Məhkəmə qərarları › İş №2(103)-2912/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2912/2024

13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2912/2024 13.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 Cavabdeh qarşı mülki iş (Açar sözlər: «ipoteka predmetinə tutma yönəldilməsi ilə əlaqədar pul tələbi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, İddiaçı X3 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və onun nümayəndəsi və vəkili X4 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3280/2023 saylı, 18 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(002)-1632/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh ümumilikdə 21312 ABŞ dolları Azərbaycan manatı məzənnəsinə uyğun olaraq, ödənilmiş dövlət rüsumu məbləğindən 30 manat "xxxx" ASCnin xeyrinə tutulması, İddiaçı məxsus ünvan 1 ixtisaslaşdırılmış açıq hərracdan satılması, fərdi yaşayış evinin satışından əldə edilmiş vəsaitdən 21312 ABŞ dolları Azərbaycan manatı məzənnəsinə uyğun olaraq, ödənilmiş dövlət rüsumu məbləğindən 30 manat "xxxx" ASC-nin xeyrinə ödənilməsi, mənzilin satışından götürülmüş məbləğ "xxxx" ASC-nin tələbini ödəməyə kifayət etməsə, çatışmayan məbləğ Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulması, mənzilin satışından əldə edilmiş məbləğ "xxxx" ASC-nin tələbindən artıq olarsa, artıq məbləğ İddiaçı qaytarılması, mənzil satıldıqdan sonra İddiaçı, Cavabdeh və X6 Bakı şəhəri, Qaradağ rayonu. Lökbatan qəsəbəsi, 2-ci massiv, 1-ci məhəllə, ev 1H-a olan istifadə hüquqlarına xitam verilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.

2. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsi və ümumi sahəsi 74.64 kv.m, yaşayış sahəsi 34.1 kv.m, yardımçı sahəsi 40.54 kv.m olan 3 otaqlı fərdi yaşayış evini 32025 manat X1.

3. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 25560-İF-KM-05/15 saylı kredit müqaviləsi üzrə öhdəliklər tam icra olunduğundan ipoteka predmeti olan İddiaçı məxsus ünvan 1 tutmanın yönəldilməsi haqqında bildirişin və ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi xahiş olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı X8 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 30500 manat və ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Tələbdə göstərilir ki, X8, 13 dekabr 2023-cü il tarixdə soyadının sonluğunu milliləşdirərək İbrahimli etmişdir. İddiaçı ilə cavabdeh 2013-cü ildən 2016-cı ilədək rəsmi nikahda olmuşlar. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 1-ci məhəllə, 1H saylı, tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 281 nömrəli reyestr kitabının 26200 nömrəli vərəqində qeydiyyata alınmış 74.64 kv.m ümumi, 34.1 kv.m yaşayış, 40.54 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi nikahdan əvvəl X5 məxsus olmuşdur. "xxxx" ASC-nin "İnqilab" filialı ilə Cavabdeh arasında 01 may 2015-ci il tarixli JVe 25560-İF-KM05/15 saylı kredit müqaviləsi bağlanaraq borcalana 36 ay müddətinə, illik 24 faiz ödəmək şərti ilə, 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. 01 may 2015-ci il tarixli, 25560- İF-KM-05/15 saylı kredit müqaviləsinin təminatı qismində X8 ilə 01 may 2015-ci il tarixli, 25560-İF-İM-05/15 saylı ipoteka müqaviləsi bağlanaraq X5 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 1 - ci məhəllə, 1H saylı, tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 281 nömrəli reyestr kitabının 26200 nömrəli vərəqində qeydiyyata alınmış 74.64 kv.m ümumi, 34.1 kv.m yaşayış, 40.54 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi bankda ipoteka ilə yüklü edilmişdir. Kredit müqavilələrinə əsasən borcalan krediti və ona hesablanmış faizləri bankın kassasına nağd şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hal-hazıradək kredit müqavilələri üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, borc ödənilməmişdir. 01 may 2015-ci il tarixli, 25560-İF-KM05/15 saylı kredit müqaviləsi üzrə hazırda cavabdehin banka 17901 ABŞ dolları əsas borc, 3111 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə olmaqla, cəmi 21312 ABŞ dolları borcu yaranmışdır. Amrahbank ASC Cavabdeh və X5 qarşı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 01 may 2015-ci il tarixli, 25560-İF-KM-05/15 saylı kredit müqaviləsinin ləğv edilməsinə; "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 01 may 2015-ci il tarixli JV2 25560-1F-KM-05/15 saylı kredit müqaviləsinə əsasən cəmi 21312 ABŞ dolları pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsinə, tutmanın "xxxx" ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış 01 may 2015-ci il tarixli, 25560-İF-İM- 05/15 saylı ipotek müqaviləsinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 1-ci məhəllə, 1H saylı tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 281 nömrəli reyestr kitabının 26200 nömrəli qeydiyyata alınmış 74.64 kv.m ümumi, 34.1 kv.m yaşayış, 40.55 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönləndirərək açıq hərracdan satılmasına və borcun ödənilməsinə yönəldilməsinə, mənzildə qeydiyyatda olan şəxslərin həmin mənzildən istifadə hüquqlarına xitam verilməsinə və ən geci bir ay ərzində boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1632/2016 saylı, 24 may 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır. Sonradan həmin qətnamə icraya yönəldilmiş, Cavabdeh qətnaməni icra etmədiyindən iddiaçıya məxsus ünvan 2 ünvanda yerləşən mülkiyyəti hərracdan 17 avqust 2017-ci il tarixdə X7 32025 manata satılmış, həmin puldan banka olan 30500 borc tutulmuş, yerdə qalan hərrac xərci və digər xərclər çıxıldıqdan sonra 19 iyul 2022-ci il tarixdə yerdə qalan pul iddiaçıya verilmiş, eyni zamanda qeyd edilən evin ipotekadan çıxarılması və bunun iddiaçıya həvalə edilməsi barədə etibarnamə verilmişdir. Lakin bu gün də Cavabdeh iddiaçının onun banka olan borcu əsasında mülkiyyətinin satılması nəticəsində banka ödənilən 30500 manatı ödəməkdən yayınmaqdadır.

6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3280/2023 saylı, 18 dekabr 2023cü il tarixli qətnaməsi ilə (hakim İlham Cəfərzadə) iddia tələbinin təmin edilərək Cavabdeh 30.500 (otuz min beş yüz) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumuna görə 184 manatın alınaraq iddiaçı X5 ödənilməsi. qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, iş üzrə cavabdeh "xxxx" ASCdən kredit götürmüş və həmin zaman iddiaçıya məxsus daşınmaz əmlakın kreditin təminatı kimi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh "xxxx" ASC qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə məhkəmə qətnaməsinə əsasən cavabdeh ümumilikdə 21312 ABŞ dolları məbləğində pulun tutulması, tutmanın iddiaçıya məxus və bank qarşısında ipoteka ilə girov qoyulmuş daşınmaz əmlaka yönəldilməsi, həmin əmlakın hərracdan satılması, satışdan əldə olunan pul vəsaitinin hesabına cavabdehin "xxxx" ASC-yə olan kredit borcunun ödənilməsinə yönəldilməsi qət edilmişdir. İddiaçı özünə məxsus və ipoteka predmeti olan daşınmaz əmlakı "xxxx" ASC-nin razılığı əsasında satmış və əldə olunan pul vəsaitinin 30500 manat hissəsi hesabına cavabdehin "xxxx" ASC-yə olan kredit borcu ödənilmişdir. Sadalanan qanunvericilik aktları normalarına əsasən, iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın satışından əldə olunan pul vəsaiti hesabına cavabdehin "xxxx" ASCdən götürdüyü kreditə görə yaranmış 30500 manat məbləğində borc ödənildiyindən iddiaçıya həmin məbləğdə zərər dəymişdir. Bu səbəbdən iddiaçının cavabdehə qarşı reqres qaydasında həmin pul məbləğini geri tələb etmək hüququ yaranmışdır. Eyni zamanda məhkəmə qeyd edib ki, mübahisə predmetinə daxil olan daşınmaz əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak olması, cavabdeh tərəfindən götürülmüş kreditin isə ailə ehtiyacları üçün xərclənməsi iş materialları ilə müəyyən edilməmiş və bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh (nümayəndəsi və vəkili Vəkil2) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edərək şikayətində göstərib ki, məhkəmə onun iştirakını təmin etmədən işə baxdığı üçün çəkişmə prinsipini pozmuş, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, o, iddiaçının ikinci həyat yoldaşı olub, 2012-ci ildən faktiki, xx.xx.2013-cü il tarixdən 2016-cı ilədək isə rəsmi nikahda olmaqla iddiaçının mülkiyyətində olmuş Lökbatan qəsəbəsi, 2-ci massiv, 1-ci məhəllə, 1H saylı fərdi yaşayış evində yaşayıblar. İddiaçı ilə ailə həyatı qurarkən iddiaçı cavabdehə birinci həyat yoldaşının Biləsuvar rayonunda onlara aid olan evdə yaşadığını, bu evin isə onlara (iddiaçı ilə cavabdehə) aid olduğunu bildirmiş və daha sonra tikintisi başa çatdırılmamış və tam təmirsiz vəziyyətdə olan evin tikintisi və təmiri 2013-cü ilin yanvar ayından 2014-cü ilin sentyabr ayınadək olan müddət ərzində cavabdehin adına "xxxx", “AG Bank”, “Bank Respublika”, “Bank BTB” və "xxxx"dan alınan 36.300 manat kredit hesabına tam başa çatdırılmışdır. O dövrdə iddiaçı 3 saylı avtonəqliyyat müəssisəsində sürücü işləməklə aldığı əmək haqqı 120 manat olduğundan heç bir bankın ona kredit vermədiyinə cavabdehi inandırmış, "xxxx", “AG Bank”, “Bank Respublika”, “Bank BTB” və "xxxx" ASC-dən Heydər Əliyev adına Hava limanında işləməklə ayda 500-700 arasında əmək haqqı alan cavabdehin adına müxtəlif məbləğlərdə kreditlər aldırmış və həmin vəsaitləri də birlikdə yaşadıqları dövrdə iddiaçıya məxsus evin tikintisinin başa çatdırılmasına və təmirinə sərf etdirmişdir. İstinad edilmiş hallar apellyasiya şikayətinə əlavə edilmiş iddiaçının keçmiş həyat yoldaşı X2 ona qarşı Qaradağ Rayon Məhkəməsində qaldırdığı “Lökbatan qəsəbəsi, 2-ci massiv, 1-ci məhəllə, 1H saylı fərdi yaşayış evinin reyestrdən çıxarışının və texniki pasportunun etibarsız hesab edilməsi, həmin evə birgə mülkiyyət hüququnun tanınmasına” dair iddiaya qarşı xx.xx.2015-ci il tarixdə qaldırdığı “evin şəxsi vəsaiti və banklardan alınmış kredit vəsait hesabına inşa edilməsinə” dair qarşılıqlı iddiada göstərdiyi hallarla tam təsdiq edilir. Belə ki, iddiaçı qarşılıqlı iddianın 2-ci səhifəsində “mübahisə edilən evin tikintisini və təmirini 2013-cü ilin yanvar ayından 2014-cü ilin sentyabr ayınadək olan müddət ərzində öz adına və cavabdehin adına "xxxx", "xxxx", “Bank Respublika”, “Bank BTB” və "xxxx"dan alınmış 30.700 manat kredit hesabına başa çatdırdığını etiraf edir. Qeyd edilən iddia ilə bağlı mülki iş Qaradağ Rayon Məhkəməsinin icraatında olduğu müddətdə artıq iddiaçının keçmiş həyat yoldaşı Arzu İbrahimovanın 3 övladı ilə birlikdə həmin evə köçürülməsinə dair Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(103)-3006/2013 saylı qətnaməsi qüvvədə olduğundan iddiaçı cavabdehə qətnamənin icrasının qarşısını almaq məqsədi ilə müxtəlib banklardan pul alıb Arzu İbrahimovaya kompensasiya verməyi təklif etmiş, lakin o dövrdə onun banklara kifayət qədər borcu olduğundan heç bir bank ona girovsuz kredit verməmiş, İddiaçı məcbur qalıb özünə məxsus olan həmin evi girov qoyub "xxxx" ASC-dən ona xx.xx.2025-ci il tarixdə 20.000 ABŞ dollar kredit götüzdürmüş və pulu ondan alıb bildirmişdir ki, həmin pulun hesabına 15.000 manat Arzu İbrahimovaya kompensasiya ödəməklə onunla barışıq sazişi bağlamaq və gələcəkdə də bankdan aldığı pulu özü ödəmək niyyətindədir. Həmin razılaşmaya əsasən, iddiaçı "xxxx" ASC-dən xx.xx.2015-ci il tarixində cavabdehin alıb ona verdiyi 20.000 ABŞ dollarından xx.xx.2015-ci il tarixdə Arzu İbrahimovaya ilkin 6000 manat, müqavilə bağlanan gündən 5 ay ərzində 9.000 manat məbləğində kompensasiya ödəyəcəyinə dair aralarında barışıq müqaviləsi bağlanmış, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(002)-1262/2015 saylı qərardadı ilə həmin barışıq sazişi təsdiq edilmişdir. Odur ki, iddiaçının keçmiş həyat yoldaşı Arzu İbrahimovaya və onun himayəsində yaşayan üç uşağına kompensasiya ödəmək məqsədi ilə özünə məxsus evi girov goyub bankdan cavabdehə götürtdüyü 20.000 ABŞ dolları vəsaiti hazırda reqres qaydasında cavabdehdən tələb etməkdə haqlı sayıla bilməz. Apellyasiya şikayətinə əlavə edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzi Kredit Reyestri Xidmətinin 195/3535 saylı Mərkəzləşdirilmiş kredit reyestrindən çıxarışdan görünür ki, həqiqətən də cavabdeh iddiaçı ilə rəsmi nikahda olduğu müddətdə "xxxx" ASC-dən xx.xx.2014-cü ildə 1200 (min iki yüz) manat kredit götürmüş, həmin kredit xx.xx.2021-ci il tarixdə bağlanmış, ”Ekspressbank” ASC-dən 3500 (üç min beş yüz) manat kredit götürmüş, həmin kredit xx.xx.2016-cı ildə bağlanmış, “Bank Respublika”dan 8000 (səkkiz min) manat kredit götürmüş həmin kredit 05.03 2016-cı il tarixdə bağlanmış, "xxxx" ASC-dən 3200 ABŞ dollar kredit götürmüş, kredit məbləği xx.xx.2016-cı il tarixdə bağlanmış, ”Bank of Baku” ASC-dən 6.977 (altı min doqquz yüz yetmiş yeddi) manat kredit götürmüş, xx.xx.2017-ci il tarixdə borc bağlanmış, ”Bank of Baku” ASC-dən 6.933 manat kredit götürmüş, həmin borc xx.xx.2018-ci ildə bağlanmış (cəmi 29.810 (iyirmi doqquz min səkkiz yüz on) manat) və iddiaçı ilə faktiki nikah münasibətlərində olmaqla yaşadığı müddətdə isə xx.xx.2013-cü il tarixində "xxxx" ASC-dən alınmış 3000 manat krdediti xx.xx.2015-ci il tarixində, həmin bankdan xx.xx.2013-cü il tarixdə alınmış 3400 manat krediti xx.xx.2014-cü il tarixində və "xxxx" ASC-dən xx.xx.2013-cü il tarixində alınmış 750 manat krediti isə xx.xx.2016-cı il tarixində (cəmi 7150 (yeddi min yüz əlli)manat) bağlamışdır. Beləliklə, istinad edilmiş rəsmi bank sənədindən göründüyü kimi iddiaçının Arzu İbrahimovaya qarşı qaldırdığı qarşılıqlı iddia ərizəsində ona məxsus Lökbatan qəsəbəsi, 2ci massiv, 1-ci məhəllə, 1H saylı, 3 otaqlı fərdi yaşayış evinin tikintisinin başa çatdırılması və təmirinə cavabdehin banklardan kredit aldığı 30.700 manat vəsaitin sərf edildiyini etiraf etmiş olsa da, əslində 2013-cü ilin yanvar ayından 2014-cü ilin sentyabr ayınadək olan müddət ərzində həmin işlərin görülməsi üçün cəmi 36.960 manat vəsait sərf edilmişdir. Digər tərəfdən "xxxx" ASC ilə xx.xx.2015-ci il tarixdə 3 il müddətinə bağlanmış, müqavilənin müddəti bitmədiyi halda məhkəmə qətnaməsi əsasında tərəflər arasında kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi barədə qətnamə qəbul edilmiş, lakin həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası müddəti xx.xx.2018-ci il tarixdə tamamlanmışdır. İddiaçıya münasibətdə iddia müddətinin axımı da həmin vaxtdan başlamışdır və AR MM-nin 373.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçı 3 il ərzində, yəni xx.xx.2021-ci il tarixədək reqres qaydasında cavabdehə qarşı iddia irəli sürmək hüququ olduğu halda hazırki ərizə ilə məhkəməyə 2023-cü ildə müraciət etmiş, bununla da tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Bu hal iddianın təmin edilməməsi üşün əsas olduğu halda birinci instansiya məhkəməsi buna əhəmiyyət verməmişdir. Məhkəmə Qaradağ Rayon Məhkəməsinin 2(002)-1632/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsini əsas götürməklə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Əslində iddiaçı cavabdehin onunla faktiki və rəsmi nikahda olduğu 2013-2014-cü illərdə cavabdehin müxtəlif banklardan aldığı kredit vəsaitlər hesabına tikintisini və təmirini başa çatdırmaqla dövlət reyestrində öz adına qeydə aldırdığı yaşayış evindən 2016-cı ildə aralarında olan nikahın pozulmasına dair məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq cavabdehi qovmuşdur. Bir sözlə, iddiaçı ailə qurduğu hər bir qadının ona olan etibarından və güvənindən sui-istifadə edərək onların hesabına varlanmaq və yaşamaq məqsədi güdmüşdür. 2023-cü ildə müraciət etməklə qanunla müəyyən edilmiş iddia müddətini ötürməsi iddianın təmin edilməməsi üçün əsas olduğu halda birinci instansiya məhkəməsi buna əhəmiyyət verməmişdir. Hesab edirəm ki, birinci instansiya məhkəməsi mübahisəyə onun iştirakı olmadan baxdığına görə "xxxx" ASC-dən xx.xx.2015-ci il tarixdə kredit götürdüyü 20.000 ABŞ dollar vəsaitin iddiaçı tərəfindən xx.xx.2015-ci il tarixdən keçmiş həyat yoldaşına girov qoyduğu evə olan hüquqların əvəzinə kompensasiya olaraq ödənilməsi kimi mühüm əhəmiyyət kəsb edən halları müəyyən edə bilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini, xahiş etdilər.

10. Məhkəmə iclasında iddiaçı X3 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 196.Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1 və 425.2. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 509.1. Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Maddə 509.2. Əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. Maddə 509.3. Kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;

12. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

Maddə 35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Maddə 41.2. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ərarvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ərarvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ərarvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır.

14. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun № 1/2024 saylı, 12 mart 2024-cü il tarixli Qərarında qeyd edilir ki: 4.4. Qanunverici ər-arvadın hər birinin əmlakının onların ümumi mülkiyyəti hesab edilməsi ilə bağlı xüsusi qayda da müəyyən etmişdir. Belə ki, Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən, ərə (arvada) ayrıca məxsus olan əmlaka nikahda olduqları dövrdə onların ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına onun dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Bu məsələni tənzimləyən analoji norma Mülki Məcəllənin 225.4cü maddəsidir. 4.5. Ərin - arvadın hər birinin əmlakına istənilən yaxşılaşdırma deyil, yalnız onun dəyərini xeyli (əhəmiyyətli dərəcədə) artıran yaxşılaşdırmanın edilməsi və bu yaxşılaşdırmanın məhz nikah dövründə onların ümumi əmlakı və ya digər tərəfin ayrıca əmlakı hesabına həyata keçirilməsi müəyyən edilərsə, bu maddənin tətbiqi mümkündür. Mübahisəli əmlakın dəyərini artıran vəsait nikah dövründə qoyulsa belə, ər-arvadın ümumi əmlakı və ya onların ayrıca əmlakı hesabına deyil, əmlakın məxsus olduğu tərəfin şəxsi vəsaiti hesabına həyata keçirildiyi müəyyən edilərsə, Ailə Məcəlləsinin 35-ci maddəsi mübahisəyə tətbiq edilə bilməz. 4.6. Mülki Məcəllənin 225.4-cü və Ailə Məcəlləsinin 35-ci maddəsinin dispozisiya şərtləri baxımından nəzərə alınmalıdır ki, ərin (arvadın) ayrıca əmlakının onların ümumi mülkiyyəti sayılması üçün əsas şərt qoyulan vəsaitin həcmi olmayıb, məhz qoyulmuş bu vəsait hesabına ər-arvadın hər birinin əmlakının dəyərinin xeyli və yaxud əhəmiyyətli dərəcədə artmasıdır. Bununla yanaşı, Ailə Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, bu cür əmlakda tərəflərin payları ərin (arvadın) diqqətəlayiq mənafeyi nəzərə alınaraq, fərqli şəkildə müəyyən edilə bilər. Belə ki, həmin mübahisələrə baxan məhkəmələr ayrıca əmlakın ümumi əmlak sayılmasını tələb edən tərəfin payını ərə (arvada) ayrıca məxsus olan əmlakın dəyərini artıran vəsaitin qoyulduğu dövrdə həcmi və həmin vəsaitdə mübahisə edən tərəfin iştirak dərəcəsini nəzərə alaraq (buna mütənasib olaraq) müəyyən etməlidir. 4.7. Mülki Məcəllənin 739.1-ci maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürdüyündən, ailənin ehtiyacları üçün alınmış pul vəsaiti ərin (arvadın) sahibliyinə verildiyi andan onların ümumi əmlakının aktivinə çevrilmiş olur. Bu səbəbdən birgə nikah dövründə ərarvaddan hansının adına rəsmləşdirilməsindən asılı olmayaraq, onlar üçün ümumi öhdəliklər yaradan borc vəsaiti hesabına əldə olunmuş dəyərlər (o cümlədən müvafiq reyestrdə qeydə alınmış əşyalar, ipoteka kreditləri hesabına əldə edilmiş yaşayış sahələri və sair) ər-arvadın ümumi əmlakını təşkil edir və onlar arasında bölünür.

Passivlərin bölünməsi: 6.35. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən, ümumi əmlak bölünərkən ərarvadın ümumi borcları onların paylarına uyğun olaraq müəyyən edilir. Ailə Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə görə, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. 6.36. Konstitusiya Məhkəməsinin 2021-ci il 23 iyul tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor (kreditorlar) ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor (kreditorlar) qarşısında ərarvadın birgə borclu olması halını aradan qaldırmır. 6.40. Ər-arvaddan birinin bağladığı müqavilə ilə alınmış vəsait ailə ehtiyacları üçün istifadə olunduqda onların hər ikisi kreditor (kreditorlar) qarşısında birgə borclu kimi çıxış edirlər. Bu halda borc müqaviləsinin tərəfi olan ərin (arvadın) öhdəliyi əqddən, müqavilədə tərəf kimi göstərilməyən ərin (arvadın) kreditor (kreditorlar) qarşısında öhdəliyi isə qanundan irəli gəlir. Belə ki, birgə öhdəliyin müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlməsi mümkündür (Mülki Məcəllənin 500.2-ci maddəsi). Bu səbəbdən Ailə Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə ilk növbədə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət etmədikdə isə, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.2 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 387.2 və 387.2.2 Şikayətin dəlillərindən asılı olmayaraq işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışsa ləğv edilməlidir. 387.3. Bu Məcəllənin 387.2.1-387.2.7-ci maddələrində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri:

16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır.

17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

21. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.

22. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iddianın faktiki halları yuxarıda qeyd edilən maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından iddia haqlı sayılmır.

23. Əlbəttə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

24. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki, qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

25. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edildiyindən birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Əvvəla, cavabdehin adına xx.xx.2015-ci ildə "xxxx" ASCdən 20000 ABŞ dolları kredit alınarkən və kreditin təminatı kimi iddiaçıya məxsus fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilərkən tərəflər rəsmi nikahda olmuşlar. Bank tərəfindən tərəflərdən kredit borcu və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair tələb irəli sürülməyə başlayarkən də tərəflər nikahda olmuş və məhkəmə iclasında iddia tələbi ilə razı olduqlarını bildirmişlər(bax.i.v.8-11).xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən(bax.i.v.12-13.) iddiaçı ipoteka predmeti olan evi ipoteka saxlayanın razılığı əsasında satmış və əldə olunan pul vəsaiti hesabına banka olan kredit borcu ödənilmişdir.

26. Birinci instansiya məhkəməsi göstərir ki, iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın satışından əldə olunan pul vəsaiti hesabına cavabdehin "xxxx" ASC-dən götürdüyü kreditə görə yaranmış 30500 manat məbləğində borc ödənildiyindən iddiaçıya həmin məbləğdə zərər dəymiş, bu səbəbdən iddiaçının cavabdehə qarşı reqres qaydasında həmin pul məbləğini geri tələb etmək hüququ yaranmışdır. Əvvəla, maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Lakin hazırki iş üzrə cavabdehin iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməsi, yəni zərər vurması hər hansı bir sübutla təsdiq olunmur.

27. Birinci instansiya məhkəməsi həmçinin qeyd edib ki, mübahisə predmetinə daxil olan daşınmaz əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak olması, cavabdeh tərəfindən götürülmüş kreditin isə ailə ehtiyacları üçün xərclənməsi iş materialları ilə müəyyən edilməmiş və bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdehin adına rəsmiləşdirilmiş kreditin ailə ehtiyacları üçün xərclənib-xərclənməməsini müəyyən etmək üçün məhkəmə ilk növbədə cavabdehin məhkəmə iclasında iştirakını təmin etməli və ondan iddiaya münasibətini öyrənməli idi. Ancaq cavabdehin məhkəmə iclasında iştirakını təmin etmədən və iddiaya münasibətini öyrənmədən ehtimallar əsasında bu qənaətə gəlib. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərir (MPM. Mad.14.1). Çünki mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir.

28. Apellyasiya baxışı zamanı müəyyən edildi ki, cavabdeh iddiaçının keçmiş ikinci arvadı olmuş, yəni 2013-cü ilin əvvəlindən faktiki, xx.xx.2013-cü il tarixdən 2016-cı ilədək isə rəsmi nikahda olmaqla iddiaçının mülkiyyətində və sonradan ipoteka predmeti olmuş Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi, 2-ci massiv, 1-ci məhəllə, 1H saylı fərdi yaşayış evində yaşayıblar. Tikintisi başa çatdırılmamış və təmirsiz vəziyyətdə olan həmin evin tikintisi və təmiri 2013-cü ilin yanvar ayından 2014-cü ilin sentyabr ayınadək olan müddət ərzində cavabdehin adına "xxxx", “AG Bank”, “Bank Respublika”, “Bank BTB” və "xxxx"dan alınan 36.300 manat kredit hesabına tam başa çatdırılmışdır. Apellyasiya şikayətinə əlavə edilmiş iddiaçının keçmiş birinci arvadı X2 ona qarşı Qaradağ Rayon Məhkəməsində qaldırdığı “Lökbatan qəsəbəsi, 2-ci massiv, 1-ci məhəllə, 1H saylı fərdi yaşayış evinin reyestrdən çıxarışının və texniki pasportunun etibarsız hesab edilməsi, həmin evə birgə mülkiyyət hüququnun tanınmasına” dair iddiaya qarşı xx.xx.2015-ci il tarixdə qaldırdığı “evin şəxsi vəsaiti və banklardan alınmış kredit vəsait hesabına inşa edilməsinə” dair qarşılıqlı iddiada iddiaçı bu halları özü təsdiq edib. Belə ki, iddiaçı qarşılıqlı iddianın 2-ci səhifəsində “mübahisə edilən evin tikintisini və təmirini 2013-cü ilin yanvar ayından 2014-cü ilin sentyabr ayınadək olan müddət ərzində öz adına və Cavabdeh adına "xxxx", "xxxx", “Bank Respublika”, “Bank BTB” və "xxxx"dan alınmış 30.700 manat kredit hesabına başa çatdırdığını etiraf edir. Cavabdehin ayrı-ayrı banklardan kredit alması həmçinin apellyasiya şikayətinə əlavə edilmiş Mərkəzi Kredit Reyestri Xidmətinin 195/3535 saylı Mərkəzləşdirilmiş kredit reyestrindən çıxarışda da açıqaydın görünür.

29. Cavabdeh həmçinin bəyan edir ki, qeyd edilən iddia ilə bağlı mülki iş Qaradağ Rayon Məhkəməsinin icraatında olduğu müddətdə artıq iddiaçının keçmiş arvadı Arzu İbrahimovanın 3 övladı ilə birlikdə həmin evə köçürülməsinə dair Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(103)-3006/2013 saylı qətnaməsi qüvvədə olduğundan iddiaçı cavabdehə qətnamənin icrasının qarşısını almaq məqsədi ilə müxtəlif banklardan pul alıb Arzu İbrahimovaya kompensasiya verməyi təklif etmiş, lakin o dövrdə banklara kifayət qədər borcu olduğundan heç bir bank girovsuz kredit verməmiş, İddiaçı məcbur qalıb özünə məxsus olan həmin evi girov qoyub "xxxx" ASC-dən xx.xx.2015-ci il tarixdə 20.000 ABŞ dolları məbləğində cavabdehin adına kredit almış, iddiaçı həmin pulun hesabına 15.000 manat Arzu İbrahimovaya kompensasiya ödəməklə onunla barışıq sazişi bağlamaq və gələcəkdə də bankdan aldığı pulu özü ödəmək niyyətində olduğunu bildirmiş, razılaşmaya əsasən, iddiaçı "xxxx" ASC-dən xx.xx.2015-ci il tarixində cavabdehin alıb ona verdiyi 20.000 ABŞ dollarından xx.xx.2015-ci il tarixdə Arzu İbrahimovaya ilkin 6000 manat, müqavilə bağlanan gündən 5 ay ərzində isə 9.000 manat məbləğində kompensasiya ödəyəcəyinə dair aralarında barışıq müqaviləsi bağlanmış, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(002)-1262/2015 saylı qərardadı ilə həmin barışıq sazişi təsdiq edilmişdir. Cavabdeh bəyan etdiyi bu hallara dair sübutları da apellyasiya baxışında təqdim etmişdir.

30. Apellyasiya baxışı zamanı təqdim edilmiş Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 1(022)-120/2022-ci il tarixli iddiaçının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməsi barədə qərarından o da görünür ki, İddiaçı Şirvan Apellyasiya Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli , 2(106)- 2640/2017 saylı qətnaməsinin və barışıq sazişinin təsdiq edilməsi barədə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(002)-1262/2015 saylı qanuni qüvvəyə minmiş qərardadıni icra etmədiyinə görə barəsində Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanmış, barəsində həbs qətimkan tədbiri seçilmiş, lakin hökm çıxarılanədək icra sənədini tam icra etdiyinə görə cinayət məsuliyyətindən azad edilmiş və cinayət işinin icraatına xitam verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli , 2(106)-2640/2017 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək Biləsuvar Rayon Məhkəməsinin 2(022)-513/2017 saylı, 05 may 2017-ci il tarixli qətnaməsi ilə ondan alınmalı olan 18500 manatın 15000 manat hissəsi azaldılaraq(3500 manat saxlanılmış) təmin edilməmişdir. Bu iddia hazırki iddiaçı ilə cavabdeh arasında xx.xx.2014cü ildə bağlanmış borcun etirafı müqaviləsinə və xx.xx.2014-cü ildə İddiaçı Cavabdeh tikdiyi evi adına xüsusi mülkiyyət kimi qeydə alınması üçün əlavə 3500 manat alması ilə əlaqədar olmuşdur. Şirvan Apellyasiya Məhkəməsi 30 oktyabr 2017-ci il tarixli , 2(106)- 2640/2017 saylı qətnaməsi ilə xx.xx.2014-cü ildə bağlanmış borcun etirafı müqaviləsi üzrə 15000 manatı ona görə təmin etməmişdir ki, borcun qaytarılmasını tərəflər 5 il, yəni 30 iyul 2019-cu ilədək müddət müəyyən edib razılaşdırmışlar. Həmin mülki işdə də Cavabdeh "xxxx" ASC-dən götürülən kreditin onun adına olsa da İddiaçı götürdüyünü və evini ipoteka qoyduğunu təsdiq etmişdir.

30. Bundan əlavə, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(022)- 120/2022-ci il tarixli iddiaçının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməsi barədə qərarından da görünür ki, iddiaçı təqsirləndirilən şəxs kimi ifadəsində cavabdehin "xxxx"dan götürdüyü 20000 ABŞ dolları kredit məbləğinin 6000 manatını ona verdiyini etiraf etmişdir. Demək ki, iddiaçı cavabdehin adına rəsmiləşdirilmiş "xxxx" ASC-dən xx.xx.2015-ci il tarixində alınmış kreditin ona verildiyini qismən də olsa etiraf etməklə hazırki iddianı irəli sürməkdə haqlı olmadığını bilirdi və qeyd olunan kreditə görə tutmanın ipoteka predmetinə yönəldilməsi də iddiaçının hüquqlarını poza bilməzdi.

31. Bundan başqa, cavabdehin məhkəmə iclasında iştirakı birinci instansiya məhkəməsi tərəfindən təmin edilmədiyi üçün apellyasiya baxışı zamanı iddia müddətinin tətbiqi barədə də ərizə təqdim edərək bu əsasla da iddianın rədd olunmasını istədi. İddiaçı tərəf isə ərizə ilə buna etiraz edərək birincisi ərizənin qətnamə qəbul edilənədək verilməli olduğunu, ikincisi isə evin 19 iyul 2022-ci ildə satıldığını göstərmişdir. Ancaq evin xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən(bax.i.v.12-13.) satıldığına dair işdə məlumat vardır. Cavabdeh iddia müddətinin axımının kredit müqaviləsinin icrası müddətinin tamamlandığı xx.xx.2018-ci ildən hesablanmalı olduğunu və Mülki Məcəllənin 373.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının 3 il ərzində, yəni xx.xx.2021-ci il tarixədək reqres qaydasında ona qarşı iddia irəli sürmək hüququ olduğu halda hazırki ərizə ilə məhkəməyə 2023-cü ildə müraciət edildiyini bununla da tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürüldüyünü göstərir. Ancaq iddia müddətinin ötürülüb-ötürülməməsindən asılı olmayaraq iddia özü-özlyündə yuxarıda qeyd olunanlara görə əsassız olduğuna görə də rədd edilməli idi. Hətta xx.xx.2015-ci il tarixində "xxxx" ASC-dən alınmış 20000 ABŞ dolları məbləğində kredit tərəflər həmin dövrdə rəsmi nikahda olduqları üçün ailə ehtiyaclarına görə alındığı və buna sərf edildiyinə görə də iddia əsassız sayılırdı və təmin edilməli deyildi. Əgər iddiaçı həmin faktı təkzib etmək istəyirsə, bunun əksini də ciddi arqumentlərlə sübuta yetirməlidir, ancaq edə bilmir. 32.Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hazırki işdədə iddiaçı cavabdehin ona güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftarına zidd olaraq hüququnu həyata keçirmək istəyir.Yəni, iddiaçı cavabdehin adına rəsmiləşdirdiyi, əslində ipoteka ilə təmin edilmiş özünün faydalandığı kreditə görə cavabdehdən əsassız olaraq reqres qaydasında pul tələb edir ki, bu da sonuncuya ziyan vurmaq məqsədi daşıyır. Bütün bu qeyd edilənləri isə birinci instansiya məhkəməsi müəyyən etmədən iddianı əsassız olaraq təmin etmişdir.

33. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3280/2023 saylı, 18 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddiaçı X3 Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir.

34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh qızının apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3280/2023 saylı, 18 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı X3 Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar