Məhkəmə qərarları › İş №2(103)-2913/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2913/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2913/2023 31.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏ (Açar sözlər: “borcun tutulması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, Cavabdeh iştirakı ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-5034/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə GSM müqavilələrinə əsasən sonuncu 077 ***-**-** GSM nömrəsi üzrə 183.47 manat, 077 ***-**-** GSM nömrəsi üzrə 27854.11 manat məbləğində əsas borcun, 174.12 manat ödənilmiş dövlət rüsumunun və nəticədə cəmi 28,212 manat məbləğində borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış GSM müqavilələrinə əsasən sonuncu 077 ***-**-** GSM nömrəsi üzrə 183.47 manat, 077 ***-**-** GSM nömrəsi üzrə 27854.11 manat məbləğində cəmiyyətin rabitə xidmətlərindən istifadə edərək danışıqlar aparmış və nəticədə cəmi 28038.00 manat məbləğində borcu yaranmışdır. Müqavilənin şərtlərinə əsasən abonent ona göstərilən rabitə xidmətlərinə görə xidmət haqqını "xxxx" MMC-nin müəyyən etdiyi son ödəmə tarixinədək ödəməlidir. Hesab-fakturada göstərilən ödəniş şərtləri abonent tərəfindən pozularsa, "xxxx" MMC gecikdirilən hər gün üçün gecikmə faizi tətbiq edir. Beləliklə, borcluya aid GSM fakturalarından göründüyü kimi borclu müqavilənin şərtlərini pozaraq, göstərilən borcun ödənilməsini təmin etməmişdir.

3. Nəsimi Rayon Məhkəməsinin 2(006)-5034/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, GSM müqavilələrinə əsasən sonuncu 077 ***-**-** GSM nömrəsi üzrə 183.47 manat, 077 ***-**-** GSM nömrəsi üzrə 20920,28 manat məbləğində əsas borc, 174.12 manat ödənilmiş dövlət rüsumu, cəmi 21277,87 manat məbləğində borcun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normaları pozulmaqla işə baxılmışdır, belə ki, məhkəməyə təqdim edilmiş abunə müqavilələrində olan imzalar ona məxsus deyil və o, borc barədə qətnaməni aldıqdan sonra məlumat tutmuşdur. Bu hal Məhkəmə tərəfindən araşdırılmamış və onun iştirakı təmin edilmədiyindən bu məsələlər araşdırılmamışdır. Bundan əlavə maliyyə arayışında borcun yaranma səbəbi olmuş xidmətlərdən hansı müddətlərdə istifadə edildiyi və borcun yaranma tarixləri qeyd edilməmiş və məhkəmə bunu araşdırmadığından və onun iştirakı təmin edilmədiyindən yaranmış borclar üzrə iddia müddətlərinin ötüb-ötməməsi müəyyən edilməmiş və onun bunun ilə bağlı ərizə vermək hüququ məhdudlaşdırılmışdır. Çünki müqavilənin 5.2 iki bəndinə əsasən hər ay hesab-faktura təqdim edilməlidir və həmin hesab fakturaya əsasən ödəniş edilməlidir. Ödəniş edilmədikdə, müqavilənin 4.2.9-cu bəndinə əsasən iddiaçının ödəniş edilmədiyi təqdirdə nömrələrə xidməti dayandırmaq və müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ olduğu təqdirdə 12 il ərzində niyə bu hüququndan istifadə etmədiyi araşdırılmamış və ona da bunun üçün şərait yaradılmamışdır. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Tərəflərin izahatı:

7. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək, göstərdi ki, bu abunə müqavilələrini o bağlamayıb və nömrələr ona məxsus deyil, cavabeh eyni zamanda israrlı şəkildə bildirdi ki, müqavilələrdə olan imzalar ona məxsus deyil. Bu səbəbdən məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsini xahiş etdmişdir.

8. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

9. Belə olan halda, Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:

10. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli ******* saylı və ******* saylı Abunə müqavilələrindən müəyyən olunur ki, iddiaçı cavabdehi 077 *** ** ** və 077 *** ** ** nömrələr ilə təmin etməyi, açıq rabitə xətti ayırmağı və xidmətlərin göstərilməsini təmin etməyi, cavabdeh isə bu müqavilə və müvafiq “Tarif Planı” üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə etməyi və xidmətlərdən istifadəyə görə müvafiq ödənişləri həyata keçirməyi öhdələrinə götürmüşlər.

11. Hesablardan görünür ki, cavabdehin iddiaçının rabitə xidmətlərindən istifadə etməsinə görə iddiaçıya yaranmış borcu 077 ***-**-** GSM nömrəsi üzrə 26553,36 manat və 077 ***-**-** GSM nömrəsi üzrə 183.47 manat təşkil edir.

12. 21.12.2022-ci il tarixli Maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2010-cu il tarixli, ******* saylı abunə müqaviləsinə əsasən ona təqdim edilmiş 077 *** ** ** nömrəsi və xx.xx.2010-cu il tarixli, ******* saylı abunə müqaviləsi əsasında isə 077 *** ** ** nömrəsi əsasında açıq rabitə xidməti ayrılmış və rabitə xidmətləri göstərilmişdir. Cavabdehin 077 *** **** nömrəsi əsasında borcu 27854 manat təşkil edir. Həmin borcun 15583,82 manatı internet xidmətlərinə görə, 3447,29 manatı aylıq abunə haqlarına görə, 1515,48 manatı internet rouminq xidmətinə görə, 1524,44 manat səsli zənglərə görə və 5783,08 manatı isə gecikmə faizinə görə yaranmış borcdur. Cavabdehin 077 *** ** ** nömrəsi əsasında isə borcu 183,47 manat təşkil edir. Həmin borcun 32 manatı aylıq abunə haqqına görə, 54,87 manatı səsli zənglərə görə, 96,60 manatı isə internet xidmətlərinə görə yaranmış borcdur.

13. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən məlum olur ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanılmış “***-***-**-**” GSM nömrəsinin verilməsinə dair, 23 sentyabr 2010-cu il tarixli, ******* nömrəli və “***-***-**-**” GSM nömrəsinin verilməsinə dair 23 sentyabr 2010-cu il tarixli, ******* nömrəli abunə müqavilələrinin aşağı hissələrində “abunəçinin imzası” qrafalarında olan imzalar və həmin müqavilələrin arxa tərəfinin aşağı sağ hissələrində “Abunəçi” qrafalarında olan imzalar Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən imzlalanmışdır. Tətbiq edilən maddi hüquq normaları: Mülki Məcəllə

14. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

15. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

18. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.

19. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

20. 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

24. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

25. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

26. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

27. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

28. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

31. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

32. 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.2. işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa;

33. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

34. Hazırkı halda qətnamə cavabdeh tərəfindən apellyasiya şikayətində tam mübahisələndirildiyindən Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

35. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

36. İddiaçı cavabdeh ilə arasında bağlanmış xx.xx.2010-cu il tarixli ******* saylı və ******* saylı abunə müqavilələrinə əsasən, cavabdehdən iddiaçının xeyrinə GSM müqavilələrinə əsasən sonuncu 077 ***-**-** GSM nömrəsi üzrə 183.47 manat, 077 ***-**- ** GSM nömrəsi üzrə 27854.11 manat məbləğində əsas borcun, 174.12 manat ödənilmiş dövlət rüsumunun və nəticədə cəmi 28,212 manat məbləğində borcun tutulması barədə hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

37. Rayon məkhəməsi tərəfindən iddia tələbi qismən təmin edilmişdir.

38. Cavabdeh apellyasiya şikayəti verərək belə bir razılaşmadan məlumatı olamadığını, buna görə də müqavilədəki imzaların ona məxsus olub-olmadığının yoxlanması üçün iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası keçirilməsini xahiş etmişdir.

39. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2913/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası keçirilmişdir.

40. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən məlum olur ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanılmış “***-***-**-**” GSM nömrəsinin verilməsinə dair, 23 sentyabr 2010-cu il tarixli, ******* nömrəli və “***-***-**-**” GSM nömrəsinin verilməsinə dair 23 sentyabr 2010-cu il tarixli, ******* nömrəli abunə müqavilələrinin aşağı hissələrində “abunəçinin imzası” qrafalarında olan imzalar və həmin müqavilələrin arxa tərəfinin aşağı sağ hissələrində “Abunəçi” qrafalarında olan imzalar Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən imzlalanmışdır.

41. Mülki Məcələnin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

42. 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər.

43. İddiaçının cavabdeh ilə arasında bağlanmış xx.xx.2010-cu il tarixli ******* saylı və ******* saylı abunə müqavilələrinə əsaslanaraq cavabdehə qarşı hazırkı tələbi irəli sürdüyü həmin müqavilələrdəki imzaların Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən, Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən imzlalandığı müəyyən edilmişdir.

44. Belə olan halda məlum olur ki, hazırkı iddia tələbinin əsaslandığı müqavilənin cavabdeh tərəfindən imzalanmadığı Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edildiyindən, məlum olur ki, tərəflər arasında müqavilə bağlanmayıb, iddiaçı cavabdehlə bağlanmamış xx.xx.2010-cu il tarixli ******* saylı və ******* saylı abunə müqavilələrinə əsaslanaraq iddia tələbi qaldırmaqda haqlı olmamışdır, iddia tələbi əsassızdır və təmin edilməməlidir.

45. MPM-in 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Bundan başqa apellyasiya şikayətinin digər dəlili rayon məhkəməsi tərəfindən cavabdehə lazımi qaydada məlumat verilməməsi, onun iştirakının təmin edilməməsi ilə bağlıdır.

46. Kollegiya qeyd edir ki, cavabdehin qeydiyyat ünvanı “ünvan 1 ünvanı olmasına baxmayaraq rayon məhkəməsi tərəfindən cavabdehə məhkəmə iclası barədə bildiriş “ünvan 2 ünvanına göndərilmiş, bununla da məlum olur ki, işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən cavabdehə lazımi qaydada məlumat verilməmişdir.

47. MPM-in 387.2.2-ci maddəsinə görə, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ... ləğv edilməlidir. Nəticə:

48. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıdan alınaraq cavabehə verilməli və ekspertiza tədqiqatının dəyəri iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir.

51. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Nəsimi Rayon Məhkəməsinin 2(006)-5034/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 88 (səksən səkkiz) manat dövlət rüsumu iddiaçıdan alınaraq cavabeh Cavabdeh verilsin. İddiaçı "xxxx" MMC-dən ekspertiza tədqiqatının dəyəri 124 (bir yüz iyirmi dörd) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar