Məhkəmə qərarları › İş №2(103)-2936/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2936/2024

10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2936/2024 10.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: müqavilə öhdəliklərinin yerinə yetirilməsi və pul tələbi, iddia müddətinin tətbiqi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və pul” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-614/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh ilə İddiaçı arasında bağlanmış çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisinə dair xx.xx.2018-ci il tarixli, 40 nömrəli müqaviləyə əsasən Cavabdeh MTK-nın ünvan 1 ünvanında inşa etdiyi 2 bloklu 12 mərtəbəli yaşayış binasının birinci giriş Xİ mərtəbəsində 2 otaqlı 49 nömrəli sahəsi 75.58 kv.m olan mənzili təmir edərək İddiaçı təhvil verilməsini, İddiaçı isə öz növbəsində ona məxsus Ə.Ağayev küçəsi 23 saylı ünvanda ümumi sahəsi 368.8 kv.m olan 3 nömrəli mənzili Cavabdeh MTK-ya təhvil verməyi öhdəsinə götürmüşdür.

2. Həmin müqavilənin 5.2-ci bəndinə görə, tərəflər müqavilədə göstərilən mənzil tam təmirli təhvil verilənədək vətəndaşa hər ay 5.000 manat olmaqla kirayə haqqı ödəniləcəyinə razılaşmışlar.

3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışına əsasən Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov küçəsi, ev 133, 135, mənzil 49, yeni qaydalarla Bakı şəhəri, Bakıxanov qəsəbəsi, X7 küçəsi, 135, M11, mənzil 4 xx.xx.2021-ci ildən İddiaçı mülkiyyətindədir.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)5332/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir.

5. Həmin qətnamədən müəyyən edilir ki, iddiaçının nümayəndəsi mənzilin 2019cu ilin fevral ayında iddiaçıya tam təmirli şəkildə təhvil verildiyini bildirmişdir. Bundan başqa, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli aktlara əsasən iddiaçıya Cavabdeh MTK tərəfindən 5.000 manat məbləğində kirayə haqqı ödənilmiş, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli aktlara əsasən isə 600 manat məbləğində kirayə haqqı ödənilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdehnə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 40 saylı müqavilə üzrə Cavabdeh MTK-tərəfindən ona ödənilməyən mənzilin kirayə haqqına görə 130.000 manat, ünvan 2 ünvanında inşa etdiyi 2 bloklu, 12 mərtəbəli yaşayış sahəsinin 1 giriş, Xİ mərtəbəsində, 2 otaqlı, 49 saylı, sahəsi 75,58 kv.m olan mənzillə bağlı 1,43 kv.m sahəyə görə cavabdeh "xxxx"-Ş MTK-dan 3.000 manat olmaqla, cəmi 133.000 manat məbləğində pulun və ödədiyi 423 manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx"-Ş MTK-dan alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdə iş üzrə cavabdeh MTK ilə çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 40 saylı müqavilə bağlamışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən MTK-nın ünvan 3 ünvanda inşa etdiyi 2 bloklu, 12 mərtəbəli yaşayış sahəsinin 1 giriş, Xİ mərtəbəsində, 2 otaqlı, 49 saylı, sahəsi 75,58 kv.m olan mənzili təmir edərək ona təhvil verilməsini, onun isə öz növbəsində özünə məxsus olan ünvan 4 ünvanında ümumi sahəsi 368,8 kv.m olan 3 saylı mənzilini MTK-ya təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən müqavilədə göstərilən mənzil tam təmirli təhvil verilənədək ona hər ay 5.000 manat olmaqla kirayə haqqı (arenda pulu) ödənilməsi qeyd olunmuşdur. Müqavilənin şərtlərinə əməl edərək o, xüsusi mülkiyyətində olan həmin mənzili cavabdehə təhvil vermiş və cavabdeh də Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi 17 saylı ünvanında inşa etdiyi 2 bloklu, 12 mərtəbəli yaşayış sahəsinin 1 giriş Xİ mərtəbəsində 2 otaqlı, 49 saylı, sahəsi 75,58 kv.m olan təmirli mənzili ona təhvil vermişdir. Lakin cavabdeh həmin müqavilənin 5.2-ci bəndinin tələblərini də pozmuşdur. Belə ki, cavabdeh ona 30 aya görə hər ay 5.000 manat kirayə haqqı, yəni 150.000 manat pul ödəməli olsa da, həmin puldan 20.000 manat kirayə haqqını ödəmiş, qalan 130.000 manat kirayə haqqını ona bu günə qədər ödəməmişdir. Cavabdeh həmin pulu ona ödəməkdən boyun qaçırır. Dəfələrlə o, cavabdehə və aidiyyəti orqanlara müraciət etsə də, bunun heç bir nəticəsi olmamışdır. Ona görə də, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Bundan başqa o, həmin müqavilənin şərtlərinə əməl edərək xüsusi mülkiyyətidə olan həmin mənzili cavabdehə təhvil vermiş və cavabdeh də Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi 17 saylı ünvanda inşa etdiyi 2 bloklu, 12 mərtəbəli yaşayış sahəsinin 1 giriş Xİ mərtəbəsində 2 otaqlı, 49 saylı, sahəsi 75,58 kv.m olan təmirli mənzili ona təhvil vermişdir. O, xx.xx.2021-ci il tarixdə həmin mənzilə çıxarış alarkən çıxarışda mənzilin sahəsi 74,15 kv.m göstərilmişdir. Müqavilədə isə mənzilin sahəsi 75,58 kv.m göstərilmişdir. Beləliklə də, cavabdeh onu aldadaraq az sahə vermişdir. O, dəfələrlə cavabdehə müraciət edərək 1,43 kv.m sahənin pulunun geri qaytarılmasını xahiş etsə də, cavabdeh həmin məbləği ona verməmişdir. Həmin 1,43 kv.m sahəyə görə cavabdeh ona 3.000 manat pul ödəməlidir, lakin həmin pulu ödəməkdən imtina edir. Ona görə də o, məhkəməyə müraciət etməli olmuşdur.

8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddia ərizəsi məhkəməyə verilərkən iddia müddəti ötürülmüşdür. İddianın mahiyyətcə əsaslı olub-olmamasından aslı olmayaraq iddia müddətinin ötürülməsi iddia tələbinin rədd edilməsi üçün əsasdır.

9. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 614/2024 nömrəli qətnaməsi ilə (hakim H.S.Mahmudova) iddia təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir.

10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tələbin birinci hissəsi tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 40 saylı müqavilə üzrə cavabdeh tərəfindən kirayə haqqının ödənilməməsi barədədir. ünvan 5 ünvanda inşa etdiyi 2 bloklu, 12 mərtəbəli yaşayış sahəsinin 1 giriş Xİ mərtəbəsində 2 otaqlı, 49 saylı, sahəsi 75,58 kv.m olan təmirli mənzilin iddiaçıya 2019-cu ilin fevral ayında təhvil verilməsi işin mübahisəsiz halıdır. Ona görə də, iddia müddətinin axımının başlanmasını 2019-cu ilin fevral ayından hesablanmalıdır.

11. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında münasibətlər müqavilə xarakterli münasibət olduğu üçün qeyd edilən tələbə üç illik iddia müddəti şamil edilməlidir. Məhkəmə xüsusilə qeyd edir ki, müqavilə xarakterli öhdəliklərdən irəli gələn tələblərin qanuni həlli baxımdan iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Ona görə də, üç illik iddia müddəti tətbiq edilməklə, iddia tələbi həmin hissədə rədd edilməlidir.

12. İddia tələbinin ünvan 2 ünvanda inşa edilmiş sahəsi mənzillə bağlı 1,43 kv.m sahəyə görə cavabdehdən cəmi 3.000 manat məbləğində pulun ödənilməsi hissəsində də məhkəmə iddianı əsassız hesab edir. Belə ki, 3.000 manat məbləğin hansı üsulla hesablanması iddiaçı tərəfindən nə iddia ərizəsində, nə də məhkəmə iclasında əsaslandırılmış, bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən, sözügedən mənzilə dair çıxarışın xx.xx.2021-ci il tarixdə verildiyi nəzərə alınarsa, iddiaçının həmin pulu cavabdehdən tələb etmək üçün kifayət qədər zamanı olmuşdur. Lakin üzərindən xeyli müddət keçdikdən sonra iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməsi iddianın formal əsaslarla qaldırıldığına dəlalət edir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 375.1, 375.2-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə əsassız olaraq qeyd etmişdir ki, guya mübahisəli mənzil 2019-cu ildə təhvil verilmişdir. Bu tam yalandır. Heç bir tikilən hündür mərtəbəli bina iki ilə təhvil verilmir, bütün tikilən hündür mərtəbəli binalar 3-4 il müddətində təhvil verilir. Bunu sübut etmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə sorğu göndərmək lazım idi. Oradan cavab alınanda bilmək olardı ki, ona verilən mənzil neçə aydan sonra təhvil verilmişdir. İşdə binanın 24 aya təhvil verilməsinə dair heç bir mötəbər sübut yoxdur. Hakimin bu riyazi hesablaması tam səhvdir. Cavabdeh məhkəməyə heç bir tutarlı sənəd təqdim etməmişdir. MTK-nin nümayəndəsinin məhkəməyə verdiyi izahatı tam yalandır, heç bir sübuta söykənmir. O iddia müddətini ötürməmişdir. Çünki müqavilə bağlanandan sonra cavabdeh ona hissəhissə cəmi 20.000 manat ödəmişdir, işdə bu barədə qəbzlər vardır. Belə olan halda müddətin axımı kəsilir və müddət ötmüş hesab edilmir. Daşınmaz əmlaklarla bağlı iddia müddəti 6 ildir, həmçinin o cavabdehdən ona dəyən zərəri tələb edir, dəymiş zərər üzrə isə iddia müddəti 10 il hesab olunur. Ona görə də hesab edir ki, məhkəmənin bu qanunsuz qətnaməsi ləğv olunmalı və onun qanuni tələbi təmin edilməlidir. Cavabdeh tərəfindən ona verilən 380 kv.m sahə qeyri-yaşayış sahəsidir, o, həmin qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsində qeyd olunan hər ay 5.000 manat pulu tələb edir. Həmin pulun ona verilməsinə dair sübut yoxdur. Qeyri-yaşayış sahəsi 2022-ci ildə təhvil verilmişdir. Bunu məhkəmə yoxlamamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-2936/2024 nömrəli qərardadı ilə İddiaçı nümayəndəsi X1 iddiadan bir hissədə imtinası qəbul edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 614/2024 nömrəli qətnaməsi qismən ləğv edilərək, İddiaçı Cavabdehnə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi və pul tələbinə dair mülki iş üzrə iddia tələbinin “ünvan 6 ünvanında inşa etdiyi 2 bloklu, 12 mərtəbəli yaşayış sahəsinin 1 giriş, Xİ mərtəbəsində, 2 otaqlı, 49 saylı, sahəsi 75,58 kv.m olan mənzillə bağlı 1,43 kv.m sahəyə görə Cavabdeh MTK-dan 3.000 manat pulun tutulması” hissəsində icraata iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar xitam verilmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh onların 368 kv.m sahəsi ilə bağlı bildirir ki, obyekt verəcək. 2018-ci ildə obyekt tikilməyib. Qarşı tərəf müqavilədə obyektin neçənci ildə tikildiyini təqdim etsin. O, üçüncü mərtəbədə yaşayırdı, ona ev verdilər. Müqavilə ilə ev 2022-2023-cü ilədək ev tikilənədək ona hər ay 600 manat kirayə haqqı ödəniləcək. 5.000 manat ona görə ödənilmədi ki, sonradan cavabdehin rəhbərliyi pullarının olmadığını bildirdi. 600 manatı tələb etməyinin hazırki işlə əlaqəsi yoxdur. O, obyektdə fəaliyyət göstərirdi. 5.000 manat ona ödənilməli olan kompensasiyadır. Mənzil 2019-cu ildə təhvil verilib. İddiaçı obyektlə bağlı pul tələb edir. O, kommersiya fəaliyyəti göstərmişdir. Fəaliyyət göstərə bilmədiyi üçün kompensasiya ödənilməli idi. 5.000 manat kompensasiya, 600 manat isə kirayə haqqı puludur. 2019-cu ilədək 5.000 manatdan ödəməlidirlər. 600 manatla bağlı səkkiz ayın ödənişi ilə bağlı imzaların ona aid olmamasına dair iddia vermişdir. Hazırda o iş apellyasiya icraatındadır və ekspertizaya göndərilib. O işin bu işlə əlaqəsi yoxdur. Ona bir çox vədlər verilmiş, 5.000 manat dörd ay ödəndikdən sonra onların nümayəndəsi müxtəlif bəhanələr gətirmişdir. Cavabdeh tərəf mənzili də, 5.000 manatı da verdiyini bildirir. Lakin bununla bağlı heç bir sübutu yoxdur. Dörd aydan sonra pulun verilməsi dayandırıldıqda onlara müraciət etmiş, lakin ofisə buraxılmamışdır. Onlar 2019-cu ildən sonra bildirdilər ki, tikinti apardıqları üçün pulları yoxdur. Eyni zamanda bildirdilər ki, restoranın layihəsi onlara gəlməyib, gözləməlidir. Onlara inanmışdır.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətiə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçının nümayəndəsinin qeyd etdiyi işdə iddiaçı Həsənov Soltanağadır. Orada tamam fərqli məsələdən söhbət gedir. Dörd ay sonra iddiaçıya qeyri-yaşayış sahəsi verilmişdir. Qeyri-yaşayış sahəsinin verilməsi ilə bağlı qeyd yoxdur. Lakin normal olaraq heç kim 75 kv.m. mənzilə görə ayda 5.000 manat ödəməz. Razılaşma şifahi olmuşdur. Sonra onlara satmışdır. İddiaçının verdiklərinin qarşılığı olaraq ona çox şeylər verilmişdir. "xxxx" MTK ilə müqavilə bağlanan vaxt 75 kv.m. mənzilin verilməsi qaldığından bu müqavilə ləğv edilməmişdir. Digər məhkəmə işi üzrə də təxmini eyni iddia qaldırılıb. İddia müddətinin ötürülməsi ilə bağlı birinci instansiya məhkəməsində ərizə verilmişdir. Birinci instansiya məhkəməsi həmin ərizəyə əsasən iddia müddətini tətbiq etmişdir. Faktiki olaraq iddiaçı iddia müddətini ötürmüşdür. İddiaçıya artıqlaması ilə pul, əmlak verilmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Hazırkı işdə iddia təmin edilmədiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı (iddiadan imtina olunmuş hissə istisna olmaqla) tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, işdə olan sübutlara əsasən müəyyən olunur ki, tərəflər arasında çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisinə dair 40 nömrəli xx.xx.2018-ci il tarixli müqavilə bağlanmış və həmin müqavilə əsasında Cavabdeh MTK-nın ünvan 1 ünvanında inşa etdiyi 2 bloklu 12 mərtəbəli yaşayış binasının birinci giriş Xİ mərtəbəsində 2 otaqlı 49 nömrəli sahəsi 75.58 kv.m olan mənzili təmir edərək İddiaçı təhvil verilməsini, İddiaçı isə öz növbəsində ona məxsus Ə.Ağayev küçəsi 23 saylı ünvanda ümumi sahəsi 368.8 kv.m olan 3 nömrəli mənzili Cavabdeh MTK-ya təhvil verməyi öhdəsinə götürmüşdür.

26. Qeyd olunan müqavilənin 5.2-ci bəndinə görə müqavilədə göstərilən mənzil tam təmirli təhvil verilənədək vətəndaşa hər ay 5.000 manat olmaqla kirayə haqqı ödənilməli olduğu halda, cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik tam icra edilməmişdir.

27. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, tərəflər arasında hazırki mübahisə daşınmaz əmlaka görə kirayə haqqının ödənilməsi ilə bağlıdır və qeyd edilən tələbə üç illik iddia müddəti şamil edilməlidir.

28. İş materialları ilə müəyyən edilir ki, iddiaçıya cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan 5.000 manat məbləğ sonuncu dəfə xx.xx.2018-ci il tarixdə ödənilmiş, bundan sonra 600 manat məbləğində kirayə haqqı isə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə ödənilmiş, həmin vaxt mənzil iddiaçıya təhvil verilmişdir.

29. Beləliklə müəyyən edilir ki, iddiaçı artıq 2019-cu ilin fevral ayında öz hüququnun pozulduğunu bilməli idi, lakin iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etməklə mülki qanunvericilikdə nəzərdə tutulmuş üç illik iddia müddətini ötürmüşdür.

30. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçının apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-614/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar