Məhkəmə qərarları › İş №2(103)-2915/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2915/2022

14.04.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2915/2022 14.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Mehdiyeva Mənsurə Ənvər qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Sığorta Şirkəti ASC-yə və Cavabdeh2 qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 14.09.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Sığorta Şirkəti ASC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Sığorta Şirkəti ASC-dən sığorta ödənişi qismində 5000 manat, Cavabdeh2 isə çəkdiyi xərcin geri qalan hissəsi olan 50 manat, ona vurduğu zərər nəticəsində nəqliyyat vasitəsindən istifadə etmək imkanından məhrum olduğu üçün onun 05 yanvar 2021-ci il tarixdən 16 yanvar 2021-ci il tarixə qədər taksi xidmətindən istifadə ilə əlaqədar çəkdiyi xərc olan gündəlik 50 manat olmaqla 600 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat və vəkil xidməti haqqı olaraq verilmiş 200 manat, ümumilikdə 880 manat pul vəsaititnin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun idarə etdiyi “Kia Rio” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 30.12.2020-ci il tarixində **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 tərəfindən törədilən yol-nəqliyyat hadisəsi nəticəsində zərər dəymişdir. Bu yol-nəqliyyat hadisəsi ilə bağlı Cavabdeh2 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törətməsi ilə bağlı İXP3704079 nömrəli inzibati protokol tərtib olunmuşdur. Müəyyən edilmişdir ki, qeyd olunan nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin icbari sığortası cavabdeh "xxxx" Sığorta Şirkəti ASC tərəfindən sığortalanmışdır. Tərəfindən müvafiq sığorta ödənişinin verilməsi üçün müraciət olunsa da, cavabdeh ona dəyən zərəri 12.01.2021-ci il tarixli aktla 2725.2 manat həcmində qiymətləndirmiş və ona bu barədə 29.01.2021-ci il tarixli, O-AP2021/0421 saylı məktubla məlumat verilmişdir. Halbuki, onun idarə etdiyi nəqliyyat vasitəsinin rəsmi servisindən verilən 05.01.2021-ci il tarixli ilkin və 16.01.2021-ci il tarixli yekun qüsur aktları ilə zərər ümumilikdə 5050 manat həcmində müəyyən olunmuşdur. İdarə etdiyi nəqliyyat vasitəsinin zəmanət müddətinin başa çatmadığını və zəmanət şərtlərinin yalnız rəsmi servisdə tətbiq olunduğunu nəzərə alaraq, onun nəqliyyat vasitəsini rəsmi servisdən kənar təmir etdirməyi zəmanət şərtlərindən kənara çıxmağı ilə nəticələnəcəkdir. Buna görə də, ona vurulan zərərin əvəzi yalnız rəsmi servis tərəfindən verilən qüsur aktı ilə müəyyən olunan həcmdə ödənməlidir. Bununla əlaqədar olaraq, tərəfindən 03.02.2021-ci il tarixində yenidən cavabdehə müraciət olunmuş, müəyyən olunmuş həcmdə sığorta ödənişinin verilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən isə 08.02.2021-ci il tarixli, O-A-2021-0058 saylı cavab məktubu ilə yenidən onun tələb etdiyi miqdarda ödənişin verilməsindən imtina edilmişdir. Buna görə də, onun tərəfindən öz hesabına rəsmi servis tərəfindən verilən qüsur aktı əsasında təmir xərcləri qarşılanmışdır. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. 20.2-ci maddəyə əsasən, bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Bu qanunun 56.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. Həmin qanunun 52-1.2-ci maddəsinə əsasən zərərçəkənin bu Qanunun 52-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada tələb irəli sürməsi onu zərərvurana qarşı zərərin sığorta məbləğindən artıq hissəsinin ödənilməsi tələbi ilə çıxış etmək hüququndan məhrum etmir. Göründüyü kimi, bu halda onun çəkdiyi xərc 5050 manat sığorta məbləğinin yuxarı həddindən 50 manat çox olduğu üçün qalan məbləği zərərvuran Cavabdeh2 tələb etmək hüququ mövcuddur. Eyni zamanda, Cavabdeh2 tərəfindən törədilən yol nəqliyyat hadisəsi nəticəsində o uzun müddət nəqliyyat vasitəsini idarə etmək imkanından məhrum olmuşdur və bu müddətdə taksi xidmətinə görə xərc çəkmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 14.09.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən 5000 (beş min) manat sığorta ödənişi tutularaq İddiaçı ödənilməsi, Cavabdeh2 50 (əlli) manat, vəkil xidmətinə görə 200 (iki yüz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh1 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan Cavabdeh1 Sığorta Şirkəti ASC Apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, avtomobilə dəymiş zərəri qanunla müəyyən olunan müddət ərzində sığortaçının qiymətləndirməsinə baxmayaraq, İddiaçı avtomobilə dəymiş zərəri birtərəfli qaydada rəsmi servis müəssisəsində şişirdilmiş qiymətlərlə 5050 manat dəyərində müəyyən etmişdir. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilən qüsur aktında yol-nəqliyyat hadisəsi zamanı zədələnməyən ehtiyat hissələri qeyd olunmaqla yanaşı, işçilik haqqında orta bazar dəyərindən yüksək məbləğdə hesablanması avtomobilə dəyən zərər məbləğinin əsassız artımına səbəb olmuşdur. Məhkəmə avtomobilə dəyən zərər məbləğinin araşdırılması məqsədilə məhkəməəmtəəşünaslıq ekspertizası təyin etmiş və ekspert qarşısında “İddiaçı məxsus “Kia Rio” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla bağlı “Kia Motors” Servis Mərkəzinin 05.01.2021-ci il tarixli Qüsur aktında və Cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən təqdim olunmuş 12.01.2021-ci il tarixli Hesablamanın nəticəsi aktında göstərilən zədələnmiş ehtiyat hissələrinin və görülmüş işlərin qiyməti real bazar qiymətlərinə uyğundurmu? Əgər uyğun deyilsə, “KiaRio” markalı, 99FJ003 dövlət qeydiyyat nişanlı avtomobilin zədələnmiş ehtiyyat hissələrinin qiyməti və avtomaşının bərpası üçün çəkiləcək xərclər müəyyən edilsin“ sualı qoyulmuşdur. Ekspert isə ekspert rəyininin nəticə hissəsində həm iddiaçı, həm də cavabdeh tərəfindən təqdim edilən qüsur aktlarını nəzərə almaqla zərər məbləğini 2 fərqli məbləğlə ifadə etmişdir. İddiaçının təqdim etdiyi qüsur aktı əsasında müəyyən edilmiş zərər məbləğinin real zərər məbləği olmamasını nəzərə alaraq, Cavabdeh1 Sığorta Şirkəti ekspert rəyi ilə razılaşmayaraq məhkəmə iclası gedişatında təkrar ekspertiza keçirilməsinə dair yazılı vəsatət vermişdir. Məhkəmə isə Cavabdeh1 Sığorta Şirkətinin vəsatətinə münasibət bildirmədən təmin etməmişdir. Məhkəmə bununla yanaşı həm də prosessual pozuntuya yol verərək 2 fərqli zərər məbləği olduğu halda hansı səbəbdən məhz iddiaçının təqdim etdiyi qüsur aktı əsasında hesablanan məbləği seçməsini əsaslandırmamışdır. Məhkəmə Mülki Məcəllənin 923.1, 925.1,925.5, 935.1.1-ci maddələrinə istinad edərək, qətnamədə yanlışlıqlara yol vermişdir. Belə ki, məhkəmə qeyd etmişdir ki, sığortaçı sığorta hadisəsinin səbəbini və avtomobilə dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından məhrum olmuş və buna görə də guya sığorta ödənişinin verilməsindən imtina etmişdir. Məhkəmə isə sığortaçının mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasını təsdiq edən mötəbər sənəd olmadığı üçün bu halı əsassız hesab etmişdir. Halbuki Cavabdeh1 Sığorta Şirkəti tərəfindən nə məhkəmə iclası zamanı, nə də onun məhkəməyə təqdim etdiyi iddiaya etirazında hadisənin sığorta hadisəsi olubolmamasını mübahisələndirməmişdir. Hətta 29 yanvar 2021-ci il tarixində iddiaçıya rəsmi məktub ünvanlanmış, məktubda dəymiş zərərin məbləği barədə ona məlumat verilmiş, eyni zamanda cavabdehin onun avtomobilinin təmirini təşkil etməyə, eləcə də zərər məbləğinin qarşılıqlı razılıq əsasında təyin olunan müstəqil ekspert tərəfindən qiymətləndirilməsini təşkil etməyə hazır olduğu bildirilmişdir. Məhkəmə iş materiallarında olan sübutları düzgün qiymətləndirməmiş və iş üzrə yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayətin əsassız olduğunu bildirməklə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Eyni Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş “Kia Motors” Servis Mərkəzinin 05.01.2021-ci il tarixli “Qüsur aktı”ndan görünür ki, “Kia Rio” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 5153,37 manat, o cümlədən ehtiyat hissələrinin cəmi 4349,37 manat, servis xidməti 804,0 manat müəyyən olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin 249 nömrəli, 05.01.2021-ci il tarixli və 16.01.2021-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, ehtiyat hissələrinə və xidmət haqqına görə 4900 və 150 manat olmaqla, ümumilikdə 5050 manat ödəniş olmuşdur. İş materiallarında olan Cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən təqdim olunmuş 12.01.2021-ci il tarixli Hesablamanın nəticəsi aktından görünür ki, “Kia Rio” markalı, **-FJ- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2725,20 manat, o cümlədən ehtiyat hissəsinin cəmi 2396,0 manat, görülən işlər 329,20 manat müəyyən olunmuşdur. İş materiallarında olan Cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən İddiaçı ünvanlanmış 29.01.2021-ci il tarixli, Q-AP-2021 0421 nömrəli məktubdan görünür ki, ona məxsus olan avtomobilə dəymiş zərər şirkətin mütəxəssisləri tərəfindən araşdırılmış və avtomobilə dəymiş zərər məbləği 2725 manat müəyyən edilmişdir. Müəyyən edilmiş zərər məbləği ilə razı olmadığı halda Cavabdeh1 Sığorta Şirkəti onun yazılı razılığı ilə dəymiş zərərin sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspert tərəfindən qiymətləndirilməsini təşkil etməyə hazırdır. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşunaslıq ekspertizasının 12.07.2021-ci il tarixli, 9/3524 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, «Kia Motors» servis mərkəzinin 05.01.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla «Kia Rio» markalı ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 5098,0 manat, Cavabdeh1 Sığorta Şirkəti ASC-nin 12.01.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla «Kia Rio» markalı ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3601,0 manat müəyyən edilir. İş materiallarında olan 12.02.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən hüquqi yardım haqqı olaraq Vəkil bank hesabına 200 manat köçürülmüşdür. Hazırki iş üzrə tərəflərin hüquq münasibətləri 30 dekabr 2020-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı yaranmışdır. İşin araşdırılan halları ilə mübahisəsiz qaydada müəyyən edilir ki, baş vermiş yolnəqliyyat hadisəsi zamanı İddiaçı idarə etdiyi «Kia Rio» markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə digər Cavabdeh2 idarə etdiyi Hyundai Accent markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində iddiaçının avtomobilinə ziyan dəymiş, cavabdehin həmin ziyanın əvəzini ödəmək öhdəliyi yaranmışdır. Cavabdehin mülki məsuliyyəti cavabdeh "xxxx" Sığorta Şirkəti ASC tərəfindən icbari qaydada sığortalanmışdır. İddiaçı ona dəymiş ziyana görə sığorta ödənişinin edilməsi üçün Atəşgah SŞ-nə mraciət etmiş, həmin Şirkət tərəfindən onun avtomobilinə dəymiş zərərin məbləği 2725 manat müəyyən edilmişdir. Lakin iddiaçı onun avtomobilinə daha artıq məbləğdə, yəni 5050 manat ziyan dəydiyini bildirmiş və bununla bağlı "xxxx" MMC-nin servis mərkəzi tərəfindən tərtib edilmiş qüsur aktında göstərilən məlumatlara istinad etmişdir. Avtomobilə dəymiş zərərin məbləğinin müəyən edilməsi məqsədi ilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilərək keçirilmiş, avtomobil təmir olunduğundan ekspertiza iş materiallarında olan qüsur aktlarına əsasən nəzəri hesablama yolu ilə həyata keçirilmiş, dəymiş zərərin məbləği «Kia Motors» servis mərkəzinin 05.01.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən təxminən 5098,0 manat, Cavabdeh1 Sığorta Şirkəti ASC-nin 12.01.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən isə 3601,0 manat müəyyən edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi iddianı təmin edərkən həmin ekspert rəyində göstərilən və «Kia Motors» servis mərkəzinin 05.01.2021-ci il tarixli qüsur aktı əsasında müəyyən edilmiş zərərin məbləğini daha mötəbər hesab etmiş və iddianı təmin edərkən ekspert rəyinin məhz həmin hissəsinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, iş materiallarında olan qəbzlərdən müəyyən edilir ki, iddiaçı yol-nəqlyyat hadisəsi nəticəsində zərər çəkmiş avtomobilinin təmiri və ya bərpası üçün «Kia Motors» servis mərkəzinə ümumilikdə 5050 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. «İcbari Sığortalar Haqqında» Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən sığorta məbləği bu Qanuna uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin bu Qanunla müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Həmin Qanunun 15.3.1-ci maddəsinə əsasən əmlaka dəyən zərərin məbləği zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyərindən ibarətdir. Həmin Qanunun 24.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişindən imtina barədə qərarından, zərərin müəyyənləşdirilməsi ilə bağlı müstəqil ekspertin təyin edilməsi tələbinin sığortaçı tərəfindən yerinə yetirilməməsindən və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda maliyyə bazarlarına nəzarət orqanına və məhkəməyə şikayət etmək. Məcəllənin və Qanunun qeyd edilən normalarının mənasından göründüyü kimi, iddiaçıya məxsus avtomobilin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində ona dəymiş zərərin məbləği həmin avtomobilin təmir edilərək yararlı vəziyyətə gətirilməsi üçün birbaşa çəkilən xərcə əsasən hesablanmalıdır. Lakin cavabdeh Sığorta Şirkəti avtomobilin təmirinə çəkilmiş həmin xərcin əvəzini iddiaçıya ödəməkdən imtina etmiş, əksinə özünün apardığı qiymətləndirmə əsasında müəyyən edilmiş daha az məbləğdə sığorta ödənişinin aparılmalı olduğunu bildirmişdir. Məhkəmə kollegiyası işin müəyyən edilən hallarını və qanunvericiliyin sadalanan normalarının dispozisiya şərtlərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyində sığorta şirkətinin təşəbbüsü ilə həyata keçirilən qiymətləndirmə aktı əsasında müəyyən edilmiş 3061,00 manata deyil, «Kia Motors» servis mərkəzinin 05.01.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən müəyyən edilmiş 5098,0 manat dəymiş ziyan məbləğinə istinad etməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Bundan başqa, Cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən qeyd edilən məbləğdə sığorta ödənişi həyata keçirilmədiyindən, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Göründüyü kimi, işə baxmış birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və iddia tələbinin qismən təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək bu qənaətə gəlir ki, şikayətdə göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas deyildir. Kollegiya qətnamənin məzmununda yanlışlığa yol verilməsinə dair apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, həmin yanlışlıq işin mahiyyəti üzrə düzgün həll edilməsinə təsir etmədiyindən, qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 14.09.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar