Məhkəmə qərarları › İş №2(103)-2920/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2920/2020

10.03.2020 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2920/2020 10.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: İsmayıl Kamil oğlu Xəlilov Hakimlər: X4 və X1 ibarət tərkibdə, Raul Firdovsi oğlu Ağakişiyevin katibliyi ilə, Cavabdeh "Cavabdeh" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh" ASC-yə qarşı “müqavilə bağlanılması öhdəliyinin qoyulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin Yasamal filialında onun adına Yuventus kart hesabının açılması və onunla bank hesabı müqaviləsinin bağlanılması öhdəliyinin Cavabdeh ASC-yə həvalə edilməsi və hüquqi yardıma görə vəkilə ödənilən 1000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh ASC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: xx.xx.2019-cu il tarixdə Cavabdeh ASC-nin Yasamal filialına 30 manat ödəməklə elektron qaydada müraciət edərək adına manat hesabı üzrə Yuventus kartı sifariş etmiş və kart hazır olduqdan sonra nümayəndəsi, eyni zamanda həyat yoldaşı X5 bank hesabı müqaviləsinin bağlanılması ilə bağlı lazımi sənədləri, yəni notarial qaydada təsdiq olunmuş imza vərəqəsi, şəxsiyyət vəsiqəsinin surəti və özünün səlahiyyətli olmasına dair etibarnaməni filiala təqdim etmişdir. Lakin Filial bank hesabı müqaviləsinin bağlanmasından əsassız olaraq imtina etmiş və bununla bağlı xx.xx.2019-cu il tarixli məktub vermişdir. Həmin məktubda qeyd olunur ki, “kartın sifarişi ilə bağlı yeni hesab açıldığı üçün Sizin təqdim etdiyiniz etibarnamə əsasında müvafiq əməliyyatın icrası mümkün deyil”. Bankın imtinası tam əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, banka təqdim olunan etibarnamənin məzmunundan da açıqaydın görünür ki, etibarnamədə etibar edilən şəxsə iddiaçının əvəzindən öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlamaq, bank orqanlarında onu təmsil edərək, bütün əsaslar üzrə sənədlər almağı, təqdim etməyi, bank orqanlarında olan hesablar üzrə sərəncam verməyi və digər səlahiyyətləri etibar edilmişdir. Habelə, banka təqdim olunmuş imza nümunəsi vərəqəsi də iddiaçı tərəfindən şəxsən imzalanmış və notarial qaydada təsdiq edilmişdir. Məhz bu sənədin özü də iddiaçının adına bank hesabının açılması barədə məlumatlı olduğını və onun iradəsini ifadə etdiyini bir daha təsdiq edir. Digər tərəfdən, bank hesabının açılması əməliyyatı zamanı iddiaçının mənafeyinə ziyan vura bilən hər hansı ehtimal belə yoxdur. Bu baxımdan da filialın bank hesabı müqaviləsi bağlamaqdan imtina etməsi başadüşülən deyil. Əlavə olaraq pozulmuş hüquqların bərpa edilməsi üçün məhkəmədə hüquqlarının vəkil tərəfindən təmsil və müdafiə olunması məqsədilə iddiaçı müqavilə bağlayaraq hüquqi yardım müqabilində vəkilə 1000 manat pul ödəmişdir. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır: Etibarnamə əsasında bütün əqdləri bağlamağın etibar olunması həmin müqaviləni bağlamaq üçün yetərli olmuşdur. Məhz bank hesabı müqaviləsinin bağlanılmasına dair səlahiyyətin etibarnamədə xüsusi göstərilməsi barədə qanunvericilikdə hər hansı imperativ şərt müəyyən edilməmişdir. Bank hesabı müqaviləsinin bağlanmasından bank əsassız boyun qaçıra bilməz. Mülki Məcəllənin 956.4-cü maddəsinə əsasən, bank hesabı müqaviləsinin bağlanmasından bank əsassız boyun qaçırdıqda müştərinin onu müqavilə bağlamağa məcbur etmək tələbi ilə məhkəməyə müraciət etməyə ixtiyarı var. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "Cavabdeh" ASC-nin nümayəndəsi X6 apellyasiya şikayətini qəbul etməmiş və bildirmişdir ki, bank müştərinin mənafeyindən çıxış edərək bank hesabı müqaviləsinin bağlanmasından imtina etmişdir. Bank hesabı müqaviləsinin bağlanması səlahiyyəti dəqiq olaraq göstərilməlidir. Çünki onun müştəri üçün bir sıra hüquqi nəticələri var. Həmin hesabı açmış şəxs müştəriyə aid olan vacib məlumatları əldə etmiş olur. Bank həmin riskləri öz üzərinə götürmək üçün müştərinin iradəsi aydın olmalıdır. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları bunlardır: İddiaçı Cavabdeh ASC-nin Yasamal filialına müraciət edərək adına kart sifarişi vermiş və kart hazır olduqdan sonra iddiaçının nümayəndəsi - həyat yoldaşı X5 bank hesabı müqaviləsinin bağlanılması ilə bağlı lazımi sənədləri və adına verilmiş etbarnaməni Banka təqdim etmişdir. Lakin Bank təqdim edilən etibarnamə əsasında müvafiq əməliyyatın icrasının mümkün olmadığını bildirmiş və bank hesabı müqaviləsinin bağlanmasından imtina etmişdir. Həmin etibarnamədən görünür ki, İddiaçı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, ipoteka qoymaq, ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamaq, bu əqdlər üzrə haqq-hesab aparmağı, adına miras qəbul etməyi və ya ondan imtina etməyi, vərəsəlik işini sənədləşdirməyi, vərəsəlik şəhadətnaməsini almağı, miras paya sərəncam verməyi, bağışlamağı, bütün şəxslərdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, DƏDRX-dən, MİS-dən nümayəndə qismində onu təmsil edərək bütün əsaslar üzrə ona çatası əmlakı, pulu əmanəti, qiymətli kağızları, eləcədə sənədləri almağı, təqdim etməyi, bank orqanlarında olan hesablar üzrə hesabat verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün növ dövlət və qeyri-dövlət, təşkilatlarda, müəssisələrdə, idarələrdə, kooperativ və ictimai təşkilatlarda, butun dövlət və qeyri-dövlət orqanlarda təmsil etməyi, adından imza etməyi, ərizə verməyi, sənədləri verməyi, almağı, rüsumları ödəməyi, habelə fiziki şəxslər qarşısında onun adından ərizə verməyi, adından imza etməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, verilmiş bütün hüquqlarla, o cumlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və qismən etiraf etmək, imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, iddia və şikayət ərizəsi verməyi və imza etməyi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüqualarına malik olmaqla bütün məhkəməvə icra orqanlarında ona aid olan mülki işləri aparmağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi X3 etibar etmişdir. Mübahisə ilə bağlı dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə görə müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmin Məcəllənin 956.4-cü maddəsinə əsasən, bank hesabı müqaviləsinin bağlanmasından bank əsassız boyun qaçırdıqda müştərinin onu müqavilə bağlamağa məcbur etmək tələbi ilə məhkəməyə müraciət etməyə ixtiyarı var. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda bankın bank hesabı müqaviləsi bağlamasından imtina etməsi əsassız deyil. Bank imtinanı onunla əsaslandırmışdır ki, etibarnamədə bank əmanəti müqaviləsi bağlanması ilə bağlı səlahiyyətlər öz əksini tapmamışdır. Bankın dəlili əsaslıdır. Belə ki, etibarnamədə İddiaçı adından qanunla icazə verilmiş bütün əqdləri bağlamaq səlahiyyətinin X3 etibar edilməsi qeyd olunsa da, əqdlərin bağlanması səlahiyyəti iddiaçının əmlakının idarə edilməsi və onun üzərində sərəncam verilməsi ilə bağlıdır. Etibarnamədə qeyd olunur ki, “İddiaçı bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri” bağlamaq səlahiyyəti etibar olunmuşdur. Bundan başqa, müqavilə azadlığı prinsipinə əsasən bankın öz mülahizə və istəklərinə görə, mənafeyini nəzərə almaqla müqavilə bağlamaq hüququ var. Bu əsasla da bank öz mənafeyini və müştərinin mənafeyini nəzərə alaraq hesab etmişdir ki, həmin etibarnamə əsasında müqavilə bağlaması gələcəkdə müəyyən risklərlə nəticələnə bilər. Əslində bankın mövqeyi başa düşüləndir. Son dövrlərdə müştərilərin bank hesablarına müdaxilələr və digər oxşar halları artması fonunda bank müştəri qarşısında risklərini sığortalamaqda haqlıdır. Bankın üzərinə müqavilənin məcburi bağlanması öhdəliyinin qoyulması üçün əsas yoxdur. Azərbaycan Respublikası MPM-nin 384.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Hakimlər: imzalar Əsli ilə düzdür Hakim: İsmayıl Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar