Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-292/2024 13.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (Bakı şəhəri 7 saylı Notariat ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətindən imtina) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (Bakı şəhəri 7 saylı Notariat ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-281/2023 saylı, 2 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul olunmuş məhkəmə aktları 1.İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək X1 miras qalmış birgə nikah dövründə əldə edilmiş “VAZ 21150 minik” markalı, ** VP *** dövlət qeydiyyat nişanlı daşınar əmlak üzərində İddiaçı2 1/2 pay hüququnu tanımaqla digər 1/2 hissəyə dair İddiaçı2, 1/2 hissəsində (25%) isə İddiaçı1 vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-281/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, “VAZ 21150” minik markalı, ** VP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarət miras əmlakın 4/6 hissəsinə İddiaçı2 və 1/6 hissəsinə İddiaçı1 pay hüququnun (məcburi pay) müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Həmin qətnamədən İddiaçı2 apellyasiya şikayəti verərək onun iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə ədalətsiz, qərəzli və qanuna uyğun olmayan qətnamə qəbul etmişdir. Həm məhkəmə iclasında Cavabdeh2 izahatından və işin faktiki halından da göründüyü kimi mübahisəli miras əmlakın məhz onun İsmayıllı rayonunda yerləşən mənzilində olması və faktiki olaraq tərəfindən qəbul edilməsinə baxmayaraq məhkəmə işin faktiki hallarını və Cavabdeh2 ifadələrini təhrif edərək guya ki, mübahisəli minik avtomobilinin Cavabdeh2 tərəfindən faktiki qəbul edildiyini qeyd etmişdir. Bununla yanaşı hətta güman edilsə ki, faktiki qəbul edib, belə olan halda da məhkəmə qətnamənin nəticə hissəsində cavabdehə çatmalı hissəni göstərməli idi. Miras əmlak barədə Cavabdeh2 nə ərizə vermiş, nə də onun tərəfindən həmin əmlak sahiblənməmişdir. Halbuki Cavabdeh2 atasının ölümünü ilk gündən bildiyi kimi atasının adında avtomobil olduğunu da bilirdi. Cavabdeh2 miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirməyinə dair heç bir sübut olmadan məhkəmənin belə qənaətə gəlməsi tam əsassız və qanunsuzdur.
Apelyasiya baxışı zamanı verilən izahatlar
5. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
7. 369-cu maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur.
8. 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər.
9. 369.3-cü maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər.
10. 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.
Şikayətə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
11. Kollegiya İddiaçı2 təqdim etdiyi ərizəni iş materialları ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul edilərək iş üzrə apellyasiya icraatına xitam verilməlidir.
12. Belə ki, apellyasiya baxışı zamanı proses iştirakçılarının izahatlarının məzmunundan, eyni zamanda İddiaçı2 təqdim etdiyi ərizədən görünür ki, o, 2(103)- 292/2024 saylı mülki iş üzrə apellyasiya şikayətindən imtina etmək niyyətindədir. 13.Yuxarıda göstərilənləri və prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətindən imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mülki iş üzrə apellyasiya icraatına xitam verilməlidir.
14. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-281/2023 saylı, 02 mart 2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul olunsun və mülki iş üzrə apellyasiya icraatına İddiaçı2 münasibətdə xitam verilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (Bakı şəhəri 7 saylı Notariat ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-281/2023 saylı, 2 mart 2023-cü il tarixli qətnaməsi qanuni qüvvəyə minsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova