Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2915/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi göstərilməklə) iddia tələbinə dair iş üzrə (Açar sözlər: mənzildən istifadə hüququ, mülkiyyətçinin dəyişməsinin istifadə hüququna təsiri) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “azyaşlı övladı ilə birikdə mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. "xxxx" ASC (bank) ilə Maraqlı şəxs arasında xx.xx.2020-ci il tarixdə kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank, ünvan 1 ünvanında yerləşən 54 saylı mənzilin alınması üçün Maraqlı şəxs illik 7 faiz dərəcəsi ilə 300 ay müddətinə 35 000 manat ipoteka krediti vermiş, kredit öhdəliyinin təminatı olaraq həmin mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
2. ünvan 1 ünvanında yerləşən 54 saylı mənzil xx.xx.2020-ci il tarixdə Maraqlı şəxs adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır.
3. Maraqlı şəxs ilə X2 xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuş, nikahdan sonra qadına “Əliyeva” soyadı verilmiş, nikahdan sonra İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsi, 19 saylı evin 54 saylı mənzilinə gəlin köçüb orada yaşamağa başlamış, onların nikahlarından xx.xx.2021-ci il tarixdə Dəniz adını verdikləri uşaqları dünyaya gəlmişdir.
4. Maraqlı şəxs ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə “Daşınmaz əmlakın alqı-satqına dair ilkin müqavilə” bağlanmış, müqaviləyə görə satıcı Maraqlı şəxs, mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsində yerləşən 19 saylı evin 54 saylı mənzilini ipoteka yüklülüyündən azad edildikdən sonra 71 290 manata alıcı Cavabdeh satması barədə gələcəkdə alqı-satqı müqaviləsi bağlamağı, Cavabdeh isə 71 290 manata qiymətləndirilmiş mənzilin satış məbləğindən 37 500 manatı depozit hesabı vasitəsilə Maraqlı şəxs ödəməyi, qalan 33 790 manatı isə kredit müqaviləsi üzrə borcun əvəzinə ödəniş cədvəlinə uyğun olaraq "xxxx" ASC-yə ödəməyi öhdələrinə götürmüşlər.
5. Cavabdeh həmin ilkin alqı-satqı müqaviləsi üzrə ödəməyi öhdəsinə götürdüyü 37 500 manatı notariusun depozit hesabı vasitəsilə Maraqlı şəxs ödəmişdir.
6. İddiaçı xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 50 saylı notariat ofisində ərizə verərək qeydiyyatda olduğu, əri Maraqlı şəxs məxsus Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsi, 19 saylı evin 54 saylı mənzilin satılmasına və bununla əlaqədar olaraq ilkin və əsas alqı-satqı müqaviləsinin bağlanmasına etiraz etməməsinə dair razılıq vermişdir.
7. İddiaçı Maraqlı şəxs qarşı “aliment ödənilməsi” tələbi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022- ci il tarixli qətnaməsi ilə təmin edilmiş, Maraqlı şəxs xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2022ci il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması qət olunmuşdur.
8. Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsi, 19 saylı evin 54 saylı mənzili əşyalarının bir hissəsi ilə birlikdə 2023-cü ilin fevral ayında Cavabdeh təhvil verilmişdir və hazırda həmin mənzildə o, ailəsi ilə birlikdə yaşayır.
9. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsi, 19 saylı evin 54 saylı mənzilin satılmasına və bununla əlaqədar olaraq ilkin və əsas alqı-satqı müqaviləsinin bağlanmasına etiraz etməməsinə dair razılıq ərizəsini xx.xx.2023-cü il tarixdə ləğv etdirmişdir.
10. İddiaçı və və azyaşlı X4 hazırda Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsi, 19 saylı evin 54 saylı mənzilində pasport qeydiyyatındadırlar.
11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Maraqlı şəxs və İddiaçı arasında bağlanmış nikahın ləğv edilməsi qət olunmuşdur (həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verildiyindən qanuni qüvvəyə minməmişdir).
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
12. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, özünün və xx.xx.2021-ci il təvəllüdlü övladı X4 Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsi, 19 saylı evin 54 saylı mənzilinə istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Maraqlı şəxs iddia ərizəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi (cavabdehin tərəfində) göstərilmişdir.
14. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Maraqlı şəxs ilə rəsmi nikaha girərək ailə həyatı qurmuş, nikahlarından xx.xx.2021-ci il tarixdə Dəniz adlı övladı anadan olmuşdur. Ailə həyatı qurandan sonra cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsi, 19 saylı evin 54 saylı mənzilində yaşamışlar. Hazırda o və xx.xx.2021-ci təvəllüdlü azyaşlı qızı həmin mənzildə pasport qeydiyyatındadırlar. xx.xx.2022-ci il tarixdə həyat yoldaşı ona bildirmişdir ki, mənzili satıb əvəzində başqa mənzil almaq niyyətindədir. Həyat yoldaşına inanıb 50 saylı notariat kontorunda mənzilin satılmasına razılıq ərizəsi vermişdir. Lakin Maraqlı şəxs yeni - şəhərin Məhəmməd Hadi küçəsi 9 ünvanındakı mənzili öz bacısı X1 adına almış, bununla onun mənzilə olan hüquqlarını pozmuş və indi də onunla nikahın pozulması üçün Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. O da 50 saylı notariat kontorunda mənzilin satılmasına dair razılıq ərizəsini xx.xx.2023-cü il tarixdə ləğv etdirmişdir. Hazırda anası evindədir və pasport qeydiyyatında olduğu mənzilə istifadə hüququnun tanınmasını və ora köçürülməsini istəyir. Həmin mənzildən onun və qızının istifadə etmək hüquqları vardır və o bu hüquqlarının tanınmasını və həmin mənzilə köçürülmələri, iki otaqlı mənzilin otaqlarından birinin onların istifadəsinə verilməsini zəruri hesab edir. Belə ki, qarşı tərəf onu və qızını həmin mənzildə yaşamağa qoymur.
15. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək iddianın təmin olunmasını xahiş etmişlər.
16. İddiaçının nümayəndəsi (vəkili) həmçinin bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsi, 19 saylı evin 54 saylı mənzilinə dair alqı-satqı müqaviləsi bağlanmasına baxmayaraq, bu gün də həmin mənzil Maraqlı şəxs mülkiyyətindədir. İddiaçı razılıq ərizəsini həmin mənzilin tam satılması üçün vermişdir, lakin sonradan ona məlum olmuşdur ki, aldadılıb. Buna görə də verdiyi ərizəni ləğv etdirmişdir.
17. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianın əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, mənzil almaq niyyətində olduğundan makler vasitəsilə həmin mənzili tapmış, həyat yoldaşı ilə birlikdə mənzildə olaraq mənzili bəyənmişlər. Evə baxış keçirən zaman iddiaçı da həmin mənzildə olmuş və evin satılmasına dair etirazının olmasını bildirməmişdir. O, mənzili iddiaçının həyat yoldaşından rəsmi alqı-satqı müqaviləsinə əsasən satın almış və iddiaçı tərəfindən bununla bağlı notarial qaydada yazılı razılıq ərizəsi verilmişdir. Mənzili aldıqdan sonra Maraqlı şəxs 1 ay ərzində mənzildən köçməsi üçün vaxt vermiş, lakin Fərid ev tapa bilmədiyini bildirmişdir. Mübahisəli mənzil Fərid tərəfindən 2023-cü ilin fevral ayında ona təhvil verilmiş və o ailəsi ilə birlikdə həmin evə köçmüşdür. Mənzili alan zaman aralarında olan razılaşmaya əsasən bəzi avadanlıqlar çıxmaq şərtilə, mebelləri də almışdır. Hazırda iddiaçı öz həyat yoldaşı ilə aralarında olan mübahisəli məsələlərə onu qarışdırmaqla onun dinc yaşayış hüquqlarını pozmuşdur. İddiaçının və onun azyaşlı övladının həmin mənzildə qeydiyyatda qalması isə onun mülkiyyət hüquqlarını pozur.
18. İşə baxılmasının vaxtı (yeri) haqqında lazımi qaydada məlumatlandırılmış müstəqil tələb irəli sürən üçüncü şəxs (iddiaçının keçmiş həyat yoldaşı) məhkəmə iclasında iştirak etməmişdir.
19. Birinci instansiya məhkəməsinin 12 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunmaması, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.
20. Məhkəmə gəldiyi nəticəni işin yuxarıda göstərilmiş faktiki hallarına (§ 2, 3, 4, 8) istinadla aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
20.1. İddiaçı öz ərinə məxsus olan mənzilin satılmasına etiraz etməmiş və bununla bağlı olaraq öz razılıq ərizəsini vermişdir. Daha sonra mənzili alıcıya təhvil verərək həmin mənzildən Xətai rayon ərazisində yerləşən digər bir mənzilə köçmüşlər. Orada bir müddət yaşadıqdan sonra iddiaçı azyaşlı övladı ilə birlikdə həmin mənzildən də çıxmışdır. 20.2. Cavabdehlə üçüncü şəxs arasında daşınmaz əmlakın alqı-satqına dair ilkin müqavilə bağlanmış və hər bir tərəf müqavilə üzrə üzərinə götürdüyü öhdəliyı vaxtında və lazımınca icra edərək bu müqaviləni mübahisələndirməmişlər. Müqavilə bağlandığı andan üçüncü şəxs mənzil üzərində mövcud olan sahiblik və istifadə hüquqlarını cavabdehə ötürmüş və cavabdeh mübahisəli mənzil üzərində sahiblik və istifadə hüququnu əldə etmişdir. 20.3. Məhkəmə hesab edir ki, Cavabdeh həmin ev üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmaq hüququna, beləliklə, həmin ev üzərində mülkiyyət hüququ əldə etmək üçün "qanuni gözlənti”yə malikdir. 20.4. Nəzərə alınmalıdır ki, "mülkiyyət” anlayışı "mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və "qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər (Avropa İnsan Hüquqları Məhkəməsi, Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il). 20.5. Hazırda mübahisəli mənzildə 2023-cü ilin fevral ayından cavabdeh öz ailə üzvləri ilə birlikdə yaşayır və iddiaçının həmin evdə formal olaraq qeydiyyatda qalması onun evə yenidən köçürülməsi üçün əsas ola bilməz.
21. Mövqeyini əsaslandırarkən məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu, Mülki Məcəllənin 139-cu, 146-cı, 152-ci, 157-ci, 390-cı maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı Protokoluna istinad etmişdir.
22. Qətnamədə apellyasiya şikayəti verən iddiaçı onun ləğv edilməsini və iddiasının təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin, tətbiq olunmalı maddi hüquq normasını tətbiq etmədiyini, Mülki Məcəllənin 228.5-ci, Mənzil Məcəlləsinin 30-cu maddələrinin tələbinə əhəmiyyət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, müəyyən olunmuş hallardan yanlış nəticəyə gəldiyini, sübutlara düzgün qiymət vermədiyini, qanunsuz qərar çıxardığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, verilən izahatlar
24. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmişlər.
25. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia ərizəsinə (apellyasiya şikayətinə) etirazının məzmununa uyğun izahat verməklə şikayətin əsassız olduğunu bildirmiş, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
26. İşə baxlılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəməyə gəlməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
28. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
29. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
01 oktyabr 2009-cu il tarixindən qüvvədə olan Mənzil Məcəlləsi
30. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
31. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
32. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
36. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsi).
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
42. Kollegiya ilk növbədə qeyd edir ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.
43. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
44. İşin yuxarıda qeyd olunan hallarından (§ 1-3) göründüyü kimi, ünvan 1 ünvanında yerləşən 54 saylı mənzil xx.xx.2020-ci il tarixdə, yəni iddiaçı ilə Maraqlı şəxs nikaha daxil olmasından əvvəl Maraqlı şəxs tərəfindən ipoteka krediti əsasında əldə olunmuş, Maraqlı şəxslə nikaha daxil olduqdan sonra iddiaçı həmin mənzilə gəlin köçmüş (§ 3), onlar bir müddət mənzildə birlikdə yaşasalar da, sonradan mənzil başqa şəxsə satılmış və iddiaçı mənzili tərk etmişdir.
45. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
46. Beləliklə, iddiaçının iddia tələbinə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir.
47. Bu kontekstdə nəzərə alınmalıdır ki, iddiaçı ilə həyat yoldaşı arasındakı ailə münasibətlərinə xitam verilmişdir və buna görə də hətta mənzil iddiaçının keçmiş həyat yoldaşının mülkiyyətində qalmış olsaydı belə, iddiaçının mənzilə istifadə hüququ saxlanılmayacaqdı (§ 32).
48. İddiaçının mənzilə istifadə hüququnun müəyyən müddətə saxlanılması üçün də əsas yoxdur; çünkü qeyd olunduğu kimi mənzil başqa şəxsə satılmışdır və həmin şəxs rəsmi mülkiyyətçi statusu əldə etməsə də, mənzilə münasibətdə onun “qanuni gözlənti” hüququ vardır.
49. Bu zaman həm də nəzərə alınmalıdır ki, əslində mənzilin həmin şəxsə satılması iddiaçının razılığının olub-olmamasından asılı edilə bilməzdi; çünkü mənzil iddiaçının Maraqlı şəxslə nikahı dövründə əldə olunmadığından, müvafiq müqavilənin bağlanmasına iddiaçının razılığı ümumiyyətlə tələb edilmirdi və bu səbəblə də onun öz razılıq ərizəsini sonradan ləğv etdirməsi məsələnin mahiyyətini dəyişdirmir.
50. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “...Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”.
51. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” xx.xx.2015-ci il tarixli Qərardadında isə Konstitusiya Məhkəməsinin Palatası qeyd etmişdir ki, “Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar”.
52. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqelərinə uyğun olaraq kollegiya hesab edir ki, iddiaçının mübahisəsi gedən mənzilin hazırkı qanuni sahibi olan cavabdehdən özünün saxlanılmasını tələb etmək hüquqları olmadığından, sonuncuya məxsus yaşayış sahəsindən istifadə etmək səlahiyyətləri də ola bilməz; məsələyə bu kontekstdən yanaşıldıqda da, iddiaçının mənzildən istifadə hüququnun itirilmiş hesab olunduğu qənaətinə gəlinməlidir.
53. Kollegiya onu da qeyd edir ki, iddiaçının mübahisəli mənzildə hazırkı dövrədək qeydiyyatda qalması onun həmin ünvana istifadə hüququnun itirilməməsinə zəmin yaratmır; çünkü “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər”. Göründüyü kimi, şəxsin yaşayış sahəsində qeydiyyatda olması, onun yaşayış sahəsinə istifadə hüququnun yaranması məqsədini daşımır. Əksinə, apellyator artıq yaşadığı yeni ünvan üzrə qeydiyyata durmalı idi. Belə ki, adı çəkilən Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür, Qanunun 5-ci maddəsinə görə isə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir.
54. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-906/2024 saylı iş üzrə 12 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğ apellyatorun özünə aid olunsun. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov