Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2933/2023 05.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (X10 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (pul) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili, Cavabdeh1 vəkili Nümayəndə2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı (X10 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “pul” tələbinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-199/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı paylı mülkiyyətində olan və cavabdehlər Cavabdeh2 MTK və Cavabdeh1 tərəfindən özbaşına sökülmüş Bakı şəhəri, Nərimanov rayonu, Qafur Rəşad küçəsində yerləşən 8 nömrəli evin 7 nömrəli mənzilinin iddiaçının payına uyğun olaraq dəyərini təşkil edən 100000 manat məbləğində pulun hər iki cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddiası Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-199/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat pulun cavabdeh İddiaçı tutularaq, "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir.
2. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəlləsinin 222.1, 222.2, 222.3; Mülki Prosessual Məcəlləsinin 4.1, 48, 50.3, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, hazırkı iddiaçının qardaşı X10 qeyd olunan mənzildə 2009-cu il tarixdən daim və tək yaşamış, söküntü işləri isə sonuncu ilə razılıq əsasında aparılaraq mənzilin dəyəri tam olaraq ona ödənilmişdir. Əmlakın dəyərinin müəyyən edilməsi ilə bağlı isə məhkəmə tərəfindən qiymətləndirilmə həyata keçirilmiş və əmlakın dəyərinin cavabdeh şirkət tərəfindən bazar qiymətindən yuxarı qiymətləndirilərək Babanlı Vüqara ödənilməsi müəyyən edilmişdir. Həmçinin iddiaçı iddiasında qeyd etmiş olduğu əmlakın ümumi dəyərinin 300000 manat olmasına dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bunun əksinə olaraq iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qiymətləndirmə rəyində də əmlakın qeyd edilən (iddia edilən) qiymətdən kifayət qədər aşağı (170000 manat) olmasını təsdiq edən əks sübutu təqdim etmişdir. Cavabdehlərdən olan Cavabdeh2 MTK üzərinə düşən öhdəliyi tam icra etmiş və əmlakın tam dəyərini iddiaçının qardaşı Babanlı Vüqara ödəmişdir. Babanlı Vüqar əmlakın tam dəyərini özünə götürməklə, əsassız varlanmışdır ki, yalnız bu halda iddiaçının Babanlı Vüqara qarşı pul tələbi iddiası hüququ yaranmışdır. Bu hüququn yaranma səbəbi isə X4 qeyd olunan mənzillə bağlı yarana biləcək bütün öhdəlikləri öz üzərinə götürməsi barədə xx.xx.2022-ci il tarixdə notarial qaydada vermiş olduğu ərizə olmuşdur. İddiaçı cavabdehlər Cavabdeh2 MTK və Cavabdeh1 pul tələb etməsinə baxmayaraq, cavabdehlər iddiaçının qarşısında öhdəlik daşımırlar və onlar hazırkı iş üzrə əsl cavabdehlər deyillər. İddiaçının hazırkı tələbi, tələbə cavab verməli olmayan tərəfə, yəni Cavabdeh2 MTK və Cavabdeh1 qarşı yönəldiyindən, onlar hazırkı iddia üzrə cavabdeh kimi subyektiv vəzifələr daşıya bilməzlər.
3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Ölüm haqqında şəhadətnamələrin surətlərinə əsasən X11 xx.xx.2017-ci il tarixdə vəfat etmiş, X5 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir; - 36 saylı MKİS tərəfindən verilmiş arayışın surətindən məlum olur ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Q.Rəşad küçəsində yerləşən 8 saylı evin (ev sökülüb) 7 saylı mənzilində qeydiyyatdadır; - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Qafur Rəşad küçəsində yerləşən 8 saylı evin, ümumi sahəsi 46,20 m2 olan 7 saylı mənzili paylı mülkiyyət hüququ üzrə 1/3 hissədə İddiaçı (xx.xx.2022-ci il tarixdən) və X6 (2/3 hissə açıq qalır) mülkiyyətindədir; - Bakı şəhəri 53 saylı notarial ofisində təsdiq edilmiş və X10 tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli ərizədən məlum olur ki, onun qeydiyyatda olduğu ünvan 1 ünvanda yerləşən 7 saylı mənzilin satılmasına, sökülməsinə etirazı yoxdur və buna görə də o, Cavabdeh1 116000 manat almış, xx.xx.2022-ci il tarixdən həmin mənzili tərk etməsi, bununla əlaqədar qeyd olunan ünvanda gələcəkdə ola biləcək bütün məsuliyyəti öhdəsinə götürmüşdür; - X10 tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli ərizənin surətindən məlum olur ki, o, xx.xx.1981-ci ildə Ermənistan Respublikası Noyemberyan Ayrum rayonunda anadan olmuş, 1988-ci ildə ailəsi ilə birlikdə ünvan 2 ünvanında anası ilə birlikdə 2009-cu ildən tək yaşamışdır; - Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə inspektoru X7, ünvan 4 ünvanda yaşayan X3, Cavabdeh2 MTK-nın təsisçisi Cavabdeh1 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən məlum olur ki, X10 hal-hazırda Nərimanov rayonu, Q.Rəşad küçəsi, ev 8, mənzil 7 ünvanda 2009-cu ildən tək yaşayır; - "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsinə dair mütəxəssis rəyindən məlum olur ki, Bakı şəhəri, Nərimanov rayonu, Q.Rəşad küçəsi, 8 saylı evin yerində Cavabdeh2 MTK tərəfindən inşa edilən yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında (46,20 m2) mənzilin bazar dəyəri 90000 manat təşkil etmişdir; - "xxxx" MMC tərəfindən 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 ünvanlanmış xx.xx.2022-ci il tarixli arayışdan məlum olur ki, Bakı şəhəri, Nərimanov rayonu, Qafur Rəşad küçəsi, 8 saylı evin 7 saylı mənzilinin və həmin küçədə və yaxın ərazilərdə oxşar, təmirli yaşayış sahəsi 46,2 m2 olan evlərin bazar dəyərinin müəyyən edilməsi ilə bağlı müraciətə "xxxx" MMC-nin qiymətləndiricisi tərəfindən baxılmışdır. Qiymətləndiricisi qarşısında qoyulmuş sorğunun cavablandırılması ilə bağlı qeyd olunan ərazidə analoji obyektlər üzrə daşınmaz əmlak bazarının monitorinqi aparılmış və təhlil olunmuşdur. Ərazi üzrə fəaliyyət göstərən rieltor qurumlarına, internet resurslarına və bu məzmunda nəşr edilən qəzet, jurnal və s. daşınmaz əmlak bazarındakı vəziyyəti xarakterizə edən operativ bazar məlumatlarına etibar doğuran açıq mənbələrdən alınan məlumatlara istinad olunaraq aparılmış monitorinqin nəticəsi qiymətləndirici tərəfindən təhlil edilərək aşağıdakı nəticəyə gəlinmişdir: Bakı şəhəri, Nərimanov rayonu, Qafur Rəşad küçəsi, 8 saylı evin 7 saylı mənzili söküldüyündən həmin küçədə və yaxın ərazilərdə oxşar, təmirli yaşayış sahəsi 46,2 m2 olan evlərin bazar qiyməti 170000 manat təşkil edir (iş səh. 7-9, 48-50, 72, 95). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-199/2023 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəlləsinin 157.1, 157.2, 222.1, 222.2, 222.3; Mülki Prosessual Məcəlləsinin 4.1, 217.1, 217.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə müəyyən etməmişdir və yaxud etmək istəməmişdir ki, X4 İddiaçı adından etibarnamə əsasında çıxış etmək, onun xüsusi mülkiyyətində olan əmlakın taleyini həll etmək, alqı-satqı, bağışlama və s. əqdləri bağlamaq səlahiyyəti olub, ya yox. X1 hüququ olmadığı halda mülkiyyətçi olan iddiaçının adından ona məxsus əmlak barədə necə sərəncam vermişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Qafur Rəşad küçəsində yerləşən 8 saylı evin, ümumi sahəsi 46,20 m2 olan 7 saylı mənzilini paylı mülkiyyət hüququ üzrə 1/3 hissədə qanun üzrə vərəsəlik yolu ilə əldə etmişdir. Miras əmlakda 2/3 hissə açıq qalmışdır, yəni həmin hissədə vərəsələr mirası qəbul etməmişlər. Məhkəmə mübahisəli mənzilin iki qurum tərəfindən bu qədər qiymət fərqi ilə müqayisəli şəkildə qiymətləndirilməsinə tənqidi yanaşmamışdır. Digər tərəfdən, Vüqar Babanlıya ödənilən 116000 manat pulun ona nağd şəkildə ödənilməsinin şübhəli məqamlarını düzgün qiymətləndirmədən onu əsassız varlanmada ittiham etmişdir. İddiaçı bildirir ki, ona məxsus olan mənzilin yerləşdiyi yerdə mənzilin hər kvadrat metrinə ödənilən məbləğə görə həmin ərazidə digər mülkiyyətçilərə ödənilən məbləğ daha yüksək olmuşdur. Məhz, Vüqar Babanlıya ödənilən məbləğ bu mənada şübhəlidir. Məhkəmə İddiaçı mülkiyyətçi olaraq Cavabdeh2 MTK ilə hansı hüquq münasibətlərində olduğunu müəyyən etməmişdir. Belə ki, məhkəmənin qənaətinə görə iddiaçının cavabdehdən pozulmuş mülkiyyət hüququnun bərpa olunmasını tələb etmək hüququ olmamışdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı mənzilin sökülməsindən və Babanlı Vüqarla razılaşmadan xəbərinin olmadığını, 2019-cu ilin sentyabr-oktyabr ayından həmin mənzildə yaşamadığını, lakin gediş-gəlişin olduğunu, Cavabdeh1 ona mənzilin çıxarışı olmadığı üçün 25000 manat təklif etdiyini, lakin buna razı olmadığını, Cavabdeh1 çıxarış alacağını dediyini, mənzilin satılması ilə bağlı danışıqların 2018-ci ildən başlandığını bildirmişdir.
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə uyğun izahat verərək, iddiaçının mübahisəli əmlaka dair hüququnun mənzil söküldükdən sonra qeydiyyata alındığını, qeydiyyata qədər qanun üzrə vərəsəlik haqqında şəhadətnamə alındığını, Cavabdeh2 MTK-nın həmin mənzilin kimə məxsus olmasını müəyyən etmədən Vüqar Babanlıya ödəniş etdiyini, 116000 manatın həmin mənzilə görə az olduğunu, təklifinin 1/3 payın iddiaçıya verilməsindən ibarət olduğunu bildirmişdir.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin vəkili Nümayəndə2 onlara vərəsəlik şəhadətnaməsinin və ya çıxarışın təqdim edilmədiyini, mənzili Cavabdeh2 MTK-nın yox Vüqar Babanlının sökdüyünü, mənzil söküldükdən sonra ona 116000 manat pulun verildiyini bildirmişdir.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 Cavabdeh1la ona düşən məbləğin veriləcəyinin, qalan payın isə iddiaçı ilə cavabdehlərin özlərinin danışacaqlarının razılaşdırıldığını, iddiaçı ilə münasibətlərinin yaxşı olmadığını, ünsiyyətlərinin olmadığını, mənzili Cavabdeh2 MTK-nın sökdüyünü, notariusda təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədə və xx.xx.2022-ci il tarixdə yazdığı ərizədə qeyd etdiklərini Cavabdeh1 diktəsi ilə yazdığını, şifahi olaraq mənzilə görə 170000 manat ödənişin ediləcəyinin razılaşdırıldığını bildirmişdir. Apellyasiya baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 88-ci maddələrinin tələblərinə əsasən: bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
11. İlk olaraq apellyasiya məhkəməsi iddia tələbini, onun hansı cavabdehə hansı hissədə yönəlməsini və bunun nəticəsi olaraq apellyasiya şikayətləri üzrə mübahisə edilən hissələrdə araşdırmanı həyata keçirməli, Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və ya qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi müəyyən edilməlidir. Diqqətə çatdırılmalıdır ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mülki qanunvericilik müddəalarının tətbiqi (təfsiri) zamanı hər bir müddəanın hərfi mənası deyil onun normalar sistemindəki yeri, mülki qanunvericiliyin ümumi prinsipləri (məqsəd və vəzifələri), insan hüquq və azadlıqlarının sosial təbiəti, mülki münasibətlərdə müqavilə azadlığı fəlsəfəsi, qanunda nəzərdə tutulduğundan artıq hüquqların məhdudlaşdırılmasının, suiistifadə və hökmranlığının yolverilməzliyi, ədalət, insaf və humanizm baxımından təfsir edilməli, vəzifə və prinsiplərinə əsasən mülki məhkəmə icraatı qanunçuluğun (ictimai qaydanın) bərqərar edilməsinə və vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verməli, hamının qanun və məhkəmə qarşısında bərabərliyi əsasında hüquq və azadlıqlarının məhkəmə müdafiəsini təmin etməlidir.
12. Azərbaycan Respublikası Konstitusiyası : 24. İİİ. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. 71. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. 80. Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.
13. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 20 mart 1952-ci il Əlavə protokolu: 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı tələbləri (maddələri) nəzərə alınmalıdır: 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir; 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur; 163.2. Əgər üçüncü şəxs və ya özgəninkiləşdirən özü xüsusi hüquq münasibətləri əsasında əşyaya sahibliyi davam etdirirsə, əşyaya sahiblik əşya verilmədən də əldə edilə bilər. Sahibliyin bu cür verilməsi üçüncü şəxs üçün yalnız özgəninkiləşdirən ona bu barədə bildiriş verdikdə etibarlı olur. Üçüncü şəxs əşyanı özgəninkiləşdirənə verməkdən imtina etmək üçün istinad etdiyi əsaslarla əldə edənə verməkdən də imtina edə bilər; 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir; 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir; 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.7. Sahibsiz daşınmaz əşyalar, habelə ictimai sular və becərilməyə yararsız torpaqlar, məsələn, qayalar, yüksək dağlar və onlardan çağlayan bulaqlar, habelə faydalı qazıntılar dövlətə mənsubdur. 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. 356. Əqdin bağlanmasına verilmiş icazə (qabaqcadan verilmiş icazə), əgər tərəflər ayrı qayda haqqında razılığa gəlməyiblərsə, əqd bağlananadək ləğv edilə bilər. İcazənin (qabaqcadan verilmiş razılığın) ləğv edilməsi barədə hər iki tərəfə məlumat verilməlidir. 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 526. Əgər kimsə müqaviləyə əsasən başqa şəxsin əmlakını qəbul edirsə, həmin şəxsin kreditorları əvvəlki borclunun məsuliyyətinin davam etməsinə baxmayaraq, müqavilənin bağlandığı andan özlərinin həmin vaxtadək mövcud olmuş pretenziyalarını əmlakı qəbul edənə qarşı irəli sürə bilərlər. Əmlakı qəbul edənin məsuliyyəti alınmış əmlakın tərkibi və müqavilə üzrə ona mənsub olan tələblər ilə məhdudlaşır. Əmlakı qəbul edənin məsuliyyəti onunla əvvəlki borclu arasındakı razılaşmaya əsasən istisna edilə və ya məhdudlaşdırıla bilməz. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan suiistifadədir. 654.1. Hər hansı tələbin və hər hansı digər hüququn satıcısı həmin tələbin və ya hüququn həqiqətən mövcud olmasına cavabdehdir. Qiymətli kağızın satıcısı belə bir məsuliyyət də daşıyır ki, həmin qiymətli kağızın etibarsızlığına səbəb ola biləcək hansısa icraata başlanılmayacaqdır. 654.2. Əgər hər hansı tələbin satıcısı borclunun ödəniş qabiliyyəti üçün məsuliyyəti öz öhdəsinə götürürsə, hesab edilir ki, həmin məsuliyyət bu tələbin güzəşt edildiyi an üçün ödəniş qabiliyyətinə aiddir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə; 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir; 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir; 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər; 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
15. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Mülki Prosessual Məcəllənin 76, 77, 80- 82, 106.2, 217.4, 385-390-cı maddələrinə, və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinin faktiki münasibətlərə müvafiq hüquqi əsası olmayan dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, qanunvericiliklə müəyyən edilməsə də ona zidd olmayan qaydada həyata keçirilmiş yaşayış sahəsinə olan kompensasiya zamanı daşınmaz əmlakın satış anına məhz qiymətinin iddia edilən dəyərdə olması və hər bir cavabdehə qarşı yönəlmiş tələbin əsasları müəyyən edilməyərək hansı əsasla 100000 manat məbləğində pul vəsaitinin tələb edilməsi sübuta yetirilməmiş, əksinə əmlak hüquqlarının kompensasiya edilməsi zamanı onun sahibliyinə dair hüquqmüəyyənedici sənədlərin olmaması (təqdim edilməməsi), qardaşına (üçüncü şəxsə) kompensasiyanın verilməsindən və mənzilin sökülməsindən sonra iddiaçının adına sənəd əldə edildiyi və üçüncü şəxsin kompensasiyanın alınmasında bütün məsuliyyəti öz üzərinə götürdüyü öz təsdiqini tapmışdır. Ehtimalən istinad edilənlər cinayət qanunvericiliyi ilə mülkiyyət əleyhinə olan cinayətlərə aid əməllər kimi təfsir edilən müddəalarla cinayət məsuliyyətini müəyyən edir ki, belə müraciət olmamışdır. Qeyd edilən müstəvidə və iddiaçının cavabdeh(lər) ilə (özünün dediyinə görə 2018-ci ildən mülki münasibətlərdə olmasına baxmayaraq) əmlak hüquqları ilə əlaqədar olan digər tərəfin güvəndiyi əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi olaraq mülki hüquqlardan sui-istifadəyə (eyni əmlaka görə təkrar faydalanmağa) şərait yaradan hal kimi qiymətləndirilməlidir. Mülki qanunvericilik hüquqdan suiistifadəni qadağan etmiş və bu əsas üzərində həyata keçirilən hərəkətlərin etibarsızlığını müəyyən etmişdir. Diqqətə çatdırılmalıdır ki, üçüncü şəxs qətnaməni mübahisələndirməmiş və məhkəmə aktının özünə aid hissəsi ilə razılaşmışdır.
16. Məhkəmə xərclərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilən dövlət rüsumları üzrə məhkəmə xərcləri müvafiq olaraq onu ödəyən şəxslərə aid edilməlidir.
17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-199/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.