Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2912/2022 07.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh “istismara yararsız mənzilin yenisi ilə əvəz edilməsi müqabilində mənzilin boşaldılması, cavabdeh tərəfindən tikinti işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması tələbinə dair” iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(010)-4222/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 43.1 kv.m olan mənzilin sökülməsi əvəzində Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yaşar Əliyev 1 ünvanında tikiləcək yeni binadan mülkiyyətində olan mənzil sahəsindən 25 faiz həcmində daha artıq sahəyə malik olan tam təmirli mənzilin verilməsi və cavabdeh qəzalı mənzildən çıxarıldıqdan yeni mənzilə köçürüləcəyi tarixə qədər ona aylıq 350 manat kirayə haqqının verilməsi şərti ilə cavabdehin və onunla birgə yaşayan digər şəxslərin həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmaları, Cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yaşar Əliyev 1 ünvanında gedən tikinti işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarına əsasən “Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti aidiyyatı üzrə 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Suraxanı rayon üzrə 3828 nəfərin yaşadığı, 1127 mənzildən ibarət olan uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş, 63 yaşayış binasının habelə bu rayonların ərazisində yaşayış binası üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikintilərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyinin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazimi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayı binasında müvafiq mənzillərin ayrılması, tikintiyə başlamazdan əvvəl tikintiyə icazə verilərkən, tikiləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırma sənədlərinə uyğunluğuna, həmçinin şəhərsalma norma və qaydalarına, tikilən binaların mərtəbəliliyinə və tikinti aparılacaq ərazinin tikinti sıxlığı normalarına, yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normalarına əməl olunmasına ciddi nəzarət edilməsini, eyni zamanda ərazidə normal təyinatlı obyektlər mövcud olduqda, həmin obyektlərin yerləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin təmin edilməsi barədə qərar qəbul etməlidir. Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 63 saylı sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 32, Yaşar Əliyev küçəsi 1,3,5,7, Qəzənfər Vəliyev küçəsi,5.7.9.13 ünvanlarında yerləşən istismara yararsız 2 və 3 mərtəbəli yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirmək üçün 1,4 ha torpaq sahəsi "xxxx" MTK -nın daimi istifadəsinə ayrılmışdır. Qəbul edilmiş qərar və sərancamlarda sakinlərin mülkiyyət hüquqlarına dair mənafeləri üstün tutmaqla yaşadıqları istismara yararsız binaların sökülərək inşa ediləcək müasir tələblərə cavab verən yeni yaşayış binalarında onlara tam təmirli və sahəsinə uyğun olaraq əvvəlkindən daha geniş yeni mənzillərin verilməsi və mənzillərin təhvil veriləcəyi müddətədək müvəqqəti yaşayış sahəsi ilə təmin edilmələri nəzərdə tutulmuşdur. "Etibarlı” Mənzil Tikinti Kooperativi tərəfindən Cavabdeh və digər sakinlərə mülkiyyətçi olduqları istismara yararsız mənzillərin sökülməsi qarşılığında müasir tələblərə cavab verən yeni yaşayış binasından onlara müvafiq aktla tam təmirli yeni, mülkiyyətçilərin əvvəlki mənzillərinin sahələrindən artıq ölçüdə mənzil veriləcəyi, eləcə də bu müddət ərzində müvəqqəti yaşayış sahəsi ilə təmin olunmalarının məqsədi ilə hər təqvim ayı üçün onlara kirayə haqqı və köçürülmə xərcləri üçün maddi vəsait ödəniləcəyi barədə danışıqlar aparılmış və könüllü olaraq mənzillərinin sökülməsinə razılıq vermələri təklif olunmuşdur. Lakin cavabdehə verilmiz təklif onun tərəfindən birmənalı şəkildə rədd edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarının və Suraxanı Rayon İcra Hakimiyyətinin sərəncamlarının icrasına əngəllər yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin məlum qərarından da göründüyü kimi həmin ərazidə tikinti işlərinin aparılmasının əsas məqsədi mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyət və mövcud şəhərsalma normalarına cavab verməyən Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı qəzalı vəziyyətdə olan binaların sökülməsi, onların yerində yeni yaşayış binalarının tikilməsi, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərlə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Sakinlərlə aparılan danışıqlar zamanı bu söküntü və tikinti işlərinin aparılmasının ilkin məqsədinin məhz onların təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar olması, daha sonra isə onların yaşayış şəraitinin yaxşılaşdırılmasına xidmət etdiyi onların nəzərinə çatdırılmışdır. Belə ki, yaşadıqları istismara yararsız binada hər an gözlənilməyən qəza hadisələrinin baş verməsi riskinin böyük olması barədə sakinlərə bir çox məlumatlar təqdim edilmişdir. Həmçinin yaşadıqları kiçik sahəli mənzillərin daha genişləri ilə əvəz edilməsinin və həmin mənzillərin tam təmir ediləcəyinin onların yaşadıqları şəraiti xeyli yaxşılaşdıracağı nəzərlərinə çatdırılmışdır. Sakinlərin mütləq əksəriyyəti bu təkliflərin ağlabatan olması ilə razılaşıb təkliflərinə müsbət münasibət bildirsə də təklifləri ilə az sayda razılaşmayan sakinlərin olması səbəbi ilə tərəfindən məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh məxsus olan ünvan 1 ünvandakı mənzilin sahəsi 43,1 kvadrat metrdir. Sakinlərə edilən güzəştə münasibətdə mənzilin 25% əlavə edilməklə cavabdehə 53,9 kvadrat metrdən az olmamaq şərti ilə tam təmirli və yeni mənzil verilməsi nəzərdə tutulmaqdadır. Həmçinin bina tam hazır olan müddətə qədər aylıq 350 manat kirayə haqqı verilməsi də cavabdehə təklif olunmuşdur. Lakin cavabdeh iddiaçıdan əsassız gəlir etmək niyyəti ilə istismara yararsız halda olan binadakı 43,1 kvadrat metrlik mənzil üçün 200000 manat məbləğində pul tələb etmişdir. Sözsüz ki, bu kimi tələblər tam əsassızdır, yalnızca ümumi iş prinsiplərini dayandırmaq məqsədi güdür. Cavabdeh Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yaşar Əliyev 1 ünvanında hazırda tikilməkdə olan yaşayış binasının tikintisinə süni maneələr yaradır. Əslində isə cavabdehin hazırki istismara yararsız mənzildən köçürülməsi planlaşdırılan bina elə Yaşar Əliyev 1 ünvanında tikilməkdədir. Belə ki, layihə ümumi kompleks şəklində hazırlandığından sakinlərin ən tez bir vaxtda mənzillə təmin olunmaları üçün yaxınlıqda yekunlaşmaq üzrə olan mənzillərə köçürülməsi tez-tez müşahidə olunur. Lakin cavabdeh qanunsuz formada həmin tikintinin qarşısını almağa və buna süni maneələr törətməyə çalışır. Halbuki həmin ərazidə aparılan tikinti işlərinin Cavabdeh yaşadığı mənzil və binaya heç bir aidiyyəti yoxdur. Belə ki, tikilən ərazi xüsusi çəpər və hasarla mühafizə zolağına ayrılmışdır. Cavabdehin yaşadığı binaya giriş və çıxış tam sərbəstdir və tikinti aparılan yerdən bir neçə metrlik məsafədədir. Lakin cavabdeh Nazirlər Kabinetinin qərar və İcra Hakimiyyətinin sərəncamlarının icrasına maneçilik törədir, həm öz yaşadığı mənzillə bağlı iddiaçı ilə razılığa gəlməyərək absurd qiymətlər irəli sürür, həm də Yaşar Əliyev 1 ünvanında hazırda aparılan tikinti işlərinə müdaxilə edir. Cavabdehin qanunsuz hərəkətlərinin qarşısı alınmalı və tikintinin gedişatına müdaxilə edərək süni maneələr yaratması qadağan edilməlidir. Bu səbəbdən də iddia tələbinin bir qismi cavabdehin Yaşar Əliyev küçəsi 5 ünvanında aparılan tikinti işlərinə davamlı olaraq müdaxilə etməsinin qanunsuz hesab edilməsi ilə bağlıdır. Belə ki, uzun müddət ərzində sözügedən ünvanda tikilinin yubadılması və qarşısının alınması səbəbindən iddiaçıya vurulmuş maddi və mənəvi zərər qiymətləndirmə qaydasında hesablanılacaq və ayrıca iddia ərizəsi ilə cavabdehdən tələb ediləcəkdir. İddiaçıya vurulan maddi və mənəvi zərərin daha da artmaması səbəbindən iddia təmin etmə tədbiri qismində cavabdehə Yaşar Əliyev küçəsi 5 ünvanında aparılan tikinti işlərinə müdaxilə etməsi, tikintinin gedişatına süni maneələr yaratması müvəqqəti tədbir kimi qadağan edilməlidir. Yaşar Əliyev küçəsi 5 ünvanında tikiləcək yaşayış binasına köçürülməli olan bir çox sakin mövcuddur. Həmin sakinlərə isə iddiaçı tərəfindən hər ay 350-400 manatlıq kirayə haqları ödənilməkdədir. Cavabdehin həmin ünvandakı tikiliyə etdiyi müdaxilələr və tikinti işlərinin aparılmasına yaratdığı süni maneələr iddiaçı ilə yanaşı həmin sakinlərin də hüquqlarını kobud şəkildə pozmaqdadır. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 2(010)- 4222/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmiş, şikayəti onunla əsaslandırmışdır ki, işə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması həmin şəxslərin mənafeyinə və ümumi maraqlara xidmət etməklə mülkiyyət hüquqlarının əsassız və ədalətsiz məhdudlaşdırılması hesab edilə bilməz kimi mövqeyi, qanunsuz və əsassız olmaqla yanaşı heç bir mötəbər sübutla əsaslandırılmamışdır. Məhkəmə tərəfindən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 43,1 kv.m olan mənzilin dəyərinin iddiaçı tərəfindən ödənilib-ödənilməməsi ilə bağlı heç bir araşdırma aparılmamış, iddiaçı tərəfindən formal olaraq iş materiallarına əlavə edilmiş pretenziyaya istinad edilmişdir. Məhkəmə tərəfindən qərar qəbul edilərkən, cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 43.1 kv.molan mənzilə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqları pozulmuşdur. Qətnamədə cavabdehin məhkəməyə təqdim etdiyi aşağıdakı sübutları araşdırılmamışdır: iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli pretenziyadan görünür ki, Cavabdeh iddia tələbində qeyd edilən şərtlərlə müqavilənin bağlanması təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Lakin, məhkəmə həmin pretenziya ilə bağlı iddiaçı ilə cavabdehin hər hansı danışığının olubolmamasını araşdırmamışdır. Apellyasiya Məhkəməsinin diqqətinə çatdırmaq istəyir ki, qeyd olunan pretenziya formal olaraq iş materiallarına əlavə olunmuşdur ki, məhkəmə iddiaya baxanda görsün ki, iş materiallarında pretenziyada mövcuddur. Əgər iddiaçı tərəf cavabdehin mülkiyyətinin sökülməsi müqabilində özünə mülkiyyət tikmək istəyirdisə, ilk növbədə onunla danışmalı idi və onlar ilkin razılığa gələ bilərdilər. Həmçinin cavabdehə məxsus mənzilin yerləşdiyi binada əhalinin kütləvi narazılığının olması ilə bağlı cavabdeh tərəfindən sübutlar təqdim ediləsə də, məhkəmə həmin sübutları araşdırmamış və haqsız olaraq qeyd etmişdir ki, guya bu hal iş materialları ilə öz təsdiqini tapmır. Apellyasiya baxışı zamanı cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və bildirdi ki, onun yaşadığı binada 8 mənzil var. İddiaçı ilə həmin binada yaşayan mənzillərin sahibləri arasında heç bir razılıq əldə edilməmişdir. Qeyd edilən mənzillərin bütün sakinləri iddiaçının qanunsuz hərkətlərindən narazıdır və aidiyyəri dövlət orqanlarına şikayətlər etmişlər. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayəti qəbul etməyərək təmin edilməməsini xahiş etdi. İş üzrə üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iclasa gəlməyən maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə ləğv edilməli, iddia tələbi rədd olunmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında da göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”. Bu kontekstdə kollegiya nəzərə alır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin müəyyən edilmiş halları aşağıdakılardır: Belə ki, işdə olan xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Yaşar Əliyev küçəsi, ev 5 mənzil 2 mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 348 nömrəli reyestr kitabının 32576 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 63 saylı sərəncamından müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 32, Yaşar Əliyev küçəsi 1, 3, 5, 7, Qəzənfər Vəliyev küçəsi 5, 7, 9, 13 ünvanlarda yerləşən istismara yararsız 2 və 3 mərtəbəli olmaqla ümumilikdə 9 yaşayış binasının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirmək üçün 1,4 ha torpaq sahəsi "xxxx" MTK-nın daimi istifadəsinə verilmiş və tikintinin layihələndirilməsinə icazə verilmişdir. İşdə olan ünvan 4 ünvanda yerləşən yaşayış binasına keçirilən texniki baxış haqqında xx.xx.2016-cı il tarixli aktın surətindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin Əsaslı Tikinti və Təmir şöbəsinin müdiri F.Əliyev, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti sədrinin 1-ci müavini, Baş mühəndis R.Abdullayev, Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin mühəndisləri Ə.Əlibəyli, V.Cəfərov, “Bakımənzilkommunallayihə” Layihə İnstitutunun direktoru C.Quliyev, Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi “Azərdövləttikintilayihə” Dövlət Layihə institutunun texniki şöbəsinin aparıcı mühəndisi M.İsgəndərov, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakınm Dövlət Reyestri Xidmətinin Bakı Ərazi idarəsinin Daşınmaz Əmlakın Kadastrı və Texniki inventarlaşdırma şöbəsinin sektor müdiri N.Qəniyev, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakınm Dövlət Reyestri Xidmətinin Bakı Ərazi idarəsinin Daşınmaz Əmlakın Kadastrı və Texniki inventarlaşdırma şöbəsinin mühəndisi C.Axundov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və Memarlıq ElmiTədqiqat institutunun Laboratoriya müdiri Y.Eminov, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Mənzil-Kommunal Siyasət şöbəsinin müdir müavini B.Rzayev, Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının müavini E.Yolçiyev, 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi R.Kazımov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, xx/xx/5185-12 saylı dərkənarı ilə yaşayış evlərinin texniki vəziyyətinin bir daha araşdırılması, tam qəzalı vəziyyətdə olan yaşayış evlərinin müəyyən edilməsi, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 542 №-li sərəncamının icrası ilə əlaqədar qeyd edilən ünvana baxış keçirilmiş və müəyyən edilmişdir ki, bina 1955-ci ildə inşa olunmuşdur, 2 girişli, 2 mərtəbəlidir, mənzillərin sayı 8, sakinlərin sayı 25, ailələrin sayı 8-dir. Planda ölçüsü 26.2 x 12.6 m-dir. Binanın divarları but daşından olmaqla tikilmişdir. Divarların bəzi yerlərində suvaq qopmuş və iri ölçülü çatlar əmələ gəlmişdir. Dam örtüyü ağac elementlər üzrə asbest-sement vərəqlərdən örtülmüş, çardağın ağac elementləri bəzi yerlərdə çürüyüb yararsız vəziyyətə düşmüşdür. Binanın kommunal şəraiti yoxdur. Yuxarıda qeyd olunan ünvanda yerləşən yaşayış evinin yükdaşıyan konstruksiyalarının dayanıqlığının tikinti norma və qaydalarına və istismar tələblərinə cavab vermədiyi müəyyən olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin 02 sentyabr 2021-ci il tarixli məktubunun surətindən görünür ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev və Y.Əliyev küçələrinin kəsişməsində yerləşən, uzun müddətli istismar nəticəsində yararsız hala düşərək, hazırda qəzalı vəziyyətdə olan iki mərtələbəli binaların söküntüsü, həmin ərazidə çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və inşası üçün Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 57 nömrəli sərəncamı ilə "xxxx" MTK-ya icazə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Mülki Məcəllənin 157.9-cu maddəsinə görə dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfındən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunda nəzərdə tutulmuş hallarda dövlət xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafızəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Mülki Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mahiyyət etibarı ilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallğa qarşı iş). Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş). Konvensiya tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi, onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmalıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Scordino İtaliyaya qarşı iş). Kollegiya yuxarıda sadalanan normalara əsasən iş üzrə müəyyən edilən halları nəzərə alaraq belə hüquqi nəticəyə gəlir ki, mübahisəli mənzil cavabdehin mülkiyyətində olsa da, iddiaçı onun mülkiyyətinə əsassız olaraq müdaxilə edir. Lakin Konstitusiya və mülki qanunvericiliyə əsasən həmin hüququn müdafiəsinə dövlət tərəfindən təminat verilmişdir. Həmçinin bu hallar mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, müqavilələr azadlığı kimi əsas prinsiplərin pozulması ilə nəticələnə bilər. Hazırda qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 nömrəli Qərarından görünür ki, müəyyən ərazilərdəki tikililər qəzalı vəziyyətdə olduğu üçün mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə sökülərək yerində yeni binaların tikilməsi və mülkiyyətçilərin həmin binalarda müvafiq sahələrlə təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin Qərardan və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının sərəncamının tələblərindən də görünür ki, mübahisəli əmlakların sökülməsinə və cavabdehlərin köçürülməsinə yalnız qanunvericiliyə uyğun olaraq mülkiyyətçilərin və ya qanuni istifadəçilərlə qarşılıqlı razılıq əsasında müvafiq müqavilələr bağlandıqdan sonra yol verilir. Həmin qərarda sakinlərin könüllü olaraq köçürülməsi, tikinti təhvil verilənədək onlara başqa sahədə yaşamaq üçün kompensasiyalar verilməsi, sökülən sahələrin əvəzi olaraq qarşılıqlı razılaşma ilə yeni tikiləcək binalarda güzəştli şərtlərlə sahələr verilməsi (mülkiyyətçilərin hüquqlarının qorunması) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli Qərarında Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyətinin, Binəqədi Rayon İcra Hakimiyyətinin, Qaradağ Rayon İcra Hakimiyyətinin, Suraxanı Rayon İcra Hakimiyyətinin, Nəsimi Rayon İcra Hakimiyyətinin, Xətai Rayon İcra Hakimiyyətinin, Nərimanov Rayon İcra Hakimiyyətinin, Nizami Rayon İcra Hakimiyyətinin, Yasamal Rayon İcra Hakimiyyətinin, Səbail Rayon İcra Hakimiyyətinin, Pirallahı Rayon İcra Hakimiyyətinin və Xəzər Rayon İcra Hakimiyyətinin bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə aşağıdakıları həyata keçirmələləri qərara alınmışdır: 4.1. mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması; 4.2. qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsi; 4.3. ərazidə sosial təyinatlı obyektlər mövcud olduqda, həmin obyektlərin yerləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin təmin edilməsi. Həmin qərarla “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 oktyabr tarixli 322 nömrəli Qərarı, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 22 yanvar tarixli 8 nömrəli Qərarı, “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 nömrəli Qərarı ləğv edilmişdir. Qeyd olunan qərarlara və sərəncama əsasən mülkiyyətçilərin mülkiyyət hüquqlarına qarşılıqlı razılıq olmadan xitam verilməsi və əvəzləşdirilməsi müəyyən edilməmişdir. İddiaçı tərəfindən cavabdehin mülkiyyət (əmlak) hüquqlarına müdaxilə ilə bağlı tələbi əsassızdır və təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: Apellyasiya şikayəti təmin olunsun. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(010)- 4222/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 43,1 kv.m olan mənzilin sökülməsi əvəzində cavabdehə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yaşar Əliyev 1 ünvanında tikiləcək yeni binadan mülkiyyətində olan mənzil sahəsindən 25 faiz həcmində daha artıq sahəyə malik olan tam təmirli mənzil verilməsi, cavabdehin qəzalı mənzildən çıxarıldıqdan yeni mənzilə köçürüləcəyi tarixə qədər ona aylıq 350 manat kirayə haqqı verilməsi, cavabdehin və onunla birlikdə yaşayan digər ailə üzvlərinin həmin mənzildən əşyaları ilə birlikdə çıxarılması və Cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yaşar Əliyev 1 ünvanında gedən tikinti işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması barədə” iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2912/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2912/2022
07.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver