Məhkəmə qərarları › İş №2(103)-2937/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2937/2022

10.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2937/2022 10.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil2, Cavabdeh MTK-nın nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 2(007)-2987/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbinə dair iddia ərizəsi və iddianın həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh MTK-dan ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok 5-ci mərtəbəsində yerləşən 2 otaqdan ibarət ümumi sahəsi 84 kv.m olan mənzilə görə ödənilmiş 39000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh Mənzil Tikinti Kooperativi arasında 06 fevral 2020-ci il tarixdə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən ümumi sahəsi 84 kv.m olan mənzil üçün 50400 manat ödəməli olmuşdur. Bunun qarşılığında cavabdeh ona ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok 5-ci mərtəbəsində yerləşən 2 otaqdan ibarət ümumi sahəsi 84 kv.m olan mənzili təhvil verməyi öhdəsinə götürmüşdür. Bu dövr ərzində tərəfindən cavabdehə nəğd şəkildə 35000 manat pul vəsaiti, daha sonra 5 ay 1000 manat olmaqla, cəmi 5000 manat pul ödənilmişdir. Qaz, işıq, su sayğacları üçün isə tərəfindən 1200 manat pul ödənilmişdir. 10 avqust 2020-ci il tarixdə sözügedən mənzilə gəldikdə qapının açarının dəyişdirildiyinin və evin başqasına satıldığının şahidi olmuşdur. Həmin şəxslərə evin onun tərəfindən pul ödənilərək satın alındığını bildirdikdə isə sözügedən şəxslər 2013-cü ildə bağlanmış müqaviləni ona göstərmişlər. Göründüyü kimi, cavabdeh bir evi iki şəxsə satmaqla, qanunsuz olaraq onun pulunu mənimsəmişdir. Bu səbəbdən də pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 2(007)-2987/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının Cavabdeh MTK-ya ödədiyi pul onun xahişi ilə Hüsenov Kamil adlı şəxsə qaytarılsa da, iddiaçı bunu bilə-bilə MTK-dan həmin pulu yenidən tələb etmiş, məhkəmə isə cavabdehin məhkəmə iclasında iştirakını təmin etmədən yalnız iddiaçının dəlillərini dinləməklə qanunsuz və əsassız qətnamə qəbul etmiş, maddi və prosessual hüquq normalarını pozmuş, işin faktiki hallarını aydınlaşdırmamışdır. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 2(007)- 2987/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 06 fevral 2020-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh MTK ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok 5-ci mərtəbəsində ümumi sahəsi 84 kv.m olan, 66 saylı izolə olunmuş 2 otaqdan ibarət mənzili pay kimi İddiaçı verməyi, sonuncu isə bunun müqabilində ümumi dəyəri 50400 manat təşkil edən mənzilin qiymətinin 35000 manat hissəsini həmin tarixdə ödəməyi, qalan hissəsini isə qrafik üzrə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışlarından müəyyən edilmişdir ki, müqavilə üzrə hissəhissə ödənilməsi nəzərdə tutulmuş puldan 4000 manat məbləğində pul vəsaiti cavabdehə ödənilmiş, lakin iddiaçı 10 avqust 2020-ci il tarixdə qeyd olunan mənzilin digər şəxsə satıldığını müəyyən etdikdən sonra pretenziya qaydasında cavabdehə müraciət etmiş və cari tarixə qədər ödədiyi pulunun geri qaytarılmasını tələb etsə də, cavabdeh onun pretenziyasına heç bir cavab verməmişdir. İddiaçı qeyd olunan müqavilə üzrə öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh öz öhdəliklərinə əməl etməyərək müqavilə şərtlərini pozmuş, buna görə də iddiaçı ödədiyi pulların geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından görünür ki, müqaviləyə əsasən ümumilikdə 35000 manat məbləğində pul vəsaiti ilkin olaraq, ümumilikdə 4000 manat pul isə hissə-hissə olmaqla iddiaçı tərəfindən cavabdehə ödənilmiş, lakin cavabdeh tərəflər arasında bağlanmış müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. Cavabdeh MTK İddiaçı mənzilə görə ödədiyi 39000 manat pulun İddiaçı tapşırığı ilə Hüseynov Kamil adlı şəxsə ödənildiyini göstərsə də, həmin şəxsin kim olması, İddiaçılə nə kimi bağlılığının olması, İddiaçı MTK-dan pul vəsaitlərini geri almağı ona həvalə etməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Vəkil2 da izahatında Hüseynov Kamil adlı şəxsi tanımadıqlarını, təmsil etdiyi İddiaçı həmin şəxsə onun əvəzindən MTK-dan pul vəsaitini geri almaq səlahiyyəti vermədiyini göstərmişdir. Cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi 11.08.2021-ci il tarixli yazılı qəbzin kserosurətindən görünür ki, həmin qəbzdə X2 adlı şəxs Əliyev Raufdan Sumqayıtda yerləşən 2 otaqlı mənzilə görə 28000 manat, X1 isə 6500 manat pul aldığını göstərmiş və bunu imzası ilə təsdiq etmişdir. Lakin həmin qəbzin məzmunundan hansı mənzildən söhbət getdiyi, Hüseynov Kamil adlı şəxsin İddiaçı tapşırığı ilə hərəkət etdiyi müəyyən olunmur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə iclaslarında Cavabdeh MTK-nın iştirakının təmin olunmaması barədə apellyasiya şikayətinin dəlili də əsassızdır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh MTK məhkəmə iclaslarının yeri və vaxtı barədə həm sifarişli poçt vasitəsilə, həm də AZEMİS sistemi vasitəsilə lazımi qaydada məlumatlandırılmış (i.v.25, 37, 45, 68), iş üzrə çıxarılmış qiyabi qətnamənin ləğv olunması üçün ərizə vermiş (i.v.82), ərizə təmin olunaraq qiyabi qətnamə ləğv olunub işə əyani icraat qaydasında baxılmış, bundan sonra da cavabdeh təşkilat məhkəmə iclaslarının yeri və vaxtı barədə dəfələrlə xəbərdar olunsa da (i.v.108, 110, 111, 116, 117, 120, 123, 124) məhkəmə iclasına öz nümayəndəsini göndərməmiş, iddia ərizəsinə etirazın əsasları kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh MTK-nın apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 2(007)-2987/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar