Məhkəmə qərarları › İş №2(103)-2910/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2910/2024

09.04.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2910/2024 09.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığına Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə ünvan 3al Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli, 40/k saylı əmrin ləğv edilməsi, işə bərpa olunması və işə bərpa olunanadək olan müddət üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi 29 yanvar 2024-cü il tarixdə 2(004)-1319/2024 nömrə ilə məhkəmənin icraatına qəbul edilmiş, 20 fevral 2024-cü il tarixə məhkəmə hazırlıq iclası təyin edilmişdir. Daha sonra ünvan 3al Rayon Məhkəməsinin 2(004)-1319/2024 nömrəli 20 fevral 2024-cü il tarixli qərardadı ilə iş üzrə İddiaçı tərəfin əsl tərəflə əvəz edilməsi barədə ərizəsi təmin edilərək, Cavabdeh ASC Qaradağ rayon Sukanal İdarəsi ilə əvəz edilmiş və mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi qənaəti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 54, 35.1, 35.2 və 44.2.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1492/2024 saylı 27 mart 2024cü il tarixli qərardadı ilə mülki iş, məhkəmələr arasında ərazi aidiyyəti ilə bağlı yaranmış fikir ayrılığının aradan qaldırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2024-cü il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, iddia ərizəsində cavabdeh qismində qeyd olunmuş Cavabdeh ASC-nin ünvanı Yasamal rayonu, Moskva prospektidir. Bu səbəbdən də aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş baxılması üçün ünvan 3al Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci və 35.2-ci maddələrinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 44-cü maddəsinin tələblərinə görə aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Mülki prosessual qanunvericiliyin bu maddələrinin məzmununa görə qanunla ərazi aidiyyətinin başqa qaydalarının nəzərdə tutulduğu hallar istisna olmaqla, bütün iddialar iş üzrə cavabdeh qismində cəlb edilmiş fiziki şəxsin rəsmi qeydə alındığı və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilir. Bununla yanaşı Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuş, 44-cü maddəsində isə məhkəmənin öz icraatına qəbul etdiyi işin başqa məhkəməyə verməli olduğu hallar göstərilmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçı müvafiq iddia ilə məhkəməyə müraciət edərkən cavabdeh qismində Cavabdeh ASC-ni cəlb etmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən Cavabdeh ASC-nin rəsmi hüquqi ünvanının Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti olduğu müəyyən edilmişdir. Ərazi aidiyyətinin ümumi qaydasının dəyişdirilməsinə əsas ola biləcək halların (iddiaçının seçməsinə görə aidiyyət, müstəsna və ya müqavilə aidiyyəti), həmçinin Mülki Prosessual Məcəllənin 44-cü maddəsində aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi işin başqa məhkəməyə verməli olduğu hallar da hazırki işdə aşkar edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı düzgün olaraq, aidiyyət qaydalarına riayət etməklə ilkin olaraq cavabdeh qismində cəlb etdiyi Cavabdeh ASC-nin hüquqi ünvanı üzrə ünvan 3al Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə prosesinin digər mərhələsində cavabdehlərin əvəz edilməsi isə məhkəmə tərəfindən aidiyyət qaydalarına uyğun olaraq icraata götürülmüş işin ərazi aidiyyəti üzrə başqa məhkəməyə göndərilməsi üçün əsas deyildir. Beləliklə kollegiya yuxarıda qeyd olunan qanunvericilik normalarını rəhbər tutaraq qeyd edir ki, iş, ünvan 3al Rayon Məhkəməsi tərəfindən aidiyyət qaydalarına riayət edilməklə icraata qəbul edildiyindən mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Ona görə də mülki iş ərazi aidiyyəti qaydalarına uyğun olaraq baxılması üçün ünvan 3al Rayon Məhkəməsinə göndərilməlidir. Bundan başqa məhkəmə kollegiyası Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2024-cü il tarixli qərarına istinadı ilə razılaşaraq qeyd etməyi zəruri sayır ki, hüquqi şəxsin filial və ya nümayəndəliyinin, eləcə də hər hansı struktur vahidinin əmək münasibətlərində tərəf (işəgötürən) olaraq çıxış edə bilmə imkanı onun mülki prosessual fəaliyyət qabiliyyətli olmasını ifadə etmir. Mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti yalnız mülki prosessual qanunvericilikdə müəyyən edilmiş subyektlərə münasibətdə tanınır, mülki prosesin tərəfi olmaq mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmaqla şərtlənir. Müstəqil şəkildə hüquqlar əldə edə və maddi hüququn subyektinə çevrilə bilməyən, yəni mülki hüquq qabiliyyətinə malik olmayan hüquqi şəxsin struktur bölməsinin müvafiq olaraq müstəqil şəkildə mülki prosessual fəaliyyət qabiliyyəti əldə edə bilməsi və mülki prosesin tərəfi olması da istisna edilir. Lakin əmək qanunvericiliyinə müvafiq olaraq hüquqi şəxsin təsdiq etdiyi əsasnamə, habelə verdiyi etibarnamə əsasında hüquqi şəxsin struktur bölmələrinin əmək hüquq münasibətlərinin tərəfi qismində çıxış etmək imkanının olduğu nəzərə alınaraq və belə hallarda əmək hüquq münasibətlərinin faktiki tərəfləri arasında yaranmış mübahisənin daha səmərəli həlli baxımından hüquqi şəxsin struktur bölməsinin təmsilçilik (hüquqi şəxsin təsdiqlədiyi əsasnamə, verdiyi etibarnamə) əsasında məhkəmədə hüquqi şəxsin adından çıxış etməsi məqsədəmüvafiq olardı. Belə olan halda işə baxan birinci instansiya məhkəməsinə hazırda cavabdeh qismində cəlb edilmiş Qaradağ rayon Sukanal İdarəsinin Cavabdeh ASC-nin mülki hüquq qabiliyyətinə malik olmayan kənarda yerləşən struktur bölməsi olmasını nəzərə alaraq hazırki mülki iş üzrə araşdırmanı Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinə və Mülki Prosessual Məcəllənin 49.1, 50.1 və 50.4-cü maddələrinə uyğun şəkildə aparması tövsiyə olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45, 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “işə bərpa” tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə ünvan 3al Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar