Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2917/2025 06.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: prosessual müddətin ötürülməsi, apellyasiya şikayətinin geri qaytarılması, apellyasiya instansiyası məhkəməsinin məcburi göstərişləri) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), X3 və X1 ibarət tərkibdə X2 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli qərardadından Cavabdeh3 nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. X2 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilin boşaldılması və təhvil verilməsi” tələbi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (məhkəmə və ya birinci instansiya məhkəməsi) 04 may 2022-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi 22 saylı evin 40 saylı mənzilindən çıxarılmaları, həmin mənzilin boşaldılıb Elvira Mamedovaya verilməsi qət olunmuşdur.
2. Qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin aktı qanuni qüvvəsini almışdır.
3. Məhkəmənin 04 may 2022-ci il tarixli qətnaməsindən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verən Cavabdeh3 nümayəndəsi (vəkili) onun ləğv və iddianın tam rədd olunmasını xahiş etmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə qətnamədən Cavabdeh3 nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi və mülki işin, apellyasiya şikayətinin vaxtında verilib-verilmədiyi məsələsinə qiymət verilməsi (araşdırılması), əgər prosessual müddət ötürülmüşdürsə, geri qaytarılması üçün həmin birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Birinci instansiya məhkəməsində növbəti icraat və qəbul olunmuş məhkəmə aktı
5. 28 avqust 2024-cü il tarixdə Cavabdeh3 nümayəndəsinin (vəkilinin) qətnamədən növbəti dəfə verdiyi apellyasiya şikayəti və şikayət üzrə ötürülmüş müddətin bərpasına dair ərizəsi məhkəməyə daxil olmuşdur.
6. Ərizə onunla əsaslandırılmışdır ki, iş materiallarında olan və qətnamənin Cavabdeh3 çatdırıldığını təsdiq edən poçt xəbərnamələrindəki imzalar onun tərəfindən icra edilməmiş, qətnamə Cavabdeh3 vəkilinə xx.xx.2024-cü il tarixdə təqdim olunmuşdur.
7. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır.
8. Məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, xəbərnamədəki imzanın Cavabdeh3 aid olub-olmadığının aydınlaşdırılması üçün xətşünaslıq ekspertizası təyin olunmuş, lakin Cavabdeh3 sərbəst imza nümunələrini ekspertizaya təqdim etmədiyindən ekspertizanın aparılması mümkün olmamışdır.
9. Həmin qərardaddan Cavabdeh3 nümayəndəsinin (vəkilinin) verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya baxışı
10. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
11. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
12. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
13. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
14. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
15. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri "Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
16. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.
17. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər "Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış "elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
18. Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir.
19. Maddə 357. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir.
20. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir.
21. Maddə 399. Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.
Apellyasiya baxışının həddi
22. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
23. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, mübahisələndirilən qərardad ləğv olunaraq mülki iş Bakı Apellyasiya Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli qərardadında şərh olunan göstərişlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
24. Belə ki, həmin qərardadında apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “məhkəmənin 04 may 2022-ci il tarixli qətnaməsi tərəflərə, o cümlədən Cavabdeh3 göndərilmiş, işin 123-cü səhifəsinə tikilmiş poçt xəbərnaməsinə görə 10 may 2022-ci il tarixdə Cavabdeh3 da qeydiyyatda olduğu və qətnamə ilə çıxarılmasına qərar verilmiş Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi 22 saylı evin 40 saylı mənzilində “Məmmədov” soyadlı şəxsə çatdırılmış, xx.xx.2024-cü il tarixdə qətnamədən əvvəllər şikayət vermiş Cavabdeh1 nümayəndəsi (vəkili) olan Vəkil Cavabdeh3 nümayəndəsi qismində məhkəməyə müraciət ünvanlayaraq Cavabdeh3 qətnaməni almadığını bildirməklə qətnamənin ona verilməsini xahiş etmiş, xx.xx.2024-cü il tarixdə isə onun Cavabdeh3 adından verdiyi apellyasiya şikayəti məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, iş materiallarında qətnamənin Cavabdeh3 qeydiyyatda olduğu ünvana xx.xx.2022-ci il tarixdə çatdırıldığını təsdiq edən sübut vardır və belə olan halda onun qətnamədən şikayət vermə müddətini ötürüb-ötürmədiyi, əgər müddət otürülmüşdürsə bunun üzrlü səbəblərdən baş verib-vermədiyi məsələsinə qiymət verilmədən, müddət ötürülməmişdirsə buna münasibət bildirilmədən apellyasiyanı mümkün hesab etmək mümkün deyildir”.
25. Apellyasiya instansiyası məhkəməsi həmçinin vurğulamışdır ki, “iş materiallarından, qətnamənin xx.xx.2023-cü il tarixdə icraya yönəldildiyi və Səbail rayon İcra şöbəsinin icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlama haqqında qərarın qəbul olunduğu aydın olur – hansı ki, bu xüsusat da Cavabdeh3 qətnamə barədə məlumatlı olub-olmadığının araşdırılmasını zəruri edir”.
26. Birinci instansiya məhkəməsi isə Bakı Apellyasiya Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli qərardadında şərh olunan göstərişlərə əməl etməmiş, müvafiq icra işini tələb etmədən, eləcə də digər zəruri araşdırmanı həyata keçirmədən qətnamədən şikayət vermə müddətinin Cavabdeh3 tərəfindən ötürülmüş olduğu nəticəsinə gəlmişdir.
27. Həmçinin qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi müddətin ötürülüb-ötürülmədiyi məsələsinin aydınlaşdırılması üçün ekspertiza tədqiqatına zərurət hesab etmişdirsə, həmin tədqiqatın həyata keçirilməsini təmin etməli idi – çünkü işin hallarından, ekspertin müvafiq tədqiqatı aparmaqdan imtina etməsinin əsaslı olmadığı müəyyən edilir.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Şikayət qismən təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-737/2022 saylı iş üzrə 07 mart 2025-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş, müddətin bərpası barədə ərizəyə Bakı Apellyasiya Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli qərardadında şərh olunan göstərişlər yerinə yetirilməklə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Təranə Mahmudova Leyla Əliyeva