Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2922/2023 27.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 MMC-nə və Cavabdeh2 ASC-nə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: hərrac, hərracın nəticələrinin etibarsız hesab edilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh2 ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh1 MMC-nə və Cavabdeh2 ASC-nə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı “Yelo Bank" ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 31 069,07 ABŞ dolları əsas, 29129,5 ABŞ dolları faiz, 126,42 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 60 324,99 (altmış min üç yüz iyirmi dörd dollar doxsan doqquz sent) ABŞ dolları məbləğində kredit borcunun (qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla), 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 20 (iyirmi) manat xidmət haqqının tutulması, tutmanın İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan solu ünvanında yerləşən 3 otaqlı, 64,72 kv.m ümumi, 42,62 kv.m yaşayış, 22,1 kv.m yardımçı sahədən ibarət 18 nömrəli evin 52 nömrəli mənzilinə yönəldilməsi, ipoteka predmetinin likvid dəyərinin 65 000 (altmış beş min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
2. Həmin qətnamədən İddiaçı verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir.
3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, ipoteka predmetinin hərracdan satışının təşkil edilməsi üçün Suraxanı rayon İcra şöbəsi tərəfindən Cavabdeh1 MMC-nə 29 mart 2022ci il tarixində sifariş məktubu göndərilmişdir.
4. Cavabdeh1 MMC tərəfindən 19 aprel 2022-ci il tarixdə Cavabdeh2 ASC-nə və İddiaçı, o cümlədən digər borclulara bildiriş göndərilmiş, bildirişdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 64,72 kv.metr olan 18 saylı evin 52 saylı mənzilinə dair hərracın ilkin satış qiyməti 65 000 manat olmaqla 12 may 2022-ci il tarixdə saat 11:00 keçirilməsi barədə məlumat verilmiş, borclulara göndərilmiş bildiriş xx.xx.2022-ci il tarixdə ipoteka predmetinin yerləşdiyi ünvanda “İsifov” soyadlı şəxs tərəfindən poçt xəbərnaməsinin kötüyünə imza edilməklə qəbul olunmuşdur.
5. Cavabdeh1 MMC tərəfindən 13 may 2022-ci il tarixdə Cavabdeh2 ASC-nə və İddiaçı, o cümlədən digər borclulara bildiriş göndərilmiş, bildirişdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 64,72 kv.metr olan 18 saylı evin 52 saylı mənzilinə dair hərracın satış qiyməti 55 250 manat olmaqla 03 iyun 2022-ci il tarixdə saat 11:00 keçirilməsi barədə məlumat verilmiş, borclulara göndərilmiş bildiriş xx.xx.2022-ci il tarixdə ipoteka predmetinin yerləşdiyi ünvanda İddiaçı tərəfindən poçt xəbərnaməsinin kötüyünə imza edilməklə qəbul olunmuşdur.
6. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan solu ünvanında yerləşən 3 otaqlı, 64,72 kv.m ümumi, 42 62 kv.m yaşayış, 22,1 kv.m yardımçı sahədən ibarət 18 nömrəli evin 52 nömrəli mənzili ilə bağlı hərracın keçirilməsi barədə “525-ci qəzet”də elanlar verilmişdir.
7. Cavabdeh1 MMC ilə Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” müqaviləyə əsasən, Cavabdeh2 ASC Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsi, Hövsan solu ünvanında yerləşən 3 otaqlı, 64,72 kv.m ümumi, 42 62 kv.m yaşayış, 22,1 kv.m yardımçı sahədən ibarət 18 nömrəli evin 52 nömrəli mənzilini 41 437,50 manata əldə etmişdir.
8. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu ev 18, mənzil 52 tam mülkiyyət hüququ ilə Cavabdeh2 ASC-nin adına ********** saylı qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmiş, bununla bağlı banka daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
9. İddiaçı (iddiaçı) Cavabdeh1 MMC-nə və Cavabdeh2 ASC-nə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, mülkiyyət hüququ əsasında ona məxsus olan və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətində ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu ünvanında yerləşən 18 saylı evdəki 52 saylı mənzilin ipoteka saxlayan tərəfindən hərracda satın alınmasına dair Cavabdeh1 MMC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli 59 №-li protokolun və ipoteka predmetinin Cavabdeh2 ASC tərəfindən alqı-satqı yolu ilə əldə olunması barədə həmin tarixli müqavilənin etibarsız hesab edilməsi, ipoteka saxlayana xx.xx.2022-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli qətnaməsi ilə keçmiş “Nikoyl” İKB-nin (hazırda Cavabdeh2 ASC) ona və ailə üzvlərinə qarşı iddia tələbi qismən təmin olunmuş, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 31 069,09 ABŞ dolları məbləğində əsas, 29 129,5 ABŞ dolları məbləğində faiz borcunun, 126,42 ABŞ dolları məbləğində cərimənin, ümumilikdə 60 324,99 ABŞ dolları məbləğində kredit borcunun və 30 manat dövlət rüsumunun ödənilməsi və borcun ipoteka prcdmetinə -- Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu ünvanında yerləşən üç otaqlı ümumi sahəsi M, 72 kv.m, yaşayış sahəsi 42,62 kv.m, yardımçı sahəsi 22,1 kv.m-dən ibarət olan 18 nömrəli evin 52 nömrəli mənzilə yönəldilməsi qət edilmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş mənzil 85 000 ( səksən beş min ) manat məbləğində qiymətləndirilsə də, birinci instansiya məhkəməsində işə baxılarkən mənzilin qiymətləndirilməsi üçün iki müxtəlif ekspert rəyi alınaraq mənzilin bazar dəyərinin 70 000 manat, likvid dəyərinin isə 65 000 manat təşkil etməsinə dair rəy əsas götürülməklə qətnamə çıxarılmışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və icra vərəqəsi Suraxanı rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli 18-275943/21-28 saylı məktubuna əsasən ipoteka predmetinin açıq hərracda satılması üçün Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətə göndərilmişdir. Cavabdeh1ndən götürülmüş sənədlərdən - açıq hərracın keçirilməsinə dair 19 aprel 2022-ci il tarixli 148 №-li və 13 may 2022-ci il tarixli 148-1 №-li bildirişlərdən görünür ki, ipoteka predmetinin ilkin satış qiyməti 65 000 manat olmaqla açıq hərracın keçirilməsi 12 may 2022-ci il tarixə təyin edilmiş, lakin həmin tarixdə hərrac baş tutmadığı üçün mənzilin dəyəri 15 % aşağı qiymətə - 55 250 manata dəyərləndirilməklə hərracın keçirilməsi əvvəlcə xx.xx.2002-ci il tarixə, sonra isə həmin səbəbdən xx.xx.2022-ci il tarixə keçirilmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş təkrar hərracda isə daşınmaz əmlakın dəyəri “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən 25 % aşağı qiymətə - 41 437 (qırx bir manat dörd yüz otuz yeddi) manat 50 qəpiyə salınmaqla, ipoteka saxlayan Cavabdeh2 ASC-nə satılmış, "xxxx" ASC hərracın nəticəsinə dair tərtib edilmiş protokol və ipoteka predmetinin əldə edilməsinə dair müqavilə əsasında xx.xx.2022-ci il tarixdə daşınmaz əmlaka mülkiyyət hüququ barədə ********** qeydiyyat nömrəli çıxarış əldə etmişdir. Cavabdeh1 MMC tərəfindən ipoteka ilə yüklü edilmiş mənzilin hərrac yolu ilə satışa çıxarılması barədə ona və ailə üzvlərinə heç bir bildiriş göndərilməmişdir. Bu barədə məlumat mənzilin hərrac yolu ipoteka saxlayan tərəfindən 28 iyun 2022-ci il tarixdə əldə edilməsindən təxminən bir aya yaxın müddət keçdikdən sonra ona məlum olmuş, xx.xx.2022-ci il tarixdə hərracın nəticəsi barədə xx.xx.2022-ci il tarixli 59 N-li protokolun və həmin tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilənin surəti ona təqdim edilmişdir. Həmin sənədlərə tanış olarkən işin o halı da açıq-aydın məlum olmuşdur ki, “Yelo Bank" ASC-yə ümumilikdə 60 324,99 ABŞ dolları məbləğində kredit borcunun olmasına baxmayaraq, “Capitals Auction" MMC və Cavabdeh2 MMC “işbirliyinə” girərək, hərracın keçirilməsini müxtəlif vaxtlara təxirə salmaqla, ipotekanın qiymətini əvvəlcə 15 %, sonra isə 25 % aşağı salmaqla, satışını 41 437 manat 50 qəpiyə təşkil edib qarşılıqlı surətdə faydalanmışlar. Buna görə də hesab edir ki, “Capitals Auction" MMC tərəfindən keçirilmiş hərrac Azərbaycan Respublikasının Mülki qanunvericiliyinin və “İpoteka haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydaların kobud surətdə pozulması ilə həyata keçirilmişdir.
11. Cavabdeh2ASC-nin nümayəndəsi iddia tələbinin əsassız olduğunu, hərracın etibarsız hesab edilməsi üçün əsasların olmadığını, hərrac nəticəsində mübahisəli əmlaka dair bankın çıxarış əldə etdiyini, iddiaçıya hərrac barədə lazımi qaydada məlumat verildiyini bildirmişdir.
12. Cavabdeh1 MMC-nin nümayəndəsi iddiaya qarşı yazılı etiraz ünvanlayaraq etirazında göstərmişdir ki, Suraxanı rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli 18- 275943/2 J-28 saylı sifariş məktubuna əsasən tərəflərindən hərrac keçirilmiş, hərracın keçirilməsi ilə əlaqədar ipoteka qoyana və ipoteka saxlayana bildirişlər göndərilmiş və kütləvi informasiya vasitələrində elanlar verilmiş, iddiaçı hərrac proseslərinin keçirilməsi barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmışdır. İddiaçının iddia ərizəsində hərrac prosesinin ləğv edilməsi üçün qeyd etdikləri tamamilə əsassızdır. Hərrac prosesi təşkilat tərəfindən qanunvericiliyin tələblərinə tam uyğun olaraq bütün prosessual qaydalara əməl edilərək həyata keçirilmişdir. “Hərracın keçirilməsi barədə bildirişləri almamışıq” bəhanəsinin ortadan qaldırılması məqsədilə “İpoteka haqqında” Qanuna dəyişiklik edilmişdir - Qanunun 36.1-ci maddəsinə əsasən, poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Bu da onu göstərir ki, qanunvericilik süni şəkildə yaranmış problemləri ortadan qaldırmaq məqsədilə təkmilləşdirilməkdədir.
13. Birinci instansiya məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
14. Məhkəmə qənaətini belə əsaslandırmışdır ki, hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə elanlar vermişdir. Qeyd olunan poçt göndərişləri ilə bağlı xəbərnamələr məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş, məlum olmuşdur ki, ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçının məlumatı olmuşdur.
15. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcələlnin 415.2-ci, “İpoteka haqqında” Qanunun 41.3-cü, 42.1-ci, 42.3-cü, 42.4-cü, 42.6-cı, 42.8-ci, “İcra haqqında” Qanunun 53.1-ci, 53.3-cü, 62.2-ci maddələrinə, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28 oktyabr 2014-cü il tarixli və “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarlarına istinad etmişdir.
16. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, işin hallarına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahatlar
18. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, işə baxılmasının yeri (vaxtı) barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh1 MMC nümayəndəsini məhkəməyə göndərməmişdir.
19. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 ASC-nin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirməklə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 319.5. Əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
21. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.
22. Maddə 416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
23. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir.
24. Maddə 43. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, əmlakın satılması ilə bağlı hərraclar qanunvericiliyin tələblərinə uyğun keçirilmiş, icra icraatının tərəfləri hərracların vaxtı, yeri, forması, keçirilmə qaydası barədə lazımi qaydada məlumatlandırılmışlar.
32. Bu qənaətə gələrlən kollegiya, “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır.
33. Beləliklə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3959/2022 saylı iş üzrə 18 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə