Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2931/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər İdarəsi cəlb edilməklə), Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Nizami Rayon Məhkəməsinin 2(007)-532/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti cəlb edilməklə) Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Nizami Rayon Məhkəməsinin 2(007)-532/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Rauf. Əhmədov) ilə iddia tələbi təmin edilməmişdir.
3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
4. İddiaçı apellyasiya şikayəti verərək, bildirmişdir ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Belə ki, cavabdeh istinad etdiyi xx.xx.2024cü il tarixli aktı sonradan tərtib etmişdir, yoxsa əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə həmin akta istinad edərdi. Bundan başqa, qeyd edilən yazışmalar onun şəxsi yazışmalarıdır. Cavabdeh onun konstitusion hüquqlarını pozmuşdur. Onun işdən kənar qazanc əldə etmək məqsədilə əmək fəaliyyəti ilə məşğul olmaq hüququ var. Qeyd edilənlərə əsasən, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsinin xahiş etdi və əlavə olaraq da göstərdi ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq onun konstitusion hüququdur, cavabdeh onun bu hüququnu məhdudlaşdıra bilməz, o, izahatlarında dayısı qızı ilə birlikdə biznes qurduğunu cavabdehə də etiraf etmişdir, o bununla hər hansı qanun pozuntusu törətməmişdir, cavabdehin biznes məlumatlarından öz maraqları üçün istifadə etməmişdir, cavabdehə aid hər hansı məxvi və ya kommersiya sirrini yaymamış, cavabdehə hər hansı zərər vurmamış, onun sonuncu işi gömrük üzrə broker- mütəxəssis vəzifəsi olmuşdur, o yalnız iş vaxtlarından sonra yük daşımaları ilə bağlı ona müraciət edən tanışlarını dayısı qızına məxsus şirkətə yönəltmiş, bu məlumatların cavabdehin fəaliyyəti ilə əlaqəsi yoxdur, cavabdeh onun şəxsi yazışmalarına qanunsuz müdaxilə etmiş, oradan əldə etdiyi məlumatları məhkəməyə təqdim etmiş, məhkəmə də həmin məlumatların qanunsuz yolla əldə olunmasına əhəmiyyət verməmiş, qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməklə onun əsaslı tələbini rədd etmişdir.
6. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 da ayrılıqda apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi və xüsusi olaraq göstərdi ki, cavabdehin məhkəməyə təqdim etdiyi məlumatlar qanunsuz yolla əldə olunan məlumatlar olmuşdur, cavabdeh iddiaçının şəxsi məlumatlarına qanunsuz müdaxilə etmiş, rayon məhkəməsi bu əhəmiyyətli hala düzgün hüquqi qiymət verməmiş, öz qətnaməsini qanunsuz yolla əldə edilmiş məlumatlarla əssəndırmışdır ki, bu da tam qanunsuz olmuşdur.
7. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, bildirdi ki, həmin komputerlər şirkətin mülkiyyətindədir, məlumatlar şirkətə məxsus komputerdən götürülmüşdür, iddiaçı xidməti zamanı öz yazışmalarını cavabdehə məxsus koputerdən həyata keçirməsi barədə şirkətə heç bir məlumat verməmişdir, şirkətə məxsus komputer vasitəsi ilə iddiaçının öz şəxsi işlərini görməsi özü qanunsuz olmuşdur, onların məhkəməyə təqdim etdikləri məlumatlar tam qanuni yollarla əldə olunmuşdur, iddiaçının əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri pozması, cavabdehə məxsus kommersiya sirri məlumatlarını özünün marağı olan dayısı qızına məxus və şirkətin fəaliyyət istiqaməti üzrə fəaliyyət göstərən şirkətə ötürdüyü məlum olmuş, bunu iddiaçı özü də təsdiq edir ki, o MMC-də işləyə-işləyə kommersiya fəliyyəti ilə, həm də MMC-nin fəaliyyət istiqamətlərini təkrarlayan fəaliyyətlə məşğul olmuşdur, yoxlama aparılmış, həmin günü də akt tərtib edilmişdir, əmrdə akta istinad edilməməsi ola bilsin məkrli olub. Belə ki, aktı da F.İbrahimova tərtib etmişdir, o da rayon məhkəməsində iddiaçının xeyrinə ifadə vermişdir, iddiaçı işdən çıxarılarkən sənədləşmə işlərini, elə əmri də MMC-nin səlahiyyətli şəxsi kimi F.İbrahimova özü imzalamışdır. Rayon məhkəməsində şahid qismində ifadə verərkən F.İbrahimova artıq MMC-də vəzifəsindən getmişdir, onun iddiaçının xeyrinə izahat verməsində özünün marağı olmuşdu, yoxsa necə izah oluna bilər ki, iddiaçının işdən çıxarılması ilə bağlı bütün sənədləşmə işləri həyata keçirilməsinə rəhbərlik edən və əmr verən şəxs indi məhkəmədə başqa cür izahat verir, anlaşılan odur ki, keçmiş direktor elə işlədiyi dövrdə də iddiaçı ilə eyni maraqlardan çıxış etmişdir.
8. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
9. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
10. xx.xx.2024-cü il tarixli, 23/08/05H saylı əmək müqaviləsindən görünür ki, Əmək Müqaviləsində nəzərdə tutulan şərtlərə əsasən X16 əməliyyatçı vəzifəsinə işə götürür və İşçi İşəgötürənin işini qəbul edir. X25, tərəflərin qarşılıqlı razılığına əsasən 28 Avqust 2023-cü il tarixindən 27 Avqust 2024-cü il tarixinədək bağlanmışdır. İşçi 28 Avqust 2023-cü il tarixindən işə başlayır. Əmək müqaviləsinin: 3.1-ci maddəsinə əsasən, işçinin əmək funksiyaların tam siyahısı X25nə əlavə edilmiş və onun tərkib hissəsi olan "Vəzifə Təlimatı” adlı Əlavə 1-də göstərilib; 3.3-cü maddəsinə əsasən, işçi əmək münasibətləri şərtlərinə müəyyən edilən İşəgötürənin Siyasət və Qaydalarının ("Qaydalar') tətbiq olunması ilə razılaşır və bunu təsdiq edir. İşçiyə həmin Qaydalarla tanış olmaq imkanı yaradılmalıdır. İşçi təsdiq edir ki, bu müqaviləni imzaladıqda o, müqavilənin imzalanma tarixinə qüvvədə olan Qaydalarla tanış olmuş və başa düşmüşdür; 3.4-cü maddəsinə əsasən, işçi bu müqavilənin ayrılmaz hissəsini təşkil edən Əmək Funksiyalarında nəzərdə tutulmuş bütün öhdəlik və vəzifələrin və işçi ilə işəgötürən arasında razılaşdırılmış digər vəzifəələrin icrası üçün məsuliyyət daşıyır; 3.5-ci maddəsinə əsasən, işçinin vəzifə və öhdəlikləri Rəhbərlik tərəfindən müəyyən edilir. İşçi öz vəzifələrini Əmək Məcəlləsinin 10cu Maddəsinə, X25nə, işəgötürənin daxili siyasətinə və nizam-intizam qaydalarına uyğun olaraq vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün çalışmalıdır. Bu vəzifə və öhdəliklərə aşağıdakılar daxil olacaq və bunlarla məhdudlaşmayacaq: İşəgötürənin, onun müştərilərinin və biznes tərəfdaşlarının fəaliyyətinə aid olan məlumatları məxfi saxlamaq və ona məxsus olan sənədlərin və iş kağızlarının (kompüterdə saxlanılan məlumat daxil olmaqla) qorunmasını təmin etmək; Müştərilər, biznes tərəfdaşları və dövlət orqanlarının işçiləri ilə münasibətlərdə məsuliyyətlə və etik davranmaq; İşəgötürən tərəfindən müəyyən şirkət və SƏTƏM Qaydalarına əməl etmək; İşdə hər hansı ciddi səhv və ya nöqsanın baş verməsindən və ya əməyin təhlükəsizliyinə hər hansı maneədən xəbərdar olduqdan dərhal sonra, İşçinin birbaşa rəhbərini/nəzarətçisini (Birbaşa menecer) xəbərdar etmək və ya işi öz səlahiyyətləri daxilində təhlükəsiz istiqamətə yönləndirmək; İşəgötürənin fəaliyyəti ilə əlaqədar etik normalara zidd olan hər hansı bir təklif barədə İşəgötürənə məlumat vermək; 3.6-cı maddəsinə əsasən, işçi aşağıdakılara əməl etməklə işəgötürənin maraqlarına uyğun olaraq hərəkət etməyə çalışmalıdır: İşəgötürənin yazılı icazəsi olmadan iş vaxtında heç bir digər əmək fəaliyyəti ilə məşğul olmamaq; İşəgötürənin itki və ya zərər riskinin azaldılması istiqamətində hərəkət etmək; 4.1-ci maddəsinə əsasən, işəgötürən işçiyə hər 30-na kimi (ayın 30-u daxil olmaqla) əvvəlki ayda tamamlanmış iş üzrə aylıq əmək haqqını (bundan sonra “Əmək Haqqı" adlanacaq) bank köçürməsi ilə işçinin bank hesabına köçürəcək. Vergilər, sosial müdafiə ayırmaları və digər müvafiq icbari ödənişlər daxil olmaqla əmək haqqı xx.xx.2024-cü il tarixindən 1126.86 AZN (bir min yüz iyirmi altı manat, səksən altı qəpik) məbləğində ödəniləcək. İşəgötürən hər ay işçinin əmək haqqını bütün vergilər, sosial müdafiə ayırmaları və digər müvafiq icbari ödənişləri tutulduqdan sonra ödəyir; 5.1ci maddəsinə əsasən, işçinin iş həftəsi işəgötürənin siyasətinə uyğun olaraq müəyyən edilir. İşçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir. İş şərtlərinin tələblərinə uyğun olaraq iş vaxtı müvafiq qanunvericiliyin icazə verdiyi çərçivədə dəyişdirilə bilər. Bu halda işçinin iş saatlarının dəqiq sayı növbə cədvəli və iş tabelləri əsasında tənzimlənir; 5.2-ci maddəsinə əsasən, iş saatı 09:00-da başlayır, 18:00-da bitir. Nahar vaxtı saat 13:00-dan saat 14:00-dəkdir. 5.3-cü maddəsinə əsasən, istirahət günləri hər həftənin şənbə və bazar günləridir; 6.2-ci maddəsinə əsasən, işçinin iş ilini xx.xx.2023xx.xx.2024-cü il tarixlərdən ibarət dövr əhatə edir; 10.1-ci maddəsinə əsasən, “İşçi” “İşəgötürən”in kommersiya sirrinin, yəni istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, «İşəgotürən»nin razılığı olmadan açıqlanması «İşəgötürən»in, habelə onun təsisçilərinin, törəmə və asılı cəmiyyətlərinin, müqavilə üzrə tərəfdaşlarının, müştərilərinin qanuni maraqlarına ziyan vura bilən elektron və ya kağız formada məlumatların, məlumatlar «Kommersiya sirri» şifri ilə ifadə edilib-edilməməsindən asılı olmayaraq, qorunmasına cavabdehdir və bu sirləri yaymağa görə qanunvericilikdə və bu Müqavilədə nəzərdə tutulan məsuliyyəti daşıyır. 10.2-ci maddəsinə əsasən, işçi kommersiya sirrindən yalnız bu müqavilə ilə müəyyənləşdirilən əmək funksiyasının icrası üçün istifadə edir və bu məlumatlardan İşəgötürənin razılığı olmadan şəxsi və sair məqsədlər üçün istifadə edə bilməz. 14.2.4-ci maddəsinə əsasən, işçinin əmək vəzifələrini kobud şəkildə pozduğu, vəzifələrinin yerinə yetirmədiyi və hərəkətsizliyə yol verdiyi təqdirdə, o cümlədən, lakin bunlarla məhdudlaşmayaraq, İşəgötürənin əmlakına zərər vuduğu, məhv etdiyi və ya oğurladığı, həmçinin işəgötürən haqqında məxfi məlumatın hər hansı digər tərəflərə açıqladığı və ya cinayət törətdiyi hallarda işəgötürən hər hansı bildiriş təqdim etmədən bu Müqaviləyə xitam verə bilər.
11. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-də “gömrük, broker- gömrük üzrə mütəxəssis” vəzifəsində, aylıq 1126.86 manat əmək haqqı ödənilməklə, müddətli əmək müqaviləsi əsasında çalışmışdır.
12. xx.xx.2024-cü il tarixli Cavabdeh MMC-nin məlumatından görünür ki, cəmiyyətin kommersiya işləri üzrə direktoru X12 tərəfindən xx.xx.2024-cü il tarixdə cəmiyyətin inzibati bölməsinin “Gömrük üzrə mütəxəssisi” X1 əməkdaşlar Səbinə Seyidəliyeva və Ayşən Əliyeva ilə whatsapp yazışmaları müəyyən edilmişdir. X12 MMC-nin qanuni təmsilçisinə bildirmişdir ki: “Həmin yazışmalarda aşkar görünür ki, Aydın firmanın maraqlarına toxuna biləcək işlərlə əlaqədar başqa firmaya məlumatlar ötürmüşdür və özünə yeni MMC yaradaraq oradan gəlir əldə etməklə məşğuldur. Firmanın əməliyyat şöbəsinin rəhbəri X13 və əməliyyat şöbəsinin koordinatoru X3 iştirakı ilə İddiaçı soruşulduqda bu faylların onun özü tərəfindən şəxsi işləri üçün göndərildiyi bildirildi. Bu məsələ ilə bağlı izahat yazması xahiş edilsə də, İddiaçı izahat yazmaqdan imtina etdi və faktla bağlı şifahi fikirlərini bildirməsi ilə kifayətləndiyi göstərdi. Buna görə akt tərtib olundu və fakt rəsmiləşdirildi.”
13. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 24/09/02T nömrəli əmrin surətindən görünür ki, “inzibati” bölməsində “Gömrük üzrə mütəxəssis” vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç” işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. İşçinin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 23 gün məzuniyyət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkil hesablanıb ödənilməsi maliyyə şöbəsinə həvalə edilmişdir.
14. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, adları aşağıda qeyd olunan şəxslər, Cavabdehn Kommersiya işləri üzrə direktoru X12, əməliyyat şöbəsinin rəhbəri X13, əməliyyat şöbəsinin koordinatoru X4 hazırkı aktla təsdiq etmişlər ki, əməkdaşların komputerinə baxış keçirilən zaman Cəmiyyətin İnzibati Bölməsinin "Gömrük üzrə mütəxəssisi" X2 əməkdaşlar Səbinə Seyidəliyeva və Ayşən Əliyeva ilə votsap yazışmalarında X10 Əliyevaya "X8" MMC-yə aid olan məxfi məlumatlarının ötürüldüyü müəyyən edilmişdir. İddiaçı izahat yazmaq barədə məlumat verilsədə, izahat yazmaqdan boyun qaçırmışdır. Bu şirkətə dair məxfi məlumatların ötürüldüyü haqda İddiaçı soruşulduqda bu faylların onun özü tərəfindən şəxsi işləri üçün göndərildiyi bildirilmişdir. Bundan əlavə Ayşən Əliyeva və İddiaçı arasında olan whatsapp yazışmasında X17 Sadıxzadəyə yeni şirkətin yaradıldığı üçün və işlərin başlanması ilə əlaqədər təbrik etdiyi müəyyən edilmişdir. İddiaçı alınan şifahi məlumat əsasında müəyyən edilmişdir ki, yeni şirkət İddiaçı qohumunun adına yaradılıb və bu şirkətin işlərində sözügedən şəxslərin (həmin zaman cəmiyyətin işçiləri) də əməkdaşlıq etdiyi təsdiqlənmişdir. Bu barədə akt tərtib olunaraq X12, X13, X4 tərəfindən imzalanmışdır.
15. 6 yanvar 2025-ci il tarixli, 3-21-2-2-1/2-92/2025 saylı məlumatdan görünür ki, "xxxx" MMC-nin VÖEN: **********, təsisçisi 10 manat, 1 pay hüququ ilə X7r.
16. İddiaçı səs yazısı saxlanılan mikro kartdakı qeydin stenoqramından görünür ki, “(qeyd: mikrokart və səs yazısı əlavə sübut qismində məhkəməyə təqdim olumuş və elektron kabinetə yeləşdirilmişdir.) Fərzəli müəllm salam necəsiz.!? Fərzəli müəllim mən GİANTİ ilə bağlı vəziyyət üçün narahat edirəm. Dəqiq və açıq Sizə deyəcəyəm.... belə alındı... 29 avqust axşam çağı işdən sonra Ceorgi Maxatadze mənə zəng edib dedi ki, “sən artıq azad olunmusan, sabahdan işə gəlməyə bilərsən, sənin özünün özünə məxsus kompaniyan var, daha doğrusu o əmin qızının adınadır və sən orda işləyirsən və sən bizim müştəriləri oğurlayırsan və s...” Mən Georgiyə dedim ki, “bəli bu mənim əmim qızının şirkətidir, və mən orda 50-50 yə işləyirəm. Orda mənim kommersiya maraqım var və tam da buna görə əmim qızına kömək edirəm və s...” Amma o mənə inanmadı məni dinləmədi, sabahı mən vəziyyəti araşdırmaq üçün işə gedəndə belə aydın oldu ki, bu informasiyanı bizim ofisdən Məlik adlı şəxs təqdim etmişdir. Məlik Əliyev ...Mən də həmin şəxsdən soruşdum ki, hansı səbəbdən bunu etmişdir. O, öz sözlərini əsaslandıra bilmədi və əsassız məntiqi yanaşmalarda dayandı və fakta görə heç nəyi əsaslandıra bilmədi. Mən Məlikə dedim ki, bu dediklərin əsassızdır.. Çıx zəng et Georgiyə və de ki, məni maddə ilə azad edə bilməz, və o mənə kompensasiya verməlidir. Həmin vaxt onlar Georgiylə danışdılar. Georgi Maxatadze bildirdi ki, maddə ilə azad edin və kompensasiya verməyin. Mənim üçün heç bir fərqi yoxdur ..olsun. Amma mən 4-cü gün işin sonunda COP-a gedəndə icazə sənədləri evdə qalmışdı, ona görə dedim ki, qoy mənlə əlaqəyə çıxsın çünki başqa cür mənlə əlaqəyə çıxmırdı və Georgi eşidəndə ki, razılıqlar məndədir və həmin an Georgi mənə zəng etdi ki, dəqiqləşdirsin ki, bu razılıqlar hardadır.Məndə bildirdim ki, razılıqlar məndədir, bəs mənim kompensasiyam hardadır ədalət hardadır.O dedi ki, bu onu maraqlandımır bu məsələni başqa cür yolla, yəni istəsə GİANTİ məhkəməyə vermək yolu ilə həll edə bilər, mən dedim ki, yaxşı. Məndə olan 6 ədəd razılıqları bizim mühasibə verdim... Fidan İbrahimovaya. 2 razılıq isə evdə idi. Mən sadəcə olaraq anlaya bilmədim. Georgi telefonu həmən söndürərək Davidə narazılıq etməyə getdi və sonradan David də Sizə mənim barəmdə şikayətləndi və böyük qardaş Elxana zəng etdi ...yəni Elxan müəllimə gileylənməyə başladı. Daha bilmirəm belə alındı ki, Siz söylədiz ki, biz Davidlə danışmışıq 1 -ci gün gedərsən öz ərizənlə işdən çıxarsan məsələ bitər. Mən getdim xüsusi razılıqları əməkdaşlara verdim, sonradan 1-ci gün iş vaxtı başlayanda mən günün 2-ci yarısı GİANTİyə getməyi planlaşdırırdım və öz ərizəmlə işdən çıxmağa hazırlaşırdım. İlk olaraq Anna mənə yazdı bildirdi ki, çox təəsüf edirəm və s. səndə bir neçə fayllar var onu təhfil verməlisən və sonrada işdən azad olmalısan. Məndə eşitdim və dedim yaxşı sonradan mənim menecerim mənə zəng etdi, menecerimə qədər bizim yeni əməkdaşımız zəng etdi və dedi ki, bura gəlməlisən və s. Mən də dedim ki, həmin uşaqlar qoy mənə özləri zəng etsinlər, mənim nömrəm olarda var, özləri zəng edib özləri xahiş etsin ki, mən işə gəlim ,Onlar zəng edib xahiş etdilər ki, zəhmət olmasa gəl və mənimlə mədəni danışdılar. Dedim ki, yaxşı mənim heç bir etirazım və narahatçılığım yoxdur o adamlarla müzakirə edilməli mövzum yoxdur. Mən gəldim çox mədəni surətdə onlarla danışdım öz işimi təhvil verdim mədəni və sakit, artıq söz demədən davrandım, artıq onlarla heç bir məsələ həll etmək fikrim yoxuydu, mən düşündüm ki, böyüklər hər şeyi artıq həll ediblər. Sonra mühasib işin sonunda gəldi saat 6-da və mənim əmək kitabçamı verdi və mən gördüm ki, orda yazılıb ki, Aydın Sadıqzadə maddə ilə azad olunmuşdur. Mən bilmirdim nə edim dönüb çıxıb getdim. Orada nəyisə aydınlaşdırmağa lüzum qalmamışdı, vəziyyət bu cür alınmışdı. Sonra mən Sizə dedim və indi səs yazısı atıram ki, olanlardan məlumatınız olsun (SON)”.
17. MŞB/10/2024-00629 saylı, xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı və cavabdeh ilkin mediasiya sessiyasında iştirak etsələr də, proses davam etdirilə bilməmişdir. Mediasiya xərci qismində 60 manat pul vəsaiti iddiaçı X14 tərəfindən ödənilmişdir.
18. 8893 saylı qəbzin surətindən görünür ki, iddiaçı hüquqi xidmətin göstərilməsi üçün Fides Vəkil Bürosunun hesabına 300 manat pul vəsaiti köçürmüşdür.
19. 01.11.2024-cü il tarixli, "xxxx" ASC tərəfindən verilmiş İddiaçı hesab üzrə dövriyyə məlumatları, whatsapp proqramı vasitəsilə aparılan yazışmaların ekran rəsimləri və səs yazısını özündə əks etdirən elektron link iş materiallarına əlavə edilmişdir.
20. Birinci instansiya məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, Aydını köhnə iş yerindən tanıyır. O, işə öncə maliyyə meneceri kimi başlamış, sonra direktor olmadığına, MMC direktorsuz fəaliyyət göstərə bilmədiyinə görə direktor vəzifəsinə keçmişdir. xx.xx.2024-cü il tarixə qədər həmin müəssisədə işləmişdir. 2022-ci ilin avqust ayında işə başlamışdır. Müqavilənin müddəti bitdiyi üçün işdən çıxmışdır. Həm maliyyəçi, həm direktor olaraq, həm də kadrlar tərəfdən məlumatlı olduğuna görə deyə bilər ki, Aydının maddə ilə işdən çıxarılması qanunsuz olmuşdur. O, qanuni təmsilçi olmamışdır, işdən o, çıxarmamışdır. Amma ona demişlər ki, belə olmalıdı, ona görə imza atmışdır. Deyilənə görə Aydın kommersiya sirrini yaymışdır. Mən gördüklərimə görə heç bir sirr yaymamışdır. Əsaslandırdılar ki, onların şirkətinin müştəriləri ilə işləmişdir, amma o, bilir ki, işləməmişdir. Çünki onların müştərilərlə işləməsi üçün Aydının o qədər pulu yox idi. Aydının o qədər pulu yoxdur ki, 30-60-90 gün kredit limiti ayırsın. Eyni ofisdə olsalar da, onun komputerləri yoxlamaqlarından xəbəri olmamışdır. İşçi işdən çıxdıqdan sonra qanunsuz olaraq onun şəxsi whatsapp vebini oxumuşlar. Qanuni təmsilçi Gürcüstan vətəndaşı Georgi idi. O Gürcüstanda yaşayır, oradan idarə edirdi, direktor vəzifəsində olduğuna görə isə o, imza atmışdır. Onlar nə isə deməsələr, o edə bilməz. Ona birinci qanuni təmsilçi Georgi Maxatatse yazmışdır ki, Aydın maddə ilə işdən çıxarılsın. Ona maddələri göndərməsini, özünün Aydının hansı maddə ilə işdən çıxarılacağını deyəcəyini bildirmişdir. O zaman başa düşüb sual vermiş və hadisədən məlumatlı olmuşdur. İşə gedib-gəlmək saatlarına o, baxmamışdır. Onun işlədiyi dövrdə heç bir tənbeh tətbiq olunmamışdır. O, 2 il həmin şirkətdə işləmişdir. Aydın bir dəfə stajor kimi, sonra işçi kimi gəlmişdir. Heç vaxt nizamintizam qaydalarını pozmamışdır. Hesab edir ki, yaxşı işçi olmuşdur. Əmək müqaviləsinə xitam verilməmişdən öncə Aydından heç bir izahat tələb olunmamışdır. O, maddə ilə işdən çxarılmasına razı olmamışdır, narazılığını bildirmişdir. Ondan əmrə imza atmağı, əsaslandırmağı tələb olunanda o, qarşı çıxmışdır. İmza atmışdır, amma demişdir ki, bundan sonrakı hadisələrə o, müdaxilə etməyəcək. Çünki qanunsuz və ədalətsiz olduğunu düşünmüşdür. İşlədiyi dövrdə yaxşı işçi olmuşdur, tənbeh veriləcək işçi olmamışdır. Onu təkid etmişlər ki, işdən çıxarılacaq. Şifahi formada belə xəbərdarlıq olmamışdır. Maliyyə tərəfdən də onun işinə baxanda həmişə qəpiyinə qədər düz olmuşdur. Həmin akt 30 avqust tarixində tərtib olunmamışdır, faktiki olaraq noyabr ayında tərtib olunmuşdur. Möhür ona olmuşdur, çox gümanki qarşı olduğu üçün ondan istəməmişlər. Ona görə akt möhürsüzdür. Aktı noyabr ayında imzalamışlar. O, bilir ki, Məlikağa bu məlumatı Georgiyə telefonla bildirmişdir. İşçilərdə kooperativ nömrə olmuşdur. Ayşən xanım may ayında işdən çıxarılmışdır. 31 avqustda öyrənmişdir ki, whatsappa daxil olunmuşdur. O özü çalışmışdır ki, bu iş daha uyğun şəkildə aparılsın. O, Georgi ilə danışanda demişdir ki, Aydın çox cavandır, Georgi əsəbi olsa da, Aydın öz xahişi ilə işdən çıxarılsın. Çünki bundan əvvəl də hamını öz xahişi ilə çıxarmışdılar. Aydın da bununla razılaşmışdı. Çünki faktiki olaraq müdiriyyət Aydını işdən çıxarmaq istəmişdir. Çünki onlar hesab edirdilər ki, Aydın kommersiya sirrini yaymışdır. Onsuz da onlar işdən çıxarmaq istəyirdilər. Ona görə demişdir ki, öz ərizəsi ilə çıxarsınlar, amma razılaşmadılar. O, şirkətə qarşı heç cür aqresiv deyildir. Hələ direktor tapa bilmədikləri üçün onda xahiş etmişdilər. Onun maaşını onlar vermişdirlər, ondan tələb etmişlər deyə imza atmışdır. Zəng vurub danışmışdır, whatsappda yazışma olmuşdur. Bildirmişdir ki, Azərbaycan qanunvericiliyinə görə ən azı 2 dəfə yazılı xəbərdarlıq edilməlidir. Etiraz etmişdir, amma sonda məcbur imza atmışdır. Ofisdə Məlikağa bəy ayrı oturmuşdur, o, kollektivin içində oturmuşdur. Komputerlər polkalarda yerləşmişdir, şirkətin mülkiyyətində idi və hamının çıxışı olmuşdur. İşlə bağlı komputerlər olsa da, şəxsi nələrsə olmuşdur. Şəxsi whatsapp nömrələrini rahat olmaq üçün orada açmışlar. O, işdən çıxanda whatsapp vebi silmişdir. Kiminsə whatsapp proqramına daxil olmaq qanunsuzdur, çünki şəxsi məlumatdır, etik cəhətdən düzgün deyil. O, işlədiyi müddətdə (2022-ci ilin avqust ayından 2024-cü ilin noyabr ayına qədər) heçkəsə sözlü və ya yazılı mükafat verilməmişdir. Sadəcə gördükləri işə görə əlavə bonus verilmişdir. Çünki aktı onun gözümün qabağında tərtib etmişlər. Həvva xanım Azərbaycan dilinə tərcümə etmək üçün bəzi sözləri məndən soruşmuşdur. O, formal rəhbər olmuşdur, aktın tərtib olunmasına maneə ola bilməzdi. Fərzəli müəllim deyə birini tanımır. Səs yazısı barədə məlumatlı deyil. Göstərdiklərinin nəzərə alınmasını xahiş etdi.
21. Birinci instansiya məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, o, hazırda işləmir. Amma əvvəl X8 MMC-də kommersiya direktoru olmuşdur. O, şirkətdə hər bir şeyə cavabdeh olmuşdur. Öz istəyi ilə dekabr ayında işdən çıxmışdır. Özünə başqa iş açmışdır. Hüquqi olaraq Fidan xanım direktor idi, amma maliyyəyə baxmışdır. Aydın əməliyyat üzrə rəhbərin tabeçiliyində olmuşdur. Yeni əməkdaş işə daxil olanda ona komputer verilmişdir. O zaman whatsappda yazışmalar görmüşlər. Şirkət təsis sənədləri, məlumatlar ötürülmüşdür. Şəkillərdə əks olunmuşdur. Onun iştirakı ilə çap olunmuşdur. Rəhbərliyə o, məlumat vermişdir. Belə qərara alınmışdır ki, kommersiya sirri olduğu üçün işdən çıxarılmalıdır. Komputerdə yazışmalar aşkarlanmışdır. Ona təqdim olunmuşdur, o da öz növbəsində baş ofisə bildirmişdir. Müqavilə, təsis sənədləri, müştəri bazası, əlaqə nömrələrini bir-birlərinə göndərmişlər. Ümumilikdə 3 nəfər yazışmışlar. Onlar özləri işdən çıxmışlar. Olan mesajların hamısı orada olmuşdur, silinib silinmədiyini bilmir. Aydın yazılı izahat yazmamışdır, imtina etmişdir. Belə birşey olmadığını demişdir. Bu məsələlərə görə maddi ziyan dəymişdir. Sənədləri vaxtında sərhədə çatdırmamışdır. Buna görə hər maşına iki min manat cərimə olunmuşlar. Onlar heç bunu deməmişlər. Aydın heç bir sənədə imza atmamışdır. Fidan xanımın Aydını öz imzası ilə işdən çıxmağına çalışması kimi birşey olmamışdır. Fidan xanım hər bir məlumatı bilmişdir. Sənədlər yığılıb imzalanmışdır. Dəqiq tarix bilmir, lakin yazılıb sonra komputerləşdirilmişdir. Tarix aktda yazılan tarix olmuşdur. Fərzəli müəllimi tanımır. O səs ona baş ofisdən göndərilmişdir. Artıq kontakda deyildilər deyə Aydından nə isə soruşmamışdır. Bu işə bağlı Aydından izahat verməsi tələb olunmuşdur. Fidan İbrahimova, Nəsibova, bütün işçilər orada olmuşdur. Whatsapp yazışmaları komputerdə olmuşdur. Fidan Nəsibova və Həvva xanım tapıb ona demişlər. Telefonda ola bilər, amma komputerdə olanlar şəxsi yazışmalar olmamışdır. Siyahı excel faylda olmuşdur. Ayşən və Səbinə ilə məlumat ötürmüşlər. Ayşənə faiz vermişdir. Yazışmalarda excel var idi, whatsapp sonradan bağlanmışdır. Möhür səlahiyyəti onda deyil, Fidan xanımda olmuş, o da imtina etmişdir. O da, skan edib məlumatı göndərmişdir. Onlarda qeydiyyat jurnalı olmamışdır. Göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə əsasən işçinin əsas vəzifələri hesab olunur. 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir. 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. 70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
22. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
23. Maddə 9. Məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır.
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
27. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
28. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
29. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
30. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
34. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
36. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
37. Belə ki, iddiaçının apellyasiya şikayətinin dəlillərindən biri aktın xx.xx.2024-cü il tarixində tərtib edilməməsi barədədir ki, iddiaçı bunun təsdiqi kimi MPM-in 77.1-ci maddəsinin tələbinə uyğun hər hansı sübut təqdim etməmişdir.
38. İddiaçının digər dəlili onun cavabdehə məxsus heç bir kommersiya sirrini paylaşmaması və onun işdən kənar əlavə qazanc əldə etmək üçün əmək fəaliyyəti məşğul olmaq hüququnun olması, eləcə də cavabdehin onun şəxsi yazışmalarını yoxlamaq hüququnun olmaması barədədir.
39. Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanılmış Əmək müqaviləsinin: 3.5-ci maddəsinə əsasən, işçinin vəzifə və öhdəlikləri Rəhbərlik tərəfindən müəyyən edilir. İşçi öz vəzifələrini Əmək Məcəlləsinin 10-cu Maddəsinə, X25nə, işəgötürənin daxili siyasətinə və nizam-intizam qaydalarına uyğun olaraq vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün çalışmalıdır. Bu vəzifə və öhdəliklərə aşağıdakılar daxil olacaq və bunlarla məhdudlaşmayacaq: İşəgötürənin, onun müştərilərinin və biznes tərəfdaşlarının fəaliyyətinə aid olan məlumatları məxfi saxlamaq və ona məxsus olan sənədlərin və iş kağızlarının (kompüterdə saxlanılan məlumat daxil olmaqla) qorunmasını təmin etmək; Müştərilər, biznes tərəfdaşları və dövlət orqanlarının işçiləri ilə münasibətlərdə məsuliyyətlə və etik davranmaq; İşəgötürən tərəfindən müəyyən şirkət və SƏTƏM Qaydalarına əməl etmək; İşdə hər hansı ciddi səhv və ya nöqsanın baş verməsindən və ya əməyin təhlükəsizliyinə hər hansı maneədən xəbərdar olduqdan dərhal sonra, İşçinin birbaşa rəhbərini/nəzarətçisini (Birbaşa menecer) xəbərdar etmək və ya işi öz səlahiyyətləri daxilində təhlükəsiz istiqamətə yönləndirmək; İşəgötürənin fəaliyyəti ilə əlaqədar etik normalara zidd olan hər hansı bir təklif barədə İşəgötürənə məlumat vermək; 10.1-ci maddəsinə əsasən, “İşçi” “İşəgötürən”in kommersiya sirrinin, yəni istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, «İşəgotürən»nin razılığı olmadan açıqlanması «İşəgötürən»in, habelə onun təsisçilərinin, törəmə və asılı cəmiyyətlərinin, müqavilə üzrə tərəfdaşlarının, müştərilərinin qanuni maraqlarına ziyan vura bilən elektron və ya kağız formada məlumatların, məlumatlar «Kommersiya sirri» şifri ilə ifadə edilibedilməməsindən asılı olmayaraq, qorunmasına cavabdehdir və bu sirləri yaymağa görə qanunvericilikdə və bu Müqavilədə nəzərdə tutulan məsuliyyəti daşıyır. 10.2-ci maddəsinə əsasən, işçi kommersiya sirrindən yalnız bu müqavilə ilə müəyyənləşdirilən əmək funksiyasının icrası üçün istifadə edir və bu məlumatlardan İşəgötürənin razılığı olmadan şəxsi və sair məqsədlər üçün istifadə edə bilməz. 14.2.4-cü maddəsinə əsasən, işçinin əmək vəzifələrini kobud şəkildə pozduğu, vəzifələrinin yerinə yetirmədiyi və hərəkətsizliyə yol verdiyi təqdirdə, o cümlədən, lakin bunlarla məhdudlaşmayaraq, işəgötürənin əmlakına zərər vuduğu, məhv etdiyi və ya oğurladığı, həmçinin işəgötürən haqqında məxfi məlumatın hər hansı digər tərəflərə açıqladığı və ya cinayət törətdiyi hallarda işəgötürən hər hansı bildiriş təqdim etmədən bu Müqaviləyə xitam verə bilər.
40. Kollegiya qeyd edir ki, iddiaçının şəxsi yazışmalarını apardığı komputer cavabdehə məxsus olmaqla, onun mülkiyyətindədir. İddiaçının işdən kənar qanunvericiliklə qadağan edilməyən əmək fəaliyyəti ilə məşğul olması onun hüququdur.
41. Hazırkı xx.xx.2024-cü il tarixli aktdan görünür ki, adları aşağıda qeyd olunan şəxslər, Cavabdehn Kommersiya işləri üzrə direktoru X12, əməliyyat şöbəsinin rəhbəri X13, əməliyyat şöbəsinin koordinatoru X4 hazırkı aktla təsdiq etmişlər ki, əməkdaşların komputerinə baxış keçirilən zaman Cəmiyyətin İnzibati Bölməsinin "Gömrük üzrə mütəxəssisi" X2 əməkdaşlar Səbinə Seyidəliyeva və Ayşən Əliyeva ilə votsap yazışmalarında X10 Əliyevaya "X8" MMC-yə aid olan məxfi məlumatlarının ötürüldüyü müəyyən edilmişdir. İddiaçı izahat yazmaq barədə məlumat verilsədə, izahat yazmaqdan boyun qaçırmışdır. Bu şirkətə dair məxfi məlumatların ötürüldüyü haqda İddiaçı soruşulduqda bu faylların onun özü tərəfindən şəxsi işləri üçün göndərildiyi bildirilmişdir. Bundan əlavə Ayşən Əliyeva və İddiaçı arasında olan whatsapp yazışmasında X17 Sadıxzadəyə yeni şirkətin yaradıldığı üçün və işlərin başlanması ilə əlaqədər təbrik etdiyi müəyyən edilmişdir. İddiaçı alınan şifahi məlumat əsasında müəyyən edilmişdir ki, yeni şirkət İddiaçı qohumunun adına yaradılıb və bu şirkətin işlərində sözügedən şəxslərin (həmin zaman cəmiyyətin işçiləri) də əməkdaşlıq etdiyi təsdiqlənmişdir. Bu barədə akt tərtib olunaraq X12, X13, X4 tərəfindən imzalanmışdır.
42. Göründüyü kimi, iddiaçı məhz cavabdehin fəaliyyət sahəsində fəaliyyət göstərən və öz şəxsi maraqları olan şirkətə cavabdehə məxsus iş komputeri ilə məlumatları ötürmüşdür. Bu hal mübahisəsizdir. İddiaçı bununla bağlı bildirir ki, əvvəla, həmin məlumatların əldə olunması qanunsuz olmuşdur, çünki həmin yazışmalar onu şəxsi yazışmaları olmuşdur və cavabdehin onları əldə etməsi qanunsuz olmuşdur, bundan başqa həmin yazışmalarda cavabdehin hər hansı kommersiya sirri təşkil edən məlumatları olmamışdır, eyni zamanda da onun cavabdehlə əmək münasibətlərində olması onun müstəqil və ya digər şəxslərlə birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını məhdudlaşdırmır.
43. Halbuki Əmək Məcəlləsinin 10-cu maddəsnin “d” bəndində işçinin vəzifələrindən biri də dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaqdır.
44. Əmək Məcəlləsinin 72 ci maddəsinin “d” bəndinə görə, qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
45. Göründüyü kimi, iddiaçı tərəfindən qeyd edilən həmin kobud pozuntuya yol verilmiş, yəni cavabdehin fəliyyət sahəsinə aid məlumatlara sahib olan iddiaçı həmin imkanlarından istifadə edərək əmək müqaviləsi üzrə yerinə yetirdiyi işlər üzrə əldə etdiyi məlumatlardan özünün və özünə yaxın şəxslərin maraqları üçün istifadə edərək onları yaymışdır. İddiaçı özü də dolayısı ilə bu halı təsdiq etmişdir, sadəcə olaraq iddiaçı yayılan məlumatların cavabdehə aid kommersiya sirri olmadığını, onun yayılmasına dair sübutların qanunsuz yolla əldə edildiyini, əmək münasibətlərində olmasının onun sahibkarlıq fəliyyəti ilə məşğul olmasına əngəl ola bilməyəcəyi ilə izah etməyə çalışmışdır. Halbuki iddiaçının cavabdeh MMC-də əmək fəliyyətinə başladıqdan sonra məhz “müstəqil sahibkarlıq”la məşğul olmaq hüququnun yadına düşməsi və elə dərhal da bu istəyini reallaşdırması ciddi suallar doğurur. İddiaçı bu məsələlərə aydınlıq gətirə bilməmişdir. Halbuki iddiaçının özünün də etiraf etdiyi həmin hərəkətləri ilə o, bütünlükdə cavabdehin istehsal fəliyyətinə xələl gətirmişdir. Demək ki, buna görə də cavabdeh onunla bağlanmış əmək müqaviləsinə ƏM-in 70-ci maddənin “ç” bəndi ilə xitam verməkdə haqlı olmuşdur. Cavabdehin istinad etdiyi məlumatların qanunu pozmaqla əldə edilməsi barədə iddiaçının apellyasiya şikayətinin dəlilləri də əsassızdır, rayon məhkəməsinin həmin məlumatlara istinad etməsi əsaslı hesab edilir. Belə ki, həmin məlumatların bir hissəsini iddiaçı özü cavabdeh MMC-yə məxsus komputerdən istifadə etməklə (cavabdehə məxsus komputerdən iddiaçının şəxsi məqsədləri üçün istifadə etməsinin özü də qanunsuz olmuşdur) orada saxlamış, digər məlumatı isə iddiaçı özü, onun həmin şirkətə işə düzəlməsinə vasitəçi olmuş Fərzəli adlı şəxsə ötürmüş, həmin şəxs də iddiaçı ilə şirkət arasında yaranmış vəziyyətin aydınlaşdırılmasından ötrü iddiaçının mövqeyinin bilinməsi üçün həmin məlumatı şirkətin rəhbərliyinə vermişdir. Demək ki, həmin məlumatlar qanunu pozmaqla əldə edilməmişdir.
46. İddiaçının apellyasiya şikayətinin şahid F.Nəsibovanın ifadəsinin onun xeyrinə olmasına baxmayaraq, rayon məhkəməsi tərəfindən ona qiymət verilməməsi barədə dəlili üzrə qeyd edilir ki, məlum olduğu kimi, rayon məhkəməsində hazırkı işə baxılarkən F.Nəsibovanın da əmək müqaviləsinə xitam verilmiş və MMC-dəki vəzifəsindən ayrılmışdır, bu baxımdan Məhkəmə onun ifadəsinin iddiaçının xeyrinə və maraqlarına uyğun olmasını nəzərə alır.
47. Beləliklə də Məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi və onun tutduğu vəzifədən azad edilməsi barədə cavabdehin xx.xx.2024-cü il tarixli, 24/09/02T nömrəli əmr qanunvericiliyin tələblərinə uyğundur, əmrin qəbul edilməsi zamanı hər hansı pozuntuya yol verilməmiş, qanunvericiliyin tələblərinə tam riayət olunmuşdur. Bu baxımdan iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz.
48. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:.
49. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
50. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nizami Rayon Məhkəməsinin 2(007)-532/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.