də işə əlavə edilibdir. Üzüyü və xalçanı məhkəmə iclasına gətirə bilərlər. Rayon məhkəməsində bu barədə dediklərinə qarşı tərəf etiraz etməmişdir. Birinci instansiya məhkəməsində mərhumun qızıl üzüyünün qəbul edilməsi ilə bağlı şəkil göstərilmişdir. Mirasın qəbulu müddətinə gəldikdə isə Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən həmin müddət artıq qüvvədən düşüb. Apellyasiya Məhkəməsinin mövqeyi:

7. Məhkəmə apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq, şikayətlə bağlı gəlmiş şəxslərin fikirlərini dinləyib hesab edir ki, Yasamal Rayon Məhkəməsinin e-2(004)-478/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir.

8. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1 və 357.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir.

9. Hazırkı mülki iş üzrə müəyyən olunur ki, miras qoyan xx.xx.2016-cı il tarixdə vəfat etmişdir və İddiaçı onun qızı- birinci növbənin vərəsəsidir. Eyni zamanda, iş materiallarına əsasən müəyyən olunmuşdur ki, miras qoyan 28 avqust 2013-cü il tarixli vəsiyyətnaməyə əsasən ölən günədək ona məxsus olan harada yerləşməsindən, nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını Cavabdeh2 vəsiyyət etmişdir. Həmçinin, miras qoyanın 2 övladı olmaqla, İddiaçı və Cavabdeh1 onun birinci növbə vərəsələridir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzilin Cavabdeh2 vəsiyyət edilməsi ilə mübahisə predmeti olan həmin mənzil İddiaçı və Cavabdeh1 qanuni vərəsələr kimi onlara düşən ½ hissə payın yarısı (½ : 2 = ¼) hissəsində məcburi payla məxsusdur.

10. MM-in 1202.1-ci maddəsinin tələbinə görə məcburu pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər(məcburi payını qəbul etməyə bilər), lakin bu hal digər məcburi payı olan vərəsələrin payının artmasına səbəb olmur. Demək ki, qanunun tələbi baxımından hazırkı halda İddiaçı iddiasının təmin və ya rədd edilməsinin Cavabdeh1 məcburi payının artıb-azalmasına hər hansı təsiri ola bilməz. Madam belə isə, onda Cavabdeh1 hazırkı qətnaməni mübahisələndirməsinin anlamı qalmır, çünki məcburi pay hüququ olan digər vərəsənin iddiaının təmin edilməsi ilə onun hər hansı qanunla qorunan hüququ, eləcə də hər hansı maddi və s. mənafeyi pozulmur.

11. Demək ki, hazırkı halda Yasamal Rayon Məhkəməsinin e-2(004)-478/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin şikayətçi Cavabdeh1 hüquq və mənafelərinə toxunması halı müəyyən edilmir. Qaldı ki, bu mübahisə üzrə Cavabdeh1 iddia ərizəsində cavabdeh kimi göstərilməsinə, bununla bağlı qeyd edilməlidir ki, onun cavabdehliyi formal və əsasız olmuşdur. Çünki MPM-in 50.2-ci maddəsində kimlərin iddiaçı, 50.3-cü maddəsində isə kimlərin cavabdeh olması təsbit edilmişdir. İstinad ounan normaların məzmunundan, eləcə də sistematik təfsirindən belə nəticə hasil olur ki, cavabdeh irəli sürülmuş tələbə cavab verməli olan şəxs ola bilər. Başqa sözlə desək, iddia üzrə o şəxs cavabdehdir ki, onun hərəkəti- iddianı tam və ya qismən etirafı öz- özlüyündə tələbin təminini şərtləndirmiş olsun. Əks halda, yəni əgər cavabdehin tələbi etiraf etməsi iddianın təmininə təsir göstərə bilmirsə, demək ki, həmin şəxs verilmiş tələb üzrə cavabdeh deyildir. Buradan da belə qənaət hasil olur ki, iddia ərizəsində kiminsə və ya kimlərinsə “cavabdeh” qrafasında yazılması, hələ həmin şəxsin prossesual anlamda tələb üzrə cavabdeh olması demək deyildir. Mülki prossesual anlamda şəxsin statusu onun adının ərizəyə yazılması ilə deyil, araşdırılan mübahisənin hallarına əsasən müəyyən oluna bilər.

12. Məsələn, iddiaçı Ağamusa mülkiyyətidə olan mənzilindən keçmiş gəlini Röyanın çıxarılmasını istəyir və ərizə ilə məhkəməyə müraciət edərək gəlini Röyadan başqa Nəsimi Rayon Polis İdarəsini, Nəsimi Rayon Qeydiyyat Şöbəsini və DƏDKRX PHŞ-nın 1 saylı Bakı Ərazi İdarəsini də cavabdeh kimi göstərmişdir. Məlum məsələdir ki, iddiaçının keçmiş gəlini Röyadan başqa digər “cavabdeh” kimi göstərilən şəxslərin hazırkı tələb üzrə heç bir cavabdehliyi ola bilməz, çünki onların iddia tələbinə münasibəti mübahisənin həllinə heç bir təsir göstərə bilmir, hətta onların iddianı etiraf etməsi belə Röyanın iddiaçının mənzildən çıxmasına səbəb və əsas ola bilmir Rayon məhkəməsi cavabdeh Röyanın iddiaçıya məxsus mənzildən çıxarılmasını dair iddianı təmin etmişdir. Belə olan halda cavabdeh Röyadan başqa digər şəxslərin də həmin qətnamədən məhz iddia ərizəsində “cavabdeh” kimi göstərilməsi əsası ilə şikayət verməsinin mümkünlüyü yoxlanılmalıdır. Yuxarıda da qeyd edildiyi kimi, Ağamusanın bu tələbi üzrə Röyadan başqa qeyrilərinin işin müəyyən olunmuş halları baxımından iddiaya cavab verməli şəxs olmamaları səbəbindən, onları “cavabdeh” kimi qətnamədən şikayət vermələri də mümkün deyildir və yolverilməzdir. Çünki onlar iddiaya cavab verməli şəxs, başqa sözlə desək, həqiqi cavabdeh deyildir. Prosessual qanunvericilikdə məhkəmə aktlarını mübahisələndirmək imkanı tanınan şəxslərin dairəsinin konkret olaraq müəyyən edilməsində də güdülən əsas məqsəd ondan ibarərdir ki, istənilən hər kəs deyil, yalnız qanunla dairəsi müəyyən edilmiş məhdud şəxslər bu hüquqa sahibdirlər. Bu məsələdə hər hansı əks yanaşma ədalət mühakiməsinin fundamental prinsiplərindən olan işlərə ağlabatan müddətlərdə baxılması, məhkəmə araşdırmalarının səmərələliyi, eləcə də hüquqi müəyyənlik kimi prinsiplərə zidd olacaqdır.

13. “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyul 2015-ci il tarixli Qərarına əsasən subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi PlenumununM.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları).

14. MPM-in 357.2-ci maddəsinin məzmunundan da məlum olur ki, məhkəmə aktlarını mübahisələndirə bilən şəxslərin dairəsinin qanunvericilikdə dəqiq müəyyən edilməsinin mühüm praktik əhəmiyyəti vardır. Qanunvericinin bu mövqeyi qətiyyən təsadüfi hesab edilə bilməz, çünki belə bir yanaşma həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Hər hansı əks yanaşma, yəni məhkəmə aktından istənilən şəxsin şikayət vermə imkanının tanınması anlaşılmaz olmaqla yanaşı, həm də hüquqi müəyyənlik və ədalət mühakiməsinin səmərəliliyi kimi fundamental prinsiplə zidd olardı.

15. MPM-in tələbinə görə apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. (Maddə 366.1, 366.2, 366.3.)

16. İstinad olunan normanın mahiyyətindən da bəlli olur ki, hətta ilkin mərhələdə mümkün sayılmış apellyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər. Mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş ədalət mühakiməsinin səmərəliliyi, hüquqi müəyyənlik və prosessual qənaət prinsipi də bunu tələb edir.

17. MPM-in 384.0.6-cı maddəsinə görə, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Nəticə:

18. Bununla da müəyyən edilir ki, Yasamal Rayon Məhkəməsinin e-2(004)-478/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi Y. Axundovun hüquq və vəzifələrinə toxunmur, onu həmin tələb üzrə iddia ərizəsində cavabdeh kimi göstərilməsi, öz-özlüyündə onun cavabdehliyini müəyyən etmir, odur ki, MPM-in 384.0.6-cı maddəsinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2904/2025 nömrəli, xx.xx.2025-ci il tarixli mümkünlük qərardadı ləğv edilməli, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasından baxılması qeyri-mümkün hesab olunmalı və onun şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir.

19. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

20. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur.

21. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə MPM-nin 361, 366, 397, 400, 402, 405, 406-cı maddələrinin tələbini rəhbər tutaraq məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2904/2025 nömrəli, xx.xx.2025-ci il tarixli mümkünlük qərardadı ləğv edilsin, Cavabdeh1 tərəfindən Yasamal Rayon Məhkəməsinin e-2(004)-478/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab olunsun və onun şikayəti geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar