Məhkəmə qərarları › İş №2(103)-2930/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2930/2024

06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2930/2024 06.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), X6 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Cavabdeh2 nümayəndəsi və Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası mülki iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-397/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh2 tərəfindən İddiaçı yanacaqdoldurma məntəqəsinin işin aparılması məqsədi ilə xx.xx.2018-ci il tarixdə və xx.xx.2020-ci il tarixli etibarnamələr verilmişdir.

2. İddiaçı bildirir ki, yanacaqdoldurma məntəqəsinin xərclərini qarşılamaq üçün onun tərəfindən müxtəlif banklardan kreditlər götürülmüş, şəxsi vəsaiti hesabına yanacaqdoldurma məntəqəsinin xərcləri qarşılanmışdır.

3. İddiaçı çəkdiyi xərclərin əvəzi olaraq 56000 manat pulun cavabdehlərdən tutulub ona ödənilməsini xahiş edir.

4. Cavabdeh2 isə birinci instansiya məhkəməsində verdiyi izahatında qeyd edir ki, yanacaqdoldurma məntəqəsinin işində iddiaçı etibarnamə əsasında ona köməklik etmişdir. Bunun müqabilində haqq almışdır. Lakin kassadan 58000 manat pul götürmüş, pulu şəxsi istifadəsinə xərcləmiş, təyinatı üzrə ödəməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 56000 manat və ödənilmiş dövlət rüsumuna görə 258 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı Cavabdeh1 əvvəllər tanımışdır. Onunla birlikdə iş görmüşlər. Cavabdeh1 oğlanlarına Sumqayıt şəhərində iki yanacaq doldurma məntəqəsi məxsusdur. Həmin yanacaqdoldurma məntəqələri övladlarının adına rəsmiləşdirilsə də, həmin məntəqələrə Cavabdeh1 rəhbərlik etmişdir. 2018-ci ilin aprel ayında Cavabdeh1 ona məxsus olan Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinə iddiaçını dəvət edərək birgə işləməyi təklif etmişdir. O, iddiaçıya təklif etmişdir ki, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində və Sumqayıt şəhəri Dənizkənarı park ərazisində yerləşən hər iki yanacaqdoldurma məntəqəsinə rəhbərlik etsin. İddiaçının işlədiyi həmin müddətdə Cavabdeh1 yanacaqdoldurma məntəqəsinin kassasından 25000 manata yaxın pul götürmüşdür. Sonrakı vaxtlarda Cavabdeh1 kassadan ayrı-ayrı vaxtlarda cəmi 45000 manat pul götürmüşdür. Digər Cavabdeh2 iddiaçıya yanacaqdoldurma məntəqəsinin işinin aparılması və təşkili üçün xx.xx.2018-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə etibarnamələr vermişdir. 2021-ci ilin noyabr ayında iddiaçının səhhətində yaranmış problemlə əlaqədar olaraq o, işləməmişdir. İddiaçı öz şəxsi vəsaiti hesabına və yaxınlarının köməyi ilə yanacaqdoldurma məntəqəsinin işinin davam etməsi üçün 100000 manat pul xərcləmişdir. İşdən çıxdıqdan sonra o, yaxınlarına olan borcun ödənilməsi üçün ayrı-ayrı vaxtlarda kredit götürmək üçün banklara müraciət etmişdir. İddiaçıya məxsus əmlakları "xxxx" ASC-yə, "xxxx" ASC-yə və "xxxx" ASC-yə girov qoymuşdur. Girov müqabilində "xxxx" ASC-dən 50000 manat, "xxxx" ASC-dən 15000 manat və "xxxx" ASC-dən 30000 manat kredit götürmüşdür. İddiaçı götürülən kreditləri Sumqayıt şəhərində fəaliyyət göstərən və etibarnamə əsasında idarə etdiyi YDM-nin borclarının ödənilməsinə sərf etmişdir. İddiaçı ayrı-ayrı banklardan cəmi 95000 manat kredit götürmüş və həmin pulu YDM-nin borcuna sərf etmişdir. Hal-hazırda Cavabdeh1 iddiaçıya olan borcu 56000 manatdır. O, bu pulu yanacaqdoldurma məntəqəsinin kassasından götürərək öz şəxsi məqsədləri üçün istifadə etmişdir. İddiaçı dəfələrlə 56000 manat məbləği Cavabdeh1 istəsə də, o heç kimə borcu olmadığını bildirmişdir.

7. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-397/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh2 məxsus olan yanacaqdoldurma məntəqəsində icarəçi qismində orada işləmişdir. İddiaçı yanacaqdoldurma məntəqəsinə yaxşılaşdırmalar edərək oraya 100000 manat məbləğində pul xərclədiyini, həmin pulu öz şəxsi vəsaiti və qohumları vasitəsilə topladığını, daha sonra isə borcunu qaytarmaq üçün müxtəlif banklardan kreditlər götürdüyünü iddia edir. Həmçinin iddiaçı tərəf bildirir ki, Cavabdeh1 borcdan müəyyən qədərini qaytarmış, 56000 manat məbləğində borc qalmışdır. Lakin, iddiaçı iddiasının əsasını təşkil edən halları sübut edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddia ərizəsinə əlavə edilmiş kredit müqavilələrinin iddiaçı tərəfindən hansı məqsədlə istifadə edildiyi müəyyən edilmir. Məhkəmə tədqiq olunmuş sənədlərə, şahid ifadələrinə məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən iddia ərizəsi heç bir dəlilə, sübuta əsaslanmadan verildiyinə görə təmin edilə bilməz.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Mülki Məcəllənin 14.2.6, 21.2, 1091.1, 1091.2, 1092.1-ci maddələri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Xəzər rayon Məhkəməsinin 2(003)- 397/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, İddiaçı Cavabdeh1 əvvəllər tanımışdır. Onunla birlikdə iş görmüşlər. Cavabdeh1 oğlanlarına Sumqayıt şəhərində iki yanacaq doldurma məntəqəsi məxsusdur. Həmin yanacaqdoldurma məntəqələri övladlarının adına rəsmiləşdirilsə də, həmin məntəqələrə Cavabdeh1 rəhbərlik etmişdir. 2018-ci ilin aprel ayında Cavabdeh1 ona məxsus olan Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən yanacaq doldurma məntəqəsinə iddiaçını dəvət edərək birgə işləməyi təklif etmişdir. O, iddiaçıya təklif etmişdir ki, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində və Sumqayıt şəhəri Dənizkənarı park ərazisində yerləşən hər iki yanacaqdoldurma məntəqəsinə rəhbərlik etsin. İddiaçının işlədiyi həmin müddətdə Cavabdeh1 yanacaqdoldurma məntəqəsinin kassasından 25000 manata yaxın pul götürmüşdür. Sonrakı vaxtlarda Cavabdeh1 kassadan ayrı-ayrı vaxtlarda cəmi 45000 manat pul götürmüşdür. Digər Cavabdeh2 iddiaçıya yanacaqdoldurma məntəqəsinin işinin aparılması və təşkili üçün xx.xx.2018-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə etibarnamələr vermişdir. 2021-ci ilin noyabr ayında iddiaçının səhhətində yaranmış problemlə əlaqədar olaraq o, işləməmişdir. İddiaçı öz şəxsi vəsaiti hesabına və yaxınlarının köməyi ilə yanacaqdoldurma məntəqəsinin işinin davam etməsi üçün 100000 manat pul xərcləmişdir. İşdən çıxdıqdan sonra o, yaxınlarına olan borcun ödənilməsi üçün ayrı-ayrı vaxtlarda kredit götürmək üçün banklara müraciət etmişdir. İddiaçıya məxsus əmlakları "xxxx" ASC-yə, "xxxx" ASC-yə və "xxxx" ASC-yə girov qoymuşdur. Girov müqabilində "xxxx" ASC-dən 50000 manat, "xxxx" ASC-dən 15000 manat və "xxxx" ASC-dən 30000 manat kredit götürmüşdür. İddiaçı götürülən kreditləri Sumqayıt şəhərində fəaliyyət göstərən və etibarnamə əsasında idarə etdiyi YDM-nin borclarının ödənilməsinə sərf etmişdir. İddiaçı ayrı-ayrı banklardan cəmi 95000 manat kredit götürmüş və həmin pulu YDM-nin borcuna sərf etmişdir. Hal-hazırda Cavabdeh1 iddiaçıya olan borcu 56000 manatdır. O, bu pulu yanacaqdoldurma məntəqəsinin kassasından götürərək öz şəxsi məqsədləri üçün istifadə etmişdir. İddiaçı dəfələrlə 56000 manat məbləği Cavabdeh1 istəsə də, o heç kimə borcu olmadığını bildirmişdir. Bundan başqa, məhkəmə tərəfindən şahidlərin ifadələrinə sübut kimi düzgün qiymət verilməmişdir. İşə baxan birinci instansiya məhkəməsi şahidlərin ifadələrində iddia tələbinin təmin edilməsi üçün sübut qismində istifadə edilə biləcək xüsusatların olmasını nəzərə almamış və həmin xüsusatlara düzgün hüquqi qiymət verməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

13. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, iddiaçı tələbini sübut etməmişdir. İddia tam əsassızdır. Yanacaqdoldurma məntəqəsi Cavabdeh2 məxsusdur. İddiaçı ilə Cavabdeh2 atası dost olublar və iddiaçı pul müqabilində cavabdehə köməklik edib, qazanc qazanıb. Rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

14. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

Apellyasiya baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

20. İşin halları odur ki, Cavabdeh2 tərəfindən İddiaçı yanacaqdoldurma məntəqəsinin işin aparılması məqsədi ilə xx.xx.2018-ci il tarixdə və xx.xx.2020-ci il tarixli etibarnamələr verilmişdir. 21.İddiaçı bildirir ki, yanacaqdoldurma məntəqəsinin xərclərini qarşılamaq üçün onun tərəfindən müxtəlif banklardan kreditlər götürülmüş, şəxsi vəsaiti hesabına yanacaqdoldurma məntəqəsinin xərcləri qarşılanmışdır. İddiaçı çəkdiyi xərclərin əvəzi olaraq 56000 manat pulun cavabdehlərdən tutulub ona ödənilməsini xahiş edir.

22. Cavabdeh2 isə birinci instansiya məhkəməsində verdiyi izahatında qeyd edir ki, yanacaqdoldurma məntəqəsinin işində iddiaçı etibarnamə əsasında ona köməklik etmişdir. Bunun müqabilində haqq almışdır. Lakin kassadan 58000 manat pul götürmüş, pulu şəxsi istifadəsinə xərcləmiş, təyinatı üzrə ödəməmişdir.

23. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmiş, ona istinad edilmişdir ki, iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir.

24. İddiaçının apellyasiya şikayətinin dəlili odur ki, işə baxan məhkəmə şahid ifadələrini düzgün qiymətləndirməmişdir.

25. İşdən göründüyü kimi şahid X3 ifadəsində bildirdi ki, o, həmin YDM-də növbə rəisi işləmişdir. YDM-nin pul və maliyyə məsələlərindən xəbəri olmamışdır. YDM-nin mülkiyyətçisi Vasifdir. Onu da işə Vasif qəbul etmişdir. Hər gün yığılan pulu növbə rəisinə təhvil vermişdir. Novruz YDM-də icarəçi kimi oranı işlətmişdir. O, Novruzun icazəsi ilə dəfələrlə Vasifə pul vermişdir.

26. İşə birinci instansiya məhkəməsində baxılması zamanı şahid X4 ifadəsində bildirdi ki, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən “Tosoil” YDM-də operator kimi işləmişdir. Təxminən 7 ilə yaxın orada işləmişdir. Onu işə Vasif götürmüşdür. Novruzu oranın müdiri kimi tanımışdır. O, hər gün pulu yığaraq növbə rəisinə vermişdir. Novruz oranı işlədən zaman başlıca növbə rəisi Ataxan olmuşdur. Novruz oranı işlədərkən Vasif oraya gəlib-getmişdir. Novruz icarəçi olsa da, mülkiyyətçi Vasif idi.

27. X5 ifadəsində bildirdi ki, o, qeyd edilən YDM-də mühasib kimi işləmişdir. Novruzu da Vasifi də iş yoldaşı kimi tanıyır. YDMnin hər ikisi Sumqayıt şəhərində yerləşir. Onlardan biri Qalibin, digəri isə Vasifin mülkiyyətindədir. Novruz qeyri-rəsmi olaraq orada işləmişdir. Vasif Novruza etibarnamə vermişdir ki, sonuncu pulu aparıb bankda “SOCAR”-ın hesabına köçürsün. Əvvəlcədən “SOCAR”-ın hesabına pul ödənilir, daha sonra məntəqə yanacaqla təmin edilir. Yanacağın alınması işləri ilə Novruz məşğul olmuşdur. İlk əvvəl Vasif dolu çən vermişdir. Daha sonra Novruz benzin satıldıqca çəni doldurmuşdur. Novruz heç vaxt 85000 manat məbləğində krediti öz adına götürə bilməzdi. Həmin krediti Vasif götürmüşdür. Kredit götürülən zaman YDM girov qoyulmuşdur. Novruz yanacağın gedişgəlişi və pulun yığılmasına cavabdeh idi. YDM sənədlə Vasifin adına idi. Novruz oranı icarə müqaviləsi əsasında işlədirdi. Gündəlik ümumi dövriyyə 3500-4000 manat olurdu və pul Novruza çatırdı.

28. X1 ifadəsində bildirdi ki, o, qeyd edilən YDM-də operator kimi işləmişdir. Novruzun orada nə işlədiyini bilmir. Maaşı gah kart vasitəsilə, gah da əlbəəl almışlar. Pulu onlara növbə rəisi vermişdir. Təhvil-təslimi növbə rəisi ilə etmişdir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbinə dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. İşə baxan məhkəmə şahid ifadələrini düzgün qiymətləndirmişdir. Şahid ifadələri ilə iddiaçının iddia etdiyi hallar öz təsdiqini tapmır.

30. Qeyd olunmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və sair kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur (Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsi).

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsiüçün tərəfin sübut etmədiyi hallarıməhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

32. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

33. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

34. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-397/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar