Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2910/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ("xxxx" MTK mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “mənzilin cavabdehdən alınaraq iddiaçının istifadəsinə verilməsi, mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “mənzilin cavabdehdən alınaraq iddiaçının istifadəsinə verilməsi, mənzilə köçürülmə”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-286/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı ("xxxx" MTK mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanı S.Rəhman küçəsi 18,20,22,24 və 26) ünvanda "xxxx" MMC tərəfindən inşa edilmiş yeni binanın “B” girişində, 5-ci mərtəbəsində yerləşən sahəsi 92 kv.m. olan 2 otaqlı (mənzilə dair "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilə üzrə yaranan hüquq ona aid edilməklə) mənzilin cavabdehdən alınıb, istifadəsinə verilməsi və onu həmin binanın “B” girişində, 5-ci mərtəbəsində yerləşən sahəsi 92 kv.m olan 2 otaqlı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda mövcud olmuş 4 otaqlı 10 saylı mənzil mülkiyyət hüquqları əsasında mərhum atasının adına olmuş, o da daxil olmaqla, cavabdeh anası ilə ailə olaraq onlara məxsus olmuş, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 180 saylı sərəncamı əsasında həmin ərazidə mövcud köhnə tikililərin sökülməsi və yerində yeni hündürmərtəbəli yaşayış binasının tikintisinə qərar verilmişdir. Həmin ərazidə "xxxx" MMC tərəfindən hündürmərtəbəli bina tikintisi ilə bağlı qeyd olunan sərəncamın icrası məqsədləri üçün onlara məxsus əmlakın sökülməsi təklif olunmuş, tikiləcək binada alacağları yaşayış sahəsinin, bir deyil, o və cavabdeh iki ailə olması səbəbindən 2 ayrı-ayrı mənzil ilə bağlı MMC ilə razılaşmışlar, razılaşmaya görə alınacaq mənzillərdən biri onun ailəsinə verilməli idi. Məhz bu razılaşma şərtinə görə evin sökünütüsünə etiraz bildirməmiş və MMC ilə razılaşmanın rəsmiləşdirilməsini anasına etibar etmiş, buna görə də MMC ilə müqaviləni cavabdeh bağlamışdır. MMC tərəfi razılaşmaya uyğun olaraq, tikinti altına verilən evin sahəsinə 20 %-dən çox sahə əlavə etməklə, həmin ünvanda tikilən yeni yaşayış binasında onlara iki yeni mənzillər vermişdir və müqavilə tərəfi cavabdeh olduğundan, mənzillər ona təhvil verilmiş, lakin cavabdeh mənzilləri öz adına yazdırmış, təhvil götürəndən sonra mənzillərdən birini ona verməkdən hər vasitə ilə yayınmış, indi də aldığı pula hələ ev tapa bilməməsi bəhanəsi ilə mənzili ona verməkdən imtina etmişdir.
3. Cavabdehlə ilkin razılaşmaya əsasən kirayə haqqı və həmçinin iki mənzilin təmiri üçün hesablanmış vəsaiti cavabdeh özünə götürmüş, həmin pul vəsaiti hesabına Mehdiabad qəsəbəsində özünə bir fərdi yaşayış evi alacağını bildirmiş, həqiqətən də köhnə evdən köçəndən sonra cavabdeh qardaşı ilə birgə Mehdiabad qəsəbəsinə köçmüş və hazırda da orada yaşayırlar. Aldığı mənzillərdən birini qardaşına vermiş və hazırda qardaşı orada yaşamaqdadır. Digər mənzil isə təmirsiz vəziyyətdə, qapını bağlayıb, açarı ona verməkdən imtina etmişdir. Bununla bağlı MMC-yə müraciətinə cavab olaraq MMCnin direktoru bildirmişdir ki, “..müqavilə əsasında razılaşdırılmış şərtlərə uyğun olaraq, MMC tərəfindən Cavabdeh S.Rəhman küçəsində yeni tikilən binanın “B” girişində 5-ci mərtəbəsində yerləşən sahəsi 92 kv.m 2 otaqlı və 6-cı mərtəbədə yerləşən sahəsi 92 kv.m 2 otaqlı olmaqla, iki mənzil, eyni zamanda, mənzil təhvil verilənə kimi hər ay üçün kirayə haqqı və mənzillərin təmir haqqı ödənilmişdir. Bununla da MMC müqavilə öz üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirmişdir. Sizin razılaşmanız ayrıca bir başa MMC ilə deyil, anası Cavabdeh ilə öz arasında olmuşdur. Öz aralarında razılaşmanım nəticəsi olaraq, əmlakın sökülməsinə ümumi razılıq əsasında sonuncu MMC ilə müqavilə bağlanmışdır və bununla bağlı gələcəkdə hər hansı mübadiləni özü həll edəcəyinə dair ayrıca ərizə vermiş və bununla bağlı ayrıca öhdəlik götürmüşdür....”. Ona görə də məsələni məhkəmə yolu ilə həll edilməsi məcburiyyəti yaranmışdır.
4. Nərimanov Rayon Məhkəməsinin 2(005)-286/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia təmin edilməmişdir.
5. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
6. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, qətnaməni qanunsuz, əsassızdır. İddiaçı uzun müddət (doğulduğu vaxtdan) Bakı şəhəri Nərimanov rayonu, S.Rəhman küçəsi, ev 20 ünvanında yaşamış, sonradan həmin ev sökülərək iş üzrə cavabdeh ilə "xxxx" MTK arasında bağlanmış müqaviləyə əsasən həmin evin əvəzinə həmin ərazidə inşa etdiyi yeni hündürmərtəbəli yaşayış binasının “B” girişində, 5-ci mərtəbəsində yerləşən sahəsi 92 kv.m. 2 otaqlı və 6-cı mərtəbəsində yerləşən sahəsi 92 kv.m. 2 otaqlı olmaqla, iki mənzil verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Lakin məhkəmə iş üzrə qətnamə qəbul edərkən, mübahisənin yarandığı müddəti nəzərə almaqla qane olmuş, bu mübahisənin yaranmasına əsas olan tərəflər arasında hüquq münasibətlərinin yarandığımüddəti nəzərdən qaçırmışdır. Məhkəmə unutmuşdur ki, tərəflər ana-oğul olmaqla, yeni mənzilin verilməsinə əsas olmuş, sökülmüş evə nisbətdə hüquq münasibətləri, yeni mənzilin verilməsi anından deyil, iddiaçının doğulduğu və ailə üzvü kimi həmin evdə yaşadığı vaxtdan yaranmışdır. Hazırki işdə cavabdeh ana iddiaçı oğluna mənzildə yaşamağa maneə yaradır. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur, hər iki mənzilə cavabdehin mülkiyyət hüququ əldə etməyə "xxxx" hüququ mövcuddur. Bu baxımdan müqavilənin MTK ilə cavabdeh arasında bağlandığından asılı olmayaraq, sökülmüş evin yerinə verilmiş 2 mənzilə, hüququn keçməsi əsasdan iddiaçı da cavabdehlə eyni hüquqa malikdir. Qeyd olunanlara əsasən qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək qeyd etdi ki, iddiaçı MTK tərəfindən sökülərək əvəzində iki yeni mənzil verilən evdə doğulmuş, orada ailəsi ilə birgə mənzil sökülənə kimi yaşamışdır, o, bugün də həmin mənzildə pasport qeydiyyatında olmaqla, həmin mənzilə istifadə hüququ var, atası öləndən sonra miras mənzildən analarının xeyrinə hər iki qardaş imtina etmişlər, anası həmin mənzilin mülkiyyətçisi olmuşdur, lakin iddiaçı ailə üvü olduğundan bu, onun istifadə hüququna xitam verilməsi anlamına gələ bilməz. Ailənin öz arasında razılaşmaya əsasən, sökülən mənzilin əvəzində yeni tikiləcək binadan verilən iki mənzildən biri iddiaçıya, biri də o biri qardaşına verilməli idi. Düzdür, onlar bununla bağlı hər hansı sübut təqdim edə bilmirlər. Lakin hesab edir ki, iddiaçının sökülən mənzilə istifadə hüququ olduğundan iddia tələbi ən azı mənzilə köçürülmə hissədə əsaslıdır və təmin edilməlidir. Qeyd edilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş, gələməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
9. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
10. AR Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cu il tarixli, 180 saylı Sərəncamına əsasən rayonun Səməd Vurğun və Sabit Rəhman küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə rayonun Səməd Vurğun və Sabit Rəhman küçələrinin kəsişməsində 0,55 ha torpaq sahəsi "xxxx" MMC-nin daimi istifadəsinə verilmişdir;
11. Rayonun Səməd Vurğun və Sabit Rəhman küçələrinin kəsişməsində yeni çoxmənzilli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə başlanılması məqsədi ilə "xxxx" MMC-yə həvalə edilmişdir. Sərəncamın 2.6-cı maddəsinə əsasən Rayonun Sabit Rəhman küçəsi 18,20,22,24 və 26 saylı ünvanlarda yerləşən yaşayış binalarının sakinləri qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi nəzərdə tutulmuşdur.
12. xx.xx.2022-ci il tarixli Pretenziya məktubuna əsasən İddiaçı cavabdeh X1 aralarında bağlanmış razılığa əsasən sonuncunu üzərinə düşən öhdəliklərini yerinə yetirməsini əks təqdirdə mübahisənin məhkəmə qaydasında həll olunacağıyla bağlı xəbərdar etmişdir.
13. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan görünür ki, ünvan 2 ünvanda 4 otaqlı yaşayış evin söküntü altına verilməsi və əvəzində yerində tikilən binadan mənzil verilməsi ilə bağlı razılaşma "xxxx" MMC ilə Cavabdeh arasında qarşılıqlı razılaşma şərtləri daxilində müqavilə əsasında rəsmiləşdirilmişdir. Müqavilə əsasında razılaşdırılmış şərtlərə uyğun olaraq, MMC tərəfindən Cavabdeh S.Rəhman küçəsində yeni tikilən binanın “B” girişində, 5-ci mərtəbəsində yerləşən sahəsi 92 kv.m 2 otaqlı və 6cı mərtəbəsində yreləşən sahəsi 92 kv.m 2 otaqlı olmaqla, iki mənzil, eyni zamanda, mənzil təhvil verilənə kimi hər ay kirayə haqqı və mənzillərin təmir haqqı ödənilmişdir. Bununla da MMC müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirmişdir; Tətbiq edilən maddi hüquq normaları:
14. Azərbaycan Respublikasinin Konstitusiyası
15. Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
16. Maddə 29.İİİ. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
17. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi
18. Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri
19. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.
20. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar.
21. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
22. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
23. Maddə 54. İcarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ
24. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir.
25. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir.
26. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
27. Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması
28. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
29. Maddə 87. Yaşayış sahəsini icarə müqaviləsinin icarədar tərəfindən pozulması
30. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir.
31. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
32. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.
33. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və digər qanunvericilikdə göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.
34. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
36. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Tətbiq edilən prosessual hüquq normaları:
37. Mülki Prosessual Məcəllə
38. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
41. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
44. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
45. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
46. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
47. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
48. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
49. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
50. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
51. Maddə 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
52. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
53. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
54. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, iddia tələbinin mənzilə köçürülmə hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilərək, iddiaçı "xxxx" MMC tərəfindən inşa edilmiş yeni binanın “B” girişində, 5-ci mərtəbəsində yerləşən sahəsi 92 kv.m. olan 2 otaqlı mənzilə köçürülməli, qətnamə onun apellyasiya şikayətinə əsasən mübahisələnirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
55. İddia tələbini mənzilə köçürülmə hissədə təmin etməyən rayon məhkəməsi qeyd etmişdir ki, iddiaçının həmin mənzilə dair hər hansı hüquqları mövcud deyil.
56. Məhkəmə kollegiyası rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, hazırkı iş üzrə iddiaçı və cavabdeh ana və oğul olmaqla bir ailə üzvüdür və iddiaçının ünvan 3 ünvanında qeydiyyatda olmaqla, orada doğulması və mənzil sökülənə kimi orada yaşaması hazırkı işin mübahisəsiz halıdır.
57. Eyni zamanda ünvan 2 ünvanda 4 otaqlı yaşayış evinin sökülməsi və əvəzində yerində tikilən binadan mənzil verilməsi ilə bağlı "xxxx" MMC ilə Cavabdeh arasında qarşılıqlı razılaşmaya əsasən, MMC tərəfindən Cavabdeh S.Rəhman küçəsində yeni tikilən binanın “B” girişində, 5-ci mərtəbəsində yerləşən sahəsi 92 kv.m 2 otaqlı və 6-cı mərtəbəsində yerləşən sahəsi 92 kv.m 2 otaqlı olmaqla, iki mənzil, eyni zamanda, mənzil təhvil verilənə kimi hər ay kirayə haqqı və mənzillərin təmir haqqı ödənilməsi hazırkı işin mübahisəsiz halıdır.
58. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
59. Buna görə də tərəflər arasında yaranmış münasibətlərə xx.xx.2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin müvafiq müddəaları tətbiq edilməlidir.
60. Rayon məhkəməsi isə maddi hüquq normasının tətbiqində səhvə yol verilərək, Mülki Məcəllənin 228.5-ci maddəsinə istinad etmişdir.
61. Kollegiya qeyd edir ki, xx.xx.2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
62. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.
63. Kollegiya hesab edir ki, iddiaçının köçürülməyi tələb etdiyi "xxxx" MMC tərəfindən inşa edilmiş yeni binanın “B” girişində, 5-ci mərtəbəsində yerləşən sahəsi 92 kv.m. olan 2 otaqlı mənzil onun istifadə hüququ olan Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi, ev 20, 10 nömrəli mənzilin əvəzində verildiyindən, onun həmin mənzildən istifadə hüququ olmaqla, mənzilə köçürülməsi hissədə iddia tələbi əsaslıdır və təmin edilməlidir.
64. İddia tələbinin "xxxx" MMC tərəfindən inşa edilmiş yeni binanın “B” girişində, 5-ci mərtəbəsində yerləşən sahəsi 92 kv.m. olan 2 otaqlı mənzilə dair "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilə üzrə yaranan hüququn ona aid edilməsi hissəsi ilə bağlı qanuni əsasını Mülki Məcəllənin 390-cı maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki Məcəllənin 390.5-ci maddəsinə görə isə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
65. Rayon məhkəməsi iddia tələbinin həmin hissəsi ilə bağlı qeyd etmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilə qüvvədə olduğu halda mübahisəli mənzilə dair müqavilə üzrə yaranan hüququn iddiaçıya aid edilməsi hissədə iddia tələbi təmin oluna bilməz.
66. Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mahiyyət etibarı ilə həmin hissədə düzgün nəticəyə gəldiyindən apellyasiya şikayətinin dəlili həmin hissədə əsassızdır və təmin edilməməlidir.
67. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.4-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab edilir.
68. MPM-in 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Nəticə:
69. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, iddia tələbinin mənzilə köçürülmə hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilərək, iddiaçı ünvan 1 ünvanı S.Rəhman küçəsi 18,20,22,24 və 26) ünvanda "xxxx" MMC tərəfindən inşa edilmiş yeni binanın “B” girişində, 5-ci mərtəbəsində yerləşən sahəsi 92 kv.m. olan 2 otaqlı mənzilə köçürülməli, qətnamə onun apellyasiya şikayətinə əsasən mübahisələnirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
70. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
71. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
72. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-286/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən, iddia tələbinin mənzilə köçürülmə hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi həmin hissədə təmin edilsin. İddiaçı ünvan 1 ünvanı S.Rəhman küçəsi 18,20,22,24 və 26) ünvanda "xxxx" MMC tərəfindən inşa edilmiş yeni binanın “B” girişində, 5-ci mərtəbəsində yerləşən sahəsi 92 kv.m. olan 2 otaqlı mənzilə köçürülsün. Qətnamə onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov