Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2908/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2(006)-4525/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ona məxsus mənzilin sökülməsi nəticəsində cavabdeh “Pilot 16 MMC tərəfindən vurulmuş 100000 manat vəsaitin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2(006)- 4525/2022 saylı qətnaməsi ilə (hakim Səməd Cəfərov) iddia tələbi rədd olunmuşdur. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra, MPM) 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Mülki iş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, qətnamə 06 fevral 2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 elektron kabinetinə yerləşdirilmişdir. Bundan sonra iddiaçı 15 mart 2023-cü il tarixdə qətnamədən apellyasiya şikayəti vermişdir. Halbuki, MPM-in 135.6-cı maddəsinin tələbinə görə «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər «Elektron məhkəmə» informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış «elektron kabinet»lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. MPM-nin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi, qətnamə 06 fevral 2023-cü il tarixdə iddiaçının nümayəndəsinə (vəkilinə) məxsus elektron kabinetə yerləşdirilməklə rəsmi qaydada verilmiş hesab olunmuş, həmin tarixdən də müvafiq prosessual müddətin axımı başlanmışdır. Avropa Məhkəməsi də qərarlarında dəfələrlə vurğulamışdır ki, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (Avropa Məhkəməsinin «Raihani – Belçikaya qarşı», «Məmmədov və digərləri Rusiyaya qarşı» işlərdəki mövqeyi). Eyni zamanda, apellyasiya şikayətində görünür ki, onu imzalayan şəxs kimi də iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 olmuşdur. Apellyasiya şikayəti isə 15 mart 2023-cü il tarixdə, yəni qətnamənin rəsmi qaydada verildiyi gündən 1 ay çox müddət keçdikdən sonra verilmiş, lakin birinci instansiya məhkəməsi prosessual müddətin ötürülüb-ötürülməməsini tam və hərtərəfli araşdırmamış, buna əsaslandırılmış qərardadı ilə münasibət bildirməmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçı tərəf prosessual müddətin bərpasına dair ərizə də verməmişdir. Halbuki, apellyasiya şikayətinin müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verilməsi MPM-in 363.1.3-cü maddəsinə əsasən şikayətin qaytarılması üçün əsasdır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı» işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Qeyd edilməlidir ki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmiş, şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu tam yoxlamamışdır. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-in 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2(006)-4525/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2908/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2908/2023
12.04.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver