Məhkəmə qərarları › İş №2(103)-2927/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2927/2021

10.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2927/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Ərizəçi, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakları ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” ərizəsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7021/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi tələbinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, onun 1971-ci ildən 1973-cü ilədək Azərbaycan SSRİ-nin Füzuli rayonun "Rusiya" kolxozunda sıravi kolxozçu; 1975-ci ildən 1993-cü ilin may ayına kimi Füzuli rayonunun "Rusiya" kolxozunda sürücü; 1993-cü ilin may ayından 1999-cu ilədək Azərittifaqın rayonunun Horadiz Avtobazasının nəzdində sürücü kimi işləyərək əmək fəaliyyəti ilə məşğul olmağı faktının məhkəmə qaydasında təsdiq edilməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1954-cü ildə Azərbaycan SSRİ-nin Füzuli rayonunun Horadiz kəndində anadan olmuşdur. 1971-ci ildən 1973-cü ilədək həmin rayonda sıravi kolxozçu olaraq əmək fəaliyyətinə başlamışdır. 1973-cü ildən 1975-ci ilədək Sovet ordusu sıralarında hərbi xidmət keçmişdir. 1975-ci ildən 1993-cü ilin may ayına kimi Füzuli rayonunun "Rusiya" kolxozunda sürücülük fəaliyyəti ilə məşğul olmuşdur. 1993-cü ilin may ayından Füzuli rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinə kimi Azərittifaqın Füzuli rayonunun Horadiz Avtobazasında, daha sonra isə 1999-cu ilədək həmin Avtobazanın nəzdində Respublikanın ayrı-ayrı yerlərində səyyar sürücü kimi işləyərək, əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bildirir ki, o, əmək fəaliyyətinə başladığı dövrdən adına əmək kitabçası açılmış müvafiq əmək fəaliyyətiylə bağlı zəruri qeydlər həmin əmək kitabçasına qeyd edilmişdir. Lakin Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın bir sıra rayonlarını işğal etməsi ilə əlaqədar, 1993-cü ilin avqust ayında Füzuli rayonunun işğalı ilə bağlı məcburi köçkün düşmüşdür. Həmin məlum hadisələr vaxtı əmək kitabçası Füzuli rayonunda qalmışdır və bu səbəbdən sonrakı illərdə sürücü kimi fəaliyyət göstərdiyi iş illəri, əmək fəaliyyətiylə bağlı qeydlər həmin səbəbdən əmək kitabçasına yazıla bilməmişdir. Bildirir ki, o, uzun illər əmək fəaliyyəti ilə məşğul olduğu üçün qanunvericiliyə müvafiq olaraq, ona əmək pensiyasının təyin edilməsi barədə 2019cu ilin iyul ayında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal Rayon Şöbəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal Rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli, **********2 saylı bildirişi ilə ərizəsi təmin edilməmiş, imtinaya kimi əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi bildirilmişdir. Bundan sonra o əmək stajının təyin edilməsi üçün aidiyyəti üzrə işlədiyi təşkilatlardakı məşğulluq qeydləri haqqında arxiv arayışı verilməsinə dair Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx xxxxxxx 2019-cu il tarixli, 5/1882 saylı məktubu ilə Dağlıq Qarabağ və ətraf rayonlarının işğal altında qaldığı əsas gətirilərək, qeyd arayışın verilməsinin imkan xaricində olması qeyd edilmişdir. Qeyd etmək istəyir ki, onun ümumilikdə 26 illik əmək stajını təsdiq edəcək hüquq müəyyənedici sənədi, yəni vaxtı ilə işlədiyi təşkilatlar üzrə əmək stajının qeyd edildiyi əmək kitabçası işğal altında olan Füzuli rayonunda qaldığından sonrakı illərdə (1993-cü ildən 1999-cu olan dövrlər ərzində) əmək fəaliyyətinə dair qeydlər də həmin əmək kitabçasına yazıla bilməmişdir. O, həmin illərdə həqiqətən əmək fəaliyyəti ilə məşğul olduğunu, qeyd edilən təşkilatlarda işlədiyini hal-hazırda sadəcə həmin dövrlərdə onunla eyni təşkilatlarda işləmiş iş yoldaşlarının şahidliyi ilə təsdiq edə bilər. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbi üzrə ərizənin icraata qəbul edilərək məhkəmə qaydasında araşdırılması, pensiya təminatına əsas verən zəruri əmək stajının olmasına dair hüquqi faktın müəyyən edilməsi üzrə məhkəmə icraatı qaydasında işə baxılması qanunvericiliyin tələblərinə müvafiq olmaqla ədalət və humanizm prinsiplərinə də uyğun olardı. Ona görə də, o, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7021/2019 saylı xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə ərizənin təmin edilməsi, Ərizəçi 1971-ci ildən 1973-cü ilədək Azərbaycan SSRİ-nin Füzuli rayonunun “Rusiya” kolxozunda sıravi kolxozçu; 1975-ci ildən 1993-cü ilin may ayına kimi Füzuli rayonunun “Rusiya” kolxozunda sürücü; 1993-cü ilin may ayından 1999-cu ilədək Azərittifaqın Füzuli rayonunun Horadiz Avtobazasının nəzdində sürücü vəzifəsində işləməsi faktının müəyyən edilməsi qət edilmişdir. Qətnamədən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu apellyasiya şikayəti və ona əlavə verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 7021/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti və ona əlavə onunla əsalandırılmışdır ki, ərizəçi əmək fəaliyyəti ilə məşğul olma faktının təsdiq edilməsi üçün əgər hüquq haqqında mübahisə olmasa, ilk öncə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinə müraciət etdikdən sonra məhkəməyə müraciət etmək hüququ yaranır. Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi əmək stajına əsasən pensiyanın təyin edilməsindən imtina etdikdə, onun hərəkətindən 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edilməli idi. Məhkəmə ətnaməsində qeyd olunur ki, maraqlı şəxsin səlahiyyətli nümayəndəsi ərizənin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Halbuki, nümayəndə məhkəmə iclasında şahidlərin ifadələri arasında olan ziddiyyətlərin olduğunu bildirərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Hətta Ərizəçi ilə ifadə verən şahidlərin vaxtı ilə bir yerdə işlədiklərinin sübut olunması üçün həmin şahidlərin özlərinin əmək kitabçaları məhkəməyə təqdim edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir. Qanunun qüvvəyə mindiyi 01.01,2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Qaydaların 3.2.2-ci yarımbəndinə uyğun olaraq, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir. 2006-cı ilədək qüvvədə olmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Eyni zamanda, Əsasnamənin eyni bəndinin tələbinə görə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. Müddəalardan göründüyü kimi, müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahidi ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Beləliklə, iş stajının məhkəmə qərarı əsasında müəyyən edilməsi o halda qanuni hesab edilməlidir ki, əgər məhkəmə qərarı ilə göstərilmiş şərtlər gözlənilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının məhkəmə qərarı əsasında iş stajını müəyyən edərkən qanunvericiliyin bu müddəalarını nəzərə almamışdır. Belə ki, iddiaçının işləməsi faktını müəyyən edən qətnamədə şahid ifadələrinə istinad olunsa da, lakin onların iddiaçı ilə birlikdə həmin müddətdə birgə işləmələri barədə məhkəmənin əsaslandığı sübut göstərilməmişdir. Habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 13.4-cü bəndinə əsasən “ əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası MPM-nin 104.3 tələbinə görə alınma mənbəyini göstərə bilmədən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Yuxarıda qeyd olunanlara əsaslanaraq digər ziddiyyətli məqamları da vurğulayıram ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilir ki, X1 (ifadəsində qeyd edir) 1971-1973 -cü illərdə iddiaçı ilə birlikdiə işləmişdir, hansı ki, adıçəkilən şahidin əmək kitabçasına diqqət yetirdikdə 1975-ci ildən iş fəaliyyətinə başladığı görsənir. X1 1975-1979-cu illər iş fəaliyyəti əmək kitabçasından göründüyü kimi “Lenin” sovxozu göstərildiyi halda, birinci instansiya məhkəməsinin qətnaməsində isə onun iş fəaliyyətini “Rusiya” kolxozu ilə əlaqələndirmişdir. Şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz, hansı ki, 26 illik iş stajı birinci instansiya məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Beləliklə, hesab edirəm ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilməmiş və apellyasiya şikayətində göstərilmiş dəlillər qətnamənin ləğv olunması üçün əsasdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3496/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7021/2019 saylı xx xxxxxx 2019- cu il tarixli qətnaməsi ləğv edilmiş, Ərizəçi hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5308/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə, Ərizəçi kasasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-3496/2020 saylı qərardadı ləğv edilərək mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi ərizəçinin kassasiya şikayətini təmin edib işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir: “...Apelyasiya instansiyası məhkəməsi qanunvericilik normalarının tələblərini pozaraq, hazırki işə məhkəmədə baxılmalı olmaması əsasına görə işin icraatına xitam verməklə, əslində ərizəçinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə qorunan hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmə təminatı hüquqlarını pozub. Belə ki, həmin maddənin İ bəndində göstərilir ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Digər tərəfdən, apelyasiya instansiyası məhkəməsinin qərardadda istinad etdiyi digər, yəni ərizəçinin pensiya almaq üçün qanunla müəyyən edilmiş yaşa çatmaması, tələb olunan ümumi iş stajına malik olmaması, hüquqi fakt kimi tanınmasını istədiyi əmək stajı müddətinin bütövlükdə və ya müvafiq sənədlərlə təsdiq edilən digər əmək stajı ilə birlikdə götürüldükdə belə, ona pensiya təyin edilməsi üçün yetərli olmaması hallarına gəlincə isə, kasasiya instansiyası məhkəməsi hesab edir ki, həmin hallar işə məhkəmədə baxılmalı olmaması əsasına görə iş üzrə icraata xitam verilməsi üçün deyil, ərizənin rədd edilməsi üçün əsas ola bilər...” Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2927/2021 saylı, xx xxxx 2021-ci il tarixli qərardadı ilə, iş üzrə icraata “1993-cü ilin may ayından 1999-cu ilədək Azərittifaqın rayonunun Horadiz Avtobazasının nəzdində sürücü kimi işləyərək əmək fəaliyyəti ilə məşğul olmağı faktının məhkəmə qaydasında təsdiq edilməsi” hissədə xitam verilmişdir. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinin nümayəndəsi şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi isə apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsində yanlışlıqla onun “Rusiya” sovxozunda işləməsi qeyd edilmişdir. Belə ki, həmin kənddə 1 sovxoz və 1 kolxoz olmuş, kolxozun adı “Rusiya” kolxozu, sovxuzun adı isə “Lenin” sovxozu idi. Həmin kənddə “Rusiya” adlı sovxoz olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin “Ərizəçi 1971-ci ildən 1973-cü ilədək Azərbaycan SSRİ-nin Füzuli rayonunun “Rusiya” kolxozunda sıravi kolxozçu; 1975-ci ildən 1993-cü ilin may ayına kimi Füzuli rayonunun “Rusiya” kolxozunda sürücü vəzifəsində işləməsi faktının müəyyən edilməsi” hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, yuxarıda qeyd olunan kimi iş üzrə icraata “1993-cü ilin may ayından 1999-cu ilədək Azərittifaqın rayonunun Horadiz Avtobazasının nəzdində sürücü kimi işləyərək əmək fəaliyyəti ilə məşğul olmağı faktının məhkəmə qaydasında təsdiq edilməsi” hissədə xitam verilmişdir. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İş materiallarına əlavə edilmiş AR Dövlət X3 xx xxxxxxx 2019-cu il tarixli, 32 saylı arayışından görünür ki, Füzuli rayon X6 Avtonəqliyyat müəssəsinin 1972-1985-ci illərdə aid sənədləri tamamilə xx xxxxxxx 1993-cü il tarixdə erməni işğalı zamanı Horadiz qəsəbəsində yandırılaraq, məhv edilmişdir. Həmin idarənin 1986-1993-cü illərə aid sənədləri arxivə təhvil verilməyib. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, da Ərizəçi kimi, Füzuli rayonunun "Rusiya" kolxozunda işləmişdir. Odur ki, təsdiq edə bilər ki, Ərizəçi həqiqətən də, 1971-ci ildən 1973-cü ilədək Azərbaycan SSRİ-nin Füzuli rayonun "Rusiya" kolxozunda sıravi kolxozçu; 1975-ci ildən 1993-cü ilin may ayına kimi Füzuli rayonunun "Rusiya" kolxozunda sürücü; 1993-cü ilin may ayından 1999-cu ilədək Azərittifaqın rayonunun Horadiz Avtobazasının nəzdində sürücü kimi işləmişdir. Həm birinci instansiya məhkəməsində, həm də birinci apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, 1971-ci ilin noyabr ayından 1973-cü ilin noyabr ayının 19-a qədər və 1975-ci ilin noyabr ayından 1993-cü ilin may ayına kimi Fizuli rayonunun "Rusiya" kolxozunda fəhlə işləmişdir. Ərizəçi onunla eyni dövürdə, yəni 1971-ci ildən 1973-cü ilədək Azərbaycan SSRİ-nin Füzuli rayonun "Rusiya" kolxozunda sıravi kolxozçu; 1975-ci ildən 1993-cü ilin may ayına kimi Füzuli rayonunun "Rusiya" kolxozunda sürücü kimi işləmişdir. Birinci apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Ərizəçi onun həm iş, həm də sinif yoldaşı olmuşdur. O, özü 1971-ci ildən xx xxxxxx 1993-cü ilədək Füzuli rayonunun Horadiz kəndində “Rusiya” adlı kolxozunda sürücü kimi işləmişdir. Ərizəçi onunla eyni dövürdə yəni 1971-ci ildən 1973-cü ilədək Azərbaycan SSRİ-nin Füzuli rayonun "Rusiya" kolxozunda sıravi kolxozçu; 1975-ci ildən 1993-cü ilin may ayına kimi Füzuli rayonunun "Rusiya" kolxozunda sürücü kimi işləmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2020-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Ərizəçi iş stajı faktının müəyyən edilməsi ona, yaşa görə əmək pensiyasının təyin edilməsi yox, bu barədə şöbəyə müraciət üçün hüquqi əhəmiyyət daşıyır. İş materiallarından görünür ki, ərizəçi qanunvericiliklə nəzərdə tuttulmuş iş stajı dövrünün (25 il) hamsını şahid ifadələri ilə təsdiq etdirmək üçün müraciət etmişdir. Bu baxımdan, ərizəçinin qeyd etdiyi iş yerlərində və qeyd etdiyi dövrlərdə işləməsi faktı hər hansı hüquqi nəticə yaratmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Birinci instansiya məhkəməsi ərizəçinin və şahidlərin verdiyi ifadələr, habelə təqdim olunmuş sübutlarla müəyyən etmişdir ki, Ərizəçi Azərbaycan SSRİ-nin Füzuli rayonun "Rusiya" kolxozunda işləməsi faktı şahid ifadələri və iş materialları ilə sübuta yetirildiyindən, ərizəçi Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, Ərizəçi 1971-ci ildən 1973- cü ilədək Azərbaycan SSRİ-nin Füzuli rayonunun “Rusiya” kolxozunda sıravi kolxozçu; 1975-ci ildən 1993-cü ilin may ayına kimi Füzuli rayonunun “Rusiya” kolxozunda sürücü; 1993-cü ilin may ayından 1999-cu ilədək Azərittifaqın Füzuli rayonunun Horadiz Avtobazasının nəzdində sürücü vəzifəsində işləməsi faktı müəyyən edilməlidir. Bununla belə iş materiallarından aydın olur ki, həmin dövr onun əmək kitabçasında qeyd edilməmiş, ərizəçi iş stajının bərpası barədə ərizə ilə şöbəyə müraciət etmişdir. DSMF-nin Xətai rayon şöbəsi tərəfidən isə zəruri sənədlər təqdim etmədiyindən onun ərizəsi təmin olunmamış və həmin tələblə müvafiq məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yangın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq ərizəçiyə lazım olan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinin başqa qaydada mümkün olmaması nəticəsinə gəlmişdir; çünkü ərizəçi, müvafiq dövr üçün iş stajının nəzərə alınması üçün aidiyyəti dövlət orqanına müraciət etsə də, onun müraciəti müsbət həll olunmamış, həmçinin o, bunu təsdiq edəcək sənədləri də əldə edə bilməmişdir. Apellyasiya şikayətinin “şahidlərin əmək kitabçalarının məhkəməyə təqdim edilmə mə” barədə dəlilinə münasibətdə kollegiya qeyd edir ki, birinci apellyasiya baxışı zamanı dindirilmiş şahidlərin işləmələri faktını təsdiq edən müvafiq məhkəmə aktları məhkəməyə təqdim edilmiş və qətnamələrdən həmin şahidlərin “Rusiya” kolxozunda işləmələri müəyyən edilir. Buna görə də kollegiya hesab edir ki, apellyasiya şikayətində irəli sürülənlər formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7021/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi apelyasiya baxışının predmeti hissəsində, yəni “Ərizəçi 1971-ci ildən 1973-cü ilədək Azərbaycan SSRİ-nin Füzuli rayonunun “Rusiya” kolxozunda sıravi kolxozçu; 1975-ci ildən 1993-cü ilin may ayına kimi Füzuli rayonunun “Rusiya” kolxozunda sürücü vəzifəsində işləməsi faktının müəyyən edilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar