Məhkəmə qərarları › İş №2(103)-2921/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2921/2022

17.03.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2921/2022 17.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı «400 manat sığorta ödənişi məbləğinin və dövlət rüsumunun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" ASC – cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı «400 manat sığorta ödənişi məbləğinin və dövlət rüsumunun tutulması» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 400 manat sığorta ödənişi məbləğinin və 30 manat dövlət rüsumunun cavabdehlərdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 08.07.2021-ci il tarixdə Bakı şəhəri “Şamaxinka” adlanan ərazidə "xxxx" ASC-də mülki məsuliyyəti icbari sığortalanmış, Cavabdeh1 MMC-yə məxsus və Cavabdeh2 tərəfindən idarə edilən “Khazar” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə X2 məxsus və X4 tərəfindən idarə edilən “Mercedes Benz” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vuraraq hadisə yerindən yayınmışdır. Hadisəni törədən sürücü Cavabdeh2 barəsində İXM-nin 327.1-ci və 327.6-cı maddələri ilə protokol yazılmışdır. Mercedes Benz” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 400 manat sığorta ödənişi edilmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-288/2022 saylı, 17 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, «Mercedes Benz» markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün sığorta şirkəti tərəfindən ödənilmiş pul vəsaitinin əvəzi olaraq 400 AZN, iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat olmaqla, ümumilikdə 430 AZN məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada alınıb iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 MMC apelyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi, sığorta ödənişinin Cavabdeh1 MMC-dən tutulması hissənin rədd olunması və ödənilmiş 15 manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-dən tutularaq Cavabdeh1 MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Səbail Rayon Məhkəməsi qətnamə qəbul edərkən Cavabdeh1 MMC tərəfindən göndərilmiş etirazın dəlillərinə münasibət bildirməmiş, mülki iş üzrə mübahisənin olduğunu nəzərə alaraq işi məhkəmə baxışına təyin edərək tərəflərin izahatını almamışdır. Mülki işlə bağlı məhkəməyə etiraz daxil olduqdan sonra məhkəmə iş üzrə mübahisənin olduğunu nəzərə alaraq işi məhkəmə baxışına təyin edərək tərəflərin izahatını aldıqdan sonra qətnamə qəbul etməlidir. Cavabdeh1 MMC ilə X3 arasında 19 avqust 2020-ci il tarixdə MAS-2655 saylı “Daxili Lizinq” müqaviləsi bağlanmış və Cavabdeh1 MMC-nin mülkiyyətində olan “Khazar LX” minik markalı, 99- PH-762 dövlət qeydiyyat nişanlı avtomobil lizinq alan X1 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Lizinq alan X1 xahişi əsasında şirkət tərəfindən Cavabdeh2 lizinq obyekti olan “Khazar LX” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunmasına dair 19.06.2021-ci il tarixli POA********** saylı etibarnamə verilmiş və həmin etibarnamənin müddəti 19.07.2021-ci il tarixdə bitmişdir. Həmin etibarnamədən göründüyü kimi hadisə zamanı Cavabdeh2 avtomobili idarə etmək səlahiyyəti olmuşdur. Yuxarıda qeyd olunanlardan, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1 və 1108.2-ci maddəsindən də görünür ki, tələb olunan məbləğ Cavabdeh1 MMC tərəfindən ödənilməli deyildir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 MMC-nin apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Belə ki, iş materiallarında olan 27.09.2021-ci il tarixli sığorta aktının, polisin arayışının və 14.07.2021-ci il tarixli İnzibati xəta haqqında protokolun surətindən görünür ki, 08.07.2021-ci il tarixdə Bakı şəhəri “Şamaxinka” adlanan ərazidə "xxxx" ASC-də mülki məsuliyyəti icbari sığortalanmış, Cavabdeh1 MMC-yə məxsus və Cavabdeh2 tərəfindən idarə edilən “Khazar” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə X2 məxsus və X4 tərəfindən idarə edilən “Mercedes Benz” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vuraraq hadisə yerindən yayınmışdır. İş materiallarında olan 11.10.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, “Mercedes Benz” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X2 400 manat məbləğində sığorta ödənişi edilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Hazırda iddiaçı "xxxx" ASC onun tərəfindən ödənilmiş 400 manat sığorta ödənişi məbləğinin və 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qeyd etmişdir ki, iddia tələbinin əsaslı olduğu iş materialları ilə kifayət qədər sübut edildiyindən, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni qanuni və əsaslı hesab etmir. Belə ki, “Daxili Lizinq” müqaviləsinin 5.2-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı yaranmış üçüncü şəxslərə dəymiş zərərə görə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla) məsuliyyəti lizinq alan daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 748-2.2-ci maddəsinə əsasən lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh1 MMCyə aid hissədə təmin edərkən öz qənaətini ümumiyyətlə əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; Həmin Məcəllənin 1096.1 maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». Həmin Məcəllənin 1097.1 maddəsinə uyğun olaraq «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər». Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Həmin Məcəllənin 1114-cü maddəsinə görə «başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-ci maddəsinə görə «sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir». Həmin Məcəllənin 936-cı maddəsinə əsasən, «subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir». Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından hazırki mübahisə üzrə birinci instansiya məhkəməsi Cavabdeh1 MMC-yə qarşı iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh1 MMC ilə X3 arasında 19 avqust 2020-ci il tarixdə MAS-2655 saylı “Daxili Lizinq” müqaviləsi bağlanmış və Cavabdeh1 MMC-nin mülkiyyətində olan “Khazar LX” minik markalı, 99- PH-762 dövlət qeydiyyat nişanlı avtomobil lizinq alan X1 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Cavabdeh1 MMC-yə məxsus “Khazar” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC tərəfindən sığortalanmışdır. Cavabdeh2 08.07.2021-ci il tarixdə “Khazar” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolnəqliyyat hadisəsi törətmiş, “Mercedes Benz” markalı, ** BR ***dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş, daha sonra hadisə yerindən yayınmış və nəticədə İnzibati tənbeh vermə haqqında Qərara əsasən AR İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddəsi ilə təqsirli bilinmiş və qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 400 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, zərərin əvəzini ödəmək vəzifəsi yol-nəqliyyat hadisəsi baş verərkən “Khazar” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 qanuni sahibliyində və istifadəsində olduğundan və həmçinin sonuncu idarə etdiyindən onun öhdəsinə qoyulmalıdır. Belə ki, sığorta hadisəsini doğuran baş vermiş yolnəqliyyat hadisəsinə görə Cavabdeh2 təqsiri inzibati qaydada müəyyən edildiyindən sığorta hadisəsinə görə onun da mülki hüquqi məsuliyyəti yaranmışdır. Göründüyü kimi, Cavabdeh1 MMC-nin hazırki iş "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında hər hansı şəkildə mülki hüquqi məsuliyyəti yaranmamışdır. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 MMC-dən müştərək qaydada alınmasına dair qənaətini də əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-288/2022 saylı, 17 yanvar 2022-ci il tarixli qətnaməsi qismən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, «Mercedes Benz» markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilə yolnəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün sığorta şirkəti tərəfindən ödənilmiş pul vəsaitinin əvəzi olaraq 400 AZN, iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat olmaqla, ümumilikdə 430 AZN məbləğində pul vəsaiti Cavabdeh2 alınıb iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia tələbi Cavabdeh1 MMCyə aid hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-288/2022 saylı, 17 yanvar 2022-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. «Mercedes Benz» markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün sığorta şirkəti tərəfindən ödənilmiş pul vəsaitinin əvəzi olaraq 400 AZN, iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat olmaqla, ümumilikdə 430 AZN məbləğində pul vəsaiti Cavabdeh2 alınıb iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia tələbi Cavabdeh1 MMC-yə aid hissədə təmin edilməsin. Qətnamə dövlət rüsumunun digər cavabdehə aid edilməsi hissəsində dəyişdirilməsin. Qətnamədən kasasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar