Məhkəmə qərarları › İş №2(103)-293/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-293/2021

16.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-293/2021 16.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin Cavabdeh qarşı “torpaq sahəsindən və tikilidən çıxarılma tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 dekabr 2019-cu il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçı Birliyin nümayəndələri X1, X2, cavabdehin özünün iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Birlik cavabdehə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus olan və Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar kəndi ərazisində yerləşən torpaq sahəsindən və 2 otaqlı tikilidən (mehmanxana) çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin 07.03.1995ci il tarixli, 91/1649 saylı qərarına, Memarlıq və Şəhərsalma Baş İdarəsinin 3629 saylı “İnşaat pasportuna” əsasən iddia ərizəsində qeyd edilən torpaq sahəsi Birliyin istifadəsinə verilmişdir. Cavabdeh heç bir hüquqi əsas olmadan Birliyə ayrılmış torpaq sahəsinin müəyyən hissəsini, həmçinin Birliyə məxsus 2 otaqlı tikilini zəbt edərək sahələrdən qanunsuz olaraq istifadə edir, Birliyin fəaliyyətini, iş rejimini pozur və Birlik tərəfindən ona dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq həmin sahələri boşaltmır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 24.12.2019-cu il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir. İddiaçı Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İddiaçı Birliyin nümayəndələri apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Cavabdeh apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına və məzmununa uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq Planlaşdıma İdarəsinin 3629 saylı tikinti pasportundan görünür ki, Qaradağ rayonu (Şıxlar kəndi) ərazisində yerləşən cənubşərq bölməsində Respublika “Ovçular və Balıq Tutanlar Cəmiyyəti” İctimai Birliyinə ovçuluq və balıqçılıq bazası tikmək üçün icazə verilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində (Şıxlar kəndi) torpaq sahəsi Şəhər Zəhmətkeş Deputatları Sovetinin 7 mart 1975-ci il tarixli, 91/1649 saylı qərarına əsasən “Azərbaycan Ovçular və Balıq Tutanlar Cəmiyyəti” İctimai Birliyinə ovçuluq və balıqçılıq bazasının tikintisi üçün ayrılmışdır. 1975-ci il tarixdə tərtib edilmiş, 5/20 nömrəli aktdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsində (Şıxlar kəndi) yerləşən torpaq sahəsi “Azərbaycan Ovçular və Balıq Tutanlar Cəmiyyəti” İctimai Birliyinə ayrılmış və həmin ərazinin plan cizgisi tərtib edilmişdir. “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin nizamnaməsinə edilmiş əlavədən görünür ki, “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyi “Azərbaycan Ovçular və Balıq Tutanlar Cəmiyyəti” İctimai Birliyinin hüquqi varisidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin “X4” MMC-yə ünvanladığı 14.06.2018-ci il tarixli məktubdan görünür ki, Bakı Şəhər Xalq Deputatları Sovetinin 07.03.1975-ci il tarixli 91/1649 nömrəli qərarı ilə “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinə ovçuluq bazasının tikintisi üçün Qaradağ rayonunun Şıxlar kəndi ərazisindən 0,10 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində hər hansı bir qeyd aşkar edilməmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə iddia ərizəsində və apellyasiya şikayətində iddiaçı Birliyin göstərdiyi dəlillərin əsaslı olub-olmamasını araşdırmaq məqsədi ilə iş üzrə tikinti-texniki ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, mübahisələndirilən əraziyə baxış keçirilib naturada koordinatları müəyyən edilməklə yerində ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasından araşdırılmışdır. Elektron kadastr baza məlumatlarına əsasən mübahisələndirilən ərazidə iddiaçı və cavabdehə torpaq sahəsinin ayrılması və ya hər hansı hüquqi və texniki sənədin verilməsi barədə məlumat aşkar edilməmişdir. Bakı Şəhər XDS-nin 07.03.1975-ci il tarixli, 91/1649 nömrəli qərarının əlavəsi olan sxem situasiya planı üzərində tərpənməz nöqtələrdən məsafələr göstərilməklə hazırlanmadığından, (koordinatsız olduğundan) sözügedən bu sxemlə naturada koordinatları müəyyən edilmiş 2 otaqlı tikilinin və onun yerləşdiyi torpaq sahəsinin Bakı şəhər XDS-nin 07.03.1975-ci il tarixli, 91/1649 nömrəli qərarı ilə iddiaçı Birliyin istifadəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində olmasını müəyyən etmək mümkün deyil. Göstərilənləri və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatları nəzərə alan Məhkəmə hazırki mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27.08.2012-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə qəbul etdiyi 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipini rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə hesab edir ki, iddiaçı Birliyin iddia tələbi əsaslı deyil. Belə ki, iddiaçı Birlik ilk əvvəl həmin mübahisəli torpaq sahəsinə subyektiv hüquqlarının olduğunu, yəni mübahisələndirdiyi torpaq sahəsinin onun istifadəsinə verilmiş sahə olduğunu sübut etməlidir. Apellyasiya icraatı zamanı tələb olunaraq əldə edilmiş sübutlar onu deməyə əsas verir ki, iddiaçı Birliyə ayrılmış torpaq sahəsinin mübahisəli sahə olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Həmin halı sübut etmək vəzifəsi iddiaçı Birliyin üzərinə düşür, lakin iddiaçı bununla bağlı sübutları məhkəmələrə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı Birlik tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar