Məhkəmə qərarları › İş №2(103)-292/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-292/2021

10.03.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-292/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X6 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, Cavabdehın və onun vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 5 saylı Dövlət Notariat Kontorunun müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Bakı şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən 38 saylı evin 2 saylı mənzilinə dair mərhum X1 adına verilmiş çıxarışın ləğv edilməsi, həmin mənzilə dair Leyla Nəcəfova ilə Cavabdeh arasında 5 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2003-cü il tarixli, 4Ə-2-178 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız sayılması və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına verilmiş xx.xx.2004-cü il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia rədd olunmuşdur. İddiaçı, apelyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi, iddia müddətini tətbiq etməklə və inzibati məhkəmə icratı qaydasında baxılan iş üzrə yekun qərar qəbul edilənədək hazırkı işin icraatını dayandırmamaqla maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun vəkili apelyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və üçüncü şəxslər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, proses iştirakçılarını dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərdən görünür ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 2 saylı mənzil kooperativ mənzil olmaqla X8 tərəfindən əvəzi ödənilməklə onun sahiblik və istifadəsində olmuşdur. Qasımov X14 xx.xx.1987-ci il tarixdə X16Həsən qızı nikaha daxil olmuş və xx.xx.1988-ci il tarixdə vəsiyyətnaməyə tərtib edərək, adına olan bütün əmlakı bacısı X7 vəsiyyət etmişdir. X8 xx.xx.1989-cu il tarixdə ölmüş və Bakı şəhəri 5 saylı notariat kontoru tərəfindən tərtib edilmiş xx.xx.1989-cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, miras qoyanın mülkiyyətində olmuş kooparativ payı və geri qaytarılmalı məbləğ olan 2944 rubldan ibarət miras əmlakın üzərində vərəsəsi kimi bacısı X4 2/3 hissədə payı tanınmışdır (əsas: Azərbaycan SSR İcra Komitəsinin Bakı Şəhər sovetdən işləyən millət vəkiləri tərəfindən verilmiş orderin sürəti, nikah haqqında şəhadətnamənin surəti, xx.xx.1988-ci il tarixli vəsiyyətnamə, xx.xx.1989-cu il tarixli, 2-Hkh- 1167 saylı vərəsəlik hüququ haqqında şəhadətnamə). Bundan sonra xx.xx.1994-cü il tarixdə mübahisə predmeti olan mənzil keçmiş Oktyabr rayon XDS-nin xx.xx.1991-ci il tarixli, 3/1 nömrəli qərarına, “xxxx” MTK-nın xx.xx.1968-ci il tarixli 73002 nömrəli orderin surətinə, “xxxx” MTK-nın xx.xx.1994-cü il tarixli 11 nömrəli maliyyə arayışına, razılıq ərizələrinə əsasən X1 adına ilkin qeydiyyatdan keçmişdir. xx.xx.2004-cü il tarixdə Bakı şəhəri 5 saylı Notariat Kontorunun xx.xx.2003-cü il tarixli, 4Ə-2-178 saylı reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir (əsas: DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubu, Oktyabr rayon XDS-nin xx.xx.1991-ci il tarixli, 3/1 saylı qərarının surəti, xx.xx.2003-cü il tarixli bağışlama müqaviləsinin təsdiq olunmuş surəti) Hazırda İddiaçı, anası Gülnaz Qasımovaya vəsiyyətnamə ilə keçmiş payın (2/3 hissədə) qanun üzrə vərəsəlik qaydasında ona keçdiyini, lakin hüququ nəzərə alınmadan mənzilin tam olaraq Oktyabr rayon XDS-nin xx.xx.1991-ci il tarixli 3/1 nömrəli qərarına əsasən qanunsuz olaraq Leyla Nəcəfovanın adına özəlləşdirildiyini, onun da qızı Cavabdeh bağışladığını bildirərək, L.Nəcəfovanın adına verilmiş çıxarış ləğv edilməklə, bağışlama müqaviləsinin etibarsız hesab edilməsini və bunu əsasında Cavabdeh adına verilmiş çıxarışın ləğv edilməsini tələb edir. Cavabdeh isə, iddiaya etiraz edərək, bildirmişdir ki, miras qoyan X22 öldükdən sonra iddiaçının anası Gülnaz Qasımovanın onun anası Leyla Nəcəfovaya qarşı iddiası üzrə Yasamal (həmin vaxt Oktyabr) Rayon Məhkəməsi tərəfindən qətnamə çıxarılmış və həmin qətnamənin icrası mərhələsində tərəflərin razılaşması üzrə Gülnaz Qasımovanın payının əvəzi pul şəklində ödənilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edrkən, mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı mübahisə predmeti olan mənzilin cavabdehin anası Leyla Nəcəfovanın adına qanunsuz özəlləşdirilməsinə dair məhkəməyə mötəbər sübutlar təqdim etməmiş və məhkəmə tərəfindən də təqdim edilmiş sənədlərdə hər hansı saxtalıq faktı müəyyən edilməmişdir. İddiaçı, apelyasiya şikayətində onun tərəfindən mənzilin Leyla Nəcəfovanın adına özəlləşdirilməsi barədə Oktyabr rayon XDS-nin xx.xx.1991-ci il tarixli, 3/1 nömrəli qərarının inzibati qaydada mübahisələndirildiyini və həmin üzrə qəbul ediləcək yekun qərarının hazırkı işin həllinə birbaşa təsir etdiyini, lakin məhkəmə tərəfindən həmin halı nəzərə almayaraq onun icraatın dayandıırlması barədə vəsatətinin əsassız olaraq təmin olunmadığını bildirir. Məhkəmə kollegiyası tərəfindən apelyasiya şikayətinin dəlillərinin əsaslılığının yoxlanılması məqsədilə, xx xxxx 2020-ci il tarixli qərardadla Bakı İnzibati Məhkəməsinin icraatında olan sözügedən iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək hazırkı işin icraatı dayandırılmışdır. Həmin iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə qarşı Cavabdeh üçüncü şəxs qismində cəlb edildiyi “Oktyabr rayon XDS-nin xx.xx.1991-ci il tarixli, 3/1 nömrəli qərarının ləgv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı apelyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmə, əvvəlki məhkəmə intansiyalarının İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmaması və mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş müddəti ötürməsi barədə gəldikləri qənaətlə razılaşaraq, xx.xx.2020-ci il tarixli qərarında həmçinin vurğulamışdır ki, iddiaçı, mərhum anasının vərəsəsi olması əsasından çıxış edərək hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olduğunu sübut etmək üçün anasından miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə və ya miras qalmış əmlakı vərəsə kimi faktiki qəbul edib sahiblik etməsinə dair sübutlar təqdim etməli idi. İş materiallarında isə bu barədə heç bir sübut yoxdur. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının anasının kooperativ mənzilə deyil, kooperativin pay haqqına vərəsəlik hüququ tanınmışdır. Miras qoyanın kooperativdə pay haqqının vərəsəlik qaydasında başqa şəxsə keçməsi isə, həmin pay haqqına əsaslanan mənzilin də bu şəxsin mülkiyyətinə keçməsi kimi qəbul edilə bilməz. Çünki, burada miras əmlakın predmetini naturada olan kooperativ mənzil deyil, həmin mənzilin pul şəklində olan pay haqqı, pay yığımı təşkil edir. Ona görə də burada kooperativdə pay haqqı olan miras qoyanın mənzilinin deyil, pul şəklində pay haqqının vərəsəlik qaydasında başqa şəxsə keçməsindən söz edilə bilər. ...Hazırda mübahisələndirilən qərar, qəbul edildikdən sonra 20 ilə yaxın müddətdə (xx.xx.1991xx.xx.2011-ci illər) mübahisəli mənzilin kooperativ pay haqqına dair adına vərəsəlik şəhadətnaməsi verilən iddiaçının anası X9 tərəfindən, eləcə də onun ölümündən sonra (xx.xx.2013-cü il) qızı - hazırkı iddiaçı tərəfindən iddia qaldıranadək keçən 6 ildən artıq müddət ərzində mübahisələndirilməmişdir. Belə olan halda, kifayət qədər uzun müddət ərzində iddiaçının həmin qərar barədə məlumatlı olmaması əsaslı şübhə doğurur və inandırıcılıq baxımından ağlabatan mühakimə hesab edilə bilməz. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə aktı ilə mübahisə predmeti olan mənzilin cavabdehin anası Leyla Nəcəfovanın adına özəlləşdirilməsi barədə Oktyabr rayon XDS-nin xx.xx.1991-ci il tarixli, 3/1 nömrəli qərarının ləğv edilməsi barədə iddia mümkün hesab edilməyərək, İddiaçı bu barədə iddia qaldırmaq üçün subyetiv hüququnun olmadığı müəyyən edilmişdir. Odur ki, həmin hallar tərəflər üçün preyidusial olduğuna görə Kollegiya, eyni xüsusatlar üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Çünki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Kollegiya, qeyd olunanları nəzərə alaraq, aşağıdakılara əsasən hesab edir ki, İddiaçı hazırkı tələbi irəli sürə bilmək üçün də subyektiv hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kollegiya vurğulayır ki, iddiaçı hazırkı tələbi irəli sürərəkən dayası X17 anası Gülnaz Qasımovaya vəsiyyətnamə ilə keçmiş payın (2/3 hissədə) qanun üzrə vərəsəlik qaydasında ona keçməsinə istinad edir. İşdən görünür ki, iddiaçının anası Gülnaz Qasımova xx.xx.2013-cü il tarixdə ölmüşdür. Həmin vaxt qüvvədə olan Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. MM-in 1145-ci və 1146-cı maddələrinə görə, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. MM-in 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-in 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göründüyü kimi, qanunverici, vərəsənin miras əmlakı qəbul etməsinin yol verilənliyini altı aylıq müddətlə məhdudlaşdırmışdır ki, yalnız həmin müddət keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Hazırkı işdən görünür ki, iddiaçının anasından qalmış miras (mövcud olduğu qəbul olunsa belə) onun öldüyü gün, yəni xx.xx.2013-cü il tarixdə açılmış olmalıdır ki, bu halda iddiaçının həmin miras əmlakı qəbul etməsinin son tarixi xx.xx.2013-cü ildir. Lakin iddiaçı tərəfindən mirasın hər hansı qaydada (faktiki qəbul etməklə və ya notariusa ərizə verməklə) qəbul etməsi iş materiallarınadan müəyyən olunmur. İddiaçı da, məhkəməyə bununla bağlı hər hansı mötəbər (anası Gülnaz Qasımovanın ölümü ilə açılmış vərəsəlik işi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və s.) sübut təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, X2rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə kollegiyası, bu halın (tələb hüququnun olmaması) iddianın rədd edilməsi üçün kifayət etdiyini və prosessual qənaət prinsipini nəzərə alaraq, birinci instnasiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və apelyasiya şikayətinin digər dəlilləri (iddia müddətinin tətbiq olunmasına dair) üzrə əlavə araşdırma aparmağa zərurət görmür. Mülki Prosessual Məcəllənin 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6085/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar