Məhkəmə qərarları › İş №2(103)-2926/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2926/2025

24.07.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2926/2025 24.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-748/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, sahəsi 0.10 ha olan torpaq sahəsi xx.xx.2009-cu il tarixdə xüsusi mülkiyyət kimi Cavabdeh adına qeydiyyata alınmışdır.

2. 16 may 2014-cü il tarixli Bağışlama müqaviləsindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən, sahəsi 0.10 ha olan torpaq sahəsini atası İddiaçı bağışlamışdır.

3. RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran 2 bağ massivi 18a saylı bağ evi (topaq sahəsi 0.10 ha, bağ evinin ümumi sahəsi 224.3 kv.m) xüsusi mülkiyyət kimi xx.xx.2015-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir.

4. AR Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan müəyyən olunur ki, Cavabdeh xx.xx.2017-ci il tarixdən Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran 2 bağ massivi 18A saylı bağ evində qeydiyyatdadır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xx.xx.1976cı il təvəllüdlü Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran 2 bağ massivi 18a saylı bağ evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran 2 bağ massivi 18a saylı bağ evi onun xüsusi mülkiyyətindədir. xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh onun oğludur. Cavabdeh onun xüsusi mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran 2 bağ massivi 18a saylı bağ evində heç bir zaman yaşamamışdır. Belə ki, o, əvvəllər ailəsi və oğlu Cavabdeh ilə birlikdə Nərimanov rayonu Ağa Neymətulla küçəsində yerləşən evində yaşayırdılar. Oğlunu evəndirmək ərəfəsində ona Nərimanov rayonu “Çermet” adlanan ərazidə ev almış və oğlu ailə quraraq, həmin evə köçüb getmişdir. Cavabdehin özünə məxsus yaşamağa evi vardır. Həmin evi də cavabdehə o almışdır. Cavabdehin heç vaxt ona məxsus Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran 2 bağ massivi 18a saylı bağ evində yaşamamasına baxmayaraq, həmin evdə pasport qeydiyyatında qalması onun mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırır. Cavabdehə görə mənzil-kommunal xərclərini ödəməkdə çətinlik çəkir. Müəyyən sənədləşmə işlərini apara bilmir. Bu da onun mülkiyyət hüquqlarının əsassız və qanunsuz olaraq məhdudlaşdırılmasına səbəb olur. Qeyd olunanlara əsasən hesab edir ki, oğlu Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran 2 bağ massivi 18a saylı bağ evinə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir.

7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-748/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.

8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran 2 bağ massivi 18a saylı bağ evi tam mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının oğlu olmaqla, doğulduğu vaxtdan valideynləri ilə birlikdə iddiaçının mülkiyyətində olan mənzillərdə, həmçinin, mübahisəli bağ evində yaşamışdır. İddiaçı bu faktı inkar etsə də, iddiaçının təşəbbüsü ilə məhkəmə iclasına dəvət olunmuş şahidlər ifadələrində cavabdehin uşaqlığından bəri valideynləri ilə birlikdə ilin müəyyən vaxtlarında, xüsusən də yay aylarında mübahisəli bağ evində yaşadığını bildirmişlər. Bu baxımdan cavabdeh mübahisəli yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü kimi mülkiyyətçinin razılığı ilə mübahisəli bağ evində yaşadığından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən onun həmin bağ evinə mülkiyyətçi ilə bərabər istifadə hüquqları yaranmışdır. Hazırda isə iddiaçı cavabdehin heç vaxt mübahisəli bağ evində yaşamadığını iddia edərək, onun istifadə hüquqlarının kompensasiya verilmədən itirilmiş hesab edilməsini iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Cavabdehin mübahisəli bağ evindən istifadə hüququnun mövcud olması işin mübahisəsiz halıdır. İşin mübahisəli halı cavabdehin mübahisəli bağ evinə ehtiyacının aradan qalxıb-qalxmamasıdır. İddiaçı tərəfindən hazırda cavabdehin mübahisəli bağ evinə olan ehtiyacının aradan qalxmasına dair heç bir mötəbər sübut təqdim edilməmiş, əksinə müəyyən edilmişdir ki, cavabdeh yaşamağa başqa yeri olmadığından dostunun evində qalır, həmçinin, cavabdehin mülkiyyətində daşınmaz əmlak mövcud deyildir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlmişir ki, Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran 2 bağ massivi 18a saylı bağ evinə olan ehtiyacının aradan qalxması müəyyən edilmədiyindən, onun həmin bağ evindən istifadə hüquqlarının itirmiş hesab edilməsi barədə iddiaçının tələbi təmin edilə bilməz. Bağ evindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi cavabdehin həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz edir. Bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1, 228.2, 228.5, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli Qərarına; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 88, 119.1, 217.4 və 216-220-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə düzgün əsaslandırılmamış, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiq edilməsində çox ciddi səhvlərə yol vermiş, tətbiq edilməli olan qanunu tətbiq etməmiş, eyni zamanda iddia tələblərinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallara hüquqi qiymət verilməmiş, iş üzrə bir sıra hallar aydınlaşdırılmamışdır. Belə ki, məhkəmə iclasında iştirak edən şahidlərin ifadəsi ilə bir daha təsdiqləndi ki, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran 2 bağ massivi, 18a saylı bağ evində yaşamayıb, uzun illər ərzində həmin bağa bir neçə dəfə gəlib gedib. Artıq uzun illərdir ki, həmin evə gəlib-getmir. Bütün bu hallar təsdiq edir ki, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran 2 bağ massivi, 18a saylı bağ evindən istifadə etməyə ehtiyacı yoxdur. Həmçinin iddiaçı, Cavabdeh yaşaması üçün Nərimanov rayonu “Çermet” adlanan ərazidə ev almış və oğlu ailə quraraq həmin evə köçüb getmişdir. Cavabdehin özünə məxsus yaşamağa evi vardır. Həmin evi də cavabdehə iddiaçı almışdır. Göründüyü kimi Cavabdeh iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran 2 bağ massivi, 18a saylı bağ evindən istiadəsinə zərurət yoxdur. O, heç vaxt da həmin evdə yaşamayıb. Belə olan halda cavabdehin onun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran 2 bağ massivi, 18a saylı bağ evinə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran 2 bağ massivi, 18a saylı bağ iddiaçının xüsusi mülkiyyətində olan əmlakdır. Cavabdeh onun evində yaşamamasına baxmayaraq qeydiyyatda qalması mülkiyyət hüquqlarını məhdudlaşdırır və iddiaçının konstitusion hüquqlarının pozulmasına səbəb olur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək qeyd etdi ki, barışıq mümkün deyil. Cavabdeh könüllü evdən imtina edib. Onun yaşaması iş materialları ilə təsdiq edilmir. Şahidlər də ifadə veriblər.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etmədi, izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, 2014-cü ildə bağışlanma olub. Evlənəndən sonra yaşadığı evi 2016-ci ildə satdı, başqa yeni evi aldılar, amma o ev bir neçə şəxsə satılmışdı. Problemli ev idi. Xırdalan ərazisində, Neftçilər ərazisində atasının evləri var. Xırdalandakı ev çox pis vəziyyətdədir. Yaşanılacaq ev deyil, atası ona (cavabdehə) verəcəyini demişdi. Amma şəraiti yoxdur və istəmir. Qeydiyyatda qalmağı bağda yaşamaq hüququnu verir. Atasından sonra orada olmaq istəyir. Faiq Yusifovdakı (Faiq Yusifov keçəsindəki) evi atası satıb, bunu da satmasını istəmir. Anasının əməyini, xatirəsini itirmək istəmir. Atası evi sata bilər. Amma o (cavabdeh) istəmir. Atasının evi çoxdur. Anasının varisliyindən çıxmadığı üçün atası belə iddia qaldırıb. Çünki imza etməmişdir. Bağda ayrıca sayğacı da var. Özü üçün işıq da çəkdirmişdir. Bugün də orada yaşayır. Faiq Yusifovda yaşasa da kiçik müddət olub. Bağa da gedib-gəlmişdir. 15.Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında Cavabdeh izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, 2019-cu ildə bağın bir hissəsi-10 sot onun (cavabdehin) adına idi. Atası adına keçirmişdir. Sonradan atası dedi ki, birləşdirək bir çıxarışı olsun. Cavabdeh də yoldaşı da imza etdilər, atasının istədiyi kimi olmasına etiraz etmədi. Bağışlama etmişdir. 2007-ci ildə ailə həyatı qurmuş. 5 il evli olmuşdur. Sonra ayrıldılar. Öz evi olub. Qəsəbədədəki evi o, 2003-cü ildə almışdır. Evlənənə qədər ailəsi ilə Faiq Yusifov küçəsi 2-də yaşamışdır. Mütəmadi bağa gedib-gəlmişdir. Evi satıb başqa ev alacaqdılar, o da anasınn adına olacaqdı. Amma alınmadı. 2010-2015-ci illərdə Faiq Yusifov küçəsi 2-də yaşadı, atasının evi idi. Boşanandan sonra üçü yaşadılar. Bağa köçəndə 1 il yaşamış, qayıtmışlar. 2017-ci ildə mütəmadi bağda qalmışlar. 2024-cü ildə Faiq Yusifovdakı ev satıldı. Satılandan sonra bağda qalmağa başladı. İndi də gedib-gəlir. Atası ilə arasında bir müddət gərginlik oldu, məhkəmə müddətində dostunun yanında qalmışdır. Atası ilə mübahisə olmayıb. Anası 2020-ci ildə vəfat edib. Atası da cavabdehə, qardaşına, bacısına dedi ki, varislikdən imtina etsinlər. Bacısı notariat ofisinə getmədi, cavabdeh, imza etdi, sonra cırdı atdı. Bu hadisə 2024-cü ildə oldu. Atası qəzəbləndi. Gərginlik bundan sonra başladı. Atası da cavabdeh də bağa bugün də gedib-gəlirlər. Bağa istədiyi vaxt gedib-gəlir. Əşyaları da bugün oradadır. Qardaşı dediklərini təsdiq edə bilər. Rayon məhkəməsindəki şahidlərin heç biri qonşular deyil, onlar uzaqda qalırlar. Atası onu 2017-ci ildə bağa qeydiyyata salıb. Bağ anasından qalan xatirədir.

16. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, bağ iddiaçınındır. Cavabdehi orada müvəqqəti görüblər. Ailə tərəfindən bağ kimi istifadə edilib. 10 il cavabdeh bağa gəlməyib, formal olaraq qeydiyyatda qalıb. Şahid ifadələri də var ki, cavabdeh müvəqqəti orada yaşayıb. Cavabdehin istifadə hüququ itirilmiş hesab edilməlidir. Son 10 ildə cavabdeh bağdan istifadə etməyib. Ona başqa yerdən ev alınıb. Daimi yaşamağını cavabdeh sübut etməli idi. Cavabdehin dedikləri ziddiyyətlidir. Cavabdeh əvvəldən ayrı yaşayıb, atası ilə aralarında mübahisə olmayıb. Sadəcə qeydiyyatda qalması iddiaçının hüquqlarını pozur. Cavabdehin bağ sahəsində daimi və ya uzun müddətli yaşadığı hal olmayıb. Cavabdeh əvvəldən ayrı yaşayıb, atası ilə aralarında mübahisə olmayıb.Sadəcə qeydiyyatda qalması iddiaçının hüquqlarını pozur. Cavabdehin bağ sahəsində daimi və ya uzun müddətli yaşadığı hal olmayıb. Cavabdehin qeydiyyata salınması formal aparılıb. Əlavə şahid kimi iddiaçının digər oğlunun dindirilməsinə ehtiyac yoxdur. Qəsəbədəki evi cavabdeh almayıb.

17. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq normaları:

18. Azərbaycan Respublikası Konstitutsiyası Maddə İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

19. 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi. Maddə 51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla — mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar.İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2.Qətnamə mübahisəli hüquq münsibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 384.0.2. apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

24. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

26. İş materiallarında olan 14 saylı podrat müqaviləsinin surətindən görünür ki, İddiaçı bağ evinin tikintisi ilə bağlı 1988-ci il tarixdə müqavilə bağlamışdır. 27.Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və Park – X3 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və X2 İİ ərazisindəki 18 a nömrəli bağın istifadəyə verilməsi haqqında 24 oktyabr 2003-cü il tarixli müqaviləyə əsasən 0.10 ha torpaq sahəsi olan 18 a saylı bağ müqavilədə göstərilən tikinti, qurğu və ağaclarla birlikdə İddiaçı istifadəsinə verilmişdir. 28.MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, sahəsi 0.10 ha olan torpaq sahəsi xx.xx.2009-cu il tarixdə xüsusi mülkiyyət kimi Cavabdeh adına qeydiyyata alınmışdır. 29.16 may 2014-cü il tarixli Bağışlama müqaviləsindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən, sahəsi 0.10 ha olan torpaq sahəsini atası İddiaçı bağışlamışdır. 30.RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran 2 bağ massivi 18a saylı bağ evi (topaq sahəsi 0.10 ha, bağ evinin ümumi sahəsi 224.3 kv.m) xüsusi mülkiyyət kimi xx.xx.2015-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir.

31. AR Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan müəyyən olunur ki, Cavabdeh xx.xx.2017-ci il tarixdən Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran 2 bağ massivi 18A saylı bağ evində qeydiyyatdadır.

32. İddiaçı cavabdehin Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran 2 bağ massivi 18a saylı bağ evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsini tələb edir. Birinci instansiya məhkəməsində verdiyi izahatında qeyd olunur ki, bağı 1985-ci ildə alıb, oğlu Əjdər doğulanda şəhərdə yaşayıbılar. Aralarında mübahisə 1-2 ildir yaranıb. Bundan əvvəl oğlu ilə birgə bağa gedib-gəlib. Cavabdehin Nərimanovda evi olub, sonra onu satıb. Oğlu evini satmışdı deyə onu qeydiyyata saldı. Amma Nərimanovdakı evində qeydiyyatsız olaraq onlarla yaşadı. Nərimanovdakı evini satıb Xırdalanda ev alıb. Evi öz adına alıb, amma məqsədi gələcəkdə oğlunun adına keçirməkdi (i.v.56). 33.Cavabdeh iddia tələbini qəbul etməyərək qeyd etmişdir ki, 2007-ci ildə evlənib. 2016cı ildə boşanıb. 2007-ci ildə evlənənə qədər ünvan 2 ünvandakı evdə yaşamışdır. Bu ünvan 3 ünvanda boşanandan sonra anası ilə 9 il yaşayıb. Amma Nardarandakı bağa mütəmadi gedib gəlib. Nərimanovdakı bu ikinci ev satılandan, 2024-cü ilin avqustundan sonra dostunun evində qalmağa başladı (i.v.56). 34.Kollegiya qeyd edir ki, tərəflərin izahatından da müəyyən olunduğu kimi mübahisə predmeti olan bağ evi onların daimi yaşayış yeri olmamışdır. 1980-1990-cı illərdən bəri müəyyən vaxtlarda yay aylarında, həftəsonları bağdan istifadə olunub. 35.Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin əvvəlki Mənzil Məcəlləsinin 53-54-cü maddələrinə müvafiq olaraq istifadə hüququ yaranmış olsa da sonradan bu hüququ itirilmişdir. Belə ki, cavabdeh 2007-ci ildə ailə həyatı qurmuş, özünün mülkiyyətində mənzili olmuşdur. Mübahisə predmeti olan bağın yerləşdiyi torpaq sahəsi cavabdehin adına 2009cu ildə qeydiyyata alınsa da sonradan cavabdeh 2014-ci ildə torpaq sahəsini atası olan hazırki iddiaçıya bağışlamışdır. İddiaçı isə topaq sahəsi və üzərindəki bağı öz adına rəsmiləşdirmişdir. Cavabdeh 2016-cı ildə başanandan sonra Nərimanovdakı evdə yaşamışdır. İddiaçı apellyasiya baxışında izahatında qeyd etmişdir ki, öz mülkiyyətində olan evi satdıqdan sonra əldə etdiyi vəsaitə çoxmənzilli başqa binada mənzil alsa da mənzilin bir neçə nəfərə satıldığı məlum olmuşdur.

36. Məhkəmə kollegiyası cavabdehin 2017-ci il tarixdə bağ evinə qeydiyyata düşməsi ilə bağlı dəlilini əsasız hesab edərək qeyd edir ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

37. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdehin mübahisələndirilən bağ evindən istifadəyə ehtiyacının aradan qalxmamasına istinad edərək onun yalnız kompensasiya ödənilməklə istifadə hüququna xitam verilə bilməsi ilə bağlı gəldiyi nəticə işin hallarında uyğun olmamış, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir. Buna görə də qətnamə ləğv edilərək iddia tələbi təmin edilməlidir.

38. Belə olan halda kollegiya qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-748/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməli, Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran 2 bağ massivi 18a saylı bağ evinə olan istifadə hüquqları itirilmiş hesab edilməli, rüsum tərəfin özünə aid edilməlidir. 39.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-748/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran 2 bağ massivi 18a saylı bağ evinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Ödənilmiş rüsum tərəfin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Sabit Bəhrəmzadə Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar