Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2923/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(011)-7565/2019 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən azad olunma barədə xx.xx.2019-cu il tarixli əmrin ləğv edilməsi, onun Cavabdeh İB-nin Bakı X7 Departamentinin Sabunçu rayonu üzrə texniki istismar xidmətinin böyük mühəndisi vəzifəsinə işə bərpa olunması, xx.xx.2019-cu il tarixdən işə bərpa olunduğu günədək bütün məcburi iş buraxma müddətinə görə hesablanmış əmək haqqı məbləğinin və mənəvi zərərə görə 100000 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1992-ci tarixdən xx.xx.2019-cu il tarixədək cavabdeh müəssisədə müxtəlif vəzifələrdə çalışmışdır. xx.xx.2016-cı il tarixində imtahan verdikdən sonra Cavabdeh İB-nin Bakı X7 Departamenti Sabunçu rayonu üzrə Texniki İstismar Xidmətində böyük mühəndis vəzifəsində əmək fəaliyyətini davam etdirmiş, kollektivdə böyük nüfuza sahib olmuşdur. Lakin Bakı Regional Qaz İstismar Departamentinin rəisi Zamin Mehrəliyev həmin vəzifəyə gəldikdən sonra onunla qeyriqanuni işlər etmədiyinə görə qərəzli davranmağa başlamışdır. Onun qanunsuz hərəkətlərinə göz yummadığı üçün bu barədə müvafiq səlahiyyətli şəxslərə məlumat vermişdir. Onun qanunsuz hərəkətlərinin qarşısını almaq istədiyi üçün Z.Mehrəliyev Cavabdeh Baş direktoruna onun barəsində xidməti yazı təqdim etmiş, gua vəzifə təlimatlarından kənar işlər gördüyünə, vəzifə səlahiyyətlərinə məsuliyyətsiz yanaşdığına görə onunla əmək müqaviləsinin bağlanmamasını xahiş etmişdir. Lakin onun iddiaları araşdırılmış və əsassız olduğundan müraciəti təmin edilməmişdir. Z.Mehrəliyevin ona qarşı qərəzli hərəkətlərini görüb öz növbəsində müxtəlif adiyyəti şəxslərə, o cümlədən cənab Prezidentə müraciətlər etmişdir. Etdiyi müraciətlər cavabsız qalmamış və müraciətlərində göstərilən hallar Cavabdeh İB-nin rəhbərliyi tərəfindən araşdırılmış, nəticədə həqiqətən də nöqsanların olduğu aşkarlanmışdır. Cavabdehin ona ünvanlandığı xx xxxx 2019-cu il tarixli cavab məktubunda qeyd olunurdu ki, müraciətləri əsasında aparılmış araşdırma nəticəsində Cavabdeh İB-nin xx xxxxxx 2019-cu il tarixli əmri ilə Bakı X7 Departamentinin Sabunçu rayonu üzrə Texniki İstismar Xidmətinin rəisi X3 tutduğu vəzifədən azad edilmişdir. Lakin ona sonradan bəlli olunmuşdur ki, X3 əksinə, etdiyi qanunsuz hərəkətlərinə görə daha da yüksək vəzifəyə təyin olunmuşdur. Onun bu müraciətlərindən sonra Zamin Mehrəliyev ona qarşı daha sərt və qərəzli mövqe nümayiş etdirmiş, onun işdən çıxarılması üçün əlindən gələni etmişdir. xx.xx.2019-cu il tarixində səhhəti pisləşmiş və təcili yardım birbaşa iş yerinə gələrək onu xəstəxanaya aparmışdır. Həmin gün vəziyyəti yaxşı olmadığı üçün təzyiqi düşməmiş, həkim nəzarətində olmuşdur. Ona xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinə qədər əmək qabiliyyətinin olmaması barədə arayış verilmişdir. Lakin xx.xx.2019-cu il tarixində ona məlum olmuşdur ki, xx.xx.2019-cu il tarixində o işdən azad edilmiş, işdən azad edilməyi barədə əmr 5 gün sonra, xx.xx.2019-cu il tarixində poçt vasitəsi ilə təqdim edilmişdir. Həmin əmr qanunsuzdur, əsassızdır və ləğv olunmalıdır. Həmin əmr onun əmək qabiliyyətini itirdiyi zaman tərtib edilmiş və o, əmək qabiliyyəti olmayan zaman işdən çıxarılmışdır. Halbuki iş kollektivi və rəhbərlik onun xx.xx.2019-cu il tarixində səhhətinin ağırlaşdığını və xəstəxanaya yerləşdirilməyindən, əmək qabiliyyətinin olmamasından məlumatlı olmuşdur. Bundan əlavə, onunla bağlanmış əmək müqaviləsinin müddəti bitmədən qanunsuz olaraq işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarışa əsasən müəyyən olunur ki, əmək müqaviləsinin müddətinin bitdiyi tarix xx.xx.2020-ci ildir. Ümimiyyətlə, onunla əmək müqaviləsi müddətsiz bağlanılmış, sonradan əmək müqaviləsinə edilmiş dəyişiklikdə isə razılığı və imzası olmamışdır. Onunla müddətli əmək müqaviləsinin bağlanılması qanunvericiliyin tələblərinə də ziddir. Cavabdeh müəssisədə 30 ilə yaxındır ki, çalışır və son işlədiyi vəzifə böyük mühəndis vəzifəsi olmuşdur. Göründüyü kimi, onun gördüyü iş və tutduğu vəzifə daimi xarakterə malik olduğu üçün onunla müddətli əmək müqaviləsi bağlana bilməzdi. Həmçinin, o, işdən azad olunarkən və işdən azad olunmağı barədə əmr tərtib edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Əmək kitabçası və son haqq-hesab hal-hazıra qədər ona təqdim edilməmişdir. Son haqq-hesab olaraq ona 400 manat ödənilmişdir, lakin 2000 manat ödənilməli idi. Cavabdehin qanunuz hərəkətləri nəticəsində işsiz qalmış və əmək haqqı almamışdır. Cavabdeh müəssisədə işlədiyi müddətdə çoxlu sayda təzyiqlərə və əsassız təqiblərə məruz qalmış, bunun nəticəsində mənəvi iztirab, əsəb sarsıntısı keçirmişdir. Z.Mehrəliyevin təzyiqləri nəticəsində ürək və şəkər xəstəliyi tutmuş, 2 dəfə ağır vəziyyətdə xəstəxanada müalicə almışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(011)- 7565/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Azərbaycan Dövlət Neft Şirkətinin Cavabdeh xx.xx.2019-cu il tarixli, SOCAR**********00070020B00899 saylı əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh Bakı X7 Departamentinin Sabunçu rayonu üzrə texniki istismar xidmətinin böyük mühəndisi vəzifəsinə bərpa edilməsi, xx.xx.2019-cu il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının İddiaçı ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. İddiaçı apelyasiya şikayətində və ona əlavədə qətnamənin qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddia ərizəsinin tam təmin edilərək vurulmuş mənəvi ziyanın əvəzi olaraq 100000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh müəssisədə işlədiyi müddətdə çoxlu sayda təzyiqlərə və əsassız təqiblərə məruz qalmış, bunun nəticəsində mənəvi iztirab, əsəb sarsıntısı keçirmiş, səhhəti ağırlaşmış, insult keçirmişdir. Z.Mehrəliyevin təzyiqləri nəticəsində ürək və şəkər xəstəliyi tutmuş, 2 dəfə ağır vəziyyətdə xəstəxanada yatmış, müalicə almışdır. Bu barədə epikrizləri məhkəməyə təqdim etmiş, həmin sübutlar iş materiallarına əlavə edilmişdir. Bütün bunlar səhhətini daha da ağırlaşdırmışdır. Xəstəliyi ilə bağlı sənədlər də iş materiallarına əlavə edilmişdir. Həmçinin işlədiyi müddətdə təzyiqlərə və qərəzli davranışa məruz qaldığı hallar barədə sübutlar iş materiallarına əlavə edilmişdir. Cavabdeh apelyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydə alınmış əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatda müqavilənin bağlanma tarixi xx.xx.2016-cı il, bitmə tarixi isə xx.xx.2017-ci il tarixi göstərilmişdir. Əgər əmək müqaviləsinin müddəti qurtardıqda əmək münasibətləri davam etdirilərsə onda MEİS-də müqavilə avtomatik olaraq 1 il müddətinə uzadılır. Misal üçün: xx.xx.2017-ci il tarixdə müddəti bitən əmək müqaviləsinə xitam verilmirsə avtomatik olaraq xx.xx.2018-ci il tarixə kimi uzadılır. Beləliklə, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixdə bitsədə iddiaçı xəstəliyi ilə əlaqədar işə çıxmamış, belə olan halda onunla bağlanmış əmək müqaviləsinə bitmə tarixindən 1 həftə ərzində xitam verilməsi mümkün olmamış və MEİS tərəfindən avtomatik olaraq müqavilənin bitmə tarixi xx.xx.2020-ci il tarixə dəyişilmişdir. Yəni ki, müqavilənin müddətinin uzadılması işəgötürən tərəfindən deyil, MEİS tərəfindən avtomatik olaraq həyata keçirilir. Göründüyü kimi cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə tam şəkildə riayət edilmişdir. Həmçinin məhkəmə işin ədalətli həlli üçün müqavilənin müddətinin avtomatik artırılıb-artırılmaması barədə ən azından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ilə müraciət edib cavab ala bilərdi ki, hakim bunu da etməmişdir. İşin hallarından müəyyən edilir ki, xx.xx.2019-cu il tarixdən sonra tərəflər arasında əmək münasibətləri davam etdirilməmişdir. Belə olan halda müqavilə xx.xx.2020-ci il tarixədək uzadılmış hesab edilə bilməz. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)- 2137/2020 saylı qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7565/2019 saylı xx xxxxxxxx 2019cu il tarixli qətnaməsi qismən ləğv edilməklə, iddia tələblərinin təmin olunmuş hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli 2(102)-5003/2020 saylı Qərarı ilə iddiaçının kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)- 2137/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında iddiaçı iş materiallarına uyğun izahat verərək, cavabdehin apelyasiya şikayətinin təmin edilməməsini, tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Qeyd etdi ki, 1992-ci il tarixdən cavabdeh müəssisədə işləyir. Cavabdehin nümayəndəsi-vəkili Birliyin apelyasiya şikayətinə uyğun izahat verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini, iddiaçının apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apelyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: “Apelyasiya instansiyası məhkəməsi iddiaçının xəstəlikdən sonra işə çıxdığı birinci gün əmək müqaviləsinə xitam verildiyini əsas götürərək, işəgötürən tərəfindən əmək qanunvericiliyinə riayət edildiyi, iddiaçının isə bunun əksinin sübut etmədiyi qənaətinə gəlmişdir. Halbuki, yuxarıda qeyd olunduğu kimi, iş materiallarından iddiaçının xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək ambulator rejimdə müalicə aldığı müəyyən olunur. Həmçinin iş materiallarında İddiaçı xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək, xx xxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək, xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək səhhəti ilə bağlı işdən azad olunması ilə bağlı tibbi sənədlər mövcuddur. Bununla belə, işə iddiaçının müqavilənin bitdiyi xx xxxxxx 2019-cu il tarixdən əmək müqaviləsinə xitam verildiyi xx xxxxxx 2019-cu il tarixədək olan 8 aya yaxın müddətdə daimi olaraq üzrlü səbəbdən işə çıxmadığını təsdiq edən sübutlar əlavə olunmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh təşkilatın əmri mübahisələndirildiyindən, həmin əmrin qanuniliyinin və əsaslılığının sübut etmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. Lakin apelyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 73-cü maddəsinin ikinci hissəsinin dispozitiv şərtlərinə dair iş materiallarında sübutlar mövcud olmadığı halda, həmin maddəyə istinad etməklə, cavabdehin əmrinin qanuni olması qənaətinə gəlmişdir. İddiaçı və cavabdeh arasında bağlanmış əmək müqaviləsinin xx xxxxxx 2019-cu il tarixdən sonra hansı əsasla uzadılması araşdırılmamış qalmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh təşkilatın əmrinin qanuniliyinə hüquqi qiymət verilməsi üçün həmin hallar əhəmiyyət kəsb etdiyindən verilmiş sorğuya cavabın alınması təmin edilməli, məlumat avtomatik olaraq elektron informasiya sisteminə daxil edildiyi halda, bunun hüquqi nəticələri qanunvericiliyə uyğun araşdırılmalı və nəticəsindən asılı olaraq mübahisəyə hüquqi qiymət verilməlidir. Bundan əlavə iddiaçı iddia ərizəsində göstərmişdir ki, o, 1992-ci ildən cavabdeh təşkilatda işləmiş, lakin 2016-cı ildə qanunsuz olaraq onunla müddətli əmək müqaviləsi bağlanmışdır. ... Lakin iş materiallarında iddiaçı və cavabdeh arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli əmək müqaviləsinin surəti əlavə edilsə də, iddiaçının cavabdeh təşkilatda hansı tarixdən işləməsi, qeyd olunan müqavilədən əvvəl əmək müqaviləsinin bağlanılıb-bağlanmaması, tərəflərin müqavilə münasibətlərinin fasiləsiz olaraq 5 ildən artıq müddətdə davam etməsi və bundan irəli gələrək iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətli olmasında qanun pozuntusunun mövcud olmasından ibarət iddiaçının dəlillərinə hüquqi qiymət verilməmişdir”. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarına görə iddiaçı ilə cavabdeh arasında müddətli əmək müqaviləsi bağlanmış, iddiaçı cavabdehin Bakı X7 Departamentinin Sabunçu rayonu üzrə Texniki istismar xidmətinə 11-ci dərəcəli mühəndis vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı ilə əmək müqaviləsinin bağlanması barədə bildiriş elektron informasiya sistemində qeydiyyata alınmışdır. İddiaçı 2019-cu ilin yanvar ayından başlayaraq fasilələrlə bir neçə dəfə xəstəliyi ilə bağlı ambulator rejimdə müalicədə olmuş, onunla əmək müqaviləsinə xitam verilməzdən əvvəl isə sonuncu dəfə xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə ambulator rejimdə müalicədə olmuş, xx.xx.2019-cu il tarixdə əmək funksiyasının icrasına başlamışdır. İddiaçı yenidən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixdək abulator rejimdə müalicədə olmaqla işdən azad edilmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixli, SOCAR**********00070020B00899 saylı əmri ilə iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən işdən azad edilmiş, bu barədə məlumat iddiaçıya xx.xx.2019-cu il tarixdə poçt vasitəsilə çatdırılmışdır. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş xx.xx.2019-cu il tarixdə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İş materiallarında olan əmək qabiliyyətinin olmaması vərəqələrindən görünür ki, iddiaçı xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək, xx xxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək, xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək səhhəti ilə bağlı işdən azad olunmuşdur. Apelyasiya baxışı zamanı iddiaçı qeyd etmişdir ki, 2019-cu il yanvar ayının əvvəllərində əməliyyat olunmuş və səhhəti ilə əlaqədar avqust ayına qədər işə çıxmamışdır. 299161 saylı əmək qabiliyyətinin olamamsı vərəqəsinin surətindən görünür ki, iddiaçı sonuncu dəfə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək ambulator rejimdə müalicə aldığı üçün işdən azad edilmiş, onun işə başlama vaxtı isə xx.xx.2019-cu il müəyyən edilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə iş yerində olduğunu bildirsə də, sonradan səhhətinin pisləşməsi ilə əlaqədar Bakı şəhəri TTTY Stansiayası tərəfindən xəstəxanaya aparıldığını, cavabdehin isə onun iş yerində olmamasından istifadə edərək əmək müqaviləsinə xitam verilməsini bildirmişdir. Bakı şəhəri TTTY Stansiayasının 13/666 saylı xəbərdalıq vərəqəsinin surətindən görünür ki, təcili tibbi yardım həkiminin iddiaçının yanına gəlmə vaxtı xx.xx.2019-cu il, saat 16:40 dəqiqə göstərilmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən isə görünür ki, əmək müqaviləsinə xitam verilməsi barədə məlumat xx.xx.2019-cu il tarixdə elektron sistemdə qeydiyyata alınmış və eyni tarixdə saat 16:26 dəqiqədə çap edilmişdir. Göründüyü kimi, iddiaçı onunla əmək müqaviləsinə xitam verilərkən iş yerində olmuşdur. Ona görə də məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçının xəstəliyi ilə əlaqədar işdə olmaması əsası ilə əmrin ləğv olunmasına dair irəli sürdüyü dəlili əsassızdır. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə verilmiş xx.xx.2019-cu il tarixli əmr qanuna ziddir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslıdır. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndində deyilir ki, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Məcəllənin 73-cü maddəsinin 2-ci hissəsi müəyyən edir ki, işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Əmək və Əhalinin Sosial Müafiə Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi iş yerinə dair arayışda iddiaçının əmək müqaviləsinin bağlanmasının tarixi xx.xx.2016-cı il, müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix isə xx.xx.2020-ci il göstərilmişdir. Cavabdeh isə bildirir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixdə bitsə də, iddiaçı xəstəliyi ilə əlaqədar işə çıxmamış, belə olan halda onunla bağlanmış əmək müqaviləsinə bitmə tarixindən 1 həftə ərzində xitam verilməsi mümkün olmamış və MEİS tərəfindən avtomatik olaraq müqavilənin bitmə tarixi xx.xx.2020-ci il tarixə dəyişilmişdir. Yəni, müqavilənin müddətinin uzadılması işəgötürən tərəfindən deyil, MEİS tərəfindən avtomatik olaraq həyata keçirilir. “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxx 2014-cü il tarixli, 183 saylı Qərarının 4-cü bəndində əmək müqaviləsinin bağlanılması ilə əlaqədar əmək müqaviləsi bildirişişinin sistemə daxil edilməsinin 2 forması nəzərdə tutulmuşdur: avtomatik rejimdə daxil olan məlumatlar və avtomatik rejimdə daxil olmayan məlumatlar. Qaydaların 4.3.-cü bəndinə əsasən əmək müqaviləsinin bağlanıldığı tarix (elektron informasiya sistemi istifadəyə verilən tarixdən sonra bağlanılmış əmək müqavilələri istisna olmaqla) və müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix avtomatik rejimdə daxil olunmayan məlumatlardır ki, həmin məlumatları sistemə işəgötürən daxil edir. Belə ki, Əmək Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin h) bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürənin əsas vəzifəsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Cavabdeh İB-yə ünvanlandırılmış xx xxxxx 2020-ci il tarixli məktubun və ona əlavə olunmuş cədvəlin surətinə əsasən Nazirliyin Elektron hökumət portalında yerləşdirilmiş “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” xidmətində istifadəçilərin proqram təminatının şərtlərinə müdaxilə etmək imkanı yoxdur və əmək müqaviləsi bildirişinə Əmək Müqaviləsinin 73.2-ci bəndinə əsasən xitam verildiyi halda proqram təminatına xitamla bağlı hər hansı məhdudiyyət daxil edilməmişdir. Lakin məktuba əlavə olunmuş cədvəlarayışda müqavilənin müddətinin uzadılmasına dair məlumatın hansı tarixdə və hansı qaydada (avtomatik və ya qeyri-avtomatik) daxil edilməsi göstərilməmişdir. Belə olan halda Kollegiya hesab edir ki, müqavilənin bitmə tarixinin avtomatik olaraq uzadılması halı istisna edilmir. İddiaçı əmək kitabçasına əsasən o, xx.xx.1994-cü il tarixli əmrlə Cavabdeh QSC-nin Nəsimi rayon Qaz İstismar İdarəsinə 9-cu dərəcəli mühəndis vəzifəsinə götürülmüş, xx.xx.1997-ci il tarixdə idarə daxili əmrə əsasən Texniki şöbəyə X dərəcəli mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.1999-cu il tarixdə idarə daxili əmrə əsasən Abonent qrupunun rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2001-ci il tarixdə idarə daxili əmrə əsasən Sənaye qrupuna 10 dərəcəli mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2001-ci il tarixdə X10 İdarəsinə əmək müqaviləsi əsasında Sənaye qrupuna 11-ci dərəcəli mühəndis vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2004-cü il tarixdə əmək müqaviləsi əsasında QQS və H-ti şöbəsinin Abonent qrupuna 10-cu dərəcəli mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2005-ci il tarixdə əmək müqaviləsi əsasında QKAİB və QDX-nə 9-cu dərəcəli mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2006-cı il tarixdə Sabunçu rayonu Qaz İstismar İdarəsinə X2 11-ci dərəcəli mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.2009-cu il tarixdə Sabunçu rayonu Qaz İstismar sahəsinin X4 11-ci dərəcəli mühəndis vəzifəsinə təyin edilib, xx.xx.2010-cu il tarixdə Cavabdehnə əmək müqaviləsi əsasında bir il müddətinə üç aylıq sınaq müddəti ilə X8 İstismarı sahəsinin X4 11-ci dərəcəli mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.2010-cu il tarixdə X9 sahəsinə əmək müqaviləsi əsasında bir il müddətinə üç aylıq sınaq müddəti ilə X4 11-ci dərəcəli mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.2012-ci il tarixdə Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən X9 Sahəsinin xx.xx.2010-cu il tarixli 544-K sayl əmri ləğv edilərək, X4 11-ci dərəcəli mühəndis vəzifəsinə bərpa edilmiş, xx.xx.2016-cı il tarixdə əmək müqaviləsi əsasında bir il müddətinə Birliyin Bakı X7 Departamentinin Sabunçu rayonu üzrə Texniki İstismar xidmətinə 11-ci dərəcəli mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.2018-ci il tarixdə həmin xidmətdə 11-ci dərəcəli böyük mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu il tarixdə Əmək Məcəlləsinin 73.2-ci maddəsinə əsasən əmək müqaviləsiin müddətinin qurtarması əsası ilə əlaqədar olaraq onunla bağlanmış əmək müqaviləsi ləğv edilərək tutduğu vəzifədən azad edilmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı 1994-cü ildə Cavabdeh QSC-də əmək fəaliyyətinə başlamış, 25 ildən artıq müddətdə eyni sahədə müxtəlif vəzifələrdə işləmişdir. Tərəflər arasında əmək müqaviləsi bağlandığı vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə görə, əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələbinə görə, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmin Məcəllənin 47-ci maddəsinin «f» bəndinə görə, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Göründüyü kimi, əmək qanunvericiliyi əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olması qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsinin müddəti müəyyən edilmədən bağlanmalı olduğunu müəyyən etmişdir. Yalnız tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Kollegiya qeyd edir ki, iddiaçının təyin olunduğu vəzifə üzrə yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisəsizdir və belə olan halda onunla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalı idi. «Qarşılıqlı razılığa» gəldikdə isə, qanunun tələbinə görə, bu, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isə açıq-aydın görünür ki, cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək iddiaçı ilə müddətli, 1 il müddətinə əmək müqaviləsi bağlamışdır. Kollegiyanın qənaətinə görə, 25 illik iş stajına malik kifayət qədər ixtisaslı işçi ilə 1 il müddətinə əmək müqaviləsinin bağlanması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz. Əmək müqaviləsində müddət təyin edilməsi isə iddiaçının istənilən vaxt rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır (Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsi). Qeyd olunanları rəhbər tutaraq kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsi işəgötürənin mənafeyinə xidmət etmiş, yuxarıda istinad olunan əmək qanunvericiliyinin prinsiplərinə əsaslanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlan araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mənəvi zərər hissəsində isə iddia tələbi əsassız olduğundan məhkəmə haqlı olaraq bu hissədə iddianı rədd etmişdir. Beləliklə, apelyasiya şikayətlərində irəli sürülən mülahizələr yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı və cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(011)- 7565/2019 saylı iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2923/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2923/2021
15.03.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver